Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5050/2020 24.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Qəşəmzadə Fuad Vahid oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər “xxxxxxxxxxxxxxx” MMC və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və s.” tələbinə dair iddiası üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(009)-73/2019 saylı qətnaməsindən cavabdeh MMC-nin apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı ASC cavabdehlər “xxxxxxxxxxxxxxx” MMC və Cavabdeh2 qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizələr ilə məhkəməyə müraciət edərək, nəticə etibarı ilə cavabdeh “xxxxxxxxxxxxxxx” MMC-dən ASC-nin xeyrinə 221.517,45 manat əsas, müqavilə bitən tarixə ödənilməmiş 56.942,26 manat faiz borcu, müqavilə bitən tarixdən xx.xx.2019-cu il tarixə qədər ödənilməmiş 11.457,41 manat faiz borcu və 112.568.63 manat dəbbə pulu olmaqla, cəmi 402.785,75 manat kredit borcu və 30 manat dövlət rüsumunun tutulması, tutmanın Cavabdeh2 məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 209.1 kv.m olan, 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiyməti müəyyən edilməklə əmlakın açıq hərracdan satılması, əldə olunacaq vəsait hesabına kredit borcunun ödənilməsi, əmlak satıldıqdan sonra yaşayış sahəsindən çıxmadıqda məcburi qaydada çıxarılmaları və onların yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi, satışdan əldə olunacaq vəsait tələbləri ödəməyə kifayət etmədikdə, qalan məbləğin cavabdeh “xxxxxxxxxxxxxxx” MMC-dən tutularaq ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ASC-nin «Sənaye» filialı ilə “xxxxxxxxxxxxxxx” MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 449 saylı kredit müqaviləsinə əsasən MMC-yə 250.000 manat məbləğində kredit verilmiş, müqavilənin şərtlərinə görə kredit üzrə faizlər illik 14 faizlə hesablanmış, istifadə müddəti xx.xx.2019-cu il tarixədək müəyyən edilmişdir. Kredit öhdəliyinin icrasını təmin etmək məqsədilə ASC-nin «Sənaye» filialı Cavabdeh2 arasında xx.xx.2016-cı il tarixli ipoteka müqaviləsi bağlanmış və onun mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 209.1 kv.m olan, 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsinin 8-ci bəndində pul öhdəliyinin icra edilməsinin borcverən tərəfindən vaxtından əvvəl tələb edilməsi şərtləri və 10.2-ci bəndində dəbbə pulunun müəyyənləşdirilməsi şərtləri öz əksini tapmış, həmçinin 7-ci bənddə müqavilənin qüvvədə olma müddəti borcalanın öz üzərinə götürdüyü öhdəlikləri tam həcmdə yerinə yetirdiyi vaxtadək müəyyən edilmişdir. Cavabdeh MMC kredit vəsaitinin 250.000 manat pul vəsaitindən istifadə etmiş, lakin kredit müqaviləsinin şərtlərini pozaraq kreditə hesablanmış faiz borcunu müqavilənin 6 və 7-ci bəndi ilə müəyyən edilən qaydada ödəməmişdir. Belə ki, sonuncu ödəniş xx.xx.2017-ci il tarixdə 1.166,67 manat olmaqla, sonradan cavabdeh tərəfindən ödəniş aparılmamışdır. Müqavilə üzrə öhdəliklər razılaşdırılmış qaydada icra edilmədiyi üçün MMC-dən hesablanmış kredit borcunun vaxtından əvvəl tələb edilməsi, tutmanın ipoteka predmeti olan qeyri yaşayış sahəsinə yönəldilməsi, əmlakın ilkin satış qiyməti müəyyən edilərək açıq hərrac vasitəsilə satılması, boşaldılması, istifadə hüququna xitam verilməsi zərurəti yaranmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(009)-73/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh “xxxxxxxxxxxxxxx” MMC-dən İddiaçı ASC-nin xeyrinə 221517,45 manat əsas borc, 56942,26 manat faiz borcu, 22151 manat cərimə borcu və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, tutmanın Cavabdeh2 məxsus Bakı şəhəri, Səbail rayonu, Əlibəyov Qardaşları küçəsi, 50A ünvanında yerləşən ümumi sahəsi 209,1 kv.m olan, 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 450000 manat məbləğində müəyyən edilməklə əmlakın açıq hərracdan satılması, əldə olunacaq vəsait hesabına kredit borcunun ödənilməsi, Bakı şəhəri, Səbail rayonu, Əlibəyov Qardaşları küçəsi, 50A saylı ev hərracdan satıldıqdan 1 ay sonra Cavabdeh2 həmin evdən çıxmadıqda məcburi qaydada çıxarılması və onun Bakı şəhəri, Səbail rayonu, Əlibəyov Qardaşları küçəsi, 50A saylı evdən istifadə hüququna xitam verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 manatın cavabdeh “xxxxxxxxxxxxxxx” MMC-dən tutularaq «X3» MMC-nin hesabına keçirilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 400 manatın cavabdeh “xxxxxxxxxxxxxxx” MMC-dən tutularaq «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC-nin hesabına keçirilməsi, ekspertiza tədqiqatının dəyəri olan cəmi 290 manatın dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh MMC apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən 3 dəfə məhkəmə mühasibatlıq ekspertizası keçirilmiş, 2 dəfə kredit borcu 200000 manatdan aşağı məbləğdə, 3-cü dəfə isə 259076,92 manat məbləğində hesablanmışdır. Lakin məhkəmə əvvəl keçirilmiş 2 ekspertizanın hansı səbəbdən sübut kimi qəbul edilməməsinə dair hər hansı bir əsaslandırma aparmamışdır. Buna baxmayaraq MMC cavabdeh tərəf olaraq xx.xx.2019-cu il tarixli 31238 saylı rəyi ilə razı olmadıqlarını və bundan əlavə iddiaçı tərəfindən iddia həcminin artırılması səbəbindən həmin məbləğin düzgün hesablanıbhesablanmamasının yoxlanılmasının müəyyən edilməsi üçün ekspertizanın keçirilməsini məhkəmədən xahiş etmişdir. Lakin məhkəmə tərəfindən vəsatət təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli 2(103)-11555/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(009)-73/2019 saylı qətnaməsi kredit borcunun məbləğinə aid hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(102)-848/2020 saylı Qərarı ilə cavabdeh “xxxxxxxxxxxxxxx” MMC-nin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli 2(103)-11555/2019 saylı qətnaməsi borc məbləğinin müəyyən edilməsi hissəsində ləğv edilmiş və iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər (nümayəndələri) məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə onların (nümayəndələrin) iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Həmin Məcəllənin 372.6 maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məcəlləsinin 372.7 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin hüquqi mövqeləri nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin işi yeni apellyasiya baxışına göndərərkən mövqeyi və bundan irəli gələn göstərişləri aşağıdakılardan ibarət olmuşdur: “İşin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı iddia tələbində borc məbləğinin müqavilənin bitmə tarixinədək, yəni xx xxxxxx 2019-cu ilədək müəyyən edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi də həmin tarixə özü tərəfindən borc məbləğinin müəyyən edilməsinə dair hesablama aparsa da, həmin hesablama üzrə səhv nəticəyə gəlmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi işin 21-ci vərəqində olan xx xxxxxx 2016-cı il tarixli 0449 saylı kredit müqaviləsinə əlavə kimi təsbit olunmuş “Kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəli”ndə nəzərdə tutulmuş hesablamanı nəzərə almamışdır. Həmin hesablama üzrə müqavilənin bitmə tarixinə 250.000 manat əsas borc, 70.000 manat faiz borcu, yəni cəmi 320.000 manat borc ödənilməlidir. İşin 6-cı vərəqində olan iddiaçının təqdim etdiyi arayışda əsas borcdan 28482 manat, faiz borcundan isə 40833 manat ödənildiyi göstərilmişdir. Qətnamə ilə tutulacaq məbləğ isə 221.517,45 manat əsas borc və 56.942,26 manat faiz borcu müəyyən edilmişdir. Adi hesablama üzrə həmin məbləğlərin işin 21-ci vərəqindəki ödəniş cədvəlindəki nəzərdə tutulan cəmi 320.000 manat borcdan çox olduğu müəyyən edilir.Apellyasiya instansiyası məhkəməsi müqavilənin bitmə tarixinə qədər olan borc məbləğinin müəyyən edilməsi üzrə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir.” Məhkəmə kollegiyası onu da qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kredit borcunun məbləğinə aid hissədə ləğv edilmiş və iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmışdır, odur ki, hazırda apellyasiya baxışının predmetini qətnamənin borc məbləğinin müəyyən edilməsi hissəsində yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası izahatı dinləyib, bu konteksdə apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı ASC ilə “xxxxxxxxxxxxxxx” MMC arasında xx xxxxxx 2016-cı il tarixli 449 saylı kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən bank tərəfindən “xxxxxxxxxxxxxxx” MMC-yə 36 ay müddətinə, illik 14 % ödəmək şərti ilə 250000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi İddiaçı ASC ilə “xxxxxxxxxxxxxxx” MMC və Cavabdeh2 arasında xx xxxxxx 2016-cı il tarixli ipoteka müqaviləsi bağlanmış və müqaviləyə əsasən X2 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Əlibəyov Qardaşları küçəsi, 50A ünvanında yerləşən ümumi sahəsi 209,1 kv.m. olan fərdi yaşayış evi bank qarşısında ipoteka ilə yüklü etmişdir. Birinci instansiya məhkəməsində iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuş və Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2018-ci il tarixli 1272 saylı rəyinə əsasən xx xxxxxx 2017-ci il tarixə “xxxxxxxxxxxxxxx” MMC-nin İddiaçı ASC-yə kredit borcu 164696,16 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borc üzrə 149361,69 manat, faiz borcu üzrə 15334,47 manat. Birinci instansiya məhkəməsində yenidən iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuş və Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2018-ci il tarixli 16524 saylı rəyinə əsasən xx xxx 2018-ci il tarixə “xxxxxxxxxxxxxxx” MMC-nin İddiaçı ASC-yə kredit borcu 191473,39 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borc üzrə 149361,69 manat, faiz borcu üzrə 42111,70 manat. Birinci instansiya məhkəməsində iş üzrə əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuş və Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2019-cu il tarixli 31238 saylı rəyinə əsasən “xxxxxxxxxxxxxxx” MMC-nin İddiaçı ASC-yə xx xxx 2018-ci il tarixə olan borcu 259076,92 manat məbləğində müəyyən olunur: o cümlədən: əsas borc üzrə 221517,41 manat, faiz borcu üzrə 37559,51 manat. Həmçinin qeyd edilmişdir ki, tərəflər arasında imzalanmış 449 saylı, xx xxxxxx 2016-cı il tarixli kredit müqaviləsində cərimə bəndi nəzərdə tutulsa da, bank tərəfindən təqdim edilən sənədlərdə cərimənin hesablanması ilə bağlı heç bir məlumat olmadığı üçün soruşulan tarixə cavabdeh “xxxxxxxxxxxxxxx” MMC-yə cərimə borcu hesablanmadı. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Birinci instansiya məhkəməsi əsas və faiz borcun tutulması hissəsində iddianı tam təmin etmiş, dəbbə pulunu isə azaldaraq həmin hissədə iddianı qismən təmin etmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslıdır. İş materiallarında olan Hesabdan çıxarışdan müəyyən edilir ki, xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixə qədər faiz borcundan cəmi 40.833,37 manat ödənilmiş, əsas borc üzrə isə bir dəfə elə xx.xx.2017-ci il tarixdə 28.482,55 manat ödəniş edilmişdir. Əsas borc məbləği olan 250.000 manat məbləğində kreditin gündəlik (1 gün üçün) faizləri 97,22 manat (250.000x14%/360=97,22), həmin faizlərin hesablanmalı olduğu müddət isə 426 gün, yəni kreditin verildiyi xx.xx.2016-cı il tarixdən əsas sonuncu ödənişin edildiyi xx.xx.2017-ci il tarixə qədər olduğu müəyyən edilir ki, bu da 41.416 manat (97,22x426) təşkil edir. Göründüyü kimi xx.xx.2017-ci il tarixə qədər ödənilməli olan faiz borcu 41.416 manat olduğu halda, 40.833,37 manat faiz borcu ödənilmişdir. Belə olan halda, həmin tarixə ödənilməmiş qalan faiz borcu 582,63 manat (41,416-40.883,37) təşkil etmişdir. xx.xx.2017-ci il tarixdə əsas borc üzrə 28.482,55 manat ödəniş edilmiş və həmin ödənişdən sonra əsas borc 221.517,45 manat qalmışdır. Qalıq qalmış əsas borc məbləği olan 221.517,45 manat məbləğində kreditin gündəlik (1 gün üçün) faizləri 86,14 manat (221.517,45x14%/360=86,14), həmin faizlərin hesablanmalı olduğu müddət isə 669 gün, yəni sonuncu ödənişin edildiyi xx.xx.2017-ci il tarixdən müqavilə müddətinin bitdiyi xx.xx.2019-cu il tarixə qədər olduğu müəyyən edilir ki, bu da 57.631,45 manat (86,14x669) təşkil etmişdir. Beləliklə, müqavilə müddəti bitdiyi tarixə MMC-nin əsas borcu 221.517,45 manat, faiz borcu isə 58.214,08 manat (582,63+57.631,45) olmuşdur. İddia tələbindən göründüyü kimi iddiaçı 221.517,45 manat əsas borc və 56.942,26 manat məbləğində faiz borcu tələb etmişdir. Belə olan halda Kollegiya hesab edir ki, Azərbaycan Respublikası Mülki Prossessual Məcəlləsinin 218.3-cü maddəsinin tələblərinə uyğun olaraq, birinci instansiya məhkəməsi verilmiş tələb daxilində qətnamə çıxarmaqda haqlı olmuşdur. Kollegiya hesab edir ki, borc məbləğini yuxarıda göstərilən qadyada müəyyən etmək mümkün olduğundan, bunun üçün ekspertiza tədqiqatına ehtiyac yoxdur və işdəki ekspert rəyləri hazırki işin həlli baxımından əhəmiyyət kəsb etmir. Kassasiya instansiya məhkəməsinin göstərişlərinə münasibətdə Kollegiya aşağıdakıları qeyd edir. Belə ki, Kredit müqaviləsinə əsasən, bir qayda olaraq bank (kreditor) müəyyən pul məbləğini müəyyən müddətə istifadə etmək üçün borcluya verməyi, sonuncu isə həmin vəsaiti təyinatı üzrə istifadə edib, onu razılaşdırılmış müddətdə geri qaytarmağı və istifadə üçün təyin olunmuş haqq (faiz) ödəməyi öhdələrinə götürürlər. Kredit öhdəlikləri təminatlı və ya təminatsız olmaqla, sərbəst və ya annuitet qaydada geri qaytarılma xarakteri daşıyır. Sərbəst ödəniş halında borclu hər ay faizləri öləmək şərti ilə əsas borcu kredit müqaviləsinin müddəti bitənədək istənilən vaxt ödəyə bilər. Annuitet ödənişlə götürülmüş kreditlər isə hər ay həm əsas borcun bir hissəsi, həm də həmin vaxta geri qaytarılmamış əsas borc məbləğinə hesablanmış faiz borcunun bərabər hissələrlə aylıq, rüblük və ya başqa qaydada müəyyənləşdirilən dövri ödənilməsini ehtiva edir. Bankların kreditləri əsasən annuitet qaydada geri qaytarma şərti ilə verməsi daha az riskə məruz qalmaq, borclunun ödəniş qabiliyyətini vaxtında analiz edərək ödəniş qabiliyyəti olmayan borcludan krediti ləngimədən geri tələb etmək və s. məqsədini güdür. Ancaq nəzərə almaq lazımdır ki, həm sərbəst, həm də annuitet ödəniş halında faizlər mövcud olan əsas borc qalığına hesablanır və faiz borcunun hesablanması heç də annuitet ödəniş üçün verilmiş ödəniş cədvəlindən asılı deyildir. Məsələn, borclunun hər hansı ayda ödəniş cədvəlində nəzərdə tutulmuş məbləğdən artıq əsas borcundan ödəniş etməsi növbəti aylar üçün ödənilməsi nəzərdə tutulmuş faizlərin azalmasına, az ödəniş etməsi isə faizlərin artmasına səbəb olacaqdır. Ödəniş cədvəlində göstərilən yekun faiz məbləği ödənilməsi məcburi olan yox, planlaşdırılan məbləğdir və həmin faiz məbləğinin məhz həmin həddə ödənilməsi yalnız borclu bütün ödənişlərini ödəniş cədvəlində göstərilmiş tarixlərdə və məbləğlərdə apardıqda baş verir. Əks təqdirdə, yuxarıda qeyd olunduğu kimi, ödənilən yekun faiz məbləği ödəniş cədvəlində göstərilən yekun faiz məbləğindən fərqli (az və ya çox) olacaqdır və bu da normaldır. Başqa sözlə, borclu nə qədər gec ödəniş etsə, bir o qədər çox faiz ödəmək məcburiyətindədir (müqavilə müddəti üçün normal faiz dərəcəsi ilə, müqavilə müddətindən sonra isə illik 5 faizlə). Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-73/2019 saylı iş üzrə xx xxxx 2019cu il tarixli qətnaməsi araşdırılan - borc məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Vahid Sadıqov Hakimlər Qürbət Əsgərov Azad İmanov
Məhkəmə qərarları › İş №2(103)-5050/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5050/2020
24.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver