Məhkəmə qərarları › İş №2(103)-5036/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5036/2021

10.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5036/2021 10.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, Günel Rza qızı İsmayılovanın katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil3, Cavabdehin nümayəndəsi-vəkili X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi barədə mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11.03.2021-ci il tarixli qətnaməsindən Cavabdeh nümayəndəsi-vəkili tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-174/2021 saylı 11 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilərək, cavabdeh X1 dəymiş ziyan 28800 (iyirmi səkkiz min səkkiz yüz) manat, ödənilmiş dövlət rüsumu olaraq 30 (otuz) manat tutularaq İddiaçı ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir. İş materiallarından görünür ki, İddiaçı iddia ərizəsi ilə Nərimanov rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 79040 manat məbləğində real zərərin, 50.000 manat məbləğində əldən çıxmış faydanın və 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 25.03.2020-ci il tarixdə cavabdeh mülkiyyətində olan **-HG-*** dövlət qeydiyyat nişanlı, "Toyota Prado” markalı minik avtomobili ilə H.Əliyev prospektində (hava limanı yolu, Qala istiqaməti) hərəkətdə olarkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin tələblərini pozaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Yol-nəqliyyat hadisəsinin səbəbi ilə cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və barəsində Bakı şəhər DYPİ tərəfindən TP3581641 saylı, 04.04.2020-ci il tarixli İnzibati Tənbeh vermə haqqında Qərar qəbul edilmişdir. Yol-nəqliyyat hadisəsinin səbəbindən iddiaçının mülkiyyətində olan **-ML-*** dövlət qeydiyyat nişanlı, "Audi” markalı avtomobilə 79040 manat məbləğində zərər dəymişdir. Bu öz əksini avtomobil barəsində “xxxx” MMC (Audi Servis) tərəfindən 13.04.2020-ci il tarixdə tərtib edilmiş Qüsur Aktında da tapmışdır. İddiaçı tərəfdən cavabdehə pretenziya məktubu göndərilmiş və məhkəmədənkənar dəymiş zərərin ödənilməsi xahiş edilmişdir. Lakin cavabdeh tərəfindən heç bir addım atılmamışdır. Bu səbəbdən cavabdehə qarşı məhkəmədə iddia qaldırmaq zərurəti yaranmışdır. Cavabdeh tərəfindən dəymiş maddi zərər olaraq 79040 manat məbləğində real zərər və avtomobilin təmir ediləndən sonra alıcılıq qabiliyyətinin aşağı düşməsi nəticəsində 50.000 manat məbləğində əldən çıxmış fayda ona ödənilməlidir. Qeyd olunanları nəzərə alıb, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi yuxarıda göstərilən qaydada qismən təmin olunmuşdur. Cavabdehin səlahiyyətli nümayəndəsi Nərimanov Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv hüquqi qiymət verilməmiş, maddi və prosessual hüquq normalarına düzgün əsaslandırılmamış, məhkəmə tərəfindən mötəbər hallara lazımi qiymət verilməmişdir, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Qeyd olunanları və digər əsasları göstərərək nəzərə alınmasını, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İddiaçı sözügedən qətnamədən apellyasiya şikayəti verməmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, şikayəti müdafiə edərək təmin olunmasını xahiş edən cavabdehin nümayəndəsini, şikayətlə razılaşmayaraq təmin olunmamasını xahiş edən iddiaçının nümayəndəsini dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin olunmamalı, Nərimanov rayon Məhkəməsinin 2(005)- 174/2021 saylı 11 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İddiaçı apellyasiya şikayətində Xəzər Rayon Məhkəməsinin hazırkı iş üzrə 14 sentyabr 2020ci il tarixli qətnaməsinin ləğv edlməsini xahiş etsə də, şikayətin məzmunundan görünür ki, qətnamə iddianın təmin olunmamış hisəsində mübahisələndirilir. Apellyator hazırkı iş üzrə qətnməni iddianın təmin olunmamış hissəsində mübahisələndirdiyindən, qətnamənin əsaslığı həmin hissədə yoxlaılmalıdır. İş materiallarında olan Bakı şəhəri DYPİ-nin 04 aprel 2020-ci tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətinə əsasən Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 40 manat məbləğində cərimə edilmişdir. İşə əlavə edilmiş İXP seriyalı, ******* nömrəli, 25.03.2020-ci il tarixli inzibati xəta haqqında protokolun surətinə əsasən X4 25.03.2020-ci il tarixdə saat 11:40-da radələrində idarə etdiyi “Toyota Prado” markalı, **-HG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin tələblərini pozaraq yol-nəqliyyat hadisəsi törətmişdir. İşə əlavə edilmiş AB seriyalı, 351884 nömrəli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin surətinə əsasən 2009-cu il buraxılışlı “Toyota Prado” minik markalı, **-HG-*** dövlət qeydiyyat nişanlı avtomobil X2 mülkiyyətindədir. İşə əlavə edilmiş AD seriyalı, 247189 nömrəli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin surətinə əsasən 2011-ci il buraxılışlı “Audi A8” minik markalı **-ML-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir. İşə əlavə edilmiş «xxxx» MMC-nin tərtib etdiyi Təmir Kartında “Audi A8” minik markalı, **-ML- *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirməklə dəymiş zərər üçün qüsur aktının tərtib edilmə xərci -150 manat müəyyən edilmişdir. «xxxx» MMC-nin tərtib etdiyi Qüsur Aktında avtomobilin hansı detallarının təmir edilməsi və yenisi ilə əvəzlənməsi göstərilmiş, “Audi A8” minik markalı, **-ML-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirməklə dəymiş zərər 79040 manat müəyyən edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 04.12.2020-ci il tarixli, 3(103)-2152/2020 saylı qərardadın surətinə əsasən Bakı şəhər DYPİ tərəfindən Cavabdeh barəsində qəbul edilmiş 04 aprel 2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh tətbiq etmə haqqında qərardan verdiyi şikayətin təmin edilməsinə dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 sentyabr 2020-ci il tarixli qərarından İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, X2 Bakı şəhər DYPİ tərəfindən barəsində qəbul edilmiş 04 aprel 2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh tətbiq etmə haqqında qərardan verdiyi şikayətin təmin edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 sentyabr 2020-ci il tarixli qərarı ləğv edilmiş, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X2 şikayət ərizəsinin icraata qəbul edilməsindən imtina edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin 18.05.2020-ci il tarixli, 44170-1220 nömrəli məktubuna və məktuba əlavə edilmiş məlumata əsasən X2 adında 16.09.2008-ci il tarixdən “Mitsubishi Grandis” markalı, **-XX-*** dövlət qeydiyyat nişanlı və 26.02.2010-cu il tarixdən “Toyota Prado” markalı, **-HG-*** dövlət qeydiyyat nişanlı avtomobillər qeydiyyatdadır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21.01.2021-ci il tarixli, 9/5114 saylı ekspert rəyinin nəticə hissəsinə əsasən 2011-ci il buraxılışlı, “Audi A8" markalı, **-ML-*** dövlət nömrə nişanlı avtomobilin hazırki vəziyyətdə əksər hissələri dəyişilməklə, əsaslı təmir olunması rentabelli hesab olunmur və zərərçəkmişə dəymiş maddi ziyanın məbləği salamat qalan yararlı hissələrin dəyərini çıxmaqla təxminən 28800,0 (48000,0 m - 40%) manat müəyyən edilir. Aparılmış ekspertiza tədqiqatın dəyəri 100 manat təşkil edir. İşin hallarından müəyən olunur ki, 2011-ci il buraxılışlı “Audi A8” minik markalı **-ML-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir. İddiaçının mülkiyyətində olan qeyd edilən daşınar əmlaka (cavabdehin sahibliyində və istifadəsində olan zaman) ziyan vurulmuşdur. İş materiallarında olan «xxxx» MMC-nin tərtib etdiyi qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla Audi A8” minik markalı, **-ML-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirməklə dəymiş zərər 79040 manat müəyyn edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəyinə əsasən 2011-ci il buraxılışlı, “Audi A8" markalı, **-ML-*** dövlət nömrə nişanlı avtomobilin hazırki vəziyyətdə əksər hissələri dəyişilməklə, əsaslı təmir olunması rentabelli hesab olunmur və zərərçəkmişə dəymiş maddi ziyanın məbləği salamat qalan yararlı hissələrin dəyərini çıxmaqla təxminən 28800,0 (48000,0 m - 40%) manat müəyyən edilir. Aparılmış ekspertiza tədqiqatın dəyəri 100 manat təşkil edir.Cavabdeh iddiaçının mülkiyyətində olan əmlaka maddi ziyanın onun təqsiri üzündən dəydiyini qəbul etmir. Lakin Bakı Apelyasiya Məhkəməsinin 04.12.2020-ci il tarixli, 3(103)-2152/2020 saylı qərardadından görünür ki, Cavabdeh Bakı şəhər DYPİ tərəfindən barəsində qəbul edilmiş 04 aprel 2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh tətbiq etmə haqqında qərardan verdiyi şikayətin təmin edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 sentyabr 2020-ci il tarixli qərarı ləğv edilmişdir. Göründüdyü kimi, məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21.01.2021-ci il tarixli, 9/5114 saylı ekspert rəyini sübut növü kimi qiymət verərək, həmin rəydə göstərilmiş məbləği əsas götürərək, **-ML-*** dövlət qeydiyyat nişanlı, "Audi” markalı dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği müəyyən edilərkən, vurulmuş zərərin əvəzi qismində 28800 manat mənbləğində pul vəsaitinin Cavabdeh iddiaçının xeyrinə tutulmasını qət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 101.3. maddəsində göstərilir ki, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir; 1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enercisindən, atom enercisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Mülki Məcəllənin qeyd edilən maddələrinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Göründüyü kimi, Cavabdeh təqsirli və hüquqa zidd əməli nəticəsində İddiaçı mülkiyyətində olan əmlaka birbaşa zərər vurulması sübut olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbini yuxarıda göstərilən qaydada qismən təmin etməklə işə baxan birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün heç bir hüquqi əsaslar yaratmır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: Cavabdeh nümayəndəsi-vəkili tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhər Nərimanov rayon Məhkəməsinin 2(005)-174/2021 saylı 11 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar