Məhkəmə qərarları › İş №2(103)-5024/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5024/2020

06.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5024/2020 06.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Aytən Nadir qızı Kərimovanın katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "Cavabdeh" ASC-yə qarşı “artıq tutulmuş pulun qaytarılması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2648/19 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin olunaraq, 143,02 manat məbləğində pulun Cavabdeh ASC-dən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İddia qalan hissədə təmin edilməmişdir. İş materiallarından görünür ki, İddiaçı cavabdeh "Cavabdeh" ASC-yə qarşı “artıq tutulmuş pulun qaytarılması və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-nin Şamaxı filialının onunla bağladığı xx.xx.2015-ci il tarixli 173GNUM ********* nömrəli Kredit müqaviləsinin şərtlərini və Azərbaycan Respublikası MM-nin 420.2 və 741-ci maddələrinin tələblərini, qanunsuz və əsassız olaraq pozmaqla, Cavabdeh ASC tərəfindən onun pensiya kartından əsassız və qanunsuz olaraq tutulmuş pul vəsaitinin ona qaytarılması, 173GNUM150210001 nömrəli kredit müqaviləsinə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ASC-nin Şamaxı filialı ilə xx.xx.2015-ci il tarixli 173GNUM150210001 nömrəli kredit müqaviləsi bağlayaraq Təqaüdçü kimi10.000 (on min manat) manat, 27 faizlə, 36 ay müddətinə kredit götürmüşdür. Kreditin ödənilməsinin sona çatmasına 2 ay qalmışdır. Bank sənədlərinə, onun ödədiyi və Cavabdeh ASC-nin onun pensiya kartından Azərbaycan Respublikası Mülki məcəlləsinin 440.2 və 741-ci maddələrinin tələblərini pozmaqla tutduğu məbləğ kredit müqaviləsi üzrə ödəyəcəyi məbləğdən çoxdur. Ona görə də Bank tərəfindən pensiya kartından qanunsuz tutulma dayandırılmalı, artıq, əsassız tutulmuş məbləğ ona qaytarılmalıdır. 2015-ci ildə bir ay ödənişin ləngiməsi səbəbindən onun “Cavabdehdan” kart vasitəsi ilə aldığı təqaüdünü iki ay (oktyabr-noyabr) son qəpiyinə qədər tutaraq Cavabdeh tərəfindən onu maddi cəhətdən yaşamaq imkanından məhrum etdilər. Cavabdeh ASC xx xxxxx 2016-cı ildə yenidən onun təqaüdünü yuxarıda qeyd etdiyi səbəbdən və özbaşınalıqlarından təqaüdünü bütünlüklə kartdan tutmuşlar. Bu qanunsuz əməlləri Cavabdeh ASC 2016 və 2017-ci illərə də davam edərək iddiaçının pensiyanı tamamilə pensiya hesabından tutmuşdur.(Bak sənədlərini əlavə edir). Bundan başqa Cavabdeh ASC hər ay əsassız olaraq iddiaçının pensiyasından aylıq ödənişdən başqa ilk növbədə hər ay cərimə kimi ümumilikdə 300 manatdan çox cərimə adı ilə tutulma həyata keçirmişdir. Eləcə də ildə bir dəfə faiz borcu hesablamalı olduğu halda hər ay faiz borcu kimi pensiya kartından qanunsuz olaraq pul tutmaqla ona xeyli miqdarda maddi ziyan vurmuşdur. Dəfələrlə bu qanunsuz əməllərinə son qoyması barədə Banka müraciət etsə də onlar ödəniş vaxtının gecikdiyi üçün cərimə tutduqlarını bildirmişlər. Ona kredit təqaüdçü olduğu üçün verilmişdir. Bank əsas gəliri olan pensiyadan asılı olduğunu bilirdi və pensiya köçürülməsi həmin Bank vasitəsi ilə həyata keçirilirdi. Kredit borcunu hər ayın 21-i tarixdə ödənilməsi nəzərdə tutulsa da, pensiya DSMF tərəfindən ayın 24-30-u arası köçürülürdü. Bu gecikmədən istifadə edərək heç bir xəbərdarlıq etmədən əsas borcdan əlavə qanunsuz olaraq faiz borcunu və cərimə hesablayaraq tutmuşdur. Pensiya Bank hesabına DSMF-tərəfindən köçürülmədiyi halda kredit borcunun ödənilməsinin qeyrimümkünlüyünü Bank bilirdi. (Pensiya kartı olmasaydı Bank ona kredit verməzdi).Pensiya ödənişinin Banka köçürülməsinin ləngidilməsindən istifadə edərək, əsassız varlanma üçün Bank gecikən günlərə cərimə tutaraq onun maddi vəziyyətini çətinləşdirmiş, özləri isə varlanmışlar. Qeyd edir ki, Bank sonuncu krediti verərkən ondan 8 (səkkiz) faiz komission haqq tutaraq 800 manat rəsmi olaraq pul saxlamışdır. Bundan sonra Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxxxxxxx 2012-ci il tarixli Qərarında banklar tərəfindən faiz dərəcələrini aşağı salınması müştərilərə qarşı güzəştlərin olunması barədə tövsiyyəsini icra etməli olduğu halda etməmiş, sonradan faiz dərəcələrinin 1 (bir) faizdən çox olmaması barədəki məlum Qərardan sonra Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinə uyğun olaraq aldığı 8 faizin 7 faizini qaytarmamışdır. İddia ərizəsində göstərilənlər və əlavə edilən sənələrlə təsdiq olunur ki, Cavabdeh ildə bir dəfə faiz borcu tutmalı olduğu halda hər ay faiz borcu tutmaqla əsas borcum azalmamış, əvəzində Bank daha da artıq faiz borcu hesablayaraq onun pensiya kartından Mülki Qanunvericiliyin tələblərinə zidd olaraq pul tutmuş, ona maddi ziyan vurmuş, əsassız olaraq onun pensiya kartından əsassız hesabladığı cərimə məbləğini tutaraq iddiçıya maddi ziyan vurmuş, əsassız olaraq bank dəfələrlə onun aylıq pensiyasını bütünlüklə tutaraq onu maddi çətin duruma salaraq təqaüdünü mənimsəmiş, əsassız olaraq təqaüdçüyə verəcəyi kreditin 8 faizini komissiya haqqı kimi tutmuşdur. Qeyd olunanlara əsasən iddianın təmin olunması barədə qətnamə çıxarılması xahiş olunmuşdur. İddia tələbi üzrə işə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia yuxarıda göstərilən qaydada qismən təmin edilmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv ediləsi, iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan birinci instansiya məhkəməsi tərəfindən bir sıra maddi və prosessual hüquq normaları pozulmuşdur, işin faktiki halları tam araşdırılmamışdır,işə düzgün baxılmamışdır. Bu və digər əsasları gətirərək, apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Öz növbəsində Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdehin səlahiyətli nümayəndəsi apellyasiya şikayəti verərək, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan birinci instansiya məhkəməsi işə qeyriobyektiv baxmış, qanunun normalarının tələblərini pozaraq işin hallarına uyğun gəlməyən qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Kollegiya apellyasiya şikayətlərinin dəlillərini ayrı-ayrılqda müzakirə edib, apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını, qarşı tərəfin şikayəti ilə razılaşmayaraq rədd olunmasını xahiş edən iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayətləri təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İşə əlavə edilmiş AR DİN tərəfindən xx xxx 1998-ci il tarixdə verilmiş vəsiqənin surətindən görünür ki, İddiaçı müharibə veteranıdır və AR qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. İşdə olan İddiaçı ilə "Cavabdeh" ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 173GNUM150210001saylı kredit müqaviləsinin və əlavəsinin surətindən görünür ki, kredit verən borc alana illik 27%-lə 36 ay müddətinə 10.000,00 manat məbləğində krediti təqdim etməyi, borc alan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə kredit verənə qaytarmağı öhdəsinə götürmüşlər. İşdə olan xx.xx.2015-ci il tarixli "Cavabdeh" ASC tərəfindən verilmiş geniş məlumatın surətindən görünür ki, İddiaçı xx.xx.2015-ci il tarixdə əsas borcu 8588.31 manat, faiz borcu 50.48 manat, cəmi 8638.79 manat təşkil edir. "Cavabdeh" ASC tərəfindən verilmiş xx.xx.2019-cü tarixli çıxarışın surətindən görünür ki, İddiaçı əsas ödəmə məbləği 7,380.63 manat, faiz ödəmə məbləği 4,627.67 manat və borc məbləği 2,619.37 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxxxx 2018-ci il tarixli 14236 saylı və xx xxxxxx 2019-cu il tarixli, 11712 saylı ekspert rəylərindən görünür ki, İddiaçı tərəfindən "Cavabdeh" ASC-yə ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və xx xxxxxx 2015-ci il tarixli, 173GNUM150210001 saylı kredit müqaviləsinin şərtləri əsas götürülməklə İddiaçı banka olan borcu əsas borc 0,00 manat, faiz borc 0,00 manatdır. Artıq ödəniş məbləği 143,02 manat müəyyən olunmuşdur. Aparılmış tədqiqatların dəyəri müvafiq olaraq 145 manat və 150 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1 və 443.2-ci maddələrinin tələblərinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin birinci instansiya məhkəməsi və kollegiya tərəfindən müəyyən olunmuş hallarından görünür ki, tərəflər kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətlərinə girmişlər. Belə ki, Cavabdeh ASC ilə İddiaçı arasında imzalanmış xx xxxxxx 2015- ci il tarixli, 173GNUM150210001 saylı kredit müqaviləsinə əsasən bank borcalana 36 ay müddətinə illik 27% dərəcəsi ilə 10.000,00 manat məbləğində kredit vermişdir. İddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər lazımınca yerinə yetirilmədiyindən onun cavabdehə olan borcu kart hesabından akseptsiz qaydada silinmişdir. Lakin İddiaçı məxsus hesabdan pulun tutulması zamanı cavabdeh tərəfindən müqavilə şərtlərinə riayət edilmədən artıq pul çıxılmışdır. İş üzrə əldə edilmiş iki ekspert rəyi ilə xx xxxxxx 2015-ci il tarixli, 173GNUM150210001 saylı kredit müqaviləsi üzrə iddiaçının cavabdehə olan borcu tam ödənildiyi, iddiaçı tərəfindən 143,02 manat məbləğində artıq ödəniş edildiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421-424-cü maddələrində müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları, qaydası və nəticələri təsbit edilmişdir. Qanun normalarında müqaviləyə xitam verilməsi institutu nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 424.2-ci maddəsində müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilməsi qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-354-cü maddələrində əqdlərin etibarsızlığının şərtləri, əsasları, qaydası və müddətləri nəzərdə tutulmuşdur. Beynəlxalq hüquqi sənəd kimi «Beynəlxalq müqavilələrin bağlanması, dəyişdirilməsi və denonsasiyası (ləğvi) haqqında» 1961-ci il VyanaKonvensiyasında da söhbət müqavilələrin xitamından deyil, onların ləğvindən gedir. Qanuna görə xitam anlayışı müqavilə ləğv edildikdə tərəflərin bu müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərin xitamını özündə ehtiva edir. İş materiallarından göründüyü kimi, mübahisə predmeti olan müqavilə xx.xx.2015-ci ildə 36 ay müddətinə bağlanmışdır. İddiaçı məhkəməyə müraciət edən zaman müqavilə mövcud olsaydı belə hal-hazırda həmin müqavilə borclu tərəfindən öhdəliklərin tam icra edilməsi nəticəsində öz mövcudluğunu itirmiş, müqavilədən irəli gələn öhdəliklərə icra nəticəsində xitam verilmişdir. Göründüyü kimi, bu hal birinci instansiya məhkəməsində işə baxılarkən, məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi tərəfindən də öz təsdiqini tapmışdır Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi ilə razılaşaraq hesab edir ki, mövcud olmayan müqavilənin ləğv edilməsi və onun əsasında yaranmış öhdəliklərə xitam verilməsi yolverilməz olduğundan iddia bu hissədə haqlı olaraq rədd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegıya hesab edir ki, iddia tələbinı yuxarıda göstərilən qaydada qismən təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi üçün əsaslar vermir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: İddiaçı və Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. İş üzrə Bakı şəhəri Nizami rayon Məhkəməsinin hazırkı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar