Məhkəmə qərarları › İş №2(103)-5044/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5044/2022

13.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5044/2022 13.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-nə qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin e-2(002)-1870/2022 saylı, 10 iyun 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh MMC-nə qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-1870/2022 saylı, 10 iyun 2022-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi geri qaytarılmışdır. Həmin qərardaddan iddiaçı şikayət verərək onun ləğv edilməsini xahiş etmişdir. Məhkəmənin 16 iyun 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Qaradağ Rayon Məhkəməsinin 10 iyun 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi iddia ərizəsini geri qaytararkən mövqeyinin hüquqi əsası kimi Mülki Prosessual Məcəllənin (MPM) 152.1.3-cü maddəsinə (əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə) və 35.1-ci maddəsinə (qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir) istinad etmiş, öz qərardadını belə əsaslandırmışdır ki, Qaradağ Rayon Məhkəməsinə təqdim edilən iddia ərizəsində iddiaçının yaşayış ünvanının Xətai rayonunda, Cavabdeh MMC-nin ünvanının Nizami rayonunda olduğu qeyd edilmiş, iddia ərizəsində iddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısı göstərilməmişdir. Belə olan halda, iddia ərizəsinin hazırda Qaradağ Rayon Məhkəməsi tərəfindən icraata götürülməsi mümkün deyildir Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddia ərizəsini geri qaytarmışdır. Belə ki, MPM-ə müvafiq olaraq iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür (151.1). Aidiyyət qaydalarının pozulmasına yol verilmir. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir (maddə 35.1). Əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır (152.1.3). Prosessual qanunvericiliyin tələblərindən göründüyü kimi iddia ərizəsi bir qayda olaraq cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. İddia ərizəsinin iddiaçının yaşadığı yer üzrə verilməsi üçün qanuni əsaslar olmadığı, habelə mübahisəyə müstəsna aidiyyət qaydaları tətbiq edilmədiyi halda həmin qaydaya riayət edilmədən verilmiş iddia ərizəsi məhkəmə tərəfindən geri qaytarılmalıdır. Həmçinin, Məhkəmə kollegiyası qeyd edir ki, MPM-in 36-cı maddəsində iddiaçının seçməsinə görə aidiyyət qaydaları nəzərdə tutulmuşdur. Həmin qaydalar iddiaçıya öz istəyinə görə təkcə cavabdehin olduğu yerin məhkəməsində deyil, yaşadığı yer üzrə məhkəmədə də iddia qaldırmaq hüququ verir. Qeyd olunanlar kontekstində kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarmaqla düzgün hüquqi nəticəyə gəlmişdir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-1870/2022 nömrəli, 10 iyun 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar