Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5060/2021 22.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X2, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcunun ödənilməsi və tutmanın girov predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli 2(001)-1137/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Nikoyl” X1 (hazırda İddiaçı ASC) 6 saylı filialı ilə Cavabdeh arasında bağlanmış 27 dekabr 2013-cü il tarixli 17-A-1-0-7331-13 saylı kredit müqaviləsi üzrə ödənilməmiş 5209,44 manat əsas borc, müqavilə müddətinin başa çatma tarixinə, yəni 27 dekabr 2018-ci il tarixinə ödənilməmiş 4091 manat faiz borcu və həmin günə hesablanmış 5170,36 manat dəbbə pulu olmaqla, ümumilikdə 14470,08 manat pulun, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması, tutmanın kreditin təminatı kimi girov qoyulmuş cavabdehə məxsus “DAEWOO GENTRA” markalı, Az **-GL-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracda satılması və satışdan əldə ediləcək məbləğdən iddia tələbi həcmində iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli 2(001)- 1137/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, 27 dekabr 2013-cü il tarixli 17-A-1- 0-7331-13 saylı kredit müqaviləsi üzrə 5209,44 məbləğində əsas borc, 4091 manat məbləğində faiz borcu, 200 manat cərimə olmaqla, cəmi 9500,44 manat məbləğində borcun və ödənilmiş dövlət rüsumunun 20 manatının Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, tutmanın Cavabdeh məxsus ipoteka ilə yüklü edilmiş “DAEWOO GENTRA” markalı, Az **-GL-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərrac yolu ilə satılaraq əldə olunan vəsaitdən 9500,44 manat pulun İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, qalan məbləğin Cavabdeh qaytarılması qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, o, qeyd edilən müqavilə üzrə 11000 manatdan artıq kredit ödəmiş və “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 saylı Fərmanına əsasən qalan məbləğ restrukturizasiya edilmiş, ona 2740 manat məbləğində kompensasiya hesablanmış və həmin məbləğdən 2740 manat çıxılmışdır. Yəni onun hal-hazırda banka qalan borcu faizlə birlikdə 3000 manatdan az qalmasına baxmayaraq, cavabdeh ondan dəbbə pulu nəzərə alınmadan 9300 manat məbləğində borc pul tələb etmişdir. O, birinci instansiya məhkəməsində bu barədə izahat verərək, onun banka qalan borcunun çox az olmasını bildirsə də, məhkəmə onun bu izahatına əhəmiyyət verməmiş, ödənilməmiş qalan kreditin dəqiq məbləğinin müəyyən edilməsi üçün heç bir tədbir görməmiş, məhkəmə mühasibatlıq ekspertizası təyin etməmiş, beləliklə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi şikayətin təmin edilməsini, iddiaçının nümayəndəsi isə şikayətin təmin edilməməsini məhkəmədən xahiş etdilər. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Cavabdeh apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli 2(001)-1137/2021 saylı qətnaməsi qismən, yəni faiz və cərimə borcu hissəsində ləğv edilməli, həmin hissədə iddia rədd edilməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki işin materiallarından görünür ki, tərəflər arasında bağlanmış 27 dekabr 2013-cü il tarixli 17-A-1-0-7331-13 saylı kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə avtomobil almaq məqsədilə illik 16% dərəcəsi ilə 60 ay müddətinə 11900 manat məbləğində kredit vermişdir. Həmçinin tərəflər arasında bağlanmış 27 dekabr 2013-cü il tarixli 17-A-1-0-7331- 13 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh kredit və ona hesablanmış faizlərin, habelə qanunvericiliklə və bu müqavilə ilə nəzərdə tutulmuş digər ödənişlərin qaytarılmasının təminatı kimi özünə məxsus “DAEWOO GENTRA” markalı, Az **-GL-*** dövlət qeydiyyat nişanlı avtomobili bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. Cavabdeh həmin kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi müəyyən edilmiş vaxtda və qaydada icra etməmiş və iddiaçı ipotekaya tutma yönəltmək hüququndan istifadə etmişdir. Cavabdeh qeyd olunan kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri icra etmədiyinə görə bank tərəfindən cavabdehə 5209,44 manat əsas borc, 4091 manat faiz borcu, 5170,36 manat cərimə olmaqla, ümumilikdə 14470,08 manat borc hesablanmışdır. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi tərəfindən təqdim edilən problemli kreditlərin kompensasiyası barədə cədvəldən görünür ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli 551 nömrəli Fərmanının icrası ilə əlaqədar Cavabdeh 01 mart 2019-cu il tarixə ödəniş müddəti keçmiş əsas kredit borcu (manat ekvivalentində) 8408,62 manat, hesablanmış kompensasiya məbləği isə 2740,18 manat olmuş, həmin məbləğ borcun azaldılmasına yönəldikdən sonra qalıq borcun məbləği 5668,44 manat müəyyən edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, 27 aprel 2019-cu il tarixdə cavabdeh tərəfindən kredit müqaviləsi üzrə 700 manat pul ödənilmiş, həmin pulun bir hissəsi əsas borca, bir hissəsi isə faiz borcuna silinmiş, son nəticədə bank tərəfindən cavabdehdən 5209,44 manat əsas borc, 4091 manat faiz borcu və 5170,36 manat dəbbə pulu tələb olunmuşdur. Beləliklə, mərkəzləşdirilmiş kredit reyestrindən çıxarışdan görünür ki, 27 dekabr 2013cü il tarixli 17-A-1-0-7331-13 saylı kredit müqaviləsi üzrə cavabdehin əsas kredit borcu cəmi 5668,44 manat qalmışdır. Bundan əlavə, sübut etmə yükü üzərinə düşməsinə baxmayaraq, iddiaçı cavabdehlə olan kredit müqaviləsi üzrə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28.02.2019-cu il tarixli 551 nömrəli Fərmanın təsiri çərçivəsində cavabdehə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etməsinə və sonuncunun bundan imtina etməsinə dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Digər tərəfdən, cavabdehin restrukturizasiya ilə bağlı banka müraciət etməməsi də iddiaçının keçmiş kredit borcuna görə ondan qalıq borcla yanaşı cərimə və faiz borcunu tələb etməsinə əsas vermir. Çünki, Mərkəzi Bankın məlumatından da görünür ki, qeyd olunan kredit müqaviləsi Fərmanın təsir dairəsinə düşmüş və cavabdehə 2740,18 manat məbləğində kompensasiya hesablanmış, həmin məbləğ borcun azaldılmasına yönəldilmiş və qalıq qalan 5668,44 manat əsas kredit borcunun restrukturizasiya edilməsi nəzərdə tutulmuşdur. Lakin iddiaçı bank həm əsas borcu, həm də cərimə və faiz məbləğlərini cavabdehdən tələb edir ki, bu da Fərmanın və onun çərçivəsində qəbul edilən “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə görə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi” Qaydasının (Qayda) tələblərinə ziddir. Çünki kompensasiya əsas kredit borcunun qalığının 30 faizindən çox olduğuna görə faiz və cərimə silinməlidir. Nəticə etibarilə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə faiz və cərimə borcu hissəsində ləğv edilməli, həmin hissədə iddia təmin olunmamalıdır. Mərkəzləşdirilmiş kredit reyestrində əsas borcun məbləği 5668,44 manat olsa da, əsas borcun məbləğinin iddia tələbi həcmində 5209,44 manat müəyyən edilməsi hissəsində və digər hissələrdə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.4-cü maddəsinə görə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 390-cı maddəsinə görə, məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402- 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli 2(001)- 1137/2021 qətnaməsi faiz və cərimə borcu hissəsində ləğv edilsin və həmin hissədə iddia rədd edilsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-5060/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5060/2021
22.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver