Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5050/2021 18.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçı-cavabdeh İddiaçı1, cavabdeh-iddiaçı Cavabdeh1 iştirakı ilə, İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi barədə” ilk iddiasına, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı1 qarşı “təkzib verməklə üzr istəmə, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Səbail Rayon Məhkəməsinin 01.03.2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 və Cavabdeh2 tərəfindən birgə verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İlk iddia ərizəsində tələb olunub ki, Cavabdeh1 və Cavabdeh2 qanuna zidd hərəkətləri nəticəsində İddiaçı1 sağlamlığına vurulmuş zərərin, yəni müalicəyə sərf olunmuş xərcin əvəzi kimi 1.200 manat, mənəvi zərərin əvəzi kimi 5.000 manat Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı1 verilsin. Qarşılıqlı iddia ərizəsində tələb olunub: 1) Cavabdeh2 münasibətdə İddiaçı1 dediyi sözləri təkzib etsin və üzr istəsin, maddi zərərin əvəzi kimi 2.000 manat, mənəvi zərərin əvəzi kimi 3.000 manat İddiaçı1 Cavabdeh2 xeyrinə tutulsun; 2) maddi zərərin əvəzi kimi 5.400 manat İddiaçı1 Cavabdeh1 xeyrinə tutulsun. Qətnamə ilə qət olunub ki, ilk iddia təmin edilməsin, qarşılıqlı iddia qismən təmin edilsin, İddiaçı1 Cavabdeh2 üzr istəsin, qarşılıqlı iddianın qalan hissəsi təmin edilməsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə qarşılıqlı iddianın təmin edilməyən hissəsində ləğv edilsin, qarşılıqlı iddia tam təmin olunsun. Məhkəmə iclasında iştirak edən cavabdeh-iddiaçı Cavabdeh1 apellyasiya şikayətinin əsaslı olduğunu, iddiaçı-cavabdeh İddiaçı1 isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Cavabdeh-iddiaçı Cavabdeh2 məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Cavabdeh1 və Cavabdeh2 ər-arvad, İddiaçı1 isə onların qonşusudur. Qətnamənin bir hissəsi qarşılıqlı iddianın rədd edilməsinə aid hissəsi mübahisələndirildiyinə görə yalnız həmin hissənin əsaslılığı apellyasiya qaydasında yoxlanılmalıdır. Yoxlanılan hissəyə 3 tələb aiddir: 1) Cavabdeh2 münasibətdə İddiaçı1 dediyi sözlərin təkzib edilməsi barədə tələb 2) maddi zərərin əvəzi kimi 2.000 manat, mənəvi zərərin əvəzi kimi 3.000 manat İddiaçı1 Cavabdeh2 xeyrinə tutulması barədə tələb; 3) maddi zərərin əvəzi kimi 5.400 manat İddiaçı1 Cavabdeh1 xeyrinə tutulması barədə tələb. Yoxlanılan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. 1-ci tələblə bağlı məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 23.1-ci maddəsinə görə fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər. Qarşılıqlı iddia ərizəsində təkzib edilməsi tələb olunan ifadə (“fahişə, gəl düş, bu ağacları sənə suvardacam”) məlumat deyil, söyüşdür. Söyüşün təkzib edilməsi tələb edilə bilməz, çünki həqiqi və ya qeyri-həqiqi söyüş olmur. Söyüş ləyaqəti alçaldan ifadədir, ona görə də söyüşə görə üzr istənilməsi və mənəvi zərərin əvəzinin ödənilməsi tələb oluna bilər. Üzr istəmə ilə bağlı tələb təmin olunub. 2-ci və 3-cü tələblərlə bağlı məhkəmə qeyd edir ki, İddiaçı1 Cavabdeh1 və Cavabdeh2 maddi və mənəvi zərər vurması sübut olunmur. İşin bu halı birinci instansiya məhkəməsinin qətnaməsində düzgün müəyyən edilib və lazımi qaydada əsaslandırılıb. Ona görə də məhkəmə Mülki Məcəllənin 21 və 23-cü maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi həmin tələbləri təmin etməməklə düzgün nəticəyə gəlib. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Səbail Rayon Məhkəməsinin 01.03.2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5050/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5050/2021
18.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver