Məhkəmə qərarları › İş №2(103)-5055/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5055/2020

23.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5055/2020 23.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Türkmənli Lamiyə Elman qızının katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-yə qarşı «pul tələbi» barədə mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(006)-3163/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı(bundan sonra, iddiaçı) cavabdeh «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASCyə(bundan sonra, cavabdeh)qarşı «pul tələbi» barədə iddia ərizəsi ilə (iddianın dəyişdirilmiş formasında) birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdeh «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-dən 30000 manat və 30000 ABŞ dolları pul vəsaitlərinin, o cümlədən 30 manat ödənilmiş dövlət rüsumunun tutulub iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, cavabdeh «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC işçisi X11 tərəfindən öz vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə iddiaçıya vurulmuş mühüm maddi zərəri ödəməkdən qanunsuz olaraq boyun qaçırır. Belə ki, xx.xx.2016-cı il tarixdən cavabdeh xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxnın əmək müqaviləsi üzrə Gəncə şəhər filialının Yeni Gəncə şöbəsinin baş mütəxəssis-əməliyyatçı vəzifəsində çalışan X11 öz qulluq mövqeyinə görə ona olan inam və etimaddan istifadə edib aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə, İddiaçı Azərbaycan X10 şəhər filialının Yeni Gəncə şöbəsində olan ******************** saylı Depozit hesabına pul vəsaiti yerləşdirmək adı ilə iddiaçıdan xx.xx.2017-ci il tarixdə 30000 manat və 30000 ABŞ dolları həmin dövrün məzənnəsi ilə 51075 manat olmaqla, ümumilikdə 81075 manat məbləğində pul vəsaitini Azərbaycan X10 şəhər filialının Yeni Gəncə şöbəsinin inzibati binasında alaraq şəxsi ehtiyaclarına xərcləməklə öz qulluq mövqeyindən istifadə edib iddiaçının külli miqdarda əmlakını aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirərək dələduzluq etmiş, həmin tarixdə pulların guya iddiaçının ******************** saylı cavabdeh xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxnda olan Depozit hesabına mədaxil edilməsi görüntüsü yaratmaq üçün bankın inzibati binasında tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil etdiyi rəsmi sənəd sayılan xx.xx.2017-ci il tarixli eyni, yəni 500 nömrəli iki ədəd bank mədaxil qəbzlərini hazırlayaraq imzası və işlədiyi xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxna məxsus möhür ilə təsdiq etməklə İddiaçı təqdim etmişdir. xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxnın əmək müqaviləsi üzrə Gəncə şəhər filialının Yeni Gəncə şöbəsinin baş mütəxəssis-əməliyyatçı vəzifəsində çalışan X5 yuxarıda sadalanan və digər cinayət əməlləri barəsində X12 Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə hüquqi qiymət verilmiş və cavabdehin əmək müqaviləsi üzrə əməkdaşı Azərbaycan Respublikası CM-in 178.3.2, 179.2.2, 179.2.3, 308.1 və 313-cü maddələri ilə təqsirli bilinərək haqqında 09 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Məhkəmənin hökmü ilə müəyyən edilmişdir ki, cavabdehin əməkdaşı X11 xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən ziddi olaraq istifadə edib etibardan sui-istifadə və aldatma yolu ilə iddiaçıya mühüm zərər vurmuşdur. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(006)- 3163/2020 saylı qətnaməsi ilə (hakim Solmaz Mustafayeva) iddia təmin olunmuşdur. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın rədd olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(103)-10822/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(102)-1430/2020 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(103)- 10822/2019 saylı qətnaməsi ləğv olunmuş, mülki iş yenidən baxılması üçün göndərilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti – birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, iddiaçıdan alınmış pulun bankın işçisi olmuş Cəlil Əlizadə tərəfindən alınması və özünə götürülməsi, banka mədaxil edilməməsi, pulun qəbul edilməsi barədə iddiaçıya iki ədəd saxda qəbz verilməsi, hökmlə bu məsələlərə aydınlıq gətirilməsi, bankla iddiaçı arasında əmanət müqaviləsinin bağlanmaması, iddiaçının adına depozit hesabının açılmaması, iddiaçıya qarşı mülki hüquq pozuntusunun bank tərəfindən deyil, onun işçisi Cəlil Əlizadə tərəfindən həyata keçirilməsi, pul vəsaitlərinin Cəlil Əlizadədən tutulmalı olması, bankın mülki məsuliyyətinin yaranmaması və s. kimi əsaslandırmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsi xahiş olunmuşdur. Tərəflərin izahatlari, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, orada göstərilənlərə uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini əsassız sayaraq, iddia ərizəsində göstərilənlərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş,məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişlər. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM)372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanmalıdır. İşdə olan Azərbaycan X10 filialı tərəfindən verilən 15.05.17-ci il tarixli, 500 saylı qəbzin surətindən görünür ki, İddiaçı Tariyel oğlu tərəfindən Azərbaycan X10 filialındakı ******************** saylı depozit hesabına 30000 ABŞ dolları mədaxil edilmişdir. İşdə olan Azərbaycan X10 filialı tərəfindən verilən 15.05.17-ci il tarixli, 500 saylı qəbzin surətindən görünür ki, İddiaçı Tariyel oğlu tərəfindən Azərbaycan X10 filialındakı ******************** saylı depozit hesabına 30000 manat mədaxil edilmişdir. İşdə olan X12 Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 1(100)-11/2019 saylı hökmünün surətindən görünür ki, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 179.2.2, 179.2.3, 308.1 və 313-cü maddələrində nəzərdə tutlan cinayət əməllərini törətməkdə təqsirli bilinməsi və ona CM-nin 46.2-ci maddəsinə əsasən 1 il 6 ay müddətə dövlət və yerli özünüidarə orqanlarında seçki və təyinentmə yolu ilə rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 7 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasının, CM-nin 179.2.2 və 179.2.3-cü maddələri ilə CM-nin 46.2-ci maddəsinə əsasən 1 il 6 ay müddətə dövlət və yerli özünüidarə orqanlarında seçki və təyinentmə yolu ilə rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 3 il müddətə azadlıqdan məhrum etmə cəzasının, CM-nin 308.1-ci maddəsi ilə CM-nin 46.2-ci maddəsinə əsasən 1 il 6 ay müddətə dövlət və yerli özünüidarə orqanlarında seçki və təyinentmə yolu ilə rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasının, CM-nin 313-cü maddəsi ilə 1 il 6 ay müddətə dövlət və yerli özünüidarə orqanlarında seçki və təyinentmə yolu ilə rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 1 il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunan əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə X7 qəti olaraq 03 il müddətə dövlət və yerli özünüidarə orqanlarında seçki və təyinentmə yolu ilə rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 9 il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. İşdə olan Gəncə Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının xx xxxx 2019-cu il tarxli qərarı ilə X11 və zərər çəkmiş şəxs X8 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, X12 Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 1(100)-11/2019 saylı hökmü məhkum X7 təyin edilmiş azadlıqdan məhrumetmə cəzası, həçminin X2 mülki iddiasına dair hissədə dəyişdirilmiş, X7 qəti olaraq 03 il müddətə dövlət və yerli özünüidarə orqanlarında seçki və təyinentmə yolu ilə rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 07 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, zərər çəkmiş şəxs (mülki iddiaçı) X2 mülki iddiasının qismən təmin edilməsi, X3 14000 ABŞ dolları alınıb X4 verilməsi qərara alınmış, hökmün qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarına əsasən, cavabdeh Azərbaycan X10 şəhər filialının Yeni Gəncə şöbəsinin baş mütəxəssis-əməliyyatçısı X11 öz qulluq mövqeyinə görə ona olan inam və etimaddan istifadə edib iddiaçının X10 şəhər filialının Yeni Gəncə şöbəsində olan ******************** saylı depozit hesabına pul vəsaiti yerləşdirmək adı ilə sonuncudan xx.xx.2017-ci il tarixdə 30000 manat və 30000 ABŞ dolları pul vəsaitini Azərbaycan X10 şəhər filialının Yeni Gəncə şöbəsinin inzibati binasında alaraq şəxsi ehtiyaclarına xərcləməklə öz qulluq mövqeyindən istifadə edib, iddiaçının külli miqdarda əmlakını aldatma və etibardan suiistifadə yolu ilə ələ keçirərək dələduzluq etmiş, həmin tarixdə pulların guya İddiaçı ******************** saylı depozit hesabına mədaxil edilməsi görüntüsü yaratmaq üçün bankın inzibati binasında bilə-bilə yalan məlumatlar daxil etdiyi rəsmi sənəd sayılan xx.xx.2017-ci il tarixli eyni, yəni 500 nömrəli iki ədəd bank mədaxil qəbzlərini hazırlayaraq imzası və xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxna məxsus möhür ilə təsdiq etməklə İddiaçı təqdim edib vəzifə saxtakarlığı törətmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-nin işçisi tərəfindən iddiaçıya maddi ziyan vurulduğundan, vurulmuş maddi ziyana görə 30000 manat və 30000 ABŞ dolları məbləğində pul vəsaiti cavabdeh «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-dən alınaraq iddiaçıya verilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlayan Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsini ləğv edib, işi yeni apellyasiya baxışına qaytararkən Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası xx xxxxxx 2020-ci il tarixli qərarında - iddiaçı tərəfindən pul məbləğinin bankın işçisi olan Cəlil Əlizadəyə verilsə də, bankla iddiaçı arasında bank əmanəti müqaviləsinin bağlanmamasını, tərəflər arasında müqavilə bağlanmadığı kimi müqavilənin şərtlərinin də müəyyən olunmamasını, Cəlil Əlizadənin aldığı pul məbləğini öz ehtiyaclarına sərf etməsini, yalnız pulun iddiaçının depozit hesabına qoyulması görüntüsü yaratmaq üçün bankdan xəbərsiz bankın möhüründən istifadə etməklə iddiaçıya yalançı qəbzlər təqdim etməsini, Cəlil Əlizadənin həmin hərəkəti ilə nəinki iddiaçını, həm də bankı aldatmasını, öz şəxsi məqsədləri üçün bankın adından istifadə etməsini və s. göstərmişdir. Qeyd edilməlidir ki, X12 Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmünə əsasən - X11 xx xxxxxx 2016-cı il tarixdən «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-nin Gəncə şəhər filialının Yeni Gəncə şöbəsinin baş mütəxəssis-əməliyyatçısı vəzifəsində işləyərkən təkrarən öz qulluq mövqeyinə görə ona olan inam və etimaddan istifadə edib aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə, tanışı Gəncə şəhər sakini İddiaçı «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-nin Gəncə filialının Yeni Gəncə şöbəsində olan ******************** saylı depozit hesabına pul vəsaiti yerləşdirmək adı ilə sonuncudan xx.xx.2017-ci il tarixdə 30000 manat və 30000 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 51075 manat olmaqla, cəmi 81075 manat məbləğində pul vəsaitini «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-nin Gəncə şəhər filialının Yeni Gəncə şöbəsinin inzibati binasında alaraq şəxsi ehtiyaclarına xərcləməklə öz qulluq mövqeyindən istifadə edib İddiaçı külli miqdarda əmlakını aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirərək təkrar dələduzluq etmiş, həmin tarixdə pulların guya İddiaçı ******************** saylı depozit hesabına mədaxil edilməsi görüntüsü yaratmaq üçün bankın inzibati binasında tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil etdiyi rəsmi sənəd sayılan xx.xx.2017-ci il tarixli eyni, yəni 500 nömrəli 2 ədəd bank mədaxil qəbzlərini hazırlayaraq imzası və işlədiyi şöbənin möhürü ilə təsdiq etməklə İddiaçı təqdim edib vəzifə saxtakarlığı törətmişdir. MPM-nin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İşin faktiki hallarından və hökmlə müəyyən olunmuş hallardan göründüyü kimi, iddiaçı xx xxx 2017-ci il tarixdə müvafiq pul vəsaitlərini (30000 manat və 30000 ABŞ dolları)«xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-yə depozitə qoymaq üçün bankın Gəncə şəhər filialının Yeni Gəncə şöbəsinə gəlmiş, orada şöbəsinin baş mütəxəssis-əməliyyatçısı vəzifəsində işləyən X11 bu məqsədlə iddiaçıdan pul vəsaitlərini qəbul edərək, ona xx.xx.2017-ci il tarixli eyni, yəni 500 nömrəli 2 ədəd bank mədaxil qəbzlərini hazırlayaraq imzası və işlədiyi şöbənin möhürü ilə təsdiq etməklə vermiş, lakin öz qulluq mövqeyindən istifadə edib dələduzluq və vəzifə saxtakarlığı cinaət əməllərini törədərək aldığı pulları şəxsi məqsəldləri üçün xərcləmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. MM-nin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-nin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-nin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. MM-nin 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. İddiaçı münasibətdə mülki hüquq pozuntusunun törədilməsi və nəticədə iddiaçıya maddi ziyan dəyməsi işin mübahisəsiz halıdır. Mübahisəli hal isə bu istiqamətdə «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-nin mülki məsuliyyətinin olub-olmamasıdır. MM-nin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. MM-nin 1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Göründüyü kimi, hüquqi şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. İşçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə mübahisəyə tətbiq olunmalı olan əsas maddi hüquq norması MM-nin 1099.1-ci maddəsi, habelə MM-nin 1099.2-ci maddəsinin «bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir» ifadəsidir.. Hazırki işin hallarında isə birmənalı olaraq müəyyən edilir ki, iddiaçıya münasibətdə X11 tərəfindən mülki hüquq pozuntusu törədilən zamanı, sonuncu əmək müqaviləsi əsasında «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-də iş görən fiziki şəxs olmuş, müvafiq pul vəsaitləri də məhz bankın (bankın Gəncə şəhər filialının Yeni Gəncə şöbəsi) müvafiq inzibati binasında alınmışdır. Yəni, iddiaçının məqsədi pul vəsaitlərini hüquqi şəxs olan «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-yə əmanətə qoymaq olmuş, bu səbəbdən də bankın inzibati binasında (bankın Gəncə şəhər filialının Yeni Gəncə şöbəsi), bankın işçisinə müvafiq pul vəsaitlərini təqdim etmişdir. Həmçinin, hökmə əsasən iddiaçıya münasibətdə X7 verilmiş ittihamlar - vəzifə saxtakarlığı, öz qulluq mövqeyindən istifadə etməklə dələduzluq əməlləri olmuşdur. Belə olan halda isə, cavabdeh öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşımalı və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Cavabdehin nümayəndəsi bunun əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmiş, etirazının əsası kimi istinad etdiyi halları əsaslandıra bilməmişdir. Halbuki, MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə xx xxxx 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Məhkəmə kollegiyası kassasiya instansiya məhkəməsinin göstərişləri üzrə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının hazırki tələbi əmənət müqaviləsi üzrə əmanətin qaytarılması və ya tələb olunması ilə bağlı deyildir. İddiaçı tələbinin əsası kimi deliktin törədilməsini göstərmiş, MM-nin 1099-cu maddəsinin dispozitiv şərtlərinə əsaslanmışdır. Bu səbəbdən də, tərəflər arasında əmanət müqaviləsinin bağlanılıb-bağlanmaması (iddiaçıdan alınmış pulun bankın depozit hesabına keçirilib-keçirilməməsi və s.) hazırki mübahisənin qanuni həlli baxımından əhəmiyyət daşımır. Bununla yanaşı, kassasiya instansiya məhkəməsi MM-nin 1099-cu maddəsinə istinad edərək qeyd etmişdir ki, X5 iddiaçıdan banka qoymaq adı ilə pul alması və mənimsəməsi onun işəgötürənin (bankın) tapşırığı əsasında yerinə yetirdiyi əmək funksiyasının icrası ilə bağlı olmamışdır. Yuxarıda da qeyd edildiyi kimi, məhkəmə kollegiyası MM-nin 1099.2-ci maddəsini təfsir edərək həmin normanın «bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir» dispozitiv şərtinin hazırki mübahisəyə aidiyyətini (tətbiqini) müəyyən edir. Həmin normanın qalan hissəsi isə («habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun») mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxslərə aiddir ki, iddaçı da əmək müqaviləsi üzrə işçi statusunda olmuşdur. Göründüyü kimi, kassasiya instansiyası məhkəməsinin göstərişləri araşdırıldıqdan sonra da iddianın əsaslı olması müəyyən edilir. Beləliklə, işin faktiki halları, tədqiq olunmuş sübutlar, qanuni qüvvədə olan məhkəmə qərarları və qanunvericiliyin qeyd edilən normalarına əsasən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Qətnamə əsaslı və qanunidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı cavabdeh «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-yə qarşı «pul tələbi» barədə mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(006)-3163/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(006)- 3163/2020 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar