Məhkəmə qərarları › İş №2(103)-5026/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5026/2020

17.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5026/2020 17.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Qəşəmzadə Fuad Vahid oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili X2, Cavabdeh və onun vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(001)-831/2020 saylı qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən tutulan alimentin miqdarının artırılaraq, xx.xx.2004-cü il təvəllüdlü X6, xx.xx.2005-ci il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 170 manat olmaqla, cəmi 510 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə hər ay hər uşaq üçün 60 manat olmaqla cəmi 180 manat aliment müəyyən edilmiş, Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli qərarı ilə alimentin miqdarı dəyişdirilmiş, hər ay hər uşaq üçün 30 manat olmaqla 90 manat miqdarında müəyyən edilmişdir. O, ailə başçısını itirməyə görə 270 manat müavinət və 90 manat aliment olmaqla aldığı 360 manat üç azyaşlı uşaq olmaqla onun aylıq yaşayış xərclərini, kommunal xərclərini təmin etmir. Cavabdeh isə dul qadın olmaqla 900 manata yaxın pensiya alır və bu məbləğlə özünün tək xərclərini ödəyir. Uşaqlardan ikisi hazırda məktəblidir, digərinin isə 4 yaşı var. Hazırda işləmir, əlavə hər hansı qazancı və gəliri yoxdur. Cavabdehin isə maddi vəziyyəti əvvəlki illərə nisbətən yaxşılaşmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(001)- 831/2020 saylı qətnaməsi (qətnamədə yol verilmiş yalnışlıqların düzəldilməsi barədə məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı nəzərə alınmaqla) ilə iddia qismən təmin edilmiş, Ali Məhkəmənin Mülki Kollegiyasının xx xxxxx 2018-ci il tarixli 2(102)-2175/2018 saylı qərarına əsasən müəyyən olunmuş alimentin məbləği dəyişdirilməklə,xx.xx.2004-cü il təvəllüdlü X6, xx.xx.2005-ci il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X3 18 yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa görə 50 manat, ümumilikdə 150 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi və həmin məbləğdə alimentin tutulmasının qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanması, 08 manat dövlət rüsumunun Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-831/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(001)-831/2020 saylı qətnaməsində yol verilmiş yanlışlıqlar düzəldilmiş, qətnamənin giriş, təsviri, əsaslandırıcı və nəticə hissələrində xx.xx.2004-cü il təvəllüdlü Ayxan Seyidovun, xx.xx.2005-ci il təvəllüdlü Camal Seyidovun və xx.xx.2015-ci il təvəllüdlü Leyla Seyidovanın ata adlarının “Samir” kimi oxunması qərara alınmışdır. Qətnamədən iddiaçı və cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İddiaçı apellyasiya şikayətində iddia ərizəsində göstərilənləri qeyd etmiş və qətnamə qanunsuz, əsassız olduğundan iddia tələbinin tam edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh isə apellyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş edərək, göstərmişdir ki, qətnamə qanunsuz və əsassızdır. Məhkəmə onun 64 yaşının olmaqla, İİ qrup əlil olmasını, çoxsaylı xəstəliklərdən əziyyət çəkməsini və mütəmadi olaraq müalicə və müayinələrə ehtiyacının olduğunu nəzərə almamışdır. Məhkəmə yalnız ata xətti ilə nənəni nəzərə almış, təqaüd alan ana xətti üzrə nənə və babanın olmasını nəzərə almamışdır. İddiaçının tələbi ilə yaşadığı ev satılmış və əldə olunan məbləğin yarısına iddiaçıya ev alınmış, digər yarısı isə hazırda vəfat etmiş ərinin müalicəsi üçün xərclənmişdir. Hazırda özü kirayədə qalır. İddiaçı ona qarşı əsassız 14000 manat dəyərində qızıl-zinət əşyalarını mənimsəməsi barədə iddia qaldırmış, təmin edilmişdir. Heç bir yerdə işləmir, çətinliklərlə iki ildir hər ay 90 manat aliment ödəyir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili öz apellyasiya şikayətlərini müdafiə edərək, təmin edilməsini, cavabdehin isə apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, təmin edilməməsini xahiş etdi. Həmçinin göstərdi ki, müəyyən edilmiş aliment məbləği üç uşağın saxlanılması üçün kifayət qədər aşağı məbləğdir. Cavabdehin qeyd etdiyi evin satılıb iddiaçıya ev alınması isə alimentin miqdarına aidiyyatı olmayan bir məsələdir. Məhkəmə iclasında iştirak edən cavabdeh və vəkili isə qarşı tərəfin apellyasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etdilər, həmçinin öz apellyasiya şikayətlərini müdafiə edərək onun məzmununa uyğun izahat verdilər. Cavabdehin vəkili göstərdi ki, cavabdeh uşaqların nənəsi olduğu üçün alimentin artırılması düzgün deyildir. Cavabdeh hazırda kirayədə qalır, evi isə sataraq pulun yarısına iddiaçıya ev alınmış və iddiaçı hazırda öz evində yaşayır, kirayə pulu ödəmir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayətləri təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia qismən təmin edilməklə, ilə hər ay hər uşaq üçün 60 manat olmaqla cəmi 180 manat aliment müəyyən edilmiş, Cavabdeh xx.xx.2004-cü il təvəllüdlü X6, xx.xx.2005-ci il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2017-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 60 manat olmaqla cəmi 180 manat alimentin tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmiş, Ali Məhkəmənin Mülki Kollegiyasının xx xxxxx 2018-ci il tarixli 2(102)-2175/2018 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsinə qismən - Cavabdeh hər ay hər uşaq üçün 60 manat olmaqla cəmi 180 manat sabit pul məbləğində alimentin tutulması hissəsində dəyişiklik edilməklə, həmin məbləğin hər ay hər uşaq üçün 30 manat olmaqla cəmi 90 manat miqdarında müəyyən edilməsi, iddiaçının kassasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Əmək və X4 Nazirliyi yanında Dövlət X10 Suraxanı rayon şöbəsinin xx.xx.2018-ci il tarixli məktubundan görünür ki, İddiaçı pensiyası xx.xx.2018-ci il tarixdə inflyasiyaya uyğun indeksasiya artımı ilə əlaqədar olaraq sistemdə mexaniki səhvə yol verilərək 399,27 manat olmuş, lakin ödənilən artıq məbləğ 440 manat olmaqla 12 aya bölünərək vətəndaşın pensiyasından ayda 36,67 manat tutulma aparılmışdır. Əmək və X4 Nazirliyi yanında Dövlət X10 Binəqədi rayon şöbəsinin xx.xx.2019-cu il tarixli arayışından görünür ki, Cavabdeh ailə başçısını itirməyə görə 912,89 manat məbləğində pensiya alır. Pensiyanın müddəti ömürlükdür. Birinci instansiya məhkəməsi uşaqların saxlanılması üçün aliment müəyyən edildiyi 2018-ci il tarixdən hazırki vaxtadək uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunun artırıldığını, uşaqların mənafelərini, onların normal qida, geyim, təhsil və s. xərclərinin olmasını nəzərə alaraq müəyyən edilmiş alimentin miqdarının artırılması qənaətinə gəlmişdir. Kollegiya hesab edir ki, məhkəmənin qənaəti qanuni və doğrudur. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 89-cu maddəsinə əsasən yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatan nəvələr saxlanmaq üçün valideynlərindən, yaxud da ərdən (arvaddan) maddi yardım ala bilmədikdə, onlara da eyni hüquq verilir. Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi qanunverici, prinsip etibarilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Məhkəmənin gəldiyi nəticə ilə razılaşan Kollegiya qeyd edir ki, ölkədə ilbəil yaşayış minimumu artıdığından, 2018-ci ildə uşaqlar üçün yaşayış minimumu 154 manat təşkil etdiyi halda, 2019-cu ildə 160 manat, 2020-ci ildə isə 170 manat müəyyən olunmuşdur. İddiaçı apellyasiya şikayətində konkret dəlillər göstərmədən, iddia ərizəsində göstərilənləri qeyd edərək, iddia tələbinin tam təmin edilməsini tələb etsə də, Kollegiya hesab edir ki, məhkəmə tərəfindən artırılmış aliment məbləği işin müəyyən edilmiş hallarına əsasən ağlabatan məbləğdir. Belə ki, iddiaçının cavabdehin dul qadın olmaqla aldığı pensiya ilə öz xərclərini qarşılaması ondan daha yüksək məbləğdə aliment tutulmasına əsas verən hal deyildir, iddiaçı özü də ailə başçısını itirməyə görə müavinət alır, həmçinin, məhkəmənin də qeyd etdiyi kimi, nəvələri saxlamaq vəzifəsi yalnız ata xətti üzrə nənə və babanın üzərinə qoyula bilməz, ana xətti üzrə də nənə və babadan aliment tələb edilə bilər. Digər tərəfdən Kollegiya qeyd edir ki, cavabdeh 2018-ci ildə 658,88 manat pensiya aldığı halda, hazırda həmin məbləğ artaraq 912,89 manat təşkil edir, yəni bu müddət ərzində cavabdehin pensiyası təxminən 39 faiz artmışdır. Ona görə də alimentin miqdarının hər uşaq üçün 20 manat həddində artırılması həm də cavabdehin pensiyasının artırılmış hissəsinə mütənasib, hətta daha artıqdır. Cavabdehin apellyasiya şikayətində qeyd etdiklərinə münasibətdə Kollegiya bildirir ki, evin satılması, həmin məbləğdən iddiaçıya ev alınması və ya qızıl-zinət tələbi barədə iddianın təmin edilməsi kimi hallar onu aliment ödəməkdən azad etməyə və ya az miqdarda aliment təyin edilməsinə əsas verən hallar deyildir. Təyin olunacaq aliment uşaqların maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət etməlidir. Kollegiya tərəflərin maddi və ailə vəziyyətlərini, eləcə də işin konkret halları üzrə müəyyən olunmuş digər diqqətəlayiq halları nəzərə alaraq hesab edir ki, cavabdehdən nəvələrinin saxlanılması üçün tutulacaq alimentin miqdarının artırılaraq 50 manat (cəmi 150) manat məbləğində müəyyən edilməsi hazırki mübahisənin halları baxımından ədalətli və ağlabatan olmaqla yanaşı, həm də əvvəlki işə baxmış Ali Məhkəmənin Mülki Kollegiyasının müəyyən etdiyi hallara və hüquqi mövqeyə uyğundur. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi məsələni həll edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə t e t d i: İddiaçı və cavabdehin apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-831/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi (qətnamədə yol verilmiş yalnışlıqların düzəldilməsi barədə məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı nəzərə alınmaqla) dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Vahid Sadıqov Hakimlər Qürbət Əsgərov Azad İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar