Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5041/2021 10.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə İddiaçı Cavabdeh1 Firmasına, Cavabdeh2 və Cavabdeh3nə qarşı “borc müqaviləsinin ləğv edilməsi, borcun tutulması, tutmanın ipoteka predmetlərinə yönəldilməsi, ipoteka predmetlərinin açıq hərracda satılması və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsi” barədə ilkin, Cavabdeh1 Firmasının, Cavabdeh2 və Cavabdeh3 İddiaçı qarşı “müqavilələrin etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 fevral 2021ci il tarixli qətnaməsindən Cavabdeh1 Firması, Cavabdeh2 və Cavabdeh3 tərəfindən birgə verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 Firmasına, Cavabdeh2 və Cavabdeh3nə qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 6 nömrəli notariat kontorunda bağlanmış 15 avqust 2017-ci il tarixli 3M-1576 reyestr nömrəli borc müqaviləsinin ləğv edilməsi, borc müqaviləsi üzrə 27 000 (iyirmi yeddi min) ABŞ dolları məbləğində əsas borc, 11 016 (on bir min on altı) ABŞ dolları məbləğində dəbbə pulu, 2700 (iki min yeddi yüz) ABŞ dolları məbləğində gecikmiş vaxt üçün illik beş faiz məbləği, 50 000 (əlli min) ABŞ dolları məbləğində əldən çıxmış fayda və 10 000 (on min) ABŞ dolları məbləğində mənəvi zərər olmaqla ümumilikdə 100 716 (bir yüz min yeddi yüz on altı) ABŞ dollarının və 30 manat dövlət rüsumunun Cavabdeh1 Firmasından, Cavabdeh2 və Cavabdeh3ndən müştərək xeyrinə tutulması, tutmanın ipoteka qoyulmuş Cavabdeh1 Firmasının mülkiyyətində olan Xaçmaz rayonu, Sahillər qəsəbəsində yerləşən 0,403555 ha torpaq sahəsinə, 1,093634 ha torpaq sahəsinə və 2,080338 ha torpaq sahəsinə yönəldilməsi, torpaq sahələrinin açıq hərracda satılması və satışdan əldə olunmuş vəsait hesabına borcun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, Cavabdeh1 Firması ilə arasında 15 avqust 2017-ci il tarixdə Bakı şəhərinin 6 nömrəli notariat kontorunda borc müqaviləsi bağlanmış, müqaviləyə əsasən Cavabdeh1 Firmasına 50 000 (əlli min) ABŞ dolları məbləğində pulu (Mərkəzi Bankın müəyyən etdiyi ödəniş günündəki məzənnəyə uyğun olaraq manat ekvivalenti ilə) nağd qaydada borc vermiş, 15 avqust 2017-ci il tarixli 057852 seriyalı kassa mədaxil orderi əsasında 50 000 (əlli min) ABŞ dolları məbləğində pulun manat ekvivalenti olaraq 85 035 (səksən beş min otuz beş) manat tərəfindən Cavabdeh1 Firmasının hesabına mədaxil olunmuşdur. Borc müqaviləsinin 5-ci bəndinə əsasən borc məbləği faktiki alındığı təqvim gündən 12 ay sonrakı təqvim günündən gec olmayaraq manat ekvivalenti ilə köçürmə və nağda qaydada geri qaytarılmalı, 17-ci bəndinə əsasən isə, borc məbləğinin razılaşdırılmış müddət üzrə geri qaytarılması gecikdirildiyi halda, Cavabdeh1 Firması gecikdirilən hər gün üçün qalıq borcun 0,1% hissəsi qədər dəbbə pulu ödəməlidir. Borc müqaviləsi üzrə Cavabdeh1 Firmasının öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə sonuncu, mülkiyyətində olan Xaçmaz rayonunun Sahillər qəsəbəsində yerləşən 0,403555 ha torpaq sahəsini; 1,093634 ha torpaq sahəsini və 2,080338 ha torpaq sahəsini ipoteka ilə yüklü etmiş, bununla bağlı onun, ipoteka qoyan və borc alan Cavabdeh1 Firmasının iştirakları ilə 17 avqust 2017-ci il tarixdə Xaçmaz rayonu 1 nömrəli notariat kontorunda ipoteka müqaviləsi bağlanmış, ipoteka dövlət qeydiyyat orqanında qeydə alınmışdır. Həmçinin, borc müqaviləsi üzrə Cavabdeh1 Firmasının öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə onun, borclu Cavabdeh1 Firmasının və zamin Cavabdeh2 iştirakları ilə 16 avqust 2017-ci il tarixdə, eyni zamanda onun, borclu Cavabdeh1 Firmasının və zamin Cavabdeh3 iştirakları ilə 10 sentyabr 2019-cu il tarixdə zaminlik müqavilələri bağlanmışdır. 10 sentyabr 2019-cu il tarixli zaminlik müqaviləsində borclu Cavabdeh1 Firması 15 avqust 2017-ci il tarixli borc müqaviləsi üzrə 27 000 (iyirmi yeddi min) ABŞ dolları məbləğində borcu qaldığını etiraf etmişdir. Borc müqaviləsinin 17-ci bəndinin tələblərinə əsasən, həmin tarixdən 10 dekabr 2019-cu il tarixədək olan müddət üzrə qalıq borc məbləğinə 11 016 ABŞ dolları məbləğində dəbbə pulu hesablanmışdır.Digər tərəfdən, 15.08.2018-ci il tarixdən borcun ödənilməsinin gecikdirilməsinə görə Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən 2700 ABŞ dolları faiz ödənilməli, məruz qaldığı mənəvi ziyana görə 10 000 ABŞ dolları, əldən çıxardığı faydaya görə 50 000 ABŞ dolları cavabdehlərdən xeyrinə tutulmalıdır. Cavabdeh1 Firması, Cavabdeh2 və Cavabdeh3 isə İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi təqdim edərək, ilkin iddia tələbinin rədd edilməsi, İddiaçı ilə Cavabdeh1 firması arasında 15 avqust 2017-ci il tarixdə bağlanmış borc müqaviləsinin, 17 avqust 2017-ci il tarixli ipoteka müqaviləsinin, həmçinin İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 16 avqust 2017-ci il tarixli zaminlik müqaviləsinin və İddiaçı ilə Cavabdeh3 arasında bağlanmış 10 sentyabr 2019-cu il tarixli zaminlik müqaviləsinin etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Qarşılıqlı iddia belə əsaslandırılmışdır ki, Cavabdeh1 firmasının direktoru X1 ilə İddiaçı arasında 15 avqust 2017-ci il tarixdə borc müqaviləsi imzalanmış, müqavilənin şərtlərinə əsasən İddiaçı Cavabdeh1 firmasına 50 000 (əlli min) ABŞ dolları məbləğində borc verməyi, sonuncu isə həmin məbləği 12 ay sonrakı təqvim günündən gec olmayaraq manat ekvivalenti ilə köçürmə və nağd qaydada qaytarmağı öhdəsinə götürmüş, bu müqavilənin təminatı olaraq Cavabdeh1 firmasına məxsus Xaşmaz rayonu, Sahillər qəsəbəsində yerləşən ümumi sahəsi 2,08034 ha, 0,403555 ha və 1,09363 kv.metr olan torpaq sahələri 17 avqust 2017-ci il tarixli ipoteka müqaviləsi ilə yüklü edilmiş, əlavə olaraq İddiaçı ilə Cavabdeh2 arasında 16 avqust 2017-ci il tarixdə, Cavabdeh3 ilə isə 10 sentyabr 2019-cu il tarixində zaminlik müqaviləsi bağlanılmışdır. Əslində həmin müqavilələr görünüş üçün rəsmiləşdierilmişdir; belə ki, Cavabdeh1 Firması ilə Babək Babayev və Fuad Rzayev arasında 20 may 2017-ci il tarixdə bağlanmış icarə müqaviləsinə əsasən, firma sonunculara məxsus Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 15 ünvanda yerləşən “Meqafun” Ticarət Mərkəzinin 1-ci mərtəbəsində yerləşən “Outlet” sahəsində fəaliyyət göstərən 1055 kv.metr qeyri-yaşayış sahəsini paltar satışı mağazası məqsədilə icarəyə götürmüş, 09 fevral 2018-ci il tarixində Babək Babayevlə 441,9 kv.metr qeyri-yaşayış sahəsinin və Fuad Rzayevlə 843,1 kv.metr qeyri-yaşayış sahəsinin, cəmi 1285 kv.metr qeyri-yaşayış sahəsinin icarə müqaviləsi bağlanmış, həmin müqavilələrə 10 avqust 2019cu il tarixdə xitam verilmişdir. 2017-ci ilin may ayında sözügedən qeyri-yaşayış sahəsi tam təmirsiz olduğundan, razılaşmaya əsasən, o cümlədən müqaviləyə 4 nömrəli əlavədə sahənin təmir-bəzək işlərinin görülməsi Cavabdeh1 firmasına tapşırılmışdır. Həmin sahə faktiki olaraq istismara yararsız olduğundan sahənin təmirinə xeyli miqdarda vəsait tələb olunmuş, bu zaman obyektin sahibləri Babək Babayev və Fuad Rzayev Cavabdeh1 firmasına təklif etmişlər ki, obyektin daxilində mövcud olan havalandırma, soyutma və isitmə sistemlərinin (fankoilləri) münasib qiymətə və nisyə formada, sonradan pulu ödənilmək şərtilə satsınlar. Lakin alqı-satqı prosesini sadələşdirmək və əlavə xərcləri azaltmaq (vergilər və s.) məqsədilə, yaxın qohumları, o cümlədən Babək Babayevin sahibliyində olan “Yeni Həyat” şirkətlər qrupunun bütün inşaat işlərində tanınan iş icraçısı İddiaçı tərəfindən 50 000 (əlli min) ABŞ dolları məbləğində pul vəsaitinin 1 ildən sonra qaytarmaq şərti ilə faizsiz, guya “borc” adı ilə Cavabdeh1 firmasına verilməsinə dair müqavilə bağlanmışdır. Cavabdeh1 firması səlahiyyət sahiblərinə inanaraq 15 avqust 2017-ci il tarixində borc müqaviləsi, ipoteka və zaminlik müqavilələrinə imza atmış, əslində isə borc müqaviləsinin mahiyyəti pulu öz ehtiyacları üçün əldə edib, sonradan onu qaytarmaq olmuşdur. Lakin həmin məbləğ onlara verilməmiş və borc nisyə alqı-satqı müqaviləsinin tələblərinə uyğun olaraq verilməklə müqavilə obyektə soyutma-isitmə və havalandırma sistemlərinin alınmasına və quraşdırılmasına rəsmiləşdirmək üçün görüntü yaratmaq üçün bağlanmışdır. Yəni, tərəflər arasında bağlanmış borc müqaviləsi başqa bir əqdi - nisyə alqı-satqı müqaviləsini pərdələmək məqsədilə bağlanmışdır. Mülki qanunvericiliyə uyğun olaraq bu cür əqdlər əhəmiyyətsiz əqdlərdir. Bundan başqa İddiaçı qohumları Babək Babayev və Fuad Rzayev qeyri-yaşayış sahəsini Cavabdeh1 firmasına əsaslı təmir etdirməklə əsassız varlanmışdır. Habelə həmin təmir işləri icarəyəverənlərin razılığı və göstərişi ilə həyata keçirilmişdir. Xüsusi bir məqam ondan ibarətdir ki, İddiaçı ilə “Cavabdeh1 firması, Cavabdeh2 və Cavabdeh3 yaxın münasibəti olmamış, əvvəllər birbirini tanımamışlar. Sual yaranır ki, şəxs tanımadığı birisinə faizsiz olaraq xeyli miqdarda pulu verməsinin səbəbi nə ola bilərdi?! Habelə göründüyü kimi, pulun iddiaçılara verildiyi zamanla qeyri-yaşayış sahəsinə məxsus obyektə təmir işləri başlanması vaxtı üst-üstə düşür. Belə bir halın olması onlara deməyə əsas verir ki, tərəflər arasında bağlanmış borc, zaminlik və ipotekla müqavilələri əslində “formal” və “görünüş” məqsədilə bağlanmışdır. Həmçinin, sonradan həmin pulun geri ödənilməsini zəmanət altına almaq üçün Cavabdeh1 firmasına məxsus torpaq sahələri ipoteka ilə yüklü edilmiş və əlavə olaraq Cavabdeh3 ilə zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı tərəfindən verilən borcun mahiyyət etibarı ilə formal olmasını şərtləndirilən əsas amillərdən biri də, Cavabdeh1 firmasının “Meqafun” ticarət mərkəzində olan mağazadan icarədən çıxması və 10 avqust 2019-cu il tarixində Cavabdeh3 həmin mağazada icarə fəaliyyətinə başlamasından sonra, mağaza sahiblərinin göstərişi ilə İddiaçı ilə Cavabdeh3 arasında 15 avqust 2017-ci il tarixli borc müqaviləsinə görə zaminlik müqaviləsi bağlanılması olmuşdur. Çünki, Cavabdeh3 Cavabdeh1 firmasının öhdəliklərinə görə əslində heç bir cavabdehlik daşımırdı. Sadəcə obyekt sahibləri pulun qalan hissəsinin ödənilməsini təmin etmək məqsədilə mağazada icarədə olan Məhdud Məsuliyyətli Cəmiyyətə və İddiaçı həmin müqavilənin bağlanmasını həvalə etmişlər. Əslində onlar işgüzar adətlərdən irəli gələrək aralarında olan razılaşmaya əməl etmiş və soyutma-istilətmə-havalandırma sistemlərinin pulunun 23 000 (iyirmi üç min) ABŞ dolları hissəsini geri qaytararaq, qalan pulun geri ödənilməsini təmin etmək niyyətində olmuşlar. Cavabdeh1 firmasının sözügedən qeyri-yaşayış sahəsindən istifadəsinə 10 avqust 2019-cu il tarixdə xitam verilsə də, firmanın müəyyən qisimdə payı olan Cavabdeh3 obyektin 1285 kv.metrinin 843,1 kv.metr hissəsində icarəçi kimi fəaliyyətini davam etdirmişdir. Lakin tərəflər arasında mübahisə predmeti olan qeyriyaşayış sahəsinin 02 sentyabr 2027-ci il tarixədək istifadədə olması barədə qüvvədə olan icarə müqaviləsi olmasına baxmayaraq, obyekt sahibləri Babək Babayev və Fuad Rzayev özləri anlaşmanı pozmuş, 24 oktyabr 2019-cu il tarixdə saat 15:20-də “Meqafun” AVM-nin direktoru kimi özünü təqdim edən Olena Quba 3 nəfər əməkdaşı ilə mağazanın içərisinə daxil olaraq işçilərə və müştərilərə mağazanı dərhal tərk etməyi tələb etmiş, mağaza işçiləri müdriyyətlə əlaqə saxlamağı xahiş edərək məsələyə aydınlıq gətirilməsini istəsələr də, Olena Quba və yanında olan mühafizə xidmətinin əməkdaşları güc tətbiq edərək əməkdaşları mağazadan bayıra çıxarmağa nail olmuşlar. Gün ərzində əməkdaşlar mağazanın açılmasını gözləyərək ticarət mərkəzində olsalar da, mağazanın dəmir örtüyü (jalüz) bağlanması səbəbindən mağazaya daxil ola bilməmişlər. Qeyd etmək lazımdır ki, mağaza işçilərinə gün ərzində edilmiş satış pulunun kassadan haqq-hesab edilərək mağazada yerləşən seyfə qoyulmasına, hətta iş formasını dəyişib gündəlik geyimlərini geyilməsinə belə imkan verilməmiş, mağazanın qapı örtüyünün (jalüzin) pultunu almağa nail olmadıqda isə mağazaya gələn elektrik xətti AVM-nin müdriyyəti tərəfindən söndürülmüş, onlar isə bütün bu göstərişləri icarəyəverənlərdən aldıqlarını bildirmişlər. “Meqafun” AVM-nin direktoru kimi özünü təqdim edən Olena Qubanın bu özbaşınalığı nəticəsində mağazaya xeyli miqdarda ziyan dəymiş, yalnız məhkəməyə müraciət etdikdən sonra yenidən həmin obyektdə icarəçi fəaliyyətini bərpa edə bilmişdir. Hazırda həmin mübahisə ilə bağlı iş Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən baxılmaq üçün Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir. Bundan əlavə obyekt sahibləri onlara 10 dekabr 2019-cu il tarixli məktubla müraciət edərək, aralarında olan icarə müqaviləsinə birtərəfli qaydada xitam verdiklərini bildirmişlər. Əslində əgər onlar arasında olan icarə müqaviləsinə icarəyəverənlər tərəfindən birtərəfli qaydada xitam verilməsəydi, bu razılaşmanı davam etdirmək niyyətində idilər. Mövcud vəziyyət Cavabdeh1 firmasını ona dəymiş ziyanın ödənilməsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qoymuşdur. Belə ki, Cavabdeh1 firmasının təklifi əsasında “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti qiymətləndirici şirkəti tərəfindən Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 15 ünvanda yerləşən “Meqafun” Ticarət Mərkəzinin 1-ci mərtəbəsində yerləşən “Outlet” sahəsində fəaliyyət göstərən 1.285 kv.metr qeyri-yaşayış sahəsinin əsaslı təmir edilməsinə Cavabdeh1 firması tərəfindən çəkilmiş xərclər bazar qiymətinə əsasən hesablanmış və mütəxəssis rəyinə görə 15 yanvar 2020-ci il üçün 453 278 (dörd yüz əlli üç min iki yüz yetmiş səkkiz) manat təşkil etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli qətnaməsi ilə ilkin iddia qismən təmin edilərək İddiaçı və Cavabdeh1 Firması arasında Bakı şəhəri 6 nömrəli notariat kontorunda bağlanmış 15 avqust 2017-cu il tarixli borc müqaviləsinin ləğv olunması, Cavabdeh1 Firmasından 15 avqust 2017-ci il tarixli borc müqaviləsinə əsasən 27 000 (iyirmi yeddi min) ABŞ dolları məbləğində əsas, 2000 (iki min) ABŞ dolları məbləğində dəbbə borcu və 2700 (iki min yeddi yüz) ABŞ dolları məbləğində gecikmiş vaxt üçün illik beş faiz məbləği olmaqla cəmi 31 700 (otuz bir min yeddi yüz) ABŞ dollarının (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) və 30 (otuz) manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulması, Cavabdeh1 Firmasından tutulmalı olan məbləğin Xaçmaz rayonunun Sahillər qəsəbəsində yerləşən 0,403555 ha, 1,093634 ha və 2,080338 ha torpaq sahələrinə yönəldilməsi, həmin ipoteka predmetlərinin açıq hərrac yolu ilə realizə edilməsi, ipoteka predmetlərinin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin vəsaitin Cavabdeh1 Firmasına verilməsi, ipoteka predmetlərinin ilkin satış qiymətinin 53 660 (əlli üç min altı yüz altmış) manat məbləğində müəyyən edilməsi, ilkin iddianın qalan hissədə, habelə qarşılıqlı iddianın təmin edilməməsi qət olunmuşdur. Qətnamədən Cavabdeh1 Firması, Cavabdeh2 və Cavabdeh3 birgə apellyasiya şikayəti verərək onun ləğv, ilkin iddianın rədd, qarşılıqlı iddianın isə təmin olunmasını xahiş etmiş, şikayətlərini qarşılıqlı iddia ərizəsinin yuxarıda göstərilən məzmununa uyğun əsaslandırmaqla məhkəmənin işə iştirakları olmadan baxdığını, sübutlara obyektiv qiymət vermədiyini, maddi hüquq normalarını düzgün tətbiq etmədiyini, prosessual normaları pozduğunu, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən faktiki halları aydınlaşdırmadığını irəli sürmüşlər. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh2 (o, həm də Cavabdeh1 firmasının qanuni təmsilçisidir) apellyasiya şikayətini müdafiə edərək onun təmin olumasını xahiş etmiş, İddiaçı nümayəndəsi (vəkili) Vəkil3 ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verməklə şikayətin əsassız olduğunu bildirmiş, Cavabdeh3 nümayəndəsi isə məhkəməyə gəlməmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki apellyasiya baxışının hədlərini qətnamənin ilkin iddia tələblərinin qismən təmin, qarşılıqlı iddianın isə rədd olunması ilə bağlı hissələri üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni ilkin iddiaçı ümumiyyətlə mübahisələndirməyərək, əksinə onun qüvvədə saxlanılmasını xahiş etmiş, apellyatorların şikayəti isə məhz həmin hissələrin yoxlanılmasın yönəlmişdir. Bu o deməkdir ki, ilkin iddia tələbinin təmin edilməmiş hissəsi hazırkı apellyasiya baxışının predmeti deyildir. Kollegiya izahatları bu kontestdə dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanmalıdır. İşin müəyyən olunmuş halı ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh1 Firması arasında 15 avqust 2017-ci il tarixdə Bakı şəhərinin 6 nömrəli notariat kontorunda borc müqaviləsi bağlanmış, müqaviləyə əsasən İddiaçı Cavabdeh1 Firmasına 50 000 (əlli min) ABŞ dolları məbləğində pulu (Mərkəzi Bankın müəyyən etdiyi ödəniş günündəki məzənnəyə uyğun olaraq manat ekvivalenti ilə) nağd qaydada borc verməyi, Firma borcun faktiki alındığı gündən 12 (on iki) ay sonrakı təqvim günündən gec olmayaraq manat ekvivalenti ilə köçürmə və nağda qaydada borcu geri qaytarmağı öhdələrinə götürmüş, borcun geri qaytarılması gecikdirildiyi halda, Firmanın gecikdirilən hər gün üçün qalıq borcun 0,1% hissəsi qədər dəbbə pulu ödəyəcəyi razılaşdırılmış, (borc müqaviləsinin 17-ci bəndi), 15 avqust 2017-ci il tarixli 057852 seriyalı kassa mədaxil orderinə əsasən 50 000 (əlli min) ABŞ dollarının manat ekvivalenti olaraq 85 035 (səksən beş min otuz beş) manat İddiaçı tərəfindən Cavabdeh1 Firmasının hesabına mədaxil edilmişdir. İşin müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh1 Firması və zamin Cavabdeh2 arasında bağlanmış 16 avqust 2017-ci il tarixli zaminlik müqaviləsinə əsasən, borc müqaviləsi üzrə Cavabdeh1 Firmasının öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh2 zamin durmuş, İddiaçı, ipoteka qoyan və borc alan Cavabdeh1 Firması arasında Xaçmaz rayonu 1 nömrəli notariat kontorunda bağlanmış 17 avqust 2017-ci il tarixli ipoteka müqaviləsinə görə isə Cavabdeh1 Firmasının mülkiyyətində olan Xaçmaz rayonu Sahillər qəsəbəsində yerləşən 0,403555 ha, 1,093634 ha və 2,080338 ha torpaq sahələri ipoteka ilə yüklü edilmişdir. İş materiallarından həmçinin aydın olur ki, İddiaçı ilə borclu Cavabdeh1 Firması və zamin Cavabdeh3 arasında bağlanmış 10 sentyabr 2019-cu il tarixli zaminlik müqaviləsinə görə, Cavabdeh1 Firmasının öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə zamin Cavabdeh3 müvafiq öhdəlikləri öz üzərinə götürmüş, bu müqavilədə Cavabdeh1 Firması İddiaçı qarşısında 15 avqust 2017-ci il tarixli borc müqaviləsi üzrə 27 000 (iyirmi yeddi min) ABŞ dolları məbləğində borcu qaldığını etiraf etmişdir. İş materiallarından aydın olur ki, İddiaçı Cavabdeh1 Firmasına 06 noyabr 2019-cu il tarixdə bildiriş ünvanlayaraq borcun ödənilməsini tələb etmiş, əks təqdirdə qanunvericiliklə nəzərdə tutulmuş addımları atacağı barədə xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin borc verən/ipoteka saxlayan İddiaçı ünvanladığı 27 noyabr 2019-cu il tarixli məktubunun məzmunundan görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişlər daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 739.1-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə kollegiyası hesab edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və ilkin iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, ilkin iddiaçının tələbi tərəflər arasında bağlanılmış 15.08.2017ci il tarixli kredit (borc) və 17.08.2017-ci il tarixli ipoteka müqavilələrindən irəli gəlir. Mülki Məcəllənin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq Cavabdeh1 Firmasının İddiaçı 50 000 ABŞ dolları borc pul alması və həmin borcu qaytarmaq öhdəliyini götürməsi, onların arasında bununla bağlı borc və ipoteka müqavilələrinin bağlandığı, Firmanın həmin müqavilələrin şərtlərini pozaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyi nəticəsinə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri əsaslı sayıla bilməz. Belə ki, qarşılıqlı iddiaçıların həm qarşılıqlı iddia tələbi, həm də apellyasiya şikayətləri Cavabdeh1 Firmasının əslində borc almadığı, həmin müqavilənin görünüş üçün bağlandığı arqumentləri ilə əsaslandırılmışdır; hansı ki, həmin arqumentlərin əsaslı hesab olunmasına imkan verəcək hər hansı hal müəyyən olunmamışdır. Belə ki, mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1 və 339-cu maddələri). Mülki Məcəllənin 340.2-ci maddəsinə görə isə, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir və əhəmiyyətsizdir. Beləliklə, hər hansı əqdin (o cümlədən borc müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. İşin hallarından aydın olur ki, borc və ipoteka müqavilələrinə bilavasitə ilkin iddiaçı və Cavabdeh1 Firmasının səlahiyyətli şəxsi imza etmiş, müqaviləyə dair hüquqi proseslər barəsində onların hər ikisinin müqavilə tərəfi kimi azadlığı olmuş, “müqavilə azadlığı” prinsipi çərçivəsində onlar, tam sərbəst iradələri ilə hərəkət edərək müqavilə şərtləri qarşılıqlı razılıqları ilə müəyənləşdirilmiş, borc məbləği Firmanın hesabına mədaxil olunmuşdur. Xüsusilə qeyd olunmalıdır ki, əgər tərəflərin həqiqi niyyəti podrat müqaviləsi, yaxud digər müqavilə bağlamaq olsaydı, onlar notariusda iradələrini sərbəst şəkildə ifadə edib həmin müqaviləni bağlaya bilərdilər. Çünkü işin faktiki hallarından aydın olur ki, belə bir müqavilə bağlamaq üçün tərəflərə maneə törədə biləcək heç bir səbəb olmamış, ilkin iddiaçı, Cavabdeh1 Firmasını məhz borc müqaviləsi bağlamağa vadar edəcək hər hansı təsirə və ya təzyiqə məruz qoymamışdır. Həmçinin qeyd edilməlidir ki, Cavabdeh1 Firmasının müvafiq müqavilə bağlandıqdan sonrakı davranışları da qarşılıqlı iddia tələbinin əsassız hesab olunmasını şərtləndirən hal kimi nəzərdən keçirilməlidir; işin hallarından görünür ki, Firma borc aldıqdan sonra ipoteka və zaminlik müqavilələrinin bağlanması ilə əlaqədar müqavilələrin rəsmiləşdirilməsinə iştirak etmiş, aldığı borcun bir hissəsini qaytarmışdır. Kollegiya hesab edir ki, işin qeyd edilən faktiki halları qarşılıqlı iddiaçıların arqumentləri onların “hüquqdan sui-istifadə qadağası”nı pozmuş olduğu qənaətinə gəlməyə əsas verir. Nəzərə alınmalıdır ki, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, hüquq sistemi hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası hər bir şəxsdən dürüst bir insan olaraq gözlənilən davranışı ifadə edir; bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, bir təməl hüquq prinsipidir. Məhkəmə hüquqdan sui-istifadə halını müəyyən etdikdə bu qadağa ilə bağlı qanunun aşağıdakı tələblərini tətbiq etməyə borcludur. Mülki Məcəllənin 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 5.3-cü maddəsində mülki hüquq münasibətlərinin subyektlərinin öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borclu olduqları, 152.6-cı maddəsində hüquqdan sui-istifadənin mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadə olduğu təsbit edilmişdir. Həmin Məcəllənin 560-cı maddəsində də mülki hüquqların hüquqa uyğun həyata keçirilməli olduğu, hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsinin yolverilməzliyi, alqı-satqının tənasübsüz qiymətlərinə və ya əqdin digər şərtlərinə birbaşa və ya dolayısı ilə məcburetmənin hüquqdan sui-istifadə kimi qiymətləndirildiyi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 21 dekabr 2012-ci il tarixli qərarında qeyd etmişdir ki, Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsindən və 71-ci maddəsinin İİ hissəsindən irəli gələn və Mülki Məcəllənin 16-cı maddəsində təsbit olunmuş mülki qanunvericiliyin mühüm prinsiplərindən biri olan hüquqlardan sui-istifadənin yolverilməzliyi prinsipi hüququn digər sahələrində olduğu kimi ilk növbədə iki əsas cəhəti nəzərdə tutur: zərərin vurulması və qanunvericinin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüquqdan istifadə edilməsi. Oxşar mövqe X2 Məhkəməsi tərəfindən ifadə edilmiş, “Centros Ltd. Erhvervs-og Selskabsstyrelsen” işi üzrə 09 Mart 1999-cu il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, şəxs ona verilən hüququ qanunverici tərəfindən bu hüquq verilərkən nəzərdə tutulan məqsədə zidd olaraq başqalarına zərər vurmaqla qeyri-bərabər fayda əldə etmək üçün ağlabatmayan tərzdə həyata keçirirsə o, bu hüququndan sui-istifadə etmiş olur. Həmçinin qeyd olunmalıdır ki, qarşılıqlı iddiaçılar tərəfindən əqdlərin mübahisələndirilməsi üçün qanunda nəzərdə tutulmuş müddət də ötürülmüşdür. Belə ki, Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Kollegiya Mülki Məcəllənin 354.2-ci maddəsinin hüquqi mahiyyəti ilə əlaqədar həm də onu qeyd edir ki, etibarsız əqdlər üzrə müddətlər qanunvericlik tərəfindən iddia müddəti kimi müəyyən edilməmişdir. Maddənin mənasına görə, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Göründüyü qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin mövqeyi mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması, habelə MM-in 4-cü və 6-cı maddələrində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək baxımından da qanunidir. Xüsusilə qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-102/2021 saylı iş üzrə 22 fevral 2021-ci tarixli qətnaməsi mübahisələndirilən hissələrdə, yəni ilkin iddianın qismən təmin, qarşılıqlı iddianın rədd olunması hissələrində dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorlara aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-5041/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5041/2021
10.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver