Məhkəmə qərarları › İş №2(103)-5039/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5039/2023

05.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5039/2023 05.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı LPO "xxxx" KB QSC Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “kredit borcunun qaytarılması”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə Mirzəyev Ziya Əziz oğlunun katibliyi, Nəsimi Rayon Məhkəməsinin 2(006)-1809/2023 nömrəli, 19 may 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı LPO "xxxx" KB QSC Cavabdeh qarşı «kredit borcunun qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, QSC “Bank Standard” KB ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixl1ixx/xx/118890/14 saylı kredit müqaviləsi üzrə cavabdehdən 456.43 (dörd yüz əlli altı manat, 43 qəpik) manat məbləğində əsas borc, 282.88 (iki yüz səksən iki manat, 88 qəpik) manat müqavilə müddəti üçün hesablanmış və tələb olunan faizlər, 514.68 (beş yüz on dörd manat, 68 qəpik) manat məbləğində cərimə borcu, 145.38 (yüz qırx beş manat, 38 qəpik) manat gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği, ümumilikdə isə 1399.37 (min üç yüz doxsan doqquz manat, 37 qəpik) manat məbləğində məbləğində pulun, 34 (otuz dörd) manat dövlət rüsumunun ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Nəsimi Rayon Məhkəməsinin 2(006)-1809/2023 nömrəli, 19 may 2023-cü il tarixli qətnaməsi ilə (hakim Səməd Cəfərov) iddia tələbi iddia müddəti tətbiq edilməklə təmin edilməmişdir.

3. Qətnamədən iddiaçı apelyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

4. Həmin qətnamədən iddiaçı apellyasiya şikayət verib və şikayətinin dəlili kimi qeyd etmişdir ki, QSC “Bank Standard” KB ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014cü il tarixli 1xx/xx/118890/14 saylı kredit müqaviləsi üzrə ləğv prosesində olan QSC “Bank Standard” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən xx.xx.2019-cu il tarixdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə iddia tələbi ilə müraciət edilmişdir. Lakin, Nəsimi Rayon Məhkəməsinin tərəfindən iddia ərizəsinin qəbulundan imtina edilmişdir. İddia ərizəsinin qəbulundan imtina edilməsi barədə qərardad onlara bugünədək təqdim edilməmişdir. İddia ərizəsi elektron məhkəmə sistemi vasitəsi ilə göndərilmişdir. Lakin yekun məhkəmə aktı elektron məhkəm sisteminə əlavə edilməmişdir. İddia ərizəsinin icraata qəbul edilməməsi barədə məlumatı yalnız elektron məhkəmə sistemində işin nəticəsi hissəsində “icraata qəbuldan imtina” qeyd vasitəsi ilə əldə etmişdirlər. Lakin, icraata qəbul edilməsindən imtina barədə əsaslandırılmış qərardad çıxarılmamışdır. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən xx.xx.2014-cü il tarixli 1xx/xx/118890/14 saylı kredit müqaviləsi üzrə iddia müddətinin axımının başlanğıcı tərəflərin öz öhdəliklərini tam həcmdə yerinə yetirilməsindən sonra başlayır. Bu səbəbdən də xx.xx.2014-cü il tarixli 1xx/xx/118890/14 saylı kredit müqaviləsi üzrə öhdəliklər icra edilmədiyi üçün iddia müddətinin axımı başlamamışdır. Həmçinin xx.xx.2014-cü il tarixli 1xx/xx/118890/14 saylı kredit müqaviləsi 24 ay müddətinə bağlanaraq, xx.xx.2016-cı il tarixi kreditin ödənilməli olduğu son tarixdir. Məhkəmə iş materiallarında həmin hissəyə istinad edərək iddia müddətinin 3 il olmasını göstərərək, iddia müddətinin tətbiq olunmasını qeyd etmişdir. Hazırkı iş üzrə tərəfin öz sərbəst iradəsi ilə bağlamış olduğu kredit müqaviləsinin şərtlərini tam araşdırmadan iddia müddətinin tətbiqinə dair qətnamə çıxarması qanuni deyildir. Bu səbəbdən, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir.

6. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Mülkin iş materiallarında olan:

7. QSC “Bank Standard” KB ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014- cü il tarixində kredit verilməsi haqqında 1xx/xx/118890/14 saylı müqaviləyə (bundan sonra – Kredit Müqaviləsi) əsasən Bank tərəfindən cavabdehə illik 25 (iyirmi beş) faiz ödənilməsi şərti ilə 24 (iyirmi dörd) ay müddətinə 2416 (iki min dörd yüz on altı) manat məbləğində kredit verilmişdir

8. 28.02.2023-cü il tarixli, **********436 saylı Arayışa əsasən QSC Bank Standard KB ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli 1xx/xx/118890/14 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə yaranmış əsas borc 456,43 manat, faiz borcu 282,88 manat, cərimə borcu 514,68 manat, gecikdirilmiş vaxt üçün faiz 145,38 manat, cəmi 1399,37 manat borcu vardır.

9. 29.05.2019-cu il tarixli bildirişdən görünür ki, iddiaçı tərəfindən cavabdehə borcunun ödənilməsi, əks halda məhkəməyə müraciət ediləcəyi barədə pretenziya qaydasına uyğun olaraq xəbərdarlıq edilməlidir.

10. Cavabdeh iddia müddətinin tətbiqi ilə bağlı ərizə birinci instansiya məhkəməsinə iddia müddətinin tətbiqi ilə bağlı ərizə təqdim etmişdir. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsi:

11. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

12. Maddə 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

13. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

14. Maddə 381.1. Əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir.

15. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

16. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə

17. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

19. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

20. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

21. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

22. Maddə 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər.

23. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:

24. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

25. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

26. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

27. Kollegiya qeyd edir ki, tərəflər arasında müqavilə münasibətləri xx.xx.2014-cü il tarixdə, kredit müqaviləsinin imzalanması anında yaranmışdır. Müqavilə 24 ay müddətinə bağlanmışdır. Müqavilənin müddəti xx.xx.2016-cı il tarixdə başa çatmışdır. İddia müddətinin axımı xx.xx.2016-cı il tarixdə başlayaraq xx.xx.2019-cu il tarixdə bitmişdir. İddiaçı isə xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, qanunla müəyyən olunmuş iddia müddətini ötürmüş, cavabdeh iddia müddətinin tətbiqi ilə bağlı ərizə təqdim etmişdir.

28. Kollegiya apellyasiya şikayətinin iddaçı tərəfindən hazırkı müqavilə üzrə tələblə bağlı Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli baxılmamış saxlanılma qərardadını əldə etməməsi barədə dəlili üzrə qeyd edir ki, Mülki Məcəllənin 381.1-ci maddəsinə əsasən əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir.

29. Göründüyü kimi, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi iddia müddəti buraxılmaqla verilmiş, cavabdeh isə məhkəməyə ərizə ilə müraciət edərək iddia müddətinin tətbiq edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ona görə də Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı mübahisəyə iddia müddəti tətbiq etməklə, iddia tələbini təmin etməməkdə halı olmuşdur.

30. Belə ki, Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Nəticə:

31. Göstərilənlərə əsasən, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı iddia müddəti tətbiq etməklə təmin etməməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

33. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş idiaçının özünə aid edilməlidir.

34. MPM-in 402.1-ci madəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

35. MPM-in 402.1-ci maddəsinə əsasən, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.

36. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı LPO "xxxx" Kommersiya Bankı QSC tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Nəsimi Rayon Məhkəməsinin 2(006)-1809/2023 nömrəli, 19 may 2023-cü il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar