Məhkəmə qərarları › İş №2(103)-5031/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5031/2023

19.10.2023 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5031/2023 19.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı QSC-nin Cavabdeh qarşı ilkin, Cavabdeh İddiaçı QSC-nə qarşı qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə (Açar söz: apellyasiya şikayətindən imtina) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X2 ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakı ilə İddiaçı QSC-nin Cavabdeh qarşı “qeyri-yaşayış sahəsinə mülkiyyət, istifadə və digər hüquqlara xitam verilməsi, qeyri-yaşayış sahəsinin boşaldılması və sökülməsi, digər əmlakın əvəz kimi verilməsi, kirayə haqqının ödənilməsi” barədə ilkin, Cavabdeh İddiaçı QSC-nə qarşı “hasarların sökülməsi, dəymiş ziyanın və kirayə haqqının əvəzinin ödənilməsi” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 may 2023-cü il tarixli qətnaməsindən Cavabdeh nümayəndəsi tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: İşin halları

1. Bakı şəhər İcra Hakimiyyətinin “Yeni yaşayış binalarının tikintisi üçün torpaq sahəsinin icarə əsasında İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsinə verilməsi haqqında” 55 nömrəli 11 mart 2020-ci il tarixli sərəncamına əsasən, “Ailə Park" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2019-cu il tarixli 018 saylı müraciəti, Nərimanov Rayon İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli 1/1418 saylı, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyinin xx.xx.2020-ci il tarixli **********94 saylı, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2020-cı il tarixli 02/07-635 saylı razılıq məktubları və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə X4 Agentliyinin “Azərinşaatlayihə” Dövlət Baş Layihə Konstruktor və Texnoloji institutunun xx.xx.2020-cı il tarixli rəyi nəzərə alınaraq qərara alınmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən, yaşayış üçün yararsız vəziyyətdə olan, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin yerləşdiyi 2,7520 ha torpaq sahəsi həmin tikililərin istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun, qarşılıqlı razılıq əsasında İddiaçı MMC tərəfindən tənzimlənməsi şərti ilə müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin inşası üçün icarə əsasında İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsinə verilsin.

2. Bakı şəhər İcra Hakimiyyətinin sözügedən sərəncamına və Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2020-ci il tarixli yerquruluşu planına əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən 2,7520 ha torpaq sahəsinin 49 il müddətinə QSC-nin istifadəsinə verilməsi haqqında Bakı şəhər İcra Hakimiyyəti ilə İddiaçı MMC-nin arasında 1572 №-li 18 mart 2020-ci il tarixli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilə bağlanmışdır.

3. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X4 Agentliyinin “Azerinşaatlayihə” Dövlət Baş Layihə Konstruktor və Texnoloji institutunun Texniki şöbəsi tərəfindən tərtib olunmuş 03 mart 2020-ci il tarixli mütəxəssis rəyində göstərilmişdir ki, “Həsənoğlu küçəsi, bina 83a, beşmərtəbəli yaşayış binası təqribən 1960cı illərdə, kürsülü, birgirişli inşa olunmuşdur. Mənzillərə giriş eyvanlardan nəzərdə tutulmuşdur. Bina planda qismən düzbucaqlı şəklində olub, orta hissənin ölçüləri 32.80 x 5.90 metr, qanad hissələrinin isə 8.40 x 4.80 metrdir. Mərtəbələrdə otaqların daxili hündürlükləri 2,70 metr, kürsünün hündürlüyü 0,40 metrdir. Xarici və daxili yükdaşıyan divarların qalınlığı 0.40 metr, arakəsmə divarların qalınlığı isə 0.20 metr olmaqla, mişarlanmış əhəngdaşından inşa edilmişdir. Binanın mərtebəarası və dam örtüyü çoxboşluqlu yığma dəmir-beton panellərdən quraşdırılmışdır. Pilləkən marş və meydançaları, eləcə də eyvan konstruksiyaları yığma dəmir-beton elementlərdən inşa edilmişdir. Damı yastı tipli olub, ruberoid materialı İlə örtülmüşdür. Bina uzun müddət təmirsiz istismar edildiyindən köhnəlmiş və fiziki aşınmalara məruz qalmışdır. Xarici və daxili yükdaşıyan divarların bəzi yerlərində suvaq qatı, pilləkən marş və meydançalarında armaturların beton mühafizə qatları aşınaraq yararsız hala düşmüşdür. Eyvan tavalarının əksəriyyətinin alt hissələrində armaturların mühafizə qatları tökülmüş və armaturlar ciddi korroziyaya uğramışdır. Binanın sağ yan hissəsində eyvanlarının sahələrinin artırılması yükdaşıyan konstruksiyaların əlavə yüklənmələrinə səbəb olmuşdur. Binada norma və qaydalara riayət edilmədən xaotik quraşdırılmış elektirik xətləri sakinlərin həyatı üçün təhlükə yaradır. Dam yastı tipli olub, örtük panelinin üzərində ruberoiddən ibarət yumşaq örtük uzun müddət təmir edilmədiyindən yararsız vəziyyətə düşmüşdür. Dam örtüyündə atmosfer sularını istiqamətləndirən suötürücü xətlərin nasaz vəziyyətdə olmasından və bəzi yerlərdə divarların nəmlənməsi, suvaq qatının qopmaları, tökülmələri hallarına rast gəlinir. Damda nizamsız şəkildə yerləşdirilmiş su çənləri örtükdə əlavə yük yaradır. Havalandırma şaxtalarının kərpiclərinin tökülməsi hallarına rast gəlinir. Binanın texniki vəziyyəti yolverilməzdir”.

4. Bakı şəhəri, Nərimanov rayonu, M.Cümə küçəsi, 11B saylı binanın həyətində yerləşən, sahəsi 25,42 m2 olan qeyri-yaşayış binası (qaraj) Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır.

5. Cavabdeh mülkiyyətində olan həmin qeyri-yaşayış binası (qaraj) avtoyuma məntəqəsi kimi fəaliyyət göstərir.

6. Cavabdeh hesabına e-Manat ödəniş sistemi vasitəsilə xx.xx.2022-ci il tarixdə 150 manat, xx.xx.2022-ci il tarixdə 750 manat köçürülmüşdür.

7. İddiaçı QSC İddiaçı MMC-nin hüquqi varisidir və xx.xx.2023-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı:

8. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (QSC) Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, Fövqəladə Hallar Nazirliyinin Tikintidə X4 Agentliyinin mütəxəssisləri tərəfindən tərtib edilmiş 03 mart 2020-ci il tarixli rəy nəzərə alınmaqla Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 11 mart 2020-ci il tarixli 55 saylı sərəncamı əsasında QSC-yə ayrılmış torpaq sahəsində - Bakı şəhəri, Nərimanov rayonu, M.Cümə küçəsi 11B saylı binanın həyətində yerləşən qeyri-yaşayış binasına (qaraja) Cavabdeh mülkiyyət, istifadə və digər hüquqlarına xitam verilməsi, qarajın boşaldılması və sökülməsi, QSC tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən yeni tikilinin 7-ci blokunun, mənfi 1 qatında, iki qaraj sahəsinin - hər biri 18 kv.m., toplam 36 kv.m. - Cavabdeh verilməsi, habelə yeni qarajlar tikilənədək 250 (iki yüz əlli) manat məbləğində kirayə haqqının ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. QSC iddia tələblərini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən 8 ədəd 5 mərtəbəli 12, 12A, 14, 14A, 16, 16A, 83A və 85A saylı binaların texniki vəziyyətinin yolverilməz və həmin binaların kəskin qəzalı olması barədə Fövqəladə Hallar Nazirliyinin Tikintidə X4 Agentliyinin 03 mart 2020-ci il tarixli rəyi nəzərə alınaraq Bakı şəhər İcra Hakimiyyəti Başçısının 11 mart 2020-ci il tarixli 55 №-li sərəncamı əsasında yaşayış üçün yararsız vəziyyətdə olan, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən həmin köhnə tipli tikililərin sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin inşası üçün 2,7520 ha torpaq sahəsinin icarə əsasında QSC-nin istifadəsinə verilməsi qərara alınmışdır. Bakı şəhər İcra Hakimiyyətinin sözügedən sərəncamına və Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2020-ci il tarixli yerquruluşu planına əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən 2,7520 ha torpaq sahəsinin 49 il müddətinə QSC-nin istifadəsinə verilməsi haqqında Bakı şəhər İcra Hakimiyyəti ilə QSC-nin arasında 1572 №-li 18 mart 2020-ci il tarixli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilə bağlanmışdır. Hazırda Bakı şəhəri, Nərimanov rayonu, M.Cumə küçəsinin bir tərəfi yuxarıda qeyd olunan sökünti ərazisinə daxil olduğundan, Cavabdeh məxsus Bakı şəhəri, Nərimanov rayonu, M.Cümə küçəsi 11B saylı binanın həyətində yerləşən qeyri-yaşayış binası - qarajın ərazisi söküntüyə gedir. Bununla əlaqədar Cavabdeh Bakı şəhəri, Həsənoğlu küçəsində yerləşən yeni tikilinin 7-ci blokunun mənfi 1 qatında, iki qaraj sahəsi - hər biri 18 kv.m. - toplam 36 kv.m. qaraj tikilib təhvil verilməsi və yeni qarajlar tikilənədək Cavabdeh aylıq 250 (iki yüz əlli) manat kirayə haqqı verilməsi təklif olunur. Həsənoğlu küçəsində yerləşən və kəskin qəzalı vəziyyətdə olan binalarda yaşayan mülkiyyətçilərlə qarşılıqlı razılıq əsasında onların mənzillərinin sökülməsi və yeni mənzillə təmin edilmələrinə dair müqavilələr bağlanmışdır və binaların təhlükəli vəziyyətdə olması nəzərə alınaraq bu proses təxirə salınmadan davam etməkdədir. Həmçinin sözügedən ərazidə aparılacaq tikinti işləri ilə bağlı Cavabdeh ilə danışıqlar aparılmağa çalışılmışdır, lakin o, QSC qarşısında əsassız tələblər irəli sürdüyündən nəticədə onunla razılıq əldə olunması mümkün olmamışdır. QSC Bakı şəhər İcra Hakimiyyəti Başçısının 11 mart 2020-ci il tarixli 55 №-li sərəncamından irəli gələn vəzifələrini vicdanla həyata keçirir, bütün sakinlərə bərabər şərtlərlə sərfəli təkliflər irəli sürür, mənzilləri sökülmüş sakinlərin hüquqlarına hər zaman hörmətlə yanaşır, bərabərlik prinsipinin və sakinlərin bərabər mənafelərinin pozulmaması üçün səy göstərir. Cavabdeh Bakı şəhəri, Həsənoğlu küçəsində yerləşən yeni tikilinin 7-ci blokunun mənfi 1 qatında, iki qaraj sahəsi - hər biri 18 kv.m. - toplam 36 kv.m qaraj tikilib təhvil verilməsi və yeni qarajlar tikilənədək ona aylıq 250 (ikik yüz əlli) manat kirayə haqqı verilməsi təklif olunur. Cavabdeh ilə digər sakinlərdən fərqli olaraq daha artıq sahənin verilməsi və onunla daha güzəştli şərtlərlə müqavilə bağlanması ədalətsizdir və əsassız varlanmaya səbəb olur. Həmçinin nəzərə alınmalıdır ki, qəzalı vəziyyətdə olan vətəndaşların yaşadığı evlərin sökülməsi və yerində hündür mərtəbəli yaşayış binalarının inşa olunması sahəsində Bakı şəhər İcra Hakimiyyəti Başçısının müvafiq sərəncamı ilk növbədə orada yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmişdir. Binada yaşayan digər sakinlərlə razılaşmalar əldə edildiyi halda, Cavabdeh əsassız tələblər irəli sürərək bu tədbirin həyata keçirilməsinə mane olması digər sakinlərin də hüquqlarını pozur. Cavabdeh tələbi əsassızdır və hüquqdan sui-istifadədir, onun əsassız tələbləri qəzalı vəziyyətdə olan binanın söküntüsünün vaxtında həyata keirilməsini qeyri-mümkün edir və təklif edilən bərabər şərtlərlə razılaşaraq mənzillərini təhvil vermiş sakinlərin hüquqlarını və qanuni mənafelərini də pozur. Hüquqdan sui-istifadə qanunla qadağan edilmişdir, lakin Cavabdeh özünün mülkiyyət hüququndan sui-istifadə edərək digər sakinlərə nisbətən qanunsuz üstünlüklər əldə etməyə çalışır və əsassız varlanmaq niyyətindədir. QSC Bakı şəhər İcra Hakimiyyəti Başısının sərəncamına və İcarə Müqaviləsinə əsasən sözügedən binanın sökülməsi və yerində şəhərin gözəl görünüşünə uyğun gələn müasir tipli binaların tikilməsi səlahiyyətinə malik olduğundan hazırki tələbləri irəli sürmək üçün subyektiv hüquqa malik olan şəxsdir. Sərəncamın icrası ilə əlaqədar olaraq tərəfimizdən həmin ünvanlarda yaşayan sakinlərlə danışıqlar aparılmış, böyük əksəriyyəti ilə razılıq əldə olunmuş, notarial qaydada təsdiq olunmuş əvəzləşmə müqavilələri bağlanmışdır. Lakin Cavabdeh tərəfindən ona edilən ədalətli təkliflərə baxmayaraq qeyri-real və icrası mümkün olmayan tələblər irəli sürür. Nəticə etibarilə həmin ərazidə köçürülən digər şəxslərin də hüquqları pozulmaqda davam edir. Belə ki, Cavabdeh əsassız tələbləri digər şəxslərlə bağlanan əvəzləşmə müqavilələri üzrə öhdəliklərin vaxtında yerinə yetirilməsinə böyük maneçiliklər törədir. Bundan başqa mənzillərindən köçürülmüş sakinlərə müvəqqəti yaşayış sahəsi ilə təmin olunması üçün nəzərdə tutulmuş müddətdən artıq mütamadi olaraq kompensasiya ödənilməsi QSC-nə külli miqdarda maddi zərər vurur.

10. Cavabdeh isə QSC-nə qarşı qarşılıqlı iddia ərizəsi təqdim edərək, Bakı şəhəri, Nərimanov rayonu, M.Cümə küçəsi 11B saylı binanın həyətində yerləşən, ümumi sahəsi 25,42 m2 olan qeyri-yaşayış sahəsinin ətrafına çəkilən və istifadəsinə maneə yaradan hasarların sökülməsi, dəymiş maddi ziyanın əvəzi olaraq 3000 manatın, evni zamanda qətnamə icra olunan günədək hər ay 750 manat məbləğində pulun və 110 manat (iddia ərizəsi və müvəqqəti təminat tədbiri üçün ödənilmiş) məbləğində dövlət rüsumunun QSC-dən tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Cavabdeh qarşılıqlı iddia tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, M.Cümə küçəsi 11B saylı binanın həyətində yerləşən, ümumi sahəsi 25,42 m2 olan qeyri-yaşayış sahəsi onun mülkiyyətindədir. Həmin qeyri-yaşayış sahəsi təxminən 17 ildir ki, yaxın tanışı X5 tərəfindən avtoyuma kimi istifadə edilir, ünvanda yaşayan hər kəs onu tanıyır, obyektin avtoyuma kimi istifadə edildiyindən məlumatlıdır. Qeyri-yaşayış sahəsini aylıq 750 manat müqabilində istifadəyə verərək maddi ehtiyaclarını qarşılayır. Hazırda qarşılıqlı iddia üzrə cavadeh tərəfindən mülkiyyətindəki ümumi sahəsi 25,42 m2 olan, avtoyuma kimi istifadə edilən qeyri-yaşayış sahəsinin ətrafı tamamilə hasarlanmış və onun istifadəsinə qanunsuz olaraq maneə yaradılmışdır. Bunu, yəni qeyriyaşayış sahəsinin ətrafının hasarlanaraq girişinə maneə yaradıldığını təsdiqləyən fotoşəkillər iddia ərizəsinə əlavə edilmişdir. Belə ki, QSC-nin qanunsuz hərəkətləri nəticəsində o qeyri-yaşayış sahəsindən istifadə edə bilmir. Qeyri-yaşayış sahəsinin ətrafında çəkilmiş hasarlar onun istifadə hüququnu qanunsuz olaraq məhdudlaşdırır. Hazırda QSC ona yeni tikilinin 7-ci blokunun mənfi 1-ci qatında, ümumi sahəsi 36 m2 olan iki qaraj (hər biri 18 m2) vermək və aylıq 250 manat məbləğində kirayə haqqı ödəmək istəyir. O, Bakı şəhəri, Nərimanov rayonu, M.Cümə küçəsi, 11 B saylı binanın həyətində yerləşən, ümumi sahəsi 25,42 m2 olan qeyri-yaşayış sahəsini ayda 750 manat müqabilində istifadəyə verərək müəyyən məbləğdə qazanc əldə edir. Həmin qeyri-yaşayış sahəsi həyətdə yerləşdiyi üçün avtoyuma kimi istifadə olunur. Məhz bunun nəticəsində o aylıq 750 manat məbləğində qazanc əldə edə bilir. QSC-nin təklifinə uyğun olaraq binanın mənfi birinci mərtəbəsindən ümumi sahəsi 36 m2 olan 2 qaraj verilməsi onun maraqlarına ziddir. Çünki belə olan halda həmin qarajların qeyri-yaşayış sahəsi kimi başqa şəxslərə istifadəyə verilməsi mümkünsüz olacaqdır.Həyat yoldaşı rəhmətə getdiyi üçün üç azyaşlı övladı onun himayəsindədir. İşləyə bilmədiyi üçün maddi ehtiyaclarını mübahisəli qeyriyaşayış sahəsindən əldə etdiyi aylıq qazancla qarşılayır. Buna görə də, QSC-nin qanunsuz hərəkətləri ona həm maddi, həm də mənəvi ziyan vurur. Artıq 4 aydır ki, qeyriyaşayış sahəsindən ətrafı qanunsuz olaraq hasarlandığı üçün istifadə edə bilmir. QSC heç bir qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olmadan ona məxsus qeyri-yaşayış sahəsinin ətrafını hasarlamış, ora giriş-çıxışa, avtoyuma kimi istifadə edilməsinə maneə yaratmışdır.

12. Sonradan QSC iddia tələbini dəqiqləşdirmiş, Bakı şəhəri, Nərimanov rayonu, M.Cümə küçəsi 11B saylı binanın həyətində yerləşən qeyri-yaşayış binasına (qaraja) Cavabdeh mülkiyyət, istifadə və digər hüquqlarına xitam verilməsi, qarajın boşaldılması və sökülməsi, QSC tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən yeni tikilinin 7-ci blokunun, mənfi 1 qatında, iki qaraj sahəsinin - hər biri 18 kv.m., toplam 36 kv.m. - Cavabdeh verilməsi, habelə yeni qarajlar tikilənədək 400 (dörd yüz) manat məbləğində kirayə haqqının ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. QSC-nin nümayəndəsi tərəfindən QSC-nin sifarişi əsasında "xxxx" MMC-nin hazırladığı 30 mart 2023-cü il tarixli rəy məhkəməyə təqdim olunmuş, həmin rəydə aşağıdakılar göstərilmişdir: “Nərimanov rayonu ərazisində yerləşən, Mişar daşından tikilmiş, mülkiyyət hüququnu təsdiq edən sənədləri olan qarajların yerləşmə mövqeyindən asılı olaraq aylıq icarə haqqı 300.0 - 400,0 manat, satış qiyməti 1 kv.m hesabı ilə 900.0 - 1100,0 manat civannda təklif olunur. Bakı şəhəri, Nərimanov rayonu, X9 küçəsi, 11 B saylı binanın həyətində, Həsənoğlu küçəsi 83A binasının arxasında, ərazinin ümumi qazanxanasının yanında yerləşən, Cavabdeh Taryel qızının istifadəsində olan, mişar daşından tikilmiş, mülkiyyət hüququ olmayan avtomaşın yuma kimi istifadə olunmuş, ümumi sahəsi 25.42 kv.m olan qarajın faktiki istifadə təyinatı nəzərə alınmaqla avtoyuma kimi aylıq icarə haqqının 300.0-350.0 manat, satış qiymətinin 1 kv.m-nin 1200.0 manat qəbul olunmaqla bazara uyğun qiymətinin ümumilikdə 30 500.0 manat civarında olduğu müəyyən edilir”.

14. Birinci instansiya məhkəməsinin 18 may 2023-cü il tarixli qətnaməsi ilə ilkin iddia tələbinin qismən təmin olunması, Cavabdeh tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, M.Cümə küçəsi, 11B saylı binanın həyətində yerləşən qeyri-yaşayış sahəsinin qarajın boşaldılması və İddiaçı MTK-ya təhvil verilməsi, həmin qeyri-yaşayış sahəsinin – qarajın İddiaçı MTK tərəfindən sökülməsi, İddiaçı MTK tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, M.Cümə küçəsi, 11B saylı binanın həyətində yerləşən qeyri-yaşayış sahəsinin qarajının əvəzinə Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən yeni tikilinin 7-ci blokunun mənfi 1 qatında, iki qaraj sahəsi - hər biri 18 kv.m. - toplam 36 kv.m. qarajın Cavabdeh təhvil verilməsi, qeyri-yaşayış sahəsi İddiaçı MTK-ya təhvil verildiyi gündən başlayaraq yeni qeyri-yaşayış sahəsi ilə təmin olunan günədək İddiaçı MTK tərəfindən Cavabdeh hər ay 400 (dörd yüz) manat məbləğində kirayə haqqının ödənilməsi, Cavabdeh İddiaçı QSC-yə qarşı “hasarların sökülməsi, dəymiş ziyanın və aylıq pulun ödənilməsi” tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi, məhkəmə xərclərinin tərəflərin özlərinə aid edilməsi qət olunmuşdur.

15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, 29-cu, Mənzil Məcəlləsinin 1.1-ci, 3.1-ci, 10.0.10-cu, 10.0.11-ci və 10.0.12-ci maddələrinə, Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə, Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2021-ci il tarixli qərarına, “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanına, habelə Avropa Məhkəməsinin bir sıra qərarlarına istinadla aşağıda göstərildiyi kimi əsaslandırmışdır:

15.1. Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən 8 ədəd 5 mərtəbəli 12, 12A, 14, 14A, 16, 16A, 83A və 85A saylı binaların istismara yararsız və qəzalı vəziyyətdə olması işin mübahisəsiz hallarıdır. Belə ki, mübahisəli binanın yerləşdiyi məhəllədə istismar müddəti bitmiş yaşayış və qeyriyaşayış tikililərinin sökülərək yerində yaşayış binasının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi səlahiyyətli dövlət orqanı tərəfindən MMC-nin istifadəsinə verilmiş, ərazidə yerləşən tikililərin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsi məsələlərinin qarşılıqlı razılaşma əsasında və müvafiq qanunvericiliyə əsasən həll edilməsi ilk iddia üzrə MMC-yə həvalə olunmuşdur. 15.2. Məhkəmə hazırki vəziyyətdə cavabdehin mülkiyyət hüquqlarının pozulubpozulmamasına qiymət verilməsini zəruri hesab edir. 15.3. Əmlakın sökülməsi müqabilində təqdim edilən əvəz mülkiyyətçini əvvəlki vəziyyəti ilə müqayisədə əliverişsiz vəziyyətə salmamalı, mülkiyyət hüquqlarının təmin edilməsinə mane olmamalıdır. 15.4. Məhkəmə hesab edir ki, yeni tikiləcək yaşayış binasında yaşayış sahəsi kimi dövlət qeydiyyatına alınmış əmlaka mütənasib olaraq Cavabdeh tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, M.Cümə küçəsi, 11B saylı binanın həyətində yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti keçmiş Cavabdeh məxsus olan qeyriyaşayış binası - qarajin boşaldılaraq "Ailə Park” MTK-ya təhvil verilməsi və həmin qarajın "Ailə Park” MTK tərəfindən sökülməsini, "Ailə Park” MTK tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, M.Cümə küçəsi, 11B saylı binanın həyətində yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti keçmiş qeyri-yaşayış binası - qarajin əvəzinə yeni tikiləcək binada-Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən yeni tikilinin 7 blokunun, mənfi 1 qatında, iki qaraj sahəsi - hər biri 18 kv.m. - toplam 36 kv.m. qarajı Cavabdeh təhvil verilməsini, bir sözlə əmlakın yerləşdiyi yerə və ölçüsündən daha artıq əmlakın verilməsini nəzərdə tutur. 15.5. Mübahisəli ünvanda istismar müddəti bitmiş yaşayış binalarının (yaşayış və qeyri-yaşayış tikililərinin) sökülərək yerində yaşayış binasının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi səlahiyyətli dövlət orqanı tərəfindən MMC-nin istifadəsinə verilmiş, ərazidə yerləşən tikililərin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsi məsələlərinin qarşılıqlı razılaşma əsasında və müvafiq qanunvericiliyə əsasən həll edilməsi MMC-yə həvalə olunmuşdur. Mübahisəli qeyri-yaşayış sahəsinin yerləşdiyi məhəllədə istismar müddəti bitmiş, insanların həyat və sağlamlığı üçün təhlükə kəsb edən yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək yerində yeni müasir tələblərə cavab verən yaşayış binasının tikilməsində ictimai marağın olması da işin mübahisəsiz halıdır. İş üzrə müəyyən olunmuşdur ki, MMC həmin binaların sakinlərinin əksəriyyəti ilə onların köçürülməsi, sökülmüş tikililərin mülkiyyətçilərinə tikiləcək yeni binada mənzillə təmin edilmələri barədə razılığa gəlsə də, yalnız hazırki ilk iddia üzrə cavabdehlə razılıq əldə edə bilməmiş, hazırkı mübahisə də məhz bu səbəbdən yaranmışdır. 15.6. Məhkəmə hesab edir ki, hazırki mübahisə baxımından iddiaçının hazırkı tələblərlə çıxış etməsi mülkiyyət hüquqlarına müdaxilə hesab edilə bilməz. Məhkəmə xüsusi qeyd edir ki, iddiaçı "Ailə Park” MTK tərəfindən cavabdehin mülkiyyət hüququ tanınır, qorunur, onlar tərəfindən cavabdehin mülkiyyət hüququnun pozuntusu hallarına yol verilməmişdir, Cavabdeh mülkiyyətində olan əmlakın əvəzində ədalətli təklif edilir. Bununla belə məhkəmə hesab edir ki, qaraja mülkiyyət hüququna xitam verilməsi hissəsində iddia tələbi əsassızdır, belə ki, iddiaçı tərəfindən cavabdeh yeni tikilən binada qarajla təmin edildikdən və onun adına müvafiq qaydada rəsmiləşdirilmə edildikdən sonra, hazırki qaraja olan mülkiyyət hüququna xitam verilə bilər. Eyni zamanada qeyd olunur ki, Bakı Şəhər Nərimanov Rayon İcra Hakimiyyətinin məlum sərəmcamı Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 10-cu maddəsi ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi nöqteyi-nəzərindən icra olunmalıdır. 15.7. Bakı şəhəri, Nərimanov rayonu, M.Cümə küçəsi, 11B saylı binanın həyətində yerləşən qeyri-yaşayış binası-qaraj sərəncama əsasən "Ailə Park” QSC-yə ayrılmış torpaq sahəsində yerləşir. Belə olan halda qarşılıqlı iddia tələbi Bakı şəhəri, Nərimanov rayonu, M.Cümə küçəsi, 11B saylı binanın həyətində yerləşən, ümumi sahəsi 25,42 m2 olan qeyriyaşayış sahəsinin ətrafına çəkilən və istifadəsinə maneə yaradan hasarların sökülməsi hissəsində təmin oluna bilməz. Həmin hissədə ilkin iddia tələbinə qiymət verilərkən məhkəmə tərəfindən müvafiq araşdırma aparılmış və hüquqi mövqe bildirilmişdir. 15.8. Qarşılıqlı iddia tələbinin maddi ziyanın əvəzi olaraq 3000 manat ödənilməsi hissəsində iddia tələbi sübuta yetirilmədiyindən, həmin hissədə iddia tələbi təmin edilməməlidir. İddiaçı 3000 manat maddi ziyana məruz qaldığı, habelə aylıq 750 manat gəlir əldə etdiyini qeyd etsə də bu dəlillər açıq-aşkar əsassız olmuşdur. 15.9. Məhkəmə vurğulayır ki, iddia tələbinin göstərilən hissəsinə məhz sübutlar, sübutetmə, sübutların qiymətləndirilməsi ilə bağlı mülki prosessual qanunvericiliyin müəyyən etdiyi prinsip və göstərişlərinə uyğun olaraq qiymət verilməlidir. Qeyd edilən tələbə əməl edilməməsi ədalətsiz qətnamə qəbul edilməsi ilə nəticələnə bilər. Oxşar mövqe Konstitusiya Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. 15.10.Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı Cavabdeh "Ailə Park” QSC-yə qarşı "hasarların sökülməsi, dəymiş ziyanın və aylıq pulun ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası əsassız olduğundan və məhkəmə araşdırması zamanı sübuta yetirilmədiyindən təmin edilməməlidir.

16. Qətnamədən Cavabdeh nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun ləğv edilməsini, ilkin iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin işin hallarına düzgün qiymət vermədiyini, maddi hüquq normalarını səhv təfsir və tətbiq etdiyini, təqdim etdiyi sübutları tədqiq etməkdən imtina etdiyini, mübahisəsi gedən qeyri-yaşayış sahəsinin (qarajın) qəzalı hesab olunan binaya heç bir aidiyyatının olmadığını, QSC-nin məhkəmə qərarı olmadan Cavabdeh mülkiyyət hüququna müdaxilə etdiyini, QSC ilə razılığa gələn digər mülkiyyətçilərdən fərqli olaraq Cavabdeh qeyri-yaşayış sahəsinin mülkiyyətçisi olduğunu və ona təklif edilən qarajların hazırda mülkiyyətində olan əmlakla eyni yerdə yerləşmədiyini nəzərə almadığını, qanunsuz və əsassız qərar çıxardığını irəli sürmüşdür.

Apellyasiya şikayətinə etiraz

17. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya baxışı, verilən izahatlar

18. Apellyasiya baxışı zamanı keçirilən əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək izahatlarında göstərmişdir ki, qarşılıqlı iddia üzrə cavabdeh onun sadəcə əsassız təkliflər irəli sürdüyünü bildirmiş, lakin bunun nədən ibarət olmasını qeyd etməmişdir. Ümumiyyətlə cavabdehin, qeyri-yaşayış sahəsinin avtoyuma kimi istifadə edildiyini bildiyi halda ona binanın mənfi 1-ci mərtəbəsində iki qaraj sahəsinin təklif etməsi onun maraqlarına ziddir. Həmçinin qətnamədə onun digər bina sakinlərindən daha yüksək təkliflər irəli sürdüyü qeyd olunmuşdur. Lakin işin faktiki hallarından da göründüyü kimi o, digər bina sakinlərindən fərqli olaraq mənzil yox, qeyriyaşayış sahəsinin mülkiyyətçisidir. Hansı ki, həmin qeyri-yaşayış sahəsi avtoyuma kimi istifadə edilir. O, sadəcə maddi vəziyyətinə mənfi təsir edəcək təklifin qəbulundan imtina edir. Cavabdehin iddiasını qismən təmin edən məhkəmə qətnaməsi onun hüquqlarının əlverişsiz şəkildə məhdudlaşdırılmasına səbəb olur. Məhkəmə qətnaməsində qeyd edilmişdir ki, “məhkəmə, həmçinin, qeyd edir ki, əmlakın sökülməsi müqabilində təqdim edilən əvəz mülkiyyətçini əvvəlki vəziyyəti ilə müqayisədə əliverişsiz vəziyyətə salmamalı, mülkiyyət hüquqlarının təmin edilməsinə mane olmamalıdır." Yəni həmin cümlələr qətnamənin təsviri əsaslanıdırıcı hissəsində öz əksini tapsa da, nəticə hissəsi ilə uyğunluq təşkil etmir. Belə ki, mülkiyyətində olan qeyri-yaşayış sahəsi hazırda mühim strateji ərazidə yerləşir. Binanın -1-ci mərtəbəsində ona qaraj sahəsinin verilməsi hüquqlarının kobud şəkildə pozulması ilə nəticələnir. Çünki o, artıq həmin daşınmaz əmlakı avtoyuma kimi istifadə etmək hüququndan məhrum olur. Əksinə cavabdeh ona məxsus qeyriyaşayış sahəsi olan ərazidə qeyr-yaşayış sahələri inşa edərək daha yüksək qiymətə özgəninkiləşdirib külli miqdarda pul əldə edəcəkdir. Yəni cavabdehin tətbiq etməyə çalışdığı vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağalabatan mütənasiblik mövcud deyildir. Bundan başqa məhkəmə qətnaməsində onun qeyri-yaşayış sahəsinin avtoyuma kimi istifadə edildiyinə dair sübut təqdim etmədiyi qeyd olunmuşdur. Halbuki, tərəfindən xx.xx.2023-cü il tarixdə elektron məhkəmə sisteminə yüklənmiş vəsatətdən də göründüyü kimi qeyri-yaşayış sahəsini avtoyuma kimi istifadə edən ünvan 1 ünvanında yaşayan X3 (telefon:***-***-**-**) şahid kimi dindirilməsi, həmçinin onun 750 manat məbləğində pul ödədiyini təsdiqləyən qəbzin iş materiallarına əlavə edilməsi barədə qərardad qəbul olunması xahiş edilmişdir. X8 məhkəməyə şahid qismində dəvət edilməmişdir. Azər Abdullayev şahid qismində dindiriləcəyi təqdirdə obyektin 17 ildir ki, avtoyuma kimi istifadə edildiyi öz təsdiqini tapacaqdı. Lakin məhkəmə vəsatəti təmin etməmiş, üstəlik guya sübut təqdim edilmədiyini vurğulamışdır. Bundan başqa, təqdim olunan fotoşəkillərdən də görünür ki, mübahisəli daşınmaz əmlakdan avtoyuma fəaliyyəti ilə məşğul olmaq üçün istifadə edilir. Hətta qeyri-yaşayış sahəsinin üzərində və ətrafındakı hasarlara “Azər avtoyuma” reklam yazısı belə yerləşdirilmişdir. Eyni zamanda fotoşəkillərə diqət yetirdikdə qarajın ətrafında avtoyuma avadanlıqları olduğu tam müəyyən olunur. Məhkəmənin qeyd olunan sübutları görməzdən gəlməsi mülki mübahisəyə birtərəfli qaydada baxılmasına dəlalət edir. Bu da bir daha təsdiqləyir ki, məhkəmə tərəfindən qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuş və işin faktiki halları, sübutlar nəzərə alınmamışdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış, onlara hüquqi qiymət verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına, “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanına istinad etmişdir. Halbuki, mübahisəli daşınmaz əmlakın qəzalı hesab olanan binaya heç bir aidiyyəti yoxdur. Onlar tamamilə bir-birindən ayrı yerləşir. Mülkiyyətində olan qeyri-yaşayış sahəsi qəzalı vəziyyətdə deyildir. Yəni məhkəmə qeyd olunan Fərmanı səhv tətbiq və təsvir etmişdir.

19. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı QSC-nin nümayəndəsi ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verməklə apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

20. İddiaçı QSC-nin nümayəndəsi növbəti məhkəmə iclaslarına gəlməmiş, sonuncu məhkəmə iclasında iştirak edən Cavabdeh isə QSC ilə razılığa gəldiklərini qeyd etməklə ərizə verərək apellyasiya şikayətindən imtina etyini bildirmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

21. Maddə 369.1. İşdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur.

22. Maddə 369.2. Apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər.

23. Maddə 369.4. Şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

24. Məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 may 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətindən onun imtina etməsi yazılı formada ifadə edildiyindən, qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından qəbul olunmalı və ona münasibətdə apellyasiya icraatına xitam verilməlidir.

25. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 369.4, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1089/2023 saylı iş üzrə 18 may 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətindən onun imtinası qəbul edilsin və Cavabdeh münasibətdə apellyasiya icraatına xitam verilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid edilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhramzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar