Məhkəmə qərarları › İş №2(103)-5022/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5022/2022

06.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5022/2022 06.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, X1 və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, Nəsimi Rayon Məhkəməsinin 2(006)-1331/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı «yanlış qərar qəbul edilməsi nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətdən qanunsuz məhrum olunmağa görə 19.200 manat maddi zərər, 40.000 manat mənəvi zərər, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 69.230 manatın cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Nəsimi Rayon Məhkəməsinin 2(006)-1331/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakim Ceyhun Tağıyev) iddia tələbi təmin edilməmişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

3. İddiaçı qətnamədən apellyasiya şikayət verib və şikayətinin dəlili kimi qeyd etmişdir ki, rayon məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul edilmişdir. Belə ki, onun iddia tələbi yanlış hökm nəticəsində ona dəymiş ziyanla bağlıdır. Belə ki, hökm qanuni qüvvəyə minməmiş və icraya yönəldilmiş, avtomobil də artıq başqa şəxsə satılmışdır. Bu səbəbdən, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

4. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi.

5. Apellyasiya şikayəti ilə bağlı mülki işə baxılmasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Belə olan halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Mülkin iş materiallarında olan:

6. Abşeron Rayon Məhkəməsinin 16 may 2019-cu il tarixli 1(012)-151/2019 saylı hökmündən görünür ki, X12 barəsində Azərbaycan Respublikası CMnin 178.2.2-ci, 178.2.4-cü, 320.1-ci maddələri ilə ittihamedici hökm çıxarılmışdır. Hökmlə iş üzrə maddi sübut kimi tanınmış və DİN BDYPİ-nin Siqnal İdarəsinin 14 saylı dayanacağında saxlanılan «Mitsubishi Pajero» markalı ** BA *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi və avtomobilin faktiki sahibi X7 qaytarılması barədə göstəriş verilmişdir.

7. Sumqayıt Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 19 sentyabr 2019-cu il tarixli 1(105)-314/2019 saylı qərarı ilə maraqlarına toxunan İddiaçı apellyasiya şikayəti təmin edilməmişdir.

8. Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının 11 mart 2020-ci il tarixli 1(102)-240/2020 saylı qərarı ilə maraqlarına toxunan şəxs İddiaçı kassasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 19 sentyabr 2019-cu il tarixli 1(105)-314/2019 saylı qərarı iş üzrə maddi sübut kimi tanınmış həmin avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi və avtomobilin faktiki sahibi X7 qaytarılması, həmçinin cinayət işi üzrə mulki iddia tələbinin baxılmamış saxlanılması, mülki iddiaçı X6 mülki cavabdehə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə mülki iddiaçı X6 mülki iddia tələbi üzrə icraata xitam verilməsi hissəsində ləğv edilərək, cinayət işinin baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə yeni məhkəmə baxışına təyin edilməsi qərara alınmışdır.

9. Sumqayıt Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 09 oktyabr 2020-ci il tarixli 1(105)-230/2020 saylı qərarı ilə maraqlarına toxunan şəxs İddiaçı apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin hökmü maddi sübuta dair hissədə dəyişdirilmiş, hökmdə «Mitsubushi Pajero» markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil faktiki sahibi X7 qaytarılsın» ifadəsi «Mitsubishi Pajero» markalı **-MA-*** qeydiyyat nişanlı, JMYLRV93W8J709035 ban nömrəli avtomobil İddiaçı qaytarılsın» ifadəsi ilə əvəz edilmişdir.

10. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli 2(001)- 332/2020 saylı qətnaməsindən görünür ki, X2 İddiaçı və X8 qarşı «pul» tələbinə dair iddiası təmin edilmiş, İddiaçı və X5 18.200 manat pulun və 30 manat dövlət rüsumunun müştərək qaydada tutularaq X4 ödənilməsi qət edilmişdir.

11. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 mart 2021-ci il tarixli 2(103)- 2263/2021 saylı qərardadından görünür ki, X2 iddiadan imtina etməsi qəbul edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(001)- 332/2020 saylı qətnaməsi ləğv edilmiş, X2 İddiaçı və X8 qarşı «pul» tələbinə dair mülki iş üzrə icraata X2 iddiadan imtina etməsi ilə əlaqədar xitam verilmişdir.

12. Bakı Apellyasiya Məhkəməsinin sorğusuna cavab olaraq Abşeron Rayon Məhkəməsinin 1(012)-151/2019 saylı, xx.xx.2022-ci il tarixli məktubundan məlum olur ki, Sumqayıt Apelyasiya Məhkəməsinin 1(105)-230/2020 nömrəli, xx.xx.2020-ci i! tarixli qərarı ilə Abşeron Rayon Məhkəməsinin 1(012)- 151/2019 nömrəli, xx.xx.2019-cu il tarixli hökmü maddi sübuta aid hissədə dəyişdirilmiş, yəni hökmdə “Mitsubishi Pajero” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil faktiki sahibi X7 qaytarılsın” ifadəsi '“'Mitsubishi Pajero’' markalı, 99-MA- 754 qeydiyyat nişanlı, JMYLRV93V8J709035 ban nömrəli avtomobil İddiaçı qaytarılsın” ifadəsi ilə əvəz edilmişdir. 13.X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci. 178.2.4-cü və 320.1 -ci maddələri ilə təqsirləndırilməsınə dair cinayət işi üzrə qəbul edilmiş Sumqayıt Apelyasiya Məhkəməsinin 09 oktyabr 2020-cı il tarixli qərarının Mitsubishi Pajero markalı, **-MA-*** qeydiyyat nişanlı avtomobilin İddiaçı qaytarılması hissəsində Sumqayıt Apelyasiya Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli icra vərəqəsi icra edilməsi üçün 16 oktyabr 2020-ci il tarixli məktubla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X16 İdarəsinə göndərilmişdir.

14. Həmin icra vərəqəsi üzrə Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsinin 17 noyabr 2020-ci il tarixli icraata başlamaq haqqında qərarı 04 dekabr 2020ci il tarixdə Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Tətbiq edilən maddi hüquq normaları: Mülki Məcəllə:

15. Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

16. Maddə 6. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsin əmlakına vurulmuş ziyanın ödənilməsi qaydası Bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Bu Qanunun 5-ci maddəsinin 1-ci bəndində nəzərdə tutulmuş ödənilməli olan məbləğlərin miqdarı şəxsin işdən (vəzifədən) kənarlaşdırıldığı, təyin olunmuş cəzanı çəkdiyi dövrdə əldə edilməmiş gəliri nəzərə almaqla müəyyən edilir. Bu Qanunun 5-ci maddəsinin 2-ci bəndində nəzərdə tutulmuş əmlak natura formasında, bu mümkün olmadıqda isə, onun dəyəri dövlət və ya onu əvəzsiz olaraq əldə etmiş müəssisə, idarə və təşkilatların hesabına ödənilir. Evlərin və digər tikililərin dəyəri, yalnız bu əmlakın natura şəklində qalmadığı, şəxsin dəyərcə bərabər olan yaşayış sahəsinin və ya digər tikililərin əvəzsiz olaraq onun mülkiyyətinə verilməsindən imtina etdiyi hallarda və ya həmin şəxsin yaşayış evlərinin və digər tikililərin dəyərinin ödənilməsinə razılığı olduqda ödənilir. Yaşayış sahəsinin və digər tikililərin dəyəri mövcud bazar qiymətlərinə əsasən müəyyən edilir. Əmlakın dəyəri onun ödənilməsi haqqında qərarın qəbul edildiyi vaxtda mövcud olan qiymət əsasında ödənilir. Əmlakın zədələnməsi və ya köhnəlməsi hallarında vurulmuş ziyan tam həcmdə ödənilməlidir. Ödənilməli olan əmlakı əvəzsiz olaraq əldə etmiş müəssisənin, idarənin və təşkilatın ləğv edildiyi və ya vurulmuş ziyanın ödənilməsi üçün onların vəsaiti çatışmadığı hallarda, əmlakın dəyəri (əmlakın dəyərinin çatışmayan hissəsi) dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Qanunsuz məhkum edilməsi nəticəsində yaşayış sahəsindən istifadə etmə hüququndan məhrum edilmiş şəxsə müvafiq icra hakimiyyəti orqanları tərəfindən həmin yaşayış sahəsi bir ay müddətində, bu yaşayış sahəsi natura şəklində qalmadığı hallarda isə, bununla əlaqədar edilmiş müraciətdən sonra altı ay müddətində həmin yaşayış məntəqəsində ailə tərkibi və yaşayış sahəsinə dair qüvvədə olan normalar nəzərə alınmaqla növbədənkənar eyni dəyərli abadlaşdırılmış yaşayış sahəsi verilməlidir. Ödənilməli olan əmlakı əldə edilmiş şəxs, bu əmlakın vurulmuş ziyanın ödənilməsi qaydası əvvəlki sahibinə qaytarılması ilə əlaqədar əvəzində dövlətdən abadlaşdırılmış, dəyərcə və bütün digər əlamətlərlə bərabər olan əmlakı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Belə tələb irəli sürüldükdən sonra bir ay müddətindən gec olmayaraq dövlət tərəfindən təmin edilir. Bununla əlaqədar bütün mübahisələr məhkəmə qaydasında həll olunur. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə

17. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

19. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

20. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

21. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

22. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

23. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

24. Məhkəmə kollegiyası iddiaçının izahatlarını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

25. Məhkəmə kollegiyası qeyd edir ki, qətnamənin 12-ci bəndində məhkəmənin sorğusuna verilmiş cavabdan məlum olur ki, Sumqayıt Apelyasiya Məhkəməsinin 1(105)- 230/2020 nömrəli, xx.xx.2020-ci i! tarixli qərarı ilə Abşeron Rayon Məhkəməsinin 1(012)- 151/2019 nömrəli, xx.xx.2019-cu il tarixli hökmü maddi sübuta aid hissədə dəyişdirilmiş, yəni hökmdə “Mitsubishi Pajero” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil faktiki sahibi X7 qaytarılsın” ifadəsi '“'Mitsubishi Pajero’' markalı, 99-MA- 754 qeydiyyat nişanlı, JMYLRV93V8J709035 ban nömrəli avtomobil İddiaçı qaytarılsın” ifadəsi ilə əvəz edilmişdir. X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci. 178.2.4-cü və 320.1 ci maddələri ilə təqsirləndırilməsınə dair cinayət işi üzrə qəbul edilmiş Sumqayıt Apelyasiya Məhkəməsinin 09 oktyabr 2020-cı il tarixli qərarının “Mitsubishi Pajero” markalı, **-MA-*** qeydiyyat nişanlı avtomobilin İddiaçı qaytarılması hissəsində Sumqayıt Apelyasiya Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli icra vərəqəsi icra edilməsi üçün 16 oktyabr 2020-ci il tarixli məktubla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X16 İdarəsinə göndərilmişdir. Eyni zamanda həmin icra vərəqəsi üzrə Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsinin 17 noyabr 2020-ci il tarixli icraata başlamaq haqqında qərarı 04 dekabr 2020-ci il tarixdə Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur.

26. Belə olan halda məlum olur ki, iddiaçıya dəymiş zərərin ödənilməsi – ona məxsus avtomobilin qaytarılması barədə qüvvədə olan məhkəmə aktı mövcuddur və həmin qərərın icrası məqsədi ilə müvafiq icra sənədi verilmişdir. Demək ki, iddiaçının ona zərər vurulması barədə tələbini əsaslandırdığı məhkəmə aktı yuxarı məhkəmə instansiyasının qərarı ilə ləğv edilmiş və bu gün qüvvədə olan məhkəmə aktına əsasən isə həmin avtomobilin ona qaytarılmalı olması müəyyən olunmuş və həmin məhkəmə aktı icraya yönəldilmişdir. Belə olan halda bəlli olur ki, iddiaçının hazırkı tələbi Sumqayıt Apellyasiya Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli icra vərəqinin icrası qaydasında həll oluna bilər. Bu səbəbdən, Kollegiya belə qənaətə gəlir ki, rayon məhkəməsi iddia tələbini təmin etməməklə mahiyyət etibarı ilə düzgün qənaətə gəlmişdir. MPM-in 385.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Nəticə:

27. Göstərilənlərə əsasən, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

28. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməlidir.

29. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Nəsimi Rayon Məhkəməsinin 2(006)-1331/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: İkram Şirinov Hakimlər: Fuad Talışinski Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar