Məhkəmə qərarları › İş №2(103)-5027/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5027/2024

29.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5027/2024 29.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı1-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: kredit borcunun tutulması, borcun düzgün hesablanmaması) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi ilə İddiaçı1-nin Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit borcunun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 oktyabr 2017-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. İddiaçı1 (bank) ilə Cavabdeh2 arasında xx.xx.2015-ci il tarixdə 001L**********82 saylı uzunmüddətli kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən ona 120 ay müddətinə 150 000 ABŞ dolları məbləğində kredit xətti açılmış, müqavilədə razılaşdırılmışdır ki, veriləcək kredit və müddət ayrıca kredit razılaşması ilə müəyyənləşdiriləcəkdir.

2. Bankla Cavabdeh2 arasında xx.xx.2015-ci il tarixdə 001R********** saylı kredit razılaşması bağlanmış, müqaviləyə əsasən ona 18 ay müddətinə, aylıq faiz dərəcəsi 2,25 % olmaqla 7000 ABŞ dolları məbləğində kredit verilmişdir.

3. Bankla Cavabdeh1 arasında xx.xx.2015-ci il tarixdə 001S**********01 saylı zaminlik müqaviləsi bağlanmış, müqaviləyə əsasən Cavabdeh1, 001L**********82 saylı uzunmüddətli kredit müqaviləsi və onun ayrılmaz hissəsi olan kredit razılaşması üzrə Cavabdeh2 öhdəliklərinin icrasının təmin edilməsi üçün zamin qismində öhdəlik götürmüşdür.

4. Bankla Cavabdeh2 arasında xx.xx.2015-ci il tarixdə 001R**********S saylı saziş bağlanmış, kredit razılaşması əsasında verilmiş kreditin qalıq məbləğinə xx.xx.2016cı il tarixindən aylıq 2,1667%, xx.xx.2016-cı il tarixindən aylıq 0% dərəcəsi ilə faizlər hesablanacağı razılaşdırılmışdır.

5. Bankla Cavabdeh2 arasında xx.xx.2016-cı il tarixdə 001R**********SA saylı saziş bağlanmış, kredit razılaşması əsasında verilmiş kreditin qalıq məbləğinə xx.xx.2016cı il tarixindən aylıq 1,5833%, xx.xx.2016-cı il tarixindən aylıq 0% dərəcəsi ilə faizlər hesablanacağı razılaşdırılmışdır.

6. 21 avqust 2017-ci il tarixli maliyyə arayışında göstərilmişdir ki, Cavabdeh2 001R********** saylı xx.xx.2015-ci il tarixli kredit razılaşması üzrə xx.xx.2017-ci il tarixinə 4036,58 ABŞ dolları əsas, 1162,79 ABŞ dolları faiz, 2063,82 ABŞ dolları cərimə borcu vardır.

7. İddiaçı1 tərəfindən Cavabdeh2 və Cavabdeh1 xx.xx.2017-ci il tarixdə xəbərdarlıq məktubları ünvanlanmış, həmin tarixə yaranmış gecikdirilmiş borcun ödənilməsi tələb olunmuşdur.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

8. İddiaçı1 (iddiaçı) Cavabdeh2 və Cavabdeh1 (cavabdehlər) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, 001R********** saylı kredit razılaşması üzrə 4036,58 ABŞ dolları məbləğində əsas, 1162,79 ABŞ dolları məbləğində faiz borcu və 2063,82 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 7263 (yeddi min iki yüz altmış üç) ABŞ dolları 19 (on doqquz) sent məbləğində borcun, iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutulub banka ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddia tələbi belə əsaslandırılmışdır ki, bankla Cavabdeh2 arasında xx.xx.2015-ci il tarixdə 001L**********82 saylı uzunmüddətli kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən ona 120 ay müddətinə 150 000 ABŞ dolları məbləğində kredit xətti açılmış, müqavilədə razılaşdırılmışdır ki, veriləcək kredit və müddət ayrıca kredit razılaşması ilə müəyyənləşdiriləcəkdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 bankla bağladığı xx.xx.2015-ci il tarixli 001R********** saylı kredit razılaşması əsasında 18 ay müddətinə, aylıq faiz dərəcəsi 2,25% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 7000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2015-ci il tarixli 001R**********S saylı və xx.xx.2016-cı il tarixli 001R**********SA saylı sazişlərlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh2 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq ödənişləri dəfələrlə yubatmış, kredit borcunu xx.xx.2016-cı il tarixdən etibarən banka ödəməmişdir. Cavabdeh2 götürdüyü kredit borcundan 2963,42 ABŞ dolları qaytarmış, 4036,58 ABŞ dolları məbləğində borcu qalmışdır. xx.xx.2017-ci il tarixinə onun 1162,79 ABŞ dolları faiz, 2063,82 ABŞ dolları cərimə borcu yaranmışdır.

10. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi iddia tələbini müdafiə edərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, cavabdehlər isə məhkəməyə gəlməmişlər.

11. Birinci instansiya məhkəməsinin 23 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin olunması, 001L**********82 nömrəli 23 yanvar 2015-ci il tarixli uzunmüddətli kredit müqaviləsi və həmin müqavilə üzrə 001R********** nömrəli 23 yanvar 2015-ci il tarixli kredit razılaşmasına əsasən əsas borc üzrə 4036 (dörd min otuz altı) ABŞ dolları 58 (əlli səkkiz) sent, faiz borcu üzrə 1162 (bir min yüz altmış iki) ABŞ dolları 79 (yetmiş doqquz) sent, cərimə üzrə 200 (iki yüz) ABŞ dolları, ümumilikdə isə 5399 (beş min üç yüz doxsan doqquz) ABŞ dolları 37 (otuz yeddi) sent məbləğində pul vəsaitinin (ödəniş günü ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manatla) Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı1 Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 25,65%-inin, yəni 7 (yeddi) manat 70 (yetmiş) qəpiyinin iddiaçıya aid edilməsi, qalan 74,35%-inin, yəni 22 (iyirmi iki) manat 30 (otuz) qəpik məbləğində pul vəsaitinin Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutulub İddiaçı1-yə ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.

12. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385.1-ci, 386-cı, 439.1-ci, 439.2ci, 442-ci, 445.1-ci, 445.2.1-ci, 462.1-ci, 467-ci, 470.1-ci, 472.1-ci, 472.3-cü, 739.1-ci, 739.2-ci maddələrinə istinadla belə əsaslandırmışdır ki, cavabdehlər kredit və zaminlik müqavilələrindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədikləri üçün bank qarşısında birgə məsuliyyətləri yaranmış.

13. Məhkəmə hesab etmişdir ki, bankın tələb etdiyi 2063,82 ABŞ dolları cərimə borcu ödənilməmiş əsas və faiz borcuna münasibətdə tənasübsüz surətdə yüksək olduğundan, 200 ABŞ dolları məbləğinədək azaldılmalıdır.

14. Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək onun ləğv edilməsini və işin həqiqi hallarına uyğun yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, məhkəmənin mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmadığı, borc məbləğini dəqiqləşdirmək üçün ekpertiza təyin etmədiyi, tələb olunan borcun şişirdildiyi arqumentləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinə qarşı etiraz

15. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya baxışı

16. İşə baxılmasının vaxtı (yeri) barədə lazımi qaydada məlumatlandırılmış Cavabdeh2, eləcə də digər cavabdeh və iddiaçı bankın nümayəndəsi məhkəməyə gəlməmiş, kollegiya işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

17. Apellyasiya baxışı zamanı müəyyən olunmuşdur ki, birinci instansiya məhkəməsinin qətnaməsi xx.xx.2018-ci il tarixdə icraya yönəldilmiş, icra sənədinin icraatına “İcra haqqında” Qanunun 20.1.5-ci maddəsinə əsasən xitam verilməsi barədə İddiaçı1-nin ərizəsi əsasında icra məmurunun xx.xx.2021-ci il tarixli qərarı ilə icraata xitam verilmişdir.

18. Müvafiq icra işinin materiallarından görünür ki, icra sənədi icraya yönəldildikdən sonra qətnamə qismən icra olunmuşdur və qətnamə üzrə qalıq borc məbləği 3082,76 ABŞ dolları təşkil edir. Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

19. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

20. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

21. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

22. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

23. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

24. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.

25. Maddə 445.5. Əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır.

26. Maddə 445.6. Borclu zərərin öhdəliyin vaxtında icrası zamanı da əmələ gələ biləcəyini sübuta yetirməzsə, təsadüfi hallar üçün də məsuliyyət daşıyır.

27. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.

28. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

29. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

30. Maddə 472. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

31. Maddə 500.1. Əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır.

32. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

36. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

37. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

38. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

39. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

40. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

41. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

42. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının apellyasiya şikayəti vermiş şəxsin mübahisələndirdiyi hissədə yoxlanılması təşkil edir. Cavabdeh1 şikayət vermədiyindən qətnamə ona aid hissədə yoxlanılmır. Kollegiya bu qənaətini onunla əsaslandırır ki, iddianın əsas borcluya və zaminə qarşı yönəlmiş hissələri bir-biri ilə bağlı olmaqla mübahisənin predmeti bölünməz xarakterli olsa da, apellyasiya şikayətinin məzmunundan iddianı qismən qəbul etdiyi aydın olan əsas borclunun şikayətinə əsasən qətnamənin bütünlüklə yoxlanılması və zaminin şikayəti olmadığı halda ona münasibətdə də qərar qəbul edilməsi qanunvericiliyin mənasına uyğun deyildir. Həmçinin qeyd olunmalıdır ki, Cavabdeh2 apellyasiya şikayətinin məzmunu qətnamənin bütünlüklə yoxlanılmasına əsas vermir; çünkü o, yalnız borcun məbləği ilə razılaşmadığını irəli sürmüşdür.

43. Həmçinin qeyd olunmalıdır ki, qətnamə iddiaçı bank tərəfindən mübahisələndirilməmişdir və buna görə də iddianın təmin olunmayan hissəsində qətnamə apellyasiya baxışının predmeti deyildir.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

44. Kollegiya аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, qətnamə yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

45. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.

46. Kollegiya hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi haqlı olaraq həmin münasibətlər çərçivəsində Cavabdeh2 hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir.

47. Tələb edilən borcun düzgün hesablanmadığı arqumenti ilə bağlı kollegiya qeyd edir ki, apellyator nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyasına bu arqumentlərinin yoxlanılmasına əsas verəcək heç bir sübut təqdim etməmişdir.

48. Beləliklə kollegiya hesab edir ki, apellyatorun apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir; birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

49. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-8444/2017 saylı iş üzrə 23 oktyabr 2017-ci il tarixli qətnaməsi yoxlanılan hissədə, yəni “001L**********82 nömrəli 23 yanvar 2015-ci il tarixli uzunmüddətli kredit müqaviləsi və həmin müqavilə üzrə 001R********** nömrəli 23 yanvar 2015-ci il tarixli kredit razılaşmasına əsasən əsas borc üzrə 4036 (dörd min otuz altı) ABŞ dolları 58 (əlli səkkiz) sent, faiz borcu üzrə 1162 (bir min yüz altmış iki) ABŞ dolları 79 (yetmiş doqquz) sent, cərimə üzrə 200 (iki yüz) ABŞ dolları, ümumilikdə isə 5399 (beş min üç yüz doxsan doqquz) ABŞ dolları 37 (otuz yeddi) sent məbləğində pul vəsaitinin (ödəniş günü ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manatla) Cavabdeh2 tutularaq İddiaçı1 Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, 22 (iyirmi iki) manat 30 (otuz) qəpik məbləğində pul vəsaitinin Cavabdeh2 tutulub İddiaçı1-yə ödənilməsi” hissəsində dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid edilsin. Qətnamədən Cavabdeh2 tərəfindən, qətnamə ona rəsmi təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar