Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5028/2023 27.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Ramazanov Samir Filim oğluna qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-5028/2023 (Açar sözlər: alimentin məbləğinin artırılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X4 və X2 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1053/2023 saylı 19 iyun 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 27 sentyabr 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Cavabdeh ilə xx.xx.2012-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahlarından xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X6 dünyaya gəlmişdir. Səbail Rayon Məhkəməsinin 2(009)-1978/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2022-ci il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşaq üçün 193 manat olmaqla cəmi 386 manat sabit pul məbləğində aliment tutulub İddiaçı ödənilməsi qət edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2012ci il təvəllüdlü X1 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay tutulan alimentin həcminin artırılaraq, hər ay hər uşağa görə 220 manat sabit məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Səbail Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli 2(009)-1978/2021 saylı qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik uaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşaq üçün 193 manat olmaqla cəmi 386 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Hesab edir ki, alimentin ödənilməsi ilə bağlı cavabdehdən uşaqların saxlanılması üçün tutulan aliment məbləği artırılmalıdır. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə adambaşına uşaqlar üçün 220 manat məbləğində təsdiq edilmişdir. Hesab edir ki, yaşayış minimumu uşaqlar üçün 2023-cü il üzrə 220 manat məbləğində müəyyən edildiyindən, cavabdehdən uşağın saxlanılması üçün tutulan alimentin məbləği artırılmalı və tutulmalı olan aliment məbləği 220 manat məbləğində müəyyən edilməlidir.
4. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 19 iyun 2023-cü il tarixli 2(009)- 1053/2023 saylı qətnaməsi ilə (hakim Mədinə Bağırova) iddianın təmin edilməsi, Səbail Rayon Məhkəməsinin 2 (009)-1978/2022 saylı 30 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, Cavabdeh 24 yanvar 2012-ci il təvəllüdlü X1 və 30 oktyabr 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay, hər uşaq üçün 220 manat məbləğində aliment tutularaq İddiaçı ödənilməsi, alimentin yeni qaydada tutulması hazırki qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanması qət edilmişdir.
5. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsi, Ailə Məcəlləsinin 78.1, 112.1-ci, «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Qanununa istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
6. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Apellyasiya şikayətində göstərilmişdir ki, uşaqları saxlamaq bir valideyn kimi hər ikisinin vəzifəsidir. Lakin məhkəmə bu vəzifəni yalnız ona həvalə edərək ondan iki uşağa görə cəmi 440 manat məbləğində alimentin tutulmasını qət etmişdir. O, heç bir yerdə rəsmi qaydada işləmir, özü 3-cü qrup əlildir. Cəmi 150 manat pensiya alır. Aldığı pensiyadan başqa heç bir gəliri yoxdur. İddiaçı özü də işləyir və maddi vəziyəti ondan daha da yaxşıdır. Onun özünün yaşamağı və ailəsi üçün pul lazımdır. İddiaçı onun hər hansı gəlirə malik olduğuna dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə onun maddi vəziyyətini nəzərə almamışdır. Əvvəlki qətnamə ilə müəyyən edilmiş 386 manatı valideyinlərinin köməkliyi ilə birtəhər tam şəkildə ödəyirdi. Hazırda isə heç bir əsas olmadan alimentin miqdarı qaldırılmışdır. Buna görə də məhkmənin təyin etdiyi 440 manat pulu heç cür ödəyə bilmir. Məhkəmə alimentin miqdarını artırarkən yalnız yaşayış minumumunun artmasına istinaq etmişdir. Lakin keçən bir il ərizndə onun maddi vəziyyətinin dəyişməsinin nədən ibarət olduğunu araşdırmamışdır. Eləcə də məhkəmə iclsında iştirakı təmin edilməmiş, məhkəmənin keçirilməsindən xəbəri olmamış, yalnız qəbul edilmiş qətnamənin surəti ona göndərilmişdir. Əgər məhkəmədə iştirakı təmin edilsəydi O, qeyd etdiyi halları məhkəməyə bildirərdi və 3 qrup əlil olmağı barədə sənədini təqdim edərdi.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. Eyni zamanda bildirmişdir ki, hazırda taksi sürücüsü kimi fəaliyyət göstərir və ortalama 500-600 manat qazancı olur.
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyası
11. Maddə 17.2 Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsi
12. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
13. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2023-cü il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 220 manat təşkil edir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
14. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
15. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
16. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
17. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
20. Cavabdeh tərəfindən tam mübahisələndirilərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.
22. Kollegiya qeyd edir ki, əvvəla uşağın yetkinlik yaşına çatanadək saxlanmasında iştirak etməyə borclu olan valideynin maddi vəziyyətinin aşağı olması onu aliment ödəmək vəzifəsindən azad edə bilməz. Aliment ödəməli olan valideynin maddi vəziyyəti daha az alimentin tutulmasına o zaman əsas verə bilər ki, tutulacaq alimentin miqdarı uşağın minimal təminat səviyyəsinin saxlanmasına imkan versin.
23. Həmçinin nəzərə alınmalıdır ki, tərəflərdən birinin üzərinə uşaqlar üçün yaşayış minimumu həddində aliment öhdəliyinin qoyulması həmin tərəfin uşağın əvvəlki təminat səviyyəsini tam təmin etməsi və yaxud digər tərəfin uşağın saxlanması üçün tələb olunan bütün xərclərdən azad edilməsi anlamına gəlmir. Çünki qanunla müəyyən edilmiş məbləğ uşağın yaşaması üçün minimum tələbatları ehtiva etməklə, onun ləyaqətli şəraitdə yaşaması və böyüməsi üçün digər xərclərin tələb olunmasını istisna etmir. Baxılan iş üzrə uşaq iddiaçının himayəsində olduğundan onun saxlanması üçün tələb olunan bütün digər zəruri xərclər də iddiaçının üzərinə düşür.
24. Kollegiya apellyasiya şikayətinin cavabdehin heç bir yerdə rəsmi işləməməklə təyin edilmiş aliment məbləğini ödəyə bilməməsi arqumentinə münasibət bildirərək qeyd edir ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
25. Kollegiya ailə qanunvericiliyinin normalarını və mülki işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu, tərəflərin maddi və ailə vəziyyətini, azyaşlı uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması şərtini və diqqətəlayiq olan digər halları nəzərə alaraq uşaqların saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin ümumi miqdarını artırmışdır.
26. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur.
27. Kollegiya apellyatorun məhkəmə iclasında iştirakının təmin olunmamasına dair dəlilinə qiymət verərək qeyd edir ki, iş materiallarından görünüdüyü kimi, birinci instansiya məhkəməsində icraat zamanı bütün proses iştirakçılarının məhkəmə iclasında iştirakı təmin edilməsi istiqamətində addımlar atılmışdır. Belə ki, iddiaçıya həm rəsmi bildiriş göndərilmiş həmdə istifadəsində olduğu mobil nömrəyə sms bildirişi göndərilmişdir. Buna görə də kollegiya bu dəlili əsassız hesab edir.
28. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
29. Kollegiya hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilməlidir.
30. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1053/2023 saylı iş üzrə 19 iyun 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova