Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5040/2021 16.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-442/2021 saylı, 17 fevral 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh2 İddiaçı vurduqları 16 125,85 ABŞ dolları məbləğində maddi ziyanın cavabdehlərdən məcburi qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-442/2021 saylı, 17 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin olunmamışdır. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermiş və qətnamənin qanunusuz və əsassız olması səbəbindən ləğv edilməsi və iddia tələblərinin təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil ayrılıqda apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPMin 376.2-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi: Elektron sistemdən çıxarışdan görünür ki, AB961470 nömrəli şəhadətnamə əsasında İddiaçı məxsus olan “Chevrolet Aveo” markalı, ** ES *** dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə ilə 08.02.2014-06.01.2021-ci illərdə Cavabdeh1, 20.02.2015- 16.09.2024-cü illərdə X1, 20.02.2015-08.10.2023-cü illərdə Cavabdeh5 və 19.05.2015- 07.02.2021-ci illərdə Cavabdeh3 verilmişdir. Mülki işdə olan 114360-1-7347 nömrəli kredit müqaviləsinə dəyişiklik edilməsi barədə 19 oktyabr 2015-ci il tarixli 01 saylı razılaşmaya əsasən, kredit alan kredit məbləğini tərəflər kredit müqaviləsi ilə müəyyən olunan şərtlərlə və qaydada 32 ay müddət ərizndə istifadə etməyi və 19 iyun 2018-ci il tarixədək qaytarmağı və kreditdən istifadəyə görə Banka illik 23 faiz ödəməyi öhdəsinə götürmüşdür 31 may 2013-cü il tarixli 114360-16-0068 nömrəli ipoteka müqaviləsinə dəyişiklik edilməsi barədə 19 oktyabr 2015-ci il tarixli 01 saylı razılaşmaya əsasən tərəflər 114360- 1- 7347 nömrəli kredit müqaviləsi üzrə mövcud və gələcək kredit müqaviləsinə dəyişikliklər edilməsi barədə razılaşmalardan irəli gələn öhdəliklərin icra edilməsinin təminatı olaraq “Chevrolet Aveo” markalı, ** ES *** dövlət qeydiyyat nişanlı avtomobilin ipoteka ilə yüklü edilməsi barədə razılığa gəlmişlər. Sumqayıt Şəhər Məhkəməsinin 28 noyabr 2016-cı il tarixli 2(060)-14692 nömrəli qətnaməsinin surətindən görünür ki, ilkin iddia qismən təmin edilmiş, İddiaçı ilə “Bank VTB (Azərbaycan)” ASC arasında bağlanmış 114360-1-7347 saylı, 19.06.2013-cü il tarixli avtomobil krediti müqaviləsinə xitam verilməsi, tələbin banka ipoteka qoyulmuş ipoteka premedi olan Chevrolet Aveo” markalı, ** ES *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi və avtomobilin açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitdən 16125,85 ABŞ dolları pul məbləği və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun “Bank VTB (Azərbaycan)” ASC-yə ödənilməsi qət edilmişdir. Həmçinin yuxarıda qeyd olunan məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsindən müəyyən olunur ki, İddiaçı ilkin iddiaçı “Bank VTB (Azərbaycan)” ASC və Cavabdeh2 qarşı “Cavabdeh2 borclu qismində cəlb edilməsi, avtomobilin açıq hərracda satılması, borcun ödənilməsi və kredit müqaviləsinin ləğv edilməsi” tələbinin baxılmamış saxlanılması nəticəsinə gəlinmişdir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə əsasən mübahisələndirilən hissədə tam yoxlayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Hazırkı mülki iş üzrə iddiaçı qeyd edir ki, “Chevrolet Aveo” markalı, ** ES *** dövlət qeydiyyat nişanlı avtomobili satmaq qərarına gəlmiş, avtomobil alınmış kreditin təminatı kimi bankda ipotekada olduğundan iddiaçı onu alqı-satqı yolu ilə sata bilməmiş, təcrübədə geniş tətbiq edilən avtomaşını idarə etmək və üzərində sərəncam vermək səlahiyyəti etibarnamə vermək yolu ilə 08.02.2014-cü il tarixdə Cavabdeh1 və digərlərinə vermiş, ona görə də cavabdehlər həmin avtomobildən istifadə etdikləri müddətlər üçün iddiaçının həmin avtomobilə görə banka olan borclarını ödəməli idilər, cavabdehlər tərəfindən həmin məbləğlər ödənilmədiyi üçün onun üzərinə məhkəmə qətnaməsi ilə borc öhdəliyi qoyulmuş və tutma həmin avtomobilə yönəldilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 522-ci maddəsi təşkil edir. Həmin Məcəllənin 522.1-ci maddəsinə əsasən, kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir. Məcəllənin 522.2-ci maddəsinə əsasən, əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu yalnız kreditorun icazəsi ilə etibarlı olur. Göründüyü kimi, öhdəliyin üçüncü şəxsə verilməsi barədə razılaşma yalnız kreditorun icazəsi olduğu halda etibarlıdır. Hazırkı halda iddiaçı belə bir icazənin olmasına dair sübut təqdim edə bilməmişdir. Eyni zamanda, Sumqayıt Şəhər Məhkəməsinin 28 noyabr 2016-cı il tarixli 2(060)-14692 nömrəli qətnaməsindən də müəyyən olunur ki, bank 19.06.2013-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliyin tərəfi kimi məhz hazırkı işdəki iddiaçını tanıyır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, Məhkəmə kolegiyasının araşdırmaları nəticəsində məlum oldu ki, iddiaçı hazırkı iddia tələbinin əsaslı olması ilə bağlı sübutlar təqdim etmədiyindən rayon məhkəməsi iddia tələbini təmin etməməkdə iş üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinin tələbinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyət üzrə düzgün olan qətnaməsi formal mülahizələrə görə ləğv edilə bilməz. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan və qətnamənin ləğvinə səbəb olmadığından təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-442/2021 saylı, 17 fevral 2021-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə iddiaçı tərəfindən kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-5040/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5040/2021
16.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver