Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-506/2021 12.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamalıyev Fərid Seyfulla oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı İKB ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-712/2020 saylı, xx.xx.2020ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İddiaçı İKB ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı İKB ASC-nin xeyrinə xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə 4757,95 ABŞ dolları əsas borc, 6331,63 ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 11089,58 ABŞ dolları borcun və 30 manat ödənilməmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı İKB ASC-dən illik 24 faizlə 24 ay müddətinə 14290 ABŞ dolları kredit götürmüşdür. xx.xx.2016-cı il tarixli Əlavə Sazişə əsasən kreditin müddəti xx.xx.2020ci il tarixədək təyin edilmişdir. Borcun təminatı olaraq Cavabdeh2 ilə xx xxxxxx 2015-ci il tarixli zaminlik müqaviləsi müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməmişdir. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-712/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə 4757,95 ABŞ dolları əsas və 6331,63 ABŞ dolları faiz borcu olmaqla, cəmi 11089,58 (on bir min səksən doqquz dollar, əlli səkkiz sent) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində pulun tutularaq, İddiaçı İKB ASC-yə ödənilməsi, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehlərə aid edilməklə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 30 (otuz) manat pulun İddiaçı İKB ASC-nin xeyrinə tutulması, ekspertiza tədqiqatının dəyəri 150 (yüz əlli) manat məbləğində pul vəsaitinin cavabdehlərə aid edilməklə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 150 (yüz əlli) manat pul vəsaitinin tutularaq, dövlət büdcəsinə ödənilməsi qət edilmişdir (sədrlik edən: Rəşad Cavadzadə). Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-712/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında 24 (iyirmi dörd) ay müddətinə 14 290 ABŞ dolları məbləğində kredit müqaviləsi imzalanmışdır. Müqavilənin təmini üsulu kimi Cavabdeh2 ilə İddiaçı İKB ASC arasında zaminlik müqaviləsi imzalanmışdır. Kredit müqaviləsi üzrə Cavabdeh1 üzərinə düşən öhdəlikləri yerinə yetirmişdir. Bank tərəfindən təqdim edilən arayışda yazılan məbləğlər hədsiz dərəcədə şişirdilmiş və düzgün hesablanmamışdır. Həmçinin məbləğlərlə bağlı ekspertiza kcçirlməsinə baxmayaraq ekspert Bankdan heç bir sənəd tələb etmədən işdə olan arayışa əsaslanaraq rəyi vermişdir. Ekspert tərəfindən Bankdan Cavabdeh1 adına olan hesabdan çıxarış nəticəsində rəy verməli olduğu halda sadəcə iş materialları nəticəsində rəy tərtib edilmişdir. Cavabdeh1 tərəfindən bank tərəfindən məhkəməyə müraciət olunduqdan sonra ödənişlər olsa da ekspert buna qiymət verməmişdir. Həmçinin ekspert tərəfindən tərtib olunan rəy səhv tərtib olumuşdur. xx xxxxxx 2020-ci il tarixli ekspert rəyinə fikir verildikdə ümumi borc manat şəklində göstərilmiş sonra ABŞ dolları qeyd edilməsi görünür. Bundan başqa, birinci instansiya məhkəməsi ödənilən məbləğlərə heç bir qiymət verməmiş Bank tərəfindən təqdim olunan və ekspert tərəfindən yanlış tərtib olunan rəyə əsaslanaraq qətnamə çıxamışdır. Tərəflərin izahatları: Kollegiya iclasının vaxtı və yeri barədə cavabdehlərə lazımi qaydada məlumat verilməsinə bamayaraq cavabdehlər kollegiya iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi D.Əliyeva Apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi: Belə ki, iş materiallarında olan İddiaçı İKB ASC ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli bank hesab, kredit və zaminlik müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh1 illik 24 faizlə 24 ay müddətinə 14290 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh2 əsas cavabdehin öhdəliklərini yerinə yetirməyəcəyi və ya lazımınca yerinə yetirməyəcəyi təqdirdə bank qarşısında onunla bərabər qaydada məsuliyyət daşıyacağını bildirmişdir. İş materiallarında olan xx xxxxxx 2015-ci il tarixli kassa məxaric orderinin surətindən görünür ki, həmin tarixdə Cavabdeh1 bankdan 14290 ABŞ dolları məbləğində pulu şəxsiyyət vəsiqəsini təqdim etməklə və şəxsən imza çəkməklə təhvil almışdır. İş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 həmin tarixədək banka 4757,95 ABŞ dolları əsas borc, 6331,63 ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 11089,58 ABŞ dolları məbləğində kredit borcu yaranmışdır. İş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli xəbərdarlıq məktubundan məlum olur ki, cavabdehlər kredit müqaviləsinin şərtlərini pozmuş, borc öhdəliyini icra etməmiş və iddiaçı tərəf borcun ödənilməsi ilə bağlı müvafiq tədbirlər görüləcəyi barədə cavabdehlərə xəbərdarlıq etmişdir. Məhkəmənin qərarı əsasında aparılmış və mülki iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2654 saylı, xx xxxxxx 2020-ci il tarixli ekspert rəyində göstərilir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış və xx xxxxxx 2015-ci il tarixli 1-MZ-1-0-345-15 saylı kredit müqaviləsinin şərtləri əsas götürməklə Cavabdeh1 xx xxxxxx 2019-cu il tarixə banka olan borcu ümumilikdə 11159,32 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borc üzrə - 4757,95 ABŞ dolları, faiz borcu üzrə - 6401,37 ABŞ dolları. Hüquqi dəyərləndirmə: Kollegiya işin mahiyyəti ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Kollegiya iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə araşdırıb, qeyd edilən hüquq normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, borclu Cavabdeh1 bankdan tələb olunan məbləğdə borc götürmüş və borc götürən zaman imzaladığı kredit müqaviləsinə əsasən həmin məbləği qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin digər tərəfi olan İddiaçı İKB ASC (kreditor) müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirərək, müqavilədə nəzərdə tutulmuş kredit məbləğini cavabdehə vermişdir. lakin, Cavabdeh1 (borclu) bank qarşısında yaranmış öhdəliyi icra etməyərək tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərini və Mülki Məcəllənin tələblərini pozmuşdur. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Qeyd edilən normanın tələbinə əsasən, kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, iddia tələbi Cavabdeh2 münasibətdə də təmin edilməlidir. Kollegiya qeyd edilməsini zəruri hesab edir ki, iddiaçı iddia ərizəsində faiz borcunun 6331.63 ABŞ dolları məbləğində olduğunu qeyd etmiş, lakin birinci instansiya məhkəməsində icraat zamanı keçirilmiş ekspertiza tədqiqatının nəticəsində faiz borcunun 7.210.22 ABŞ dolları olması müəyyən edilmişdir. Buna baxmayaraq, kollegiya hesab edir ki, faiz borcu iddiaçının iddia ərizəsində qeyd edildiyi məbləğdə tutulmalıdır. Çünki, məhkəmə iddia ərizəsinə iddia tələbinin həcmində baxmağa haqlıdır. Belə olan halda, iddiaçı iddia tələbində faiz borcunu 7.210.22 ABŞ dolları məbləğində göstərmədiyindən, birinci instansiya məhkəməsi iddia ərizəsində göstərilən 6331.63 ABŞ dolları məbləğində faiz borcunun ödənilməsini qət etməklə doğru nəticəyə gəlmişdir. Eyni zamanda, Mülki Prosessual Məcəllənin 101.7-ci maddəsinə görə, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Ekspertin hesabdan çıxarışlar olmadan rəy verməsi ilə bağlı cavabdehin apellyasiya şikayətinin dəlilinə münasibətdə kollegiya qeyd edir ki, Mülki Prosessual Məcəllənin 101.3cü maddəsinə görə, ekspert rəy verilməsi üçün əlavə tədqiqat materiallarının təqdim edilməsinə zərurət olduğunu müəyyən etdikdə, ekspertiza təyin edilməsi haqqında məhkəmənin qərardadının məhkəmə ekspertizası idarəsinə daxil olduğu vaxtdan 5 gündən gec olmayaraq bu barədə məhkəməyə vəsatət göndərir. Vəsatətdə tələb olunan tədqiqat materiallarının dəqiq və tam siyahısı göstərilir. Qeyd edilən normanın məzmunundan aydın olur ki, espert xüsusi biliyə malik olan şəxs olaraq tədqiqat materialları rəy verilməsi üçün kifayət etmədikdə, bu barədə məhkəməyə vəsatətlə müraciət edir. Lakin iş materiallarından görünür ki, belə bir vəsatət birinci instansiya məhkəməsinə daxil olmamışdır. Bank tərəfindən məhkəməyə müraciət olunduqdan sonra cavabdeh tərəfindən edilən ödənişlərin ekspert tərəfindən nəzərə alınmamasına dair cavabdehin apellyasiya şikayətinin dəlilinə münasibətdə kollegiya qeyd edir ki, cavabdeh sonradan ödəniş etməsini təsdiq edən hər hansı sənədi məhkəməyə təqdim etməmiş və bu halı təsdiq edən sübut iş materiallarında aşkar edilməmişdir. Odur ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan qətnamənin ləğvinə səbəb ola bilməz. Qeyd edilənlərə əsasən, kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə 4757,95 ABŞ dolları əsas və 6331,63 ABŞ dolları faiz borcu olmaqla, cəmi 11089,58 (on bir min səksən doqquz dollar, əlli səkkiz sent) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində pul tutularaq, İddiaçı İKB ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-477/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-506/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-506/2021
12.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver