Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5049/2024 25.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “X5” Bakı Filialının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə (Açar sözlər: kredit borcu) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) X2 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 aprel 2024-cü il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə işə 25 sentyabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı “X5” Bakı Filialı ilə Cavabdeh1 arasında bağlanmış 14 aprel 2022-ci il tarixli, 262 №-li Kredit müqaviləsinə əsasən Bank tərəfindən Cavabdeh1 illik 19% olmaqla 36 ay müddətinə 5000 manat məbləğində kredit verilmişdir. “X5” Bakı Filialı tərəfindən verilmiş 13 dekabr 2023-cü il tarixli 2023-1668 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh1 14 aprel 2022-ci il tarixli, 262 nömrəli kredit müqaviləsi üzrə 4203.35 manat əsas borcu, 556.22 manat faiz borcu olmaqla, cəmi 4759.57 manat borcu vardır.
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı “X5” Bakı Filialı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit və kredit borcuna görə hesablanmış faizlərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 4759.57 manat (bundan 4203.35 manat vaxtı keçmiş borc, 556.22 manat faiz borcu təşkil edir) məbləğində 13 dekabr 2023-cü il tarixinə olan kredit borcunun və ödənilmiş 67.60 manat dövlət rüsumunun tutularaq “X5” Bakı Filialına ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, tərəflərindən borcalana kredit müqaviləsi üzrə öhdəlikləri yerinə yetirməsi üçün dəfələrlə yazılı və şifahi xəbardarlıqlar olunmuşdur. Lakin, borcalan kredit borcunu yerinə yetirməmişdir.
4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1330/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim P.Məmmədov) iddia təmin olunmuşdur.
5. Məhkəmə belə qənaətə gəlmişdir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən və bu fakt iş materialları ilə sübut olunduğundan, eyni zamanda zaminlik müqavilələrinə əsasən Cavabdeh2 və Cavabdeh3 borca zamin durduqlarına görə cavabdehlə birlikdə öhdəliyi icra etməli olduqları üçün, iddia tələbi təmin edilməli, cavabdehlərdən müştərək qaydada 14 aprel 2022-ci il tarixli, 262 nömrəli kredit müqaviləsinə əsasən 4203.35 manat əsas, 556.22 manat faiz borcu olmaqla, cəmi 4759.57 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445.2.1, 449.4, 470.1, 472, 739.1-ci maddələri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın onlara aid hissədə rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onlar Cavabdeh1 və onun həyat yoldaşı tərəfindən aldanmaqları ilə əlaqədar dəfələrlə həm hazırkı iş üzrə iddiaçı olan banka, həm də müxtəlif hüquq-mühafizə orqanlarına müraciət ediblər. Bank tərəfindən bu məsələnin həllində köməklik göstəriləcəyi bildirilsə də, faktiki olaraq heç bir köməklik göstərilməmişdir. Amma işin hallarından da görünür ki, məhkəmə tərəfindən işin bütün bu hallarına aydınlıq gətirilməmiş və yalnız aralarında bağlanmış zaminlik müqaviləsinə istinad olunaraq belə bir qətnamə qəbul edilmişdir. Təbii ki, bu da mülki-prosessual qanunvericiliyin ümumi prinsip və vəzifələrinə ziddir. Qanunvericiliyin tələbinə görə də tərəflər arasında rəsmiyyətdə hər hansı bir müqavilə bağlansa da, məhkəmə tərəfindən işin bütün bu halları obyektiv və ədalətli araşdırılmalı və yalnız bundan sonra tərəflərin həqiqi iradə ifadəsinə əsaslanan qətnamə qəbul edilməlidir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları
10. İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi.
11. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdehlər üzrsüz səbəbdən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
Maddə 449.4. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. İddiaçının digər cavabdehlərə qarşı olan tələbə münasibətdə isə zaminlik müqaviləsinin müddəları tətbiq olunmalıdır. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulmasıüzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
Apellyasiya baxışının hədləri
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
14. Hazırkı apellyasiya şikayətində qətnamə zaminlər - Cavabdeh2 və Cavabdeh3 tərəfindən mübahisələndirmişdir. Məhkəmə kollegiyası bunu nəzər alaraq qətnamənin əsaslılığını apellyasiya qaydasında yalnız zaminlərə qarşı iddianın təmin olunan hissəsində yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
15. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni mübahisələndirilən hissədə düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
16. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi cavabdehlər Cavabdeh2 və Cavabdeh3 hərəkətlərini öhdəliyin lazımi qaydada icra edilməməsi kimi qiymətləndirməkdə haqlı olmuş, tələb olunan həcmdə borcun onlardan tutulması barədə düzgün nəticəyə gəlmişdir.
17. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə Kollegiya qeyd edir ki, Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
18. Ona görə də iddiaçının Cavabdeh1 öhdəliyi üzrə zamin durmuş cavabdehlər Cavabdeh2 və Cavabdeh3 münasibətdə tələbi qanuni və əsaslıdır. Belə ki, yuxarıda da qeyd olunduğu kimi həmin şəxslər zaminlik müqaviləsini imzalamış, müqavilədə zaminin birgə məsuliyyəti nəzərdə tutulmuşdur.
19. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
20. Məhkəmə kollegiyası izah edir ki, hazırkı iş üzrə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan az olduğundan MPM-nin 402-ci maddəsinin tələbinə müvafiq olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.
21. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin iş üzrə 09 aprel 2024-cü il tarixli qətnaməsi cavabdehlər Cavabdeh2 və Cavabdeh3 apellyasiya şikayətləri üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.