Məhkəmə qərarları › İş №2(103)-5044/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5044/2021

27.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5044/2021 27.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh2 və Əkbərova X3 qarşı “pulun qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Xatıb qızı X1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 Yeni Suraxanı Bələdiyyəsində vergi müfəttişi işlədiyi dövrdən tanıdığını, yaşadığı evin yaxınlığında yerləşən torpaq sahəsi barədə Cavabdeh2 soruşduqda, sonuncunun həmin torpaq sahəsini onun üçün ala biləcəyini və torpaq sahəsində ev tikib ona verə biləcəyini bildirdiyini, Ceyhunun torpaq sahəsinin sotunun 2000 manata satıldığını, 4000 manat torpaq sahəsi, 2500 manat orada ev tikilməsinə icazə almaq, 11 000 manat isə evin tikilməsi üçün, yəni ümumilikdə 17 500 manat lazım olduğunu dediyini və həmin torpaq sahəsinə dair çıxarış göstərdiyini, torpaqla bağlı ona etibarnamə verən Ceyhuna ayrı-ayrı vaxtlarda ümumilikdə 17 500 manat verdiyini, sonradan torpağa dair cavabdehdən sənəd tələb etdikdə, onun əvvəl göstərdiyi Ççxarışın bu torpaq sahəsinə aid olmadığını bildirdiyini və onu Cavabdeh1 ilə tanış etdiyini, Cavabdeh1 torpaq sahəsinin ona məxsus olmasını və bununla əlaqədar tezliklə sənəd verəcəyini dediyini, razılaşdıqlarını və Cavabdeh2 ərazidə ev tikintisinə başladığını, bir tanışının ona həmin ərazinin heç bir sənədinin olmadığını deməsindən sonra Polis Bölməsinə şikayət etdiyini, orada verdiyi izahatda Ceyhunun ondan 17 500 manat pul aldığını etiraf etdiyini, bu faktın Suraxanı Rayon Prokurorunun böyük köməkçisi Füzuli Əliyevin 23 sentyabr 2019-cu il tarixli qərarında da öz əksini tapdığını, Cavabdeh2 ona satdığı heç bir sənəd olmayan torpaq sahəsinə və onun üzərində tikilən qanunsuz tikiliyə marağı qalmadığını bildirmiş, cavabdehlərdən 17 500 manat məbləğində pul vəsaitinin alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin olunmuş, Cavabdeh2 16 500 (on altı min beş yüz) manatın və dövlət rüsumunun əvəzi olaraq 28 (iyirmi səkkiz) manatın tutularaq İddiaçı ödənilməsi, iddianın digər hissədə təmin edilməməsi qət olunmuşdur. Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, məhkəmənin işin hallarına və sübutlara düzgün hüquqi qiymət vermədiyi, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmadığı, iddiaçının ona cəmi 14 500 manat vermiş olduğunu nəzərə almadığı arqumentləri ilə əsaslandırmışdır. İşə baxılmasının yeri və vaxtı barəsində lazımi qaydada məlumatlandırılmış Cavabdeh2, eləcə də digər Cavabdeh1 məhkəməyə gəlməmiş, məhkəmə iclasında iştirak edən İddiaçı isə apellyasiya şikayətinin əsassız olduğunu bildirərək və iddia ərizəsinin məzmununa uyğun izahat verərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın qismən təmin olunması ilə bağlı hissəsinin qanuniliyinin və əsaslılığının qismən yoxlanılması təşkil edir. Çünki iddiasının qismən təmin olunmasına baxmayaraq iddiaçı qətnamədən şikayət verməmişdir; cavabdeh isə qətnamənin ləğv olunmasını xahiş etsə də, onun apellyasiya şikayətinin dəlilləri məhz iddianın təmin olunan hissəsinin qanunsuz olmasına yönəlmişdir. Apellyasiya baxışının həddi ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilməlidir. İşin müəyyən edilmiş halına görə, iddiaçı ilə Cavabdeh2 arasında torpaq sahəsinin alqı-satqısı ilə bağlı danışıqlar aparılmaqla, Cavabdeh2 iddiaçıya 2 sot torpaq sahəsini satacağı və həmin sahənin üzərində onun üçün ev inşa edəcəyi barədə aralarında razılaşma əldə edilmiş, iddiaçı buna görə Cavabdeh2 pul vəsaiti vermiş, lakin sonuncu verdiyi vədi yerinə yetirməmişdir. İşin müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, Cavabdeh2 iddiaçının şikayəti əsasında Suraxanı Rayon Polis İdarəsinin İstintaq şöbəsində aparılan araşdırma zamanı verdiyi izahatda, 2019-cu ilin may ayında Suraxanı rayonu, Zeytunçuluq adlanan ərazidə özünə məxsus 2 sot torpaq sahəsini İddiaçı sotu 2500 manat olmaqla 5000 manata satdığını, torpaq sahəsini Laləyə satması barədə 18 nömrəli notariat kontorunda etibarnamə verdiyni, Laləyə, torpaq sahəsinin Azərbaycan Respublikası Əmlak Komitəsindən çıxarışı olduğunu dediyini, torpağı sonuncuya satdıqda ondan 4000 manat aldığını, qalan 1000 manatın sonra verilməsinə, həmçinin torpaq sahəsində tikiləcək evi özünün inşaat birqadasına tikdirəcəyi barədə razılaşdıqlarını, evi tikmək üçün Lalənin ona əlavə olaraq 10 000 manat verdiyini, həmin ərazidə Laləyə 1 mərtəbəli 8 otaqlı ev tikməyə başladığını, evin divarları inşa olunub qurtardıqdan sonra evin damı tikilməzdən əvvəl Laləyə zəng edərək “sənin məndə artıq 2500 manat pulun qalır, həmin pulun 1000 manatı sənə satdığım torpaqdan qalan borcundur” ifadələrini işlətdiyini, Lalənin isə “qalan 1500 manat pulu özündə saxla, tikintiyə icazə almaq üçün Suraxanı rayon İcra Hakimiyyətinə verərsən” dediyini, təxminən bir ay sonra özünü 25-ci PB-nin rəis müavini kimi təqdim edən Nizami adlı şəxsin ona zəng edərək Lalənin qalan 1500 manat pulunu qaytarıb ona verməsini və özünün icradan icazə alıb evi tikdirəcəyini söylədiyini, həmin şəxsə pulu ancaq Laləyə verəcəyini dediyini, daha sonra Suraxanı RPİ-nin 31-ci PB-nin təhqiqatçısı Gündüz Zeynalovun ona zəng edərək polis bölməsinə dəvət etdiyini, Lalənin onda qalan 1500 manatını qaytarması üçün Gündüz Zeynalova təhvil verdiyini bildirmişdir. Bakı şəhəri Suraxanı Rayon Prokurorluğu tərəfindən birinci instansiya məhkəməsinə ünvanlanmış məktubda göstərilmişdir ki, Cavabdeh2 İddiaçı qaytarılması üçün Suraxanı RPİ-nin 31-ci PB-nin təhqiqatçısı Gündüz Zeynalova verdiyi 1500 manat sonradan qəbzlə Cavabdeh2 özünə qaytarılmışdır. Birinci instansiya məhkəməsi məhz qeyd olunan halları, eləcə də Cavabdeh2 Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-nin təhqiqatçısı Gündüz Zeynalova izahat verdiyi zaman ona ünvanlanan suala cavab olaraq İddiaçı Suraxanı rayon İcra Hakimiyyətindən tikintiyə icazəyə görə 2500 manat məbləğində pul aldığını deməsini əsas götürməklə müvafiq nəticəyə gəlmişdir. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi qənətlə ümumən razılaşaraq qeyd edir ki, Cavabdeh2 iddiaçı qarşısında yaranmış öhdəliyi mülki qanunvericiliyin əsassız varlanma ilə bağlı müddəaları kontekstində qiymətləndirilməlidir. Belə ki, Mülki Məcəllənin 439.4-cü maddəsinə görə, öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Mülki Məcəllənin 1091-ci maddəsinə görə isə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Yuxarıda qeyd olunduğu kimi, Cavabdeh2 iddiaçıya torpaq sahəsi satmaq və həmin sahə üzərində onun üçün ev inşa etmək vədi verərək bunun müqabilində ondan pul vəsaiti alsa da, öhdəliyini yerinə yetirməmişdir. Bununla belə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh2 iddiaçıya qaytarmalı olduğu pul vəsaitinin məbləği ilə bağlı düzgün nəticəyə gəlməmişdr; çünkü iddiaçı cavabdehə 17 500 manat verdiyini iddia etsə də bu halı sübuta yetirə bilməmiş, Cavabdeh2 isə təhqiqat və prokurorluq orqanına verdiyi izahatlarda iddiaçıdan cəmi 14 000 manat aldığını etiraf etmişdir. Təhqiqatçının sualına verdiyi cavabda onun, İddiaçı Suraxanı rayon İcra Hakimiyyətindən tikintiyə icazə üçün 2500 manat aldığını bildirməsi isə, verdiyi izahatların ümumi kontekstində qiymətləndirilməlidir – hansı ki, belə qiymətləndirmə zamanı onun, İddiaçı 4000 manat və 10 000 manat olmaqla cəmi 14 000 manat aldığını etiraf etdiyi qənaətinə gəlmək mümkün olur. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 384.0.3-cü maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-838/2021 saylı iş üzrə 25 fevral 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni “Cavabdeh2 16 500 (on altı min beş yüz) manatın tutularaq İddiaçı ödənilməsi” hissəsində dəyişdirilsin. Cavabdeh2 İddiaçı xeyrinə əsassız varlanmaya görə 14 000 (on dörd min) manat tutulsun. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar