Məhkəmə qərarları › İş №2(103)-5026/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5026/2024

09.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5026/2024 09.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 13 may 2024-cü il tarixli, e-2(003)-250/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli, İP965 nömrəli kredit müqaviləsi bağlanmış və həmin müqavilə əsasında bank tərəfindən Cavabdeh ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın alınması məqsədilə 300 ay müddətinə, illik 19% dərəcəsi ilə 120000 manat məbləğində kredit verilmişdir. Həmçinin mülkiyyətçi (satıcı) X2, ipoteka saxlayan İddiaçı ASC və alıcı (ipoteka qoyan) Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, İP965 nömrəli alqı-satqı və ipoteka müqaviləsinə əsasən əldə olunmuş ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak kredit müqaviləsinin təminatı qismində İddiaçı ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixə İddiaçı ASC-yə xx.xx.2021-ci il tarixli İP 965 nömrəli kredit müqaviləsi üzrə 119250,61 manat əsas, 18742,80 manat faiz, 3192,31 manat cərimə borclu olmaqla cəmi 141185,72 manat borcu vardır. Hazırda iddiaçı borc məbləğini tələb edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İP965 saylı kredit müqaviləsinə əsasən 119,250.61 manat əsas borc, 18,742.80 manat faiz borcu, 3,192.31 manat cərimə borcu olmaqla, cəmi 141,185.72 (bir yüz qırx bir min yüz səksən beş manat yetmiş iki qəpik) manat məbləğində borcun İddiaçı ASC nin xeyrinə tutulması, tutmanın Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, M.Ə.Sabir küçəsi, 0.05828 ha torpaq sahəsində yerləşən 484.85 kv.m ümumi sahədən ibarət olan 79A saylı yaşayış sahəsinə yönəldilməsi, ünvan 1 ünvanında yerləşən 484.85 kv.m ümumi sahədən ibarət yaşayış sahəsinin ilkin satış qiymətinin 166.500 manat müəyyən edilməklə açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin cavabdehin İddiaçı ASC-yə olan kredit borclarının ödənilməsinə yönəldilməsi, daşınmaz əmlak satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq mülkiyyətçiyə təhvil verilməsi, ipoteka predmetinin satışından əldə olunan pul vəsaiti cavabdehin İddiaçı ASC-yə olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq borcun cavabdehdən tutularaq İddiaçı ASC-nin hesabına ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 30 (otuz) manat məbləğində xidmət haqqının və iddia ərizəsinin məhkəmə icraatına qəbul olunması üçün 432 (dörd yüz otuz iki) manat dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, kredit alan müqavilə üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişdir. Belə ki, tərəflər arasında imzalanmış kredit müqaviləsinə əsasən müqavilədən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra edilməməsi ilə nəticələnə bilən hallar yarandıqda, borcalan ödəniş cədvəli üzrə ona verilmiş kredit üzrə əsas borc hissəsini və onun faizini ödənilməsini 90 gün və daha çox müddətə gecikdirdikdə bank müqaviləyə vaxtından əvvəl xitam verə, kredit üzrə əsas borcun qalığının bu müddətə qədər hesablanmış faizi ilə birlikdə qaytarılmasını və bu müqavilənin 4.2-ci bəndinə uyğun olaraq hesablanan dəbbə pulunun ödənilməsini borcalandan tələb edə bilər. Buna görə də, bank tərəfindən məhkəməyə qədər pretenziya qaydasına əməl edilərək borcalana xəbərdarlıq məktubu göndərilmiş və bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin o cümlədən güzəştli ipoteka kreditinin verilməsi haqqında qaydaların tələblərinə əsasən, borcalan ipoteka krediti üzrə borcu (əsas borc və faizləri) vaxtında və ya tam həcmdə ödəməyi 90 gün gecikdirdikdə, fond müvəkkil banka bildiriş göndərərək kredit üzrə tələb hüququnun geri alınmasını tələb edir, müvəkkil bank fonddan ipoteka kreditini kredit üzrə əsas borcun ödənilməmiş qalığını və cərimə olduğu halda onların cəmini özündə əks etdirən məbləğdə geri alır. İpoteka saxlayan İddiaçı ASC İpoteka qoyana “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1.1-ci bəndinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldiləcəyinə dair ipoteka qoyanın banka məlum olan qeydiyyat ünvanına bildiriş göndərmişdir və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə təqdim olunmuş və qeydiyyata alınmışdır. Daha sonra iddiaçının nümayəndəsi Emin Əliyev iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh İP965 saylı kredit müqaviləsinə əsasən 119,250.61 manat əsas borc, 22,042.62 manat faiz borcu, 5,241.46 manat cərimə borcu olmaqla, cəmi 146,534.69 manat məbləğində borcun İddiaçı ASCnin xeyrinə tutulması, tutmanın Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, M.Ə.Sabir küçəsi, 0.05828 ha torpaq sahəsində yerləşən 484.85 kv.m ümumi sahədən ibarət olan 79A saylı yaşayış sahəsinə yönəldilməsi, ünvan 1 ünvanında yerləşən 484.85 kv.m ümumi sahədən ibarət yaşayış sahəsinin ilkin satış qiymətinin 166,500 manat müəyyən edilməklə açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin cavabdehin İddiaçı ASC-yə olan kredit borclarının ödənilməsinə yönəldilməsi, Daşınmaz əmlak satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq mülkiyyətçiyə təhvil verilməsi, İpoteka predmetinin satışından əldə olunan pul vəsaiti cavabdehin İddiaçı ASC-yə olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq borcun cavabdehdən tutularaq İddiaçı ASC-nin hesabına ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 30 (otuz) manat məbləğində xidmət haqqının və iddia ərizəsinin məhkəmə icraatına qəbul olunması üçün 437 manat dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 13 may 2024-cü il tarixli, e-2(003)- 250/2024 nömrəli qətnaməsi ilə iddia tələbi qismən - Cavabdeh əsas borc üzrə 119250,61 manat, faiz borcu üzrə 18742,80 manat, cərimə borcu üzrə 500 manat olmaqla cəmi 138493,41 manat məbləğində borc, bildirişin qeyd alınması üçün ödənilmiş 30 manat, 30 manat xidmət haqqı və dövlət rüsumu görə 428,49 manat, ümumilikdə 138981,9 manat məbləğində pul tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi, tələbin, ipoteka predmeti olan Cavabdeh məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, M.Ə.Sabir küçəsində yerləşən 79A saylı fərdi yaşayış evinə (0.05828 ha torpaq sahəsi və 484.85 kv.metr fərdi yaşayış evi) yönəldilməsi və həmin daşınmaz əmlak ilkin satış qiymətinin (likvid qiyməti) 268000 manat olmaqla açıq hərracdan satılması, ipoteka predmetinin satışından əldə olunan vəsait hesabına Cavabdeh tərəfindən iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənməli olan ümumilikdə 138981,9 manat məbləğində borcun ödənilməsi, ipoteka predmetinin satışından əldə olunan vəsait hesabına borc məbləği qaytarıldıqdan sonra qalıq qalmış məbləğ Cavabdeh qaytarılması hissəsində təmin edilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh kredit müqaviləsi üzrə öz riski ilə kredit müqaviləsi bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. O, kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri və digər ödənişlər iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, həmin kreditdən yaranan borclarını ödəməli olmasına dair vəzifəsini isə lazımi qaydada icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Ona görə də məhkəmə hesab etmişdir ki, iddiaçı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır. Lakin bu zaman məhkəmə hesab etmişdir ki, iddiaçı iddia ərizəsində cavabdehdən 18742,80 manat məbləğində faiz borcunu və 3192,31 manat cəriməni tələb etməklə, daha sonra məhkəmədə iddia tələbini həmin hissədə artıraraq 22042,62 manat faiz borcun və 5241,46 manat cərimənin tutulmasını tələb etməkdə haqlı olmamışdır. Belə ki, iddiaçı tərəfindən cavabdehə qarşı müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə aralarında bağlanmış xx.xx.2021-ci il tarixli, İP965 nömrəli kredit müqaviləsi birtərəfli qaydada ləğv edilmişdir. İşin araşdırılmış hallarından, məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, cavabdeh iddiaçı qarşısında kredit müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyinə görə onun 119250,61 manat əsas, 18742,80 manat faiz borcu vardır. Bu zaman məhkəmə qeyd etmişdir ki, iş üzrə cavabdeh əsas borcu mübahisələndirməməklə faiz borcunun şişirdilmiş hesab etdiyini bildirsə də bununla bağlı hər hansı bir sübut məhkəməyə təqdim edilməmiş, yalnız şifahi qaydada mülahizə irəli sürülmüşdür. Odur ki, məhkəmə hesab etmişdir ki, cavabdehdən iddiaçının xeyrinə 119250,61 manat əsas, 18742,80 manat faiz borcu tutulmalıdır. İddia tələbinin dəbbə pulu hissəsinə münasibətdə məhkəmə belə qənaətə gəlmişdir ki, cavabdehdən 3192,31 manat cərimənin tutulması əsaslı hesab edilə bilməz və tənasübsüz yüksək olduğundan azaldılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, Cavabdeh iddiaçının xeyrinə 500 manat dəbbə (cərimə) pulu tutulmalıdır. Məhkəmə həmçinin hesab etmişdir ki, cavabdehin iddiaçıya olan pul öhdəliyi ipoteka ilə təmin edildiyindən və borclu iddiaçı qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, öhdəliyin 90 təqvim günündən çox müddətdə gecikdirdiyindən, iddiaçı tələbin ipoteka ilə yüklü edilmiş göstərilən ipoteka predmetinə yönəldilməsini məhkəmə qaydasında tətbiq etməkdə haqlıdır. Odur ki, iddia tələbi təmin edilərək, borc tələbi kreditin təminatı kimi ipoteka ilə yüklü edilmiş Cavabdeh məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, M.Ə.Sabir küçəsində yerləşən 79A saylı fərdi yaşayış evinə (0.05828 ha torpaq sahəsi və 484.85 kv.metr ev) yönəldilməlidir. Məhkəmə eyni zamanda tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi qaydasını müəyyən edərək, belə nəticəyə gəlmişdir ki, iddiaçının tələbinin ipoteka qoyulmuş göstərilən daşınmaz əmlaka yönəldilməsi ipoteka ilə yüklü edilmiş qeyd edilən əmlakın açıq hərracdan satış yolu ilə realizə edilməlidir. Məhkəmə hesab etmişdir ki, ipoteka predmetinin ilkin satış qiymətinə dair tərəflər arasında mübahisə olduğundan, ipoteka predmetinin ilkin satış qiyməti məhkəmə tərəfindən müəyyən edilməlidir. Odur ki, məhkəmə hesab etmişdir ki, ipoteka predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, M.Ə.Sabir küçəsində yerləşən 79A saylı fərdi yaşayış evinin ilkin satış qiyməti (likvid dəyəri) iş üzrə Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş ekspert rəyi əsasında məhkəmə tərəfindən 268000 manat məbləğində müəyyən edilməklə, qeyd edilən daşınmaz əmlak açıq hərracdan satılmalı və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən kredit borcu ödənilməlidir. Həmçinin məhkəmə iddia tələbinin daşınmaz əmlakın satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq mülkiyyətçiyə təhvil verilməsi hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, iddia həmin hissədə təmin edilməməlidir. Belə ki, hazırda iddiaçı, cavabdehə qarşı daşınmaz əmlakın satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq mülkiyyətçiyə təhvil verilməsi barədə iddia qaldırsa da məhkəmə hesab etmişdir ki, iddiaçı bankın ipoteka predmeti olan daşınmaz əmlakın açıq hərracdan satışından sonra əldə etmiş mülkiyyətçinin əvəzinə iddia irəli sürməyə imkan verən subyektiv hüququ yoxdur. Eyni zamanda məhkəmə qeyd etmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsinin tələblərinə əsasən yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuşdursa ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin xx.xx.2024-cü il tarixli iddia tələbi ilə bağlı ərizə üzrə cərimə məbləğinin təmin edilməyən hissəsində ləğv edilməsi və iddia tələbinin həmin hissədə tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qanunverici tərəflərə dəbbə pulunu sərbəst müəyyənləşdirmə imkanı versə də, tənasübsüz surətdə yüksək dəbbə pulunun məhkəmə tərəfindən azaldılma imkanını da istisna etməmişdir. Lakin məhkəmə dəbbə pulunun mütənasibliyini müəyyənləşdirərkən tərəflərin hər ikisini, borcun məbləğini və gecikdirmə günlərinin sayını nəzərə almalıdır. Məhkəmə dəbbə pulu təyin edərkən onu da nəzərə almalıdır ki, kredit müqavilələrində göstərilən cərimə faizi məhz götürülən əsas kredit məbləği üzrə hesablanır. Gecikdirmə zamanı tətbiq edilən dəbbə pulu da məhz mövcud əsas borca görə hesablanmalıdır. Ümumi məhkəmə praktikasında mövcud olan yanaşmaya görə də kredit müqavilələri üzrə dəbbə pulu təyin edərkən məhkəmə mütənasiblik prinsipini və yalnız borclunun yox, həmçinin kreditorun maraqlarını da gözləyərək əsas borcun minimum 5%-i miqdarında dəbbə pulu hesablayır. Hazırkı iş üzrə İP965 saylı kredit müqaviləsinə əsasən borclu Cavabdeh ilkin iddia ərizəsinə əsasən 3,192.31 manat cərimə borcu tutulması tələb edilmiş, iddianın həcminin artırılması ilə bağlı əlavədə isə bu məbləğ 5,241.46 manat olaraq göstərilmişdir. İddiaçının əsas borcunun 119,250.61 manat və bu məbləğə ümumi məhkəmə praktikasına əsasən 5% ilə hesablanan cərimə borcu 5,962 manat olmasına baxmayaraq, iddia tələbində borclu ilə bağlı xüsusi halları nəzərə alaraq bu məbləğ kifayət qədər aşağı həcmdə göstərilmişdir. Buna rəğmən, məhkəmə qərar verərkən əsas borcun iri həcmini və icranın 562 gündür gecikmədə olduğunu nəzərə almamış və 500 manatlıq çox cüzi bir məbləğ müəyyən etmişdir. Göstərilən məbləğ gecikmə nəticəsində Banka dəyən zərəri qarşılamaq üçün mütənasib olaraq təyin edilməmiş və borclu tərəf öhdəliyi gecikdirdiyi üçün çəkməli olduğu məsuliyyətdən yan ötmüşdür. Cavabdeh apellyasiya şikayətinə etiraz təqdim edərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclası barədə lazimi qaydada cavabdeh məhkəmə kollegiyasının iclasında iştirak etmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Qətnamədən iddiaçı tərəf apellyasiya şikayəti verərək, qətnaməni cavabdehdən tutulmalı olan borcun cərimə məbləği hissəsində mübahisələndirmiş, həmçinin cavabdeh qətnamədən apellyasiya şikayəti verməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin - cavabdehdən tutulmalı olan cərimə borcunun məbləği hissəsində yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Mülki Məcəllə: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

445. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

466. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. Qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər: zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər; dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər; kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər. Öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məhdud məsuliyyətin müəyyənləşdirildiyi hallarda dəbbə pulu çatmayan və ya dəbbə pulundan yuxarı hissədə və ya onun əvəzinə ödənilməli olan zərər həmin məhdudiyyətlə müəyyənləşdirilmiş həddə qədər tutula bilər.

467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

739. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. (köhnə redaksiyada) 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (köhnə redaksiyada)

Mülki Prosessual Məcəlləsi:

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 206.1. Ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Məhkəmə kollegiyasının mövqeyi Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin faktiki halları ilə müəyyən edilir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, İP965 nömrəli kredit müqaviləsi bağlanmış və həmin müqavilə əsasında bank tərəfindən Cavabdeh ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın alınması məqsədilə 300 ay müddətinə, illik 19% dərəcəsi ilə 120000 manat məbləğində kredit verilmişdir. Həmçinin mülkiyyətçi (satıcı) X2, ipoteka saxlayan İddiaçı ASC və alıcı (ipoteka qoyan) Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, İP965 nömrəli alqı-satqı və ipoteka müqaviləsinə əsasən əldə olunmuş ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak kredit müqaviləsinin təminatı qismində İddiaçı ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, cavabdeh iddiaçı qarşısında kredit müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyinə görə onun 119250,61 manat əsas, 18742,80 manat faiz borcu vardır. Qeyd olunan işin halları iddiaçı eləcə də cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Bununla yanaşı iddiaçı qərar verilərkən əsas borcun iri həcmini və icranın 562 gündür gecikmədə olduğunu nəzərə almamış və 500 manatlıq çox cüzi bir məbləğdə dəbbə (cərimə) pulu müəyyən edilməsini mübahisələndirmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilinə münasibətdə bildirir ki, qanunun mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. Qeyd edilən normanın məzmunundan daha sonra göründüyü kimi, dəbbə pulu borclunun icra etməli olduğu öhdəliyi icra etmədikdə alınır. Tərəflər dəbbə pulunun miqdarını müəyyənləşdirməklə sərbəstdirlər. Lakin qanunvericilik mülki hüquq məsuliyyətinin həcmini nəzərə alaraq bununla bağlı da konkret nizamlayıcı normalar müəyyən etmişdir. Mülki qanunvericiliyə görə mülki hüquq məsuliyyətinin iki növü vardır: zərərin əvəzinin ödənilməsi və dəbbə pulu. Zərərin əvəzinin ödənilməsi ümumi (universal), dəbbə pulu isə xüsusi təbiətə malik məsuliyyət tədbiridir. Borclu öhdəliyi icra etmədikdə hüquq pozuntusuna yol verdikdə, o, zərərin əvəzinin ödənilməsi formasında məsuliyyət daşıyır. Lakin qanunda və ya müqavilədə öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda dəbbə pulu (borclunun kreditora ödəməli olduğu pul məbləği) alınması da nəzərdə tutula bilər. Belə halda məsuliyyətin həcmi dəbbə pulunun zərərin əvəzinin ödənilməsi kimi universal məsuliyyət formasına uyğunlaşdırılması imkanından asılı olaraq müəyyən ediləcəkdir. Dəbbə pulunun əsas təyinatı ondan ibarətdir ki, kreditoru ödənilməli olan zərərin məbləğini sübut etmək vəzifəsindən azad edir. Bununla da öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə kreditorun pozulmuş marağının əvəzini ödəmək imkanı yaranır. Bu onunla əlaqədardır ki, dəbbə pulu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində kreditora dəymiş zərərin miqdarından asılı olmayaraq, ödənilməli olan müəyyən pul məbləğidir. İş materiallarından görünür ki, hazırki iş üzrə kreditorun gəliri, kredit müqavilələri üzrə əsas borca görə hesablanmış faizlərdən ibarətdir və müqavilə üzrə öhdəliyin borc alan tərəfindən yerinə yetirilməməsi nəticəsində kreditor həmin gəlirdən (faizdən) məhrum olur ki, bu da kreditorun məruz qaldığı mümkün zərər hesab edilir. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyə görə əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu (cərimə) gəlir vasitəsi kimi çıxış edə bilməz. Çünki dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təmin edilməsi üsuludur. Öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən də onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə uyğun olmaz. Həmçinin də mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Qeyd olunan normalara əsasən əsas borca münasibətdə 5% ilə hesablanan cərimə borcu olması deyil, məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda bilməsi müəyyən edilmişdir. Hazırki işin hallarından görünür ki, kredit borclusunun 119,250.61 manat olduğu müəyyənləşdirilən əsas borcuna münasibətdə iddiaçı tərəfindən 5,241.46 manat cərimə borcu hesablayıb tələb etmişdir. Məhkəmə kollegiyası araşdırılmış faktiki hallarına hüquqi qiymət verərək, götürülmüş kreditin, hesablanmış faizlərin və cərimənin miqdarını müqayisə edib, əsas borcun və ona hesablanmış faizlərin cavabdehin ödəməli olmasından (həmin hissələr mübahisələndirilməmişdir), gələcəkdə qətnamənin icrasının mümkünlüyünü nəzərə alaraq hesab edir ki, iddiaçının onun barəsində 5,241.46 manat məbləğində cərimə pulu hesablanması, həm əsas borca mütənasib olmamasına, həm də cavabdeh tərəfin maddi vəziyyətinə uyğun olmadığından, həmin məbləğ azaldılaraq, iddiaçının tələb etdiyi məbləğdə deyil, 500 manat məbləğində tutulmalı dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehdən tutulmalı dəbbə pulunun məbləğinin 500 manat həddində müəyyənləşdirilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ağlabatan və ədalətlidir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, işin faktiki halları ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası göstərilən nəticəyə gələrkən birinci instansiya məhkəməsinin mövqeyini əsaslandırdığı hallarla yanaşı, cavabdehin ölkəmizin ərazi bütövlüyü uğrunda göstərdiyi fəaliyyətini, müharibə veteranı olmasını və apellyasiya şikayətinə etirazında göstərdiyi diqqətəlayiq məqamları da nəzərə almışdır. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Apelyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün qanuni əsas ola bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmə məsrəfləri ilə bağlı düzgün nəticəyə gəlmişdir. Həmçinin apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 13 may 2024-cü il tarixli, e-2(003)- 250/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar