Məhkəmə qərarları › İş №2(103)-5060/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5060/2023

27.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5060/2023 27.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İlkin iddia üzrə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və ipoteka predmetinin boşaldılması tələbinə dair» ilkin iddiasına, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı ASC-nə qarşı «kredit müqaviləsinin etibarsız hesab edilməsi və ipotekaya xitam verilməsinə dair» qarşılıqlı iddiası barədə mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), oğlu və oğlundan ibarət tərkibdə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və ipoteka predmetinin boşaldılması tələbinə dair» ilkin iddiasına, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı ASC-nə qarşı «kredit müqaviləsinin etibarsız hesab edilməsi və ipotekaya xitam verilməsinə dair» qarşılıqlı iddiası barədə mülki iş üzrə iddiaçının Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(001)-5913/2016 nömrəli qətnaməsindən «apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpasına dair» ərizəsi barədə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-5913/2016 nömrəli qərardadından ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(001)- 5913/2016 nömrəli qətnaməsi ilə ilkin iddia ərizəsi qismən təmin edilərək Cavabdeh1 262.252,88 manat əsas borc, 57.853,72 manat faiz borcu, 3.000 manat cərimə borcu olmaqla, cəmi 323.106,6 manat borcun və ödənilmiş məhkəmə xərclərinin əvəzi olaraq 45 manatın İddiaçı ASC-nin xeyrinə tutulması, tələbin ipoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Cəfər Xəndan küçəsi 2B saylı (2/3 hissə) fərdi yaşayış evinə, Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, məhəllə 3068, 54 nömrəli evin 46 saylı mənzilinə və Cavabdeh2 məxsus 2004-cü il buraxılışlı, **-BT-*** qeydiyyat nişanlı X4 Prado minik markalı nəqliyyat vasitəsinə yönəldilməsi, Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Cəfər Xəndan küçəsi, 2B saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 31.500 manat və Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsində yerləşən 54 nömrəli evin 46 saylı mənzilin ilkin satış qiymətinin 284.000 manat müəyyən edilməsi, həmin əmlakların açıq hərracdan satılması, hərrac üzrə xərclər satışdan əldə olunan vəsaitdən çıxıldıqdan sonra bankın iddia tələbinin satılmış əmlaklar hesabına ödənilməsi, iddiaçının tələbləri ödənildikdən sonra danışmaz əmlakın satışından qalan məbləğin Cavabdeh1 və nəqliyyat vasitəsinin satışından qalan məbləğin Cavabdeh2 qaytarılması, ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Cəfər Xəndan küçəsi, 2B saylı fərdi yaşayış evinə və Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsində yerləşən 54 nömrəli evin 46 saylı mənzilə tutma yönəldikdə və o satıldıqda, ən geci 1 ay ərzində həmin yaşayış sahəsi boşaldılmaqla cavabdehlərin həmin mənzildən çıxarılması, ilkin iddianın qalan hissədə təmin edilməməsi və qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir.

2. Cavabdeh1 xx.xx.2023-cü il tarixdə apellyasiya şikayəti ilə birlikdə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(001)-5913/2016 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair vəsatətlə məhkəməyə müraciət etmişdir.

3. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)- 5913/2016 nömrəli qərardadı ilə qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin edilməmiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(001)-5913/2016 saylı qətnaməsindən Cavabdeh1 verdiyi apellyasiya şikayəti geri qaytarılmışdır.

Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə:

4. Həmin qərardaddan narazı qalan ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 şikayət verərək qərardadın ləğv edilməsini, apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsini xahiş etmişdir.

5. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə ancaq formal mülahizələrə istinad edərək qanunsuz və əsassız qərardad qəbul etmişdir. Belə ki, xx.xx.2016-cı il tarixli Razılaşmanın şərtlərinə əsasən borclu tərəfindən Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5913/2016 saylı iş üzrə xx.xx.2016-cı il tarixli qətnaməsindən apellyasiya və kassasiya şikayətlərinin verilməyəcəyi öhdəsinə götürülmüşdür. Borclu tərəfindən mütəmadi ödənişlər həyata keçirildiyi üçün həmin qətnamədən apellyasiya şikayəti verilməmişdir. Lakin İddiaçı ASC tərəfindən razılaşmanın şərtləri pozulduğundan qətnamədən apellyasiya şikayətinin verilməsi zərurəti yaranmışdır. Onu da qeyd etmək lazımdır ki, həmin razılaşma üzrə borclu tərəfindən bu günə kimi mütəmadi olaraq ödənişlər həyata keçirilməsinə və borc məbləği qeyd olunan müddətdən əvvəl bağlanmasına baxmayaraq, İddiaçı ASC tərəfindən müqavilənin şərtləri kobud şəkildə pozulmuşdur. Belə ki, tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilsə də, bank tərəfindən borc tələbi Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Cəfər Xəndan küçəsi, 2B saylı fərdi yaşayış evinə və Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsində yerləşən 54 nömrəli evin 46 saylı mənzilinə yönəldilmişdir. Həmçinin, Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsi tərəfindən icra hərəkətlərinə başlanılmış və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.2023cü il tarixli, № 111/23 saylı hərrac bildirişi göndərilmişdir. Bu səbəbdən də, cavabdeh tərəfindən hazırda apellyasiya şikayətinin verilməsi üçün müraciət edilmiş və ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə vəsatət təqdim edilmişdir.

6. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

7. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.

8. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Maddə 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

10. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(001)-5913/2016 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

11. İş materiallarından aydın olur ki, Cavabdeh1 xx.xx.2016-cı il tarixdə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(001)-5913/2016 nömrəli qətnaməsini məhkəmə qəbzinə imza etməklə qəbul etmişdir.

12. Cavabdeh1 həmin qətnamədən verdiyi apellyasiya şikayəti və buraxılmış prosessual müddətin bərpa edilməsinə dair vəsatət xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmaqla, bir neçə ildən sonra verilmişdir.

13. Məhkəmə kollegiyası sonradan tərəflər arasında razılaşmanın əldə olunması və İddiaçı ASC tərəfindən razılaşma şərtlərinin pozulması ilə bağlı şikayətin dəlillərini əsassız sayır. Belə ki, Cavabdeh1 qətnamə ilə tanış olmuş, onun tərəfindən qətnamə qanunla müəyyən edilmiş müddətdə mübahisələndirilməmiş, beləliklə də o, qətnamə ilə müəyyən edilmiş borcun məbləği ilə razılaşmışdır.

14. Həmçinin, işdə olan xx.xx.2022-ci il tarixli “xx.xx.2016-cı il tarixli razılaşmaya əlavə”dən görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2016-cı il tarixli razılaşmaya əsasən qrafik üzrə Cavabdeh1 tərəfindən gecikdirilmiş məbləğlərin ödənilmə qaydası müəyyənləşdirmiş, həmin razılaşmaya əsasən Cavabdeh1 İddiaçı ASCyə ümumilikdə 174.563,6 manat borcu qalmışdır. Beləliklə, şikayətdə göstərildiyi kimi “borclu tərəfindən bu günə kimi mütəmadi olaraq ödənişlərin həyata keçirilməsi və borc məbləği qeyd olunan müddətdən əvvəl bağlanması” halı mövcud olmamışdır.

15. “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.

16. Məhkəmə kollegiyası göstərilənlərə əsasən belə qənaətə gəlir ki, Cavabdeh1 şikayətində göstərdiyi dəlillər prosessual müddətin bərpası üçün üzürlü səbəblər hesab edilə bilməz.

17. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara aldı:

Şikayət təmin edilməsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)- 5913/2016 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan kasssaiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar