Məhkəmə qərarları › İş №2(103)-5053/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5053/2021

03.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5053/2021 03.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçının nümayəndəsi X1, Cavabdehin Cavabdeh1 iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1939/2021 saylı, 15.03.2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçının xeyrinə 13.11.2019-cu il tarixli, RBN-5448/MK_KMP saylı kredit müqaviləsi üzrə 7575,95 manat əsas borc, 4,20 manat faiz borcu, cəmi 7580,15 manat borcun və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin Nizami filialı ilə Cavabdeh1 arasında bağlanmış 13.11.2019-cu il tarixli, RBN5448/MK_KMP saylı kredit müqaviləsinə əsasən illik 1% faiz dərəcəsi olmaqla 60 ay müddətinə 7709,75 manat məbləğində borcalana kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq 13.11.2019-cu il tarixdə İddiaçı ASC-nin Nizami filialı ilə digər Cavabdeh2 arasında bağlanmış 13.11.2019-cu il tarixli, RBN-5448/MK_KMP saylı zaminlik müqaviləsi üzrə zamin kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə məsuliyyət daşıyır. Kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh1 kredit üzrə hesablanmış dəbbə pulunu, faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Cavabdeh1 kredit müqaviləsi üzrə borcunun məbləği 7575,95 manat əsas borc, 4,20 manat faiz borcu, cəmi 7580,15 manat təşkil edir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1939/2021 saylı, 15.03.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, İddiaçı ASC-nin Nizami filialı ilə Cavabdeh1 qız arasında bağlanmış 13.11.2019-cu il tarixli, RBN-5448/MK_KMP saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 13.11.2019-cu il tarixli, RBN-5448/MK_KMP saylı kredit müqaviləsi üzrə 7575,95 manat əsas borc, 4,20 manat faiz borcu, cəmi 7580,15 (yeddi min beş yüz səksən manat 15 qəpik) manat borc və iddia verilməsi üçün məhkəməyə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulması qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh1 qız apellyasiya şikayəti vermişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırır ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən işə baxılmışdırsa qətnamə apellyasiya qaydasında ləğv edilə bilər. Həmçinin, məhkəmənin nəzərinə çatdırır ki, 13.11.2019 - cu il tarixli, RBN - 5448/MK KPM saylı kredit müqaviləsi üzrə tərəfindən ,26 avqust 2020 - ci il tarixdə 33 manat, 27 yanvar 2021 - ci il tarixdə 165 manat, 20 fevral 2021 - ci il tarixdə 165 manat, 26 mart 2021 - ci il tarixdi 165 manat, ümumilikdə isə~528 manat məbləğində kredit borcu ödənmişdir. Lakin bank tərəfindən bu məbləğin borcdan çıxılması barədə məhkəməyə hər hansı bir sənəd təqdim edilməmiş və məhkəmə qətnaməsində bu hal nəzərə alınmamışdır. Qeyd etmək istərdi ki, ödədiyi məbləğlər ümümi kredit borcundan çıxılmamış və ‘İddiaçı” ASC tərəfindən kredit müqaviləsi üzrə 528 manat ödədiyi halda belə, iddia ərizəsində bu qeyd olunmamışdır.Bununlada onun ‘hüquqları pozulmasına səbəb olan qətnamə çıxanmışdır ki, qətnamənin apellyasiya qaydasında ləğvinə birbaşa əsaslar vardır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apelyasiya şikayətinin dəlillərinə istinad edərək apelyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və yeni qətnamə qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apelyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, cavabdehin qeyd etdiyi ödənişlər icra vaxtı nəzərə alınacaq, belə ki, cavabdehin qətnamə qəbul edilən vaxta 7417,25 manat əsas borcu olmuş, faiz borcu isə sıfırlanmış, bu isə bankın kredit ödənişi ilə bağlı qrafikində əksini tapmışdır. Bu səbəbdən də apelyasiya şikayətinin rədd olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Məhkəmə Kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı və iddia qismən təmin olunmalıdır. Belə ki, 1-ci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 445.1, 448.2, 472, 739-cu, maddələrinin tələblərini nəzərə alaraq, müəyyən etmişdir ki, İddiaçı ASC-nin Nizami fılialı ilə Cavabdeh1 arasında bağlanmış 13.11.2019cu il tarixli, RBN-5448/MK_KMP saylı kredit müqaviləsinə əsasən bank tərəfindən kredit alana illik 1 faiz dərəcəsi olmaqla, 60 ay müddətinə 7709,75 manat məbləğində kredit verilmişdir.Habelə, kredit müqaviləsinin təminatı olaraq, İddiaçı ASC-nin Nizami filialı ilə digər Cavabdeh2 arasında bağlanmış 13.11.2019-cu il tarixli, RBN-5448/MK_KMP saylı zaminlik müqaviləsi üzrə zamin kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür.İş materiallarına əlavə edilmiş 15.01.2022-ci il tarixli maliyyə arayışından müəyyən etmişdir ki, Cavabdeh1 müvafiq kredit müqaviləsi üzrə banka 7575,95 manat əsas borc, 4,20 manat faiz borcu, cəmi 7580,15 manat məbləğində borcu yaranmışdır. Lakin apellyasiya baxışı zamanı 25.02.2020-ci il tarixli, 26.08.2020-ci il tarixli, 27.01.2021-ci il və 20.02.2021-ci il tarixli ödəniş sənədlərindən və bankın nümayəndəsinin təqdim etdiyi ödəniş qrafikindən görünür ki, həmin ödənişlər Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1939/2021 saylı, 15.03.2021-ci il tarixli qətnaməsi qəbul edilərkən nəzərə alınmamışdır.Belə ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 1939/2021 saylı, 15.03.2021-ci il tarixli qətnaməsi qəbul edilən vaxta cavabdehlər Cavabdeh1 və Cavabdeh2 13.11.2019-cu il tarixli, RBN-5448/MK_KMP saylı kredit müqaviləsi üzrə 7575,95 manat əsas borc, 4,20 manat faiz borcu, deyil, 7417,25 manat əsas borcları olmuş, faiz borcu isə sıfırlanmışdır. Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin tələblərinə görə bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Odur ki, iddiaçı haqlı olaraq, hazırki tələblə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Beləliklə, məhkəmə Kollegiyasının gəldiyi qənaətə görə, iddia qismən təmin edilməli, 13.11.2019-cu il tarixli, RBN-5448/MK_KMP saylı kredit müqaviləsi ləğv edilməklə, cavabdehlərdən 7417,25 manat əsas borc və dövlət rüsumu olaraq ödənilmiş 30 manat iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin : 89.3-cü maddəsinə əsasən, lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apelyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1939/2021 saylı, 15.03.2021-ci il tarixli qətnaməsi ləğv olunsun. İddia qismən təmin olunsun. İddiaçı” ASC-nin Nizami filialı ilə Cavabdeh1 qız arasında bağlanmış 13.11.2019-cu il tarixli, RBN-5448/MK_KMP saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 13.11.2019-cu il tarixli, RBN-5448/MK_KMP saylı kredit müqaviləsi üzrə 7417,25 (yeddi min dörd yüz on yeddi manat iyirmi beş qəpik) manat əsas borc və dövlət rüsumu olaraq ödənilmiş 30 manat iddiaçının xeyrinə tutulsun. İddia qalan hissədə rədd olunsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar