Məhkəmə qərarları › İş №2(103)-5038/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5038/2024

11.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5038/2024 11.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı – alimentin artırılması tələbinə dair mülki iş üzrə Açar sözlər: (alimentin artırılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X6 və X1 ibarət tərkibdə, Vətən Elçin oğlu Zeynalovun katibliyi, İddiası İddiaçı, Cavabdeh iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 may 2024-cü il tarixli, 2(011)-4033/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-759/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə tərəflərin arasındakı nikah pozulmuş, tərəflərin birgə nikahından olan 17 iyul 2013-cü il təvəllüdlü X2 anası iddiaçı X3 yanında saxlanılması və uşağın yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh 22 iyul 2014-cü il tarixdən başlayaraq hər ay 110 manat və həmin uşaq üç yaşına çatana qədər ana üçün 50 manat, cəmi hər ay 160 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X4 ödənilməsi qət olunmuşdur. 2.Hazırda iddiaçı aliment məbləğinin artırılmasını tələb edir. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı Cavabdeh qarşı- xx.xx.2013- cü il təvəllüdlü X2 yetkinlik yaşma çatanadək saxlanılması üçün Xətai Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(011)-759/2014 saylı qətnaməsi ilə təyin edilmiş hər ay 110 manat məbləğində alimentin artırılaraq hər ay 235 manat pul məbləğində müəyyən edilməsi və Cavabdeh alınaraq iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. 4.İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə birgə nikahdan bir övladı anadan olmuşdur: xx.xx.2013-cü il təvəllüdlü X5. Xətai Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(01l)- 759/2014 saylı qətnaməsinə müvafiq olaraq cavabdeh ilə aralarında bağlanmış xx.xx.2012-ci il tarixdə Bakı şəhər Xətai Rayon Qeydiyyat şöbəsində 1968 nikah akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, birgə nikahdan anadan olan xx.xx.2013-cü il təvəllüdlü X2 iddiaçının himayəsində saxlanılması, xx.xx.2014-cü il tarixdən başlayaraq xx.xx.2013 - cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 110 manat və həmin uşaq 3 yaşına çatana qədər ana üçün 50 manat, cəmi 160 manat məbləğində alimentin iddiaçının xeyrinə tutulması qət edilmişdir. Cavabdeh ilə aralarında bağlanmış nikaha xitam verildikdən sonra nikahın ləğv edilmə faktı Bakı şəhəri Xətai Rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2014 - cü il tarixdə 415 akt qeydi ilə rəsmiləşdirilmişdir. Övladının saxlanılması üçün bu məbləğ kifayət etmir. Övladının təhsilinin və zehni qabiliyyətinin inkişafı üçün əlavə olaraq xərc tələb olunur və bu xərclər yalnız iddiaçının hesabına həyata keçirilir. İddiaçı bildirir ki, övladının böyüdükcə onun saxlanması üçün əlavə məsrəflər də meydana gəlir, hər ay 110 manat aliment məbləği bu xərcləri ödəməyə kifayət etmir. 5.Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 01 may 2024-cü il tarixli, 2(011)-4033/2024 saylı qətnaməsi ilə (sədrlik edən-Hacıyeva Sahibə) iddianın təmin edilməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-759/2014 saylı, xx.xx.2014-cü il tarixli tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarının artırılması, xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hazırki qətnamə qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay 235 (iki yüz otuz beş) manat məbləğində sabit pul şəklində aliment tutularaq İddiaçı ödənilməsi, Cavabdeh 35 (otuz beş) manat məbləğində dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan: 6.Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-759/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə iddia təmin edilərək, iddiaçı X7 ilə Cavabdeh arasında 13 noyabr 2012-ci il tarixdə Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsində nikahın bağlanması barədə 1968 nömrəli akt qeydinin pozulması, nikah pozulduqdan sonra birgə nikahdan anadan olan 17 iyul 2013-cü il təvəllüdlü X5 anası iddiaçı X3 yanında saxlanılması, tərəflərin birgə nikahından anadan olmuş 17 iyul 2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh 22 iyul 2014-cü il tarixdən başlayaraq hər ay 110 manat və həmin uşaq üç yaşma çatana qədər ana üçün 50 manat, cəmi hər ay 160 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X4 ödənilməsi qət olunmuşdur. 7.xx.xx.2023-cü il tarixli Bakı 16 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş “Mediasiya sessiyasında iştirak edilməməsi” barədə arayışdan görünür ki, cavabdeh mediasiya sessiyasında iştirak etməmiş, iddiaçı mediasiya sessiyasında iştirak etmiş, tərəfindən 50 manat mediasiya xərci ödənilmişdir. 8.Şəxsiyyət vəsiqəsindən görünür ki, X5 xx.xx.2013-cü il tarixdə anadan olmuşdur, atası Cavabdeh, anası İddiaçıdır. 9.Məhkəmə iddia tələbini əsaslı hesab edərək qeyd etmişdir ki, uşağın saxlanması üçün cavabdehdən alimentin tutularaq iddiaçıya verilməsi müəyyən edilsə də, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 759/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə cavabdehdən uşağa görə 110 manat məbləğində aliment tutulması müəyyənləşdirərkən həmin dövrün həyat standartları əsas götürülmüşdür; hazırda isə bu vəziyyət dəyişməklə həm uşağın tələbatları artmışdır, həm də uşağa görə müəyyənləşdirilmiş yaşayış minimumu 2024-cü il üçün 235 manat nəzərdə tutulmuşdur. Ona görə də, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Odur ki, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını, tərəflərin maddi və ailə vəziyyətlərini, eləcə də cavabdehin yüksək olmayan aliment öhdəliyi daşımış olmasını məhkəmə əsas götürərək hesab edir ki, təyin edilmiş alimentin məbləği artırılmalıdır. 10.Məhkəmə hesab etmişdir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən, yəni mövcud iddia tələbi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. 11.Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı aliment ilə bağlı hissədə dövlət rüsumu ödəməkdən azad edildiyi üçün cavabdehdən 35 manat məbləğində dövlət rüsumu tutulmaqla Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. 12.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 112.1, 75.1, 75.4, 78.1, 78.2 və 100.2-ci; “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa; “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.2, 9.4-cü; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107, 119.1, 112.1.3 və 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) Apellyasiya şikayətinin dəlilləri 13.Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 14.Apellyasiya şikayəti onunla əsaslandırılır ki, yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu Azərbaycan Respublikasında yaşayış minimumun müəyyənləşdirilməsinin, ona dövlət təyinatının, ölkənin sosial-iqtisadi inkişafına uyğun olaraq yaşayış minimumunun yüksəldilməsinin prinsiplərini müəyyən edir. Yaşayış minimunun təyinatı az təminatlı ailələrə ünvanlı sosial yardımın göstərilməsi, az təminatlı ailələrin rifahının yüksəldilməsi və s. funksiyalardan ibarətdir. Sözü gedən qanunun mətnindən görünür ki, qanun az təminatlıata ilə və onun az təminatlı uşaqları arasında yox, dövlətin və az təminatlı ailələrin arasında sosial münasibətlərini tənzimləyir.Qanun sosial təminat hüququnun sisteminə daxildir. Ailə Məcəlləsinin 112-ci maddəsinə görə aliment münasibətləri çərçivəsində həddi buluğa çatmamış uşaqların və onların valideynlərinin maraqlarının balasının təmin edilməsinə yönəldilib və minimum yaşayış həddiilə heç cür əlaqədar deyildir. Qanunvericiliyin bir sahələrinin anlayışlarının, normalarının və institutlarının digərlərinə əsassız yayılmasının yolverilməzliyi Azərbaycan Respublikasının Konstitusiyasının 7-cimaddəsinin 1-ci hissəsində özəksini tapan müddələrın ifadəsi olan ictimai münasibətlərin sistemli və zidd olmayan hüquqi tənzimlənmənin təmin edilməsi tələbinin qanunvericilik orqanına yönəldilməsindən irəli gəlir. Aztəminatlı ailələr və dövlət arasında ictimai hüquq münasibətlərinin, valideynlərin və uşaqların ailment münasibətlərinin yayılması hüququ məntiqə ziddir şəxsiyyətin muxtariyyət azadlığı sahəsinə əsassız və həddən artıq müdaxiləsinə və insan,vətəndaş hüquqlarının və azadlıqlarının qanunsuz məhdudlaşdırılmasına səbəb olur. Bütün deyilənlər göstərir ki, belə münasibətlərin hüquqi tənzimləməsi başlıca olaraq ailə qanunvericiliyi çərçivəsində ona məxsus hüquqi instrumentari hesabına təmin edilməlidir. Avropa Məhkəməsinin mövqeyinə müvafiq olaraq “məhkəmələr bütün suallara geniş cavab vermək məcburiyyətində deyil, amma yazılı ərizə işin nəticəsi üçün müəyyənedici rol oynadığı hallarda məhkəmə qəbul etdiyi qərar mərhələsində onu xüsusi olaraq qeyd etməlidir (Hiro Balani İsbaniya qarşı 9 dekabr 1994-cü il) Yuxarda qeyd olunanları nəzərə alaraq hesab edirki, aliment məbləğinin artırılması barədə verilmiş hər hansı bir qərar əsasızdır. Onun başqa gəlirləri olmamaqla yanaşı qazancı da yoxdur. Təqdim etdiyi arayışdan göründüyü kimi 450 manat əmək haqqı alır bu da onun yaşayış miniumuma kifayyət etmir. İddiaçı Məmili qızı tərəfindən Xətai rayon Məhkəməsinə verdiyi aliment məbləğinin artırılması tələbinə dair iddası Azərbaycan Respublikasi Ailə Məcəlləsinin 76-cı və Mülkü Prossesual Məcəlləsinin 217-ci maddəsinə əsasən ləğv olunması barədə yeni qərar qəbul olunmalıdır. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətiolan bütün faktiki hallar aydınlaşdırılmamış, 1-ci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübüt edilməmiş, elə ona görə də qətnamədə göstərilmiş nəticələr işin obyektiv və faktiki halları ilə tam ziddiyyət təşkil edir. Birinci instansiya məhkəməsi işə baxarkən ancaq iddiaçının formal mülahizələrinə istinad etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 15.Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 16.Məhkmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə etdi, şikayətdə göstərilənlərə uyğun məzmunda izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. 17.Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini qəbul etmədi, iddia tələbində göstərilənlərə uyğun məzmunda izahat verərək, şikayətin təmin edilməməsini xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi: 18.Maddə 112.1.Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. 19.Maddələr 75.1, 75.2, 75.3, 75.4.Valideynlər uşaqlarını saxlamağa borcludurlar; Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər; Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər; Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 20.Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 21.Maddə 78.2.Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: 22.Maddə 13.Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 23.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 24.Maddə 107.Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdənibarətdir. 25.Maddə 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 26.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. 27.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri 28.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 29.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qanunililiyinin və əsaslılığının tam olaraq yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 30.Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-759/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə tərəflərin arasındakı nikah pozulmuş, tərəflərin birgə nikahından olan 17 iyul 2013-cü il təvəllüdlü X2 anası iddiaçı X3 yanında saxlanılması və uşağın yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh 22 iyul 2014-cü il tarixdən başlayaraq hər ay 110 manat və həmin uşaq üç yaşına çatana qədər ana üçün 50 manat, cəmi hər ay 160 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X4 ödənilməsi qət olunmuşdur. 31.Beləliklə hazırkı iddia tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (dəyişdirilməsindən) ibarətdir. 32.Alimentin miqdarının artırılması (dəyişdirilməsi) növündə iddia tələblərinin həllinin qanuni əsaslarını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. 33.Göründüyü kimi qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. 34.Hazırkı mübahisə üzrə iddiaçı, alimentin miqdarının artırılmasını müəyyənləşdirilmiş alimentin yetərli olmaması, övladının təhsilinin və zehni qabiliyyətinin inkşafı üçün ələvə xərc tələb olunması və bu xərclərin yalnız iddiaçının hesabına həyata keçirilməsi, öladının böyüdükcə saxlanması üçün əlavə məsrəflərin də meydana gəlməsi ilə əsaslandırır. 35.İşin araşdırılmış halları ilə müəyyən olunur ki, tərəflərin birgə nikah münasibətlərindən anadan olmuş uşaq iddiaçının himayəsindədir, işdə olan sübutlardan aydın olur ki, iddiaçının uşağın saxlanması üçün artan tələbatı ödəməyə maddi imkanı çatmır. 36.Belə ki, iş materiallarında olan Elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, Cavabdeh "xxxx" ASC-də rəngsaz, tikinti işlərində şalışır və 441,14 manat məbləğində əmək haqqı alır. 37.Kollegiya hesab edir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur. Belə ki, Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-759/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə onun xeyrinə cavabdehdən 17 iyul 2013-cü il təvəllüdlü X2saxlanılması üçün hər ay cavabdehdən 110 məbləğində aliment tutulması qət edilərkən həmin dövrün həyat standartları əsas götürülmüşdür. Hazırda isə bu vəziyyət dəyişməklə iddiaçı daha yüksək məbləğdə aliment tələb etməkdədir, həm də uşağa görə müəyyənləşdirilmiş yaşayış minumumu 2014-ci il üçün 103 manat nəzərdə tutulmuşdur. 2024-cü ildə isə bu məbləğ 235 manat təşkil edir. 38.Kollegiya qeyd edir ki, göstərilənlər alimentin məbləğinin müəyyən olunduğu tarixdən bu günədək artmış həyat standartları və istehlak qiymətləri, eləcə də uşaqların böyüdüyü də nəzərə alınmaqla, tərəflərin maddi vəziyyətlərində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. 39.Qanunvericiliyin yuxarıda sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir; lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. 40.Bu baxımdan kollegiya, “uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması” prinsipini, tərəflərin maddi və ailə vəziyyətlərini, eləcə də işin konkret hallarını əsas götürərək cavabdehdən iddiaçının xeyrinə tutulacaq alimentin 235 manat məbləğində müəyyən edilməsini ədalətli və ağlabatan hesab edir. 41.Məhkəmə kollegiyası cavabdehin yaşayış minimumu haqqında qanunun ailə hüquq münasibətlərindən irəli gələn mübahisəyə tətbiqinin düzgün olmaması ilə bağlı dəlilini əsassız hesab edərək qeyd edir ki, məhkəmə tərəfindən “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” 26 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası Qanununa istinad olunmaqla qətnamənin qəbul edildiyi 2014-cü il tarixindən bu vaxta qədər artmış həyat standartları və istehlak qiymətlərinin dəyişməsini göstərməyə çalışmış və kollegiya da onunla razılaşır ki, minimum ehtiyac meyarının 2014-cü il tarixdən bu hazırki dövrədək 2 dəfədən çox dəyişməsi fonunda uşağa görə ödənilən aliment miqdarının hər ay 110 manat miqdarında sabit qalması iddiaçının hazırki tələblə məhkəməyə müraciət etməsinə əsas yaradan amillərdən biridir. 42.Həmçinin “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunun 2.0.3-cü maddəsində yaşayış minimumundan əhalinin həyat səviyyəsinin qiymətləndirilməsində və proqnozlaşdırılmasında istifadə olunması da qeyd olunmuşdur. 43.Məhkəmə kollegiyası aliment məbləği ilə razılaşmayan cavabdehin gəlirinin az olması ilə bağlı dəlillərini əsassız hesab edərək qeyd edir ki, cavabdehin gəlirinin az olması onun bir valideyn kimi övladlarını saxlamaq, qanunvericiliklə nəzərdə tutulmuş minimum dolanacaq xərclərindən az olmayan miqdarda alimenti ödəmək vəzifəsindən azad etmir. 44.Kollegiya, həmçinin qeyd edir ki, az gəlir əldə etmək valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. 45.Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. 46.Beləliklə məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 47.Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 48.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 49.Alimentin artırılan hissəsinin illik məcmusu 5000 manatan az olduğu üçün, MPM-nin 402.1-ci maddəsinə əsasən qətnamədən kassasiya şikayəti verilə bilməz. 50.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 may 2024-cü il tarixli, 2(011)-4033/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar