Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5057/2023 28.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iş üzrə (Açar sözlər: müqaviləyə xitam verilməsi, qanunsuz tutulmuş məbləğin qaytarılması tələbi) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X3, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “müqaviləyə xitam verilməsi və qanunsuz tutulmuş məbləğin qaytarılması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1816/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra iddiaçı) ilə cavabdeh "xxxx" ASC (bundan sonra cavabdeh) arasında bağlanmış xx.xx.2014-cü il tarixli “Visa İnternational və MasterCard İnternational ödəniş sistemlərinə aid güzəştli müddətlə kredit kartından istifadəyə dair” müqaviləyə əsasən cavabdeh tərəfindən iddiaçıya 24 ay müddətinə 2.000 manat məbləğində kreditdən istifadə etmək imkanı verən kredit xətti açılmışdır. İddiaçı müqavilə ilə müəyyən edilmiş məbləği qəbul etmiş və aylıq ödənişi minimum 20 manat olmaqla istifadə edilmiş kreditin ən azı 10% həcmində ödəməyi üzərinə öhdəlik götürmüşdür. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən öhdəliyin son icra müddəti xx.xx.2016-cı il tarixi müəyyənləşdirilmiş, möhlət müddəti başa çatdıqdan sonra istifadə edilmiş kredit vəsaitinin qaytarılmadığı təqdirdə həmin məbləğə istifadə edilmiş günlərin sayına mütənasib olaraq illik 18% həcmində faiz hesabanması barədə razılığa gəlinmişdir. Həmin müqavilənin 7.3cü bəndinə əsasən cavabdehə (borc verənə) borc alanın (iddiaçının) sərəncamı olmadan ona yazılı bildiriş göndərilməklə gecikdirilmiş borcun məbləğini borc alanın hesablaşma hesablarından akseptsiz qaydada silmək (debetə yazmaq) hüququ verilmişdir. Eyni zamanda, tərəflər yazılı bildirişin göndərilməsinin poçt qəbzi vasitəsi ilə təsdiqlənməsi barədə razılığa gəlmişdilər. Müqavilənin 10.1-ci maddəsinə əsasən isə borc verən borc alanın hesablarından kredit üzrə gecikdirilmiş borcun və ondan istifadə üzrə faizlərin məbləğini aksepsiz qaydada silmək hüququna malikdir. xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən iddiaçının həmin tarixə müqavilə üzrə 1.888.16 manat məbləğində əsas borcu qalmışdır.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, "xxxx" ASC-nin Ağdaş filialı ilə aralarında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilə üzrə öhdəliyə xitam verilməsi, qanunsuz tutulmuş 1.409,90 manat pul vəsaitinin və ödənilmiş 100 manat dövlət rüsumunun ona geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə onun arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqaviləyə əsasən ona 24 ay müddətinə 2.000 manat məbləğində kredit xətti açılmış, həmin müqavilənin müddəti isə xx.xx.2016-cı il tarixdə bitmişdir. O, xx.xx.2015-ci il tarixdə sonuncu ödənişini etməklə borcunu tam olaraq bağlamışdır. Bundan sonra xx.xx.2023-cü il tarixdə onun əmək haqqından 1.409,90 manat tutulma olmuş, həmin tutulmanı araşdıran zaman ona məlum olmuşdur ki, həmin vəsaiti cavabdeh ondan məhkəmənin heç bir qərarı olmadan tutmuşdur. Halbuki, bu illər ərzində banka borcunun olması barədə ona heç bir xəbərdarlıq gəlməmişdir. Cavabdehin hərəkətləri qanuna ziddir, onun Konstitusiya və digər qanunvericilik aktlarla qorunan hüquqlarının pozulmasına yönəldilmiş hərəkətlərdir. Cavabdehin əməkdaşları tərəfindən qanunla müəyyən edilmiş hüquqlardan istifadə edilməmiş, banka borcu var idisə, ona xəbərdarlıq göndərilməmiş, borc tələbinə dair məhkəmədə iddia qaldırılmamışdır. Buna görə də cavabdehlə aralarında bağlanılmış xx.xx.2014-cü il tarixli müqavilə üzrə öhdəliyə xitam verilməli və qanunsuz olaraq bank tərəfindən tutulmuş 1.409,90 manat pul vəsaiti ona geri qaytarılmalıdır.
4. Cavabdeh "xxxx" ASC iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, iddiaçı xx.xx.2015-ci il tarixdə müqavilə üzrə son ödənişi həyata keçirdiyini və borcu tam olaraq bağladığını bildirmişdir. Halbuki, borclunun müqavilə üzrə borcu heç də həmin ödənişlə bitməmiş, həmin tarixdən sonra ödənişlər həyata keçirmədiyindən faiz borcları da artmışdır və iddiaçının həmin müqavilə üzrə bugünkü tarixə olan borcu 2.942,64 manat təşkil edir. İddiaçı müqavilə müddətinin bitməsindən 7 il sonra bank tərəfindən tutulmanın aparılmasını qanunsuz hesab etməklə bununla bağlı heç bir məhkəmə qərarının olmamasını əsas gətirir. Belə ki, iddiaçı ilə bank arasında bağlanan sözügedən xx.xx.2014-cü il tarixli müqavilənin 10.1-ci bəndinə əsasən borc verənin kredit üzrə ödəniş müddəti çatmış əsas borcun qaytarılmasını və faizlərin ödənilməsini müvafiq məbləğdə pul vəsaitlərinin borc alanın borc verəndəki bütün bank hesablarından akseptsiz qaydada silməklə təmin etmək hüququ vardır. Bu da onu deməyə əsas verir ki, müqavilədə göstərilən şərt iddiaçının özü tərəfindən də imzası ilə təsdiq olunmuşdur və hazırki halda borc verənin, yəni bankın bu tutulmanı aparması üçün hansısa məhkəmə qərarına zərurət duymaması ilə birlikdə bu hüququ birbaşa olaraq müqavilə ilə tənzimlənmişdir. Digər tərəfdən iddiaçının bankda tutulmanın yönəldilə biləcəyi məbləğ olan hər hansı hesabının olmaması, həmçinin əmək haqqı kartının "xxxx" ASC-yə yalnız 2022-ci ilin dekabr ayında keçməsi səbəbindən borc verən artıq həmin kart hesabına gələn ilk əmək haqqından aksepsiz silinmələr aparmışdır. İddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551.2.1-ci maddəsinə əsaslanaraq kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblərin beş il keçdikdən sonra qüvvəsini itirməsi və beləliklə, onunla bağlanan müqavilənin vaxtının bitməsindən 7 il keçdiyini nəzərə alaraq tutulmanın qanunsuz hesab olunmasını tələb etmişdir. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci fəslinin 5-ci paraqrafı qanunverici orqan tərəfindən təkmilləşdirilənədək, öhdəliklərdən, o cümlədən vaxtaşırı ödəmələrdən irəli gələn tələblərə münasibətdə həmin Məcəllənin 18-ci fəsli ilə nəzərdə tutulmuş iddia müddətləri tətbiq edilməlidir. Qeyd olunan 18-ci fəslə nəzər yetirsək, orada da məhz məhkəməyə iddia vermək müddəti İlə bağlı normalar qeyd olunmuşdur. Hazırki halda Bankın iddiaçıya qarşı məhkəmə qaydasında hər hansı iddia tələbi yoxdur və iddiaçıdan ödənilməmiş borcun tələb edilməsi müqaviləyə uyğun olaraq həyata keçirilməkdədir.
5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1816/2023 nömrəli, xx.xx.2023cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh "xxxx" ASC-dən 1.409.90 manat pulun və dövlət rüsumuna görə ödənilmiş 34.10 manat pulun tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun qalan 65.90 manat hissəsinin iddiaçıya aid edilməsi qət edilmişdir (hakim X10)
6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında xx.xx.2014-cü il tarixdə bağlanılmış “Visa İnternational və MasterCard İnternational ödəniş sistemlərinə aid güzəştli müddətlə kredit kartından istifadəyə dair” müqavilənin 13.2-ci bəndində göstərilmişdir ki, müqavilə üzrə borc alanın öz üzərinə götürdüyü öhdəliklər borc alan və ya üçüncü şəxs tərəfindən vaxtında tam həcmdə yerinə yetirildikdə və ya vaxtından əvvəl tam həcmdə yerinə yetirildikdə müqaviləyə xitam verilir. Həmçinin cavabdeh tərəfindən təqdim olunmuş maliyyə arayışına əsasən iddiaçının xx.xx.2014-cü il tarixli müqavilə üzrə 1.888,16 manat öhdəliyi vardır. Müqavilə üzrə öhdəliyin icrası iddiaçı tərəfindən sübut edilmədiyindən, məhkəmə həmin hissədə iddianı təmin etməmişdir. Həmçinin, qeyd edilmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin 7.3-cü bəndinə əsasən borc verənə hüquq verilir ki, borc alanın sərəncamı olmadan ona yazılı bildiriş göndərilməklə gecikdirilmiş borcun məbləğini borc alanın hesablaşma hesablarından akseptsiz qaydada silsin (debetə yazsın). Bu halda yazılı bildirişin göndərilməsini poçt qəbzi təsdiqləyir. Cavabdeh tərəfindən iddiaçının hesablaşma hesabından 1.409,90 manatın akseptsiz qaydada silinməsi zamanı iddiaçıya bildiriş göndərilməsi barədə hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən məhkəmə iddia tələbini bu hissədə əsaslı hesab etməklə təmin etmişdir.
7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci, 417.1-ci, 417-ci, 442-ci, 527-ci, 739-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci, 217.4-cü maddəsinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh "xxxx" ASC həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilən hissəsində ləğv edilməsini və həmin hissədə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qanunvericilik fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək hüququ vermişdir. Lakin məhkəmə bunu nəzərə almamış, tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilədə göstərilən bir sıra bəndlərin mahiyyətini düzgün müəyyənləşdirmədən əsassız qətnamə çıxarmışdır. Belə ki, tərəflər arasında xx.xx.2014-cü il tarixdə bağlanılmış “Visa İnternational və MasterCard İnternational ödəniş sistemlərinə aid güzəştli müddətlə kredit kartından istifadəyə dair” müqavilənin 7.3-cü bəndinə əsasən borc verənə hüquq verilir ki, borc alanın sərəncamı olmadan ona yazılı bildiriş göndərilməklə gecikdirilmiş borcun məbləğini borc alanın hesablaşma hesablarından akseptsiz qaydada silsin (debetə yazsın). Bu halda yazılı bildirişin göndərilməsini poçt qəbzi təsdiqləyəcəkdir. Həmçinin həmin müqavilənin 10.1-ci maddəsində göstərilmişdir ki, Borc verən Borc alanın hesablarından kredit üzrə gecikdirilmiş borcun və ondan istifadə üzrə faizlərin məbləğini aksepsiz qaydada silmək hüququna malikdir. Göründüyü kimi müqavilədə bir-biri ilə oxşarlıq təşkil edən iki maddə mövcuddur və maddələrən birində bildirişin göndərilməsi nəzərdə tutulsa da, digər maddədə belə bir bənd mövcud deyildir. Məhkəmə bu kolliziyanın açıqlanmasını təmin etmədən birtərəfli qaydada qətnamə çıxarmışdır. Belə ki, müqavilənin 7.3-cü bəndində məhz “hesablaşma hesabları” ifadəsi, 10.1-ci maddəsinə əsasən sadəcə “hesablarından” ifadəsi qeyd olunmuşdur. Bu ifadələr arasındakı fərq ondan ibarətdir ki, hesablaşma hesabları dedikdə məhz Bankla müqavilə bağlanarakən borclu tərəfindən təqdim olunan və tutma aparılacağı zaman yönəldilmə aparılacaq hesablaşma hesablarından (həmin vaxt banka təqdim olunmuş əmək haqqı, pensiya və s. hesablar) söhbət gedir və məhz həmin zaman banka təqdim olunan hesablardan tutmanın aparılması nəzərdə tutulmuşdur. Digər bölmə, yəni “Borcverənin hüquqları” adlı bölmədə qeyd olunan 10.1-ci maddədə isə sadəcə “hesablarından” ifadəsi qeyd olunmuşdur. Bu isə o deməkdir ki, borclunun sırf müqavilə zamanı təqdim etmədiyi və ya təqdim etmək istəmədiyi, gələcəkdə bankda mövcud ola biləcək hesablarından aksepsiz qaydada silinmə aparıla bilər və bunun üçün hər hansı bildirişin göndərilməsi nəzərdə tutulmamışdır. Hazırki halda iddiaçıdan müəyyən dövr ərzində heç bir tutulma aparılmamış, buna səbəb sonuncunun həmin təqdim etdiyi hesablaşma hesablarında heç bir dövriyyənin olmaması olmuşdur. Təsadüfi deyil ki, iddiaçıdan məhz xx.xx.2023-cü il tarixdə, yəni müqavilə bağlanan zaman təqdim edilməyən, yalnız xx.xx.2022-ci il tarixində açılan əmək haqqı hesabından aksepsiz qaydada tutulma aparılmış və bu da müqavilənin yuxarıda göstərilən 10.1-ci maddəsinə əsasən hər hansı bildiriş göndərilmədən və buna zərurət duyulmadan aparılmışdır. Lakin məhkəmə bu halların heç birini araşdırmadan birtərəfli formada qərar qəbul etmişdir. Məhkəmə yalnız qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Lakin hazırki iddia tələbi üzrə məhkəmə qanunvericiliyin qeyd olunan normalarını pozmuşdur. Belə ki, məhkəmə öz qətnaməsində qeyd etmişdir ki, cavabdeh tərəfindən iddiaçının hesablaşma hesabından 1.409,90 manatın akseptsiz qaydada silinməsi zamanı iddiaçıya bildiriş göndərilməsi barədə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Halbuki iddiaçı özü iddia ərizəsində müqavilə üzrə heç bir borcunun olmadığını, sonuncu ödənişi xx.xx.2015-ci il tarixdə ödədiyini bildirmiş, borcunu bağlamasına baxmayaraq ondan artıq pul tutulduğunu qeyd etmiş və məhz bu səbəbdən müqaviləyə xitam verilərək tutulmuş pulun geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tutulmanın aparılma qaydası və formasını mübahisələndirməmiş, tutulan pulun geri qaytarılmasını borcun olmadığının müəyyən olunmasının və müqaviləyə xitam verilməsinin nəticəsi olaraq tələb etmişdir. Məhkəmə qətnaməsi ilə iddia tələbi müqavilənin xitam verilməsi hissəsində təmin olunmamış və buna iddiaçının borcun olmamasını sübut edən hər hansı sənəd təqdim etməməsini, həmçinin bank tərəfindən təqdim olunan maliyyə arayışına əsasən sonuncunun banka faktiki borcunun olmasını əsas gətirmişdir. İddiaçının iddia tələbinin birinci hissəsi rədd olunmasına və heç bir qanuni əsasının olmamasına baxmayaraq məhz bu tələbin nəticəsindən irəli gələn digər tələb – tutulan pulun geri qaytarılması hissəsi məhkəmə tərəfindən təmin olunmuş və bununla da iddia tələbindən kənara çıxılmışdır. İddiaçı öz iddia tələbində pulun qaytarılmasının əsası olaraq tutulma proseduru ilə bağlı hər hansı narazılığını deyil, məhz borcun olmamasına istinad etsə də, məhkəmə bunu nəzərə almamış, iddia tələbindən kənara çıxmış və bu kənaraçıxma qanunla müəyyən olunan müstəsna hallara aid olmamış, həmçinin məhkəmə müstəsnalığın nədən ibarət olmasını əsaslandırmamışdır. Məhkəmə çəkişmə prosesini təmin etməli, işin nəticəsinə təsir edə biləcək bütün halları tərəflərlə müzakirə etməli, öz sübut və əsaslarını təqdim etməyə şərait yaratmalı və nəticələri barədə tərəfləri məlumatlandırmalıdır. Lakin məhkəmə sözügedən tələbləri pozmuş və işi hərtərəfli araşdırmadan qətnamə qəbul edilmişdir. Belə ki, istər məhkəmə iclasları ilə bağlı tərtib olunan protokollarda, istərsə də qanunvericiliyin tələbinə əsasən video-müşahidə yazı ilə aparılması zamanı məhkəmə tərəfindən hazırki iddianın təmin olunmasına əsas olan hissə-bank tərəfindən aksepsiz silinmə ilə bağlı bildirişin cavabdehə göndərilməməsi ilə bağlı hər hansı müzakirə olmamış, iddiaçının bu məsələni mübahisələndirməməsinə baxmayaraq, cavabdehdən sözügedən müqavilə bəndinin aydınlaşdırılması, həqiqətən də, bildirişin göndərilməsinin zəruri olub-olmaması, həmin bəndin hazırda nəzərdə tutulandan başqa mənasının mövcudluğu, yaxud bank tərəfindən bildirişin göndərilməsi ilə bağlı hər hansı sübutunun olub-olmaması aydınlaşdırılmamışdır. Cavabdeh olaraq bank bu məsələdən yalnız yekun məhkəmə aktı elan olunarkən xəbərdar olmuş, ona çəkişmə prinsipinə əsasən öz müdafiəsini qurmaq və işin obyektiv halını araşdırmaq məqsədilə hər hansı araşdırma aparmaq imkanı tanınmamışdır. Bəlkə də, məhkəmə icraatı zamanı cavabdeh araşdırma apararaq həmin müqavilə bəndinin mahiyyəti ilə bağlı aydınlaşdırma gətirəcək və ya sözügedən sübutu – bildirişi məhkəməyə təqdim edəcəkdi. Lakin nə iddiaçı belə bir tələblə çıxış etməmiş, nə də məhkəmə iş icraatda olduğu zaman belə bir halın aydınlaşdırılması üçün cavabdehə imkan yaratmamışdır. Məhkəmə banka öz müdafiəsini lazımi qaydada qurmaq və öz sübutlarını təqdim edə bilmək üçün imkan yaratmamış, çəkişmə prinsipi zamanı müzakirə etmədiyi məsələ ilə bağlı tam və hərtərəfli araşdırma aparmadan iddianın təmin olunan hissəsində qanunsuz qətnamə çıxarılmasına zəmin yaratmışdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə iclasında iştirak etmiş cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X6 apellyasiya şikayətini müdafiə edərək, onun məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
12. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə kollegiyası apellyasiya şikayətinə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 529.3-cü maddəsinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.1-ci maddəssinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır; 402.1-ci maddəsinə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
16. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
17. Hazırkı apellyasiya şikayətində qətnamənin iddianın təmin edilən hisssəsində ləğv edilməsi və həmin hissədə iddianın rədd edilməsi xahiş olunduğundan, qətnamə yalnız mübahisələndirilən, yəni iddianın təmin edilən hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası cavabdeh tərəfi dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırıb, hеsаb еdir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gələrək, tərəflər arasında yaranmış münasibətləri tənzimləyən maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Bu səbəbdən iddiaçının əmək haqqı kartından tutulmuş pulun qaytarılması ilə bağlı qətnamədə göstərilmiş dəlillər işin hallarına uyğun hesab edilə bilməz.
19. Belə ki, iddiaçı xx.xx.2014-cü il tarixli müqavilə üzrə xx.xx.2015-ci il tarixdə sonuncu ödəniş etməklə borcunu tam olaraq bağlamasına, yəni üzərinə götürdüyü öhdəliyi tam icra etməsinə əsaslanmaqla, xx.xx.2023-cü il tarixdə əmək haqqından 1.409.90 manat tutulmasının qanunsuz olması qənaətindədir. Belə ki, həmin tutulma məhkəmə qərarı olmadan, ona bu barədə öncədən xəbardarlıq edilmədən baş vermişdir.
20. Birinci instansiya məhkəməsi isə hesab etmişdir ki, cavabdeh xx.xx.2014-cü il tarixli müqavilənin 7.3-cü bəndinin tələblərinə riayət etmədiyindən, yəni iddiaçının əmək haqqından tutmanı sonuncuya öncədən bu barədə yazılı bildiriş göndərmədən apardığından, həmin hissədə iddia əsaslıdır.
21. Göründüyü kimi, iddiaçının tələbinin faktiki əsasını cavabdeh tərəfindən müqavilənin 7.3-cü bəndinin pozulması (tutulmanın öncədən bildiriş verilmədən aparılması) deyil, öhdəliyin icra olunması, bununla da cavabdehə hər hansı məbləğdə borcunun qalmaması halı təşkil etdiyi halda, məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən iddiaçının hesablaşma hesabından 1.409,90 manatın akseptsiz qaydada silinməsi zamanı iddiaçıya bildiriş göndərilməsi barədə hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən iddia tələbi bu hissəsi əsaslıdır.
22. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə iddiaçının bildirdiyi işin faktiki əsaslarından asılıdır və bu əsasları dəyişdirə bilməz.
23. Belə ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 avqust 2012-ci il tarixli Qərarında bununla bağlı aşağıdakı hüquqi mövqe sərgilənmişdir: “Qüvvədə olan prosessual qanunvericilikdə iddianı fərdiləşdirən iki elementə rast gəlmək olar: iddianın predmeti və onun əsası (məsələn, MPM-in 53, 153-cü maddələri). Bu elementlər nəinki iddianı, həmçinin iş üzrə prosesin özünü konkretləşdirməyə, onun həcmini, xarakterini, məhkəmənin fəaliyyətinin istiqamətini və xüsusiyyətlərini müəyyən etməyə imkan verir. Prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. İddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur. İddianın faktiki əsasını göstərməklə yanaşı, iddiaçı qanuna və digər normativ-hüquqi aktlara, cavabdeh tərəfindən pozulduğunu güman etdiyi hüquq normasına istinad etməyə də haqlıdır. Bu iddianın hüquqi əsasını təşkil edir.”
24. Hazırki işdə məhkəmə iddiaçının “qanunsuz tutulmuş 1.409,90 manat pul vəsaitinin qaytarılması” tələbini məhz irəli sürülmüş iddianın faktiki əsasları həddində yoxlamalı idi, yəni həmin pul vəsaitinin geri qaytarılması barədə məhkəmə yalnız o halda qərar qəbul edə bilərdi ki, iddiaçı kredit borcunu xx.xx.2015-ci il tarixdə tam bağladığını sübut etmiş olsun. Lakin, iddiaçı bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. İş materiallarında olan muhasibatlıq sənədlərindən isə əksinə, iddiaçının həmin müqavilə üzrə cavabdehə hələ də borcunun olduğu müəyyən edilir.
25. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1816/2023 nömrəli, xx.xx.2023cü il tarixli qətnaməsi qismən, yəni iddianın qismən təmin edilən (pulun və dövlət rüsumunun tutulması) hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə çıxarılmalı, iddia həmin hissədə rədd edilməlidir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdeh "xxxx" ASC-yə aid edilməlidir.
26. Göstərilənlərlə yanaşı məhkəmə kollegiyası onu da qeyd edir ki, hazırki iddianın (mübahisələndirilən hissədə) rədd olunması, iddiaçının yeni məzmunda iddia qaldırmaq hüququnu istisna etmir.
27. Eyni zamanda, məhkəmə kollegiyası o halı da vurğulayır ki, hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti məbləğ etibarı ilə beş min manatdan az olduğundan, qətnamədən kassasiya şikayəti verilə bilməz.
28. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 385-ci, 392-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1816/2023 nömrəli, 07.06. 2023-cü il tarixli qətnaməsi qismən, yəni iddianın qismən təmin edilən (pulun və dövlət rüsumunun tutulması) hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə çıxarılsın. İddia həmin hissədə rədd edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdeh "xxxx" ASC-yə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.