Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-505/2022 12.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin nümayəndəsi Nümayəndə1, Cavabdeh və onun nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin Cavabdeh qarşı «pul tələbinə dair» 2(006)-4425/2021 saylı mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 iyul 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Kommersiya Bankı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7100 manat əsas borc, 833,04 manat faiz, 1,20 manat cərimə olmaqla, cəmi 7934,24 manat borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış 29.07.2020-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə illik 21 % ödəmək şərtilə 7100 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit xətti müqaviləsinin 1.1-ci bəndinə əsasən bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 26.05.2021-ci il tarixə kredit müqaviləsi üzrə "xxxx" KB ASC-yə 7100 manat əsas borc, 833,04 manat faiz, 1,20 manat cərimə olmaqla, cəmi 7934,24 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, apellyasiya şikayətində göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin etməmiş, onun qanunsuz olaraq işdən azad edilməsi və uzun müddət işsiz qalması səbəbindən ödəniş qabiliyyətinin olmamasını, bununla bağlı mübahisəyə uzun müddət məhkəmələrdə baxılmasını nəzərə almamışdır. Nəticədə, onun hüquqlarını pozan, düzgün olmayan qətnamə qəbul edilmişdir. O, durumu ilə bağlı vəziyyəti sənədlərlə və faktlarla birinci instansiya məhkəməsinin nəzərinə çatdırsa da, qeyd olunanlar nəzərə alınmamışdır. Birinci instansiya məhkəməsi toplanmış sübutları tədqiq edərkən, onlara məcmu halda hüquqi qiymət verərkən prosessual qanunvericiliyin tələblərini pozmuş, həmin sübutlara birtərəfli qaydada istinad etmiş, cəmi 20 dəqiqə olmaqla 1 dəfə keçirilmiş məhkəmə baxış iclasında yalnız birtərəfli qaydada iddia tələbinin təmin edilməsi barədə tamamilə qanunsuz və əsassız olan qətnamə qəbul etmişdir. Apellyasiya baxışı zamanı Cavabdeh, həmçinin onun nümayəndəsi hər biri ayrıayrılıqda apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi şikayəti qəbul etməyərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırkı apellyasiya baxışı zamanı iddianın qismən təmin edilməsinə dair qətnamə apellyasiya şikayəti vermiş Cavabdeh münasibətdə tam yoxlanılır. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış 29.07.2020-ci il tarixli 1503nkSTB2/20 saylı müqaviləyə əsasən bank tərəfindən borcalana 60 ay müddətinə illik 21 faizlə 7100 manat məbləğində kredit borcalanın mülkiyyətinə verilmiş, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. "xxxx" KB ASC-nin maliyyə arayışında qeyd olunmuşdur ki, Cavabdeh ilə "xxxx" KB ASC arasında bağlanmış 29.07.2020-ci il tarixli 1503nkSTB2/20 saylı müqaviləyə əsasən onun 26 may 2021-ci il tarixə "xxxx" KB ASC-yə 7100 manat əsas borc, 833,04 manat faiz, 1,20 manat cərimə olmaqla, cəmi 7934,24 manat məbləğində borcu vardır. Məhkəmə kollegiyası vurğulayır ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 noyabr 2021-ci il tarixli qərardadına əsasən iş üzrə təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizası ilə əlaqədar Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 fevral 2022-ci il tarixli 9/9539 saylı rəyində göstərilmişdir ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış 29.07.2020-ci il tarixli, 1503nkSTB2/20 saylı kredit müqaviləsi üzrə 26.05.2021-ci il tarixə kredit alan Cavabdeh kredit verən "xxxx" KB ASC-yə müqavilə üzrə hesablanmış əsas borc üzrə – 7100 manat, faiz borcu üzrə– 834 manat 22 qəpik məbləğində borcu mövcuddur. Məhkəmə kollegiyası ekspert rəyinə istinad edərək vurğulayır ki, bank tərəfindən təqdim olunmuş və birinci instansiya məhkəməsinin qətnaməsində istinad etdiyi maliyyə arayışında göstərilən əsas borc, faiz və cərimə düzgün hesablanmış, borcun məbləği borcalanın ziyanına artıq göstərilməmişdir. Birinci instansiya məhəməsində tədqiq edilmiş "xxxx" KB ASC-nin Cavabdeh ünvanladığı 14.04.2021-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh borcun ödənilməsi ilə bağlı təklif edilmiş, borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. Göründüyü kimi, "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış 29.07.2020-ci il tarixli, 1503nkSTB2/20 saylı müqaviləyə əsasən bank tərəfindən cavabdehə 7100 manat kredit limiti ayırmış, borc alan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə öhdəliyini icra etsə də, cavabdeh ödəməli olduğu kredit məbləğini banka ödəməkdən yayınmış və nəticədə onun 26 may 2021-ci il tarixə "xxxx" KB ASC-yə 7100 manat əsas borcu, 833,04 manat faiz, 1,20 manat cərimə olmaqla, cəmi 7934,24 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, tərəflər arasında öhdəlik münasibətlərinin yaranması üçün hüquqi əsas olan kredit müqaviləsi bağlanmışdır. Kreditor tərəf öhdəliyini yerinə yetirmiş, borclu tərəf isə öhdəliyini vaxtında və lazımınca icra etməmişdir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Göstərilən maddələrin məzmunundan aydın olduğu kimi, iddiaçının (kreditorun) cavabdehin (borclunun) kredit müqaviləsi üzrə ödənişi gecikdirdiyi müddətə görə cərimə və bu kredit məbləğindən istifadəyə görə faiz tələb etməsi əsaslı sayılmalıdır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarına əsasən, kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Hüquqi müəyyənlik prinsipi baxımından tərəflər arasında bağlanılan kredit müqaviləsinin şərtləri və hüquqi nəticələri elə dəqiqliklə təsvir olunmalıdır ki, müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquq və vəzifələrini müəyyənləşdirə bilməsi mümkün olsun. Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi aidiyyatı maddi hüquq normalarına istinad edərək, iddianı təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına, təqdim edilmiş sübutlara mövcud qanunvericilik normaları tətbiq edilməklə düzgün qiymət verilmişdir. İddianın təmin edilməsinə dair məhkəmə qətnaməsi qanuni və əsaslıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 15.07.2021-ci il tarixli, 2(006)-4425/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 150 manatın yarısı, yəni 75 manatı iddiaçı ”Unibank” KB ASC-dən, digər yarısı, yəni 75 manatı Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-505/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-505/2022
12.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver