Məhkəmə qərarları › İş №2(103)-5061/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5061/2022

22.08.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5061/2022 22.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-774/2021 saylı, 15 mart 2021-ci il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. Cavabdeh MMC-nin sürücüsü X15 18 may 2013-cü il tarixdə saat 18- 17 dəqiqə radələrində idarə etdiyi Cavabdeh MMC-yə məxsus texniki cəhətdən saz vəziyyətdə olan “DAEWOO” markalı. Az ** TG *** dövlət qeydiyyat nişanlı avtobus ilə Bakı şəhəri, 28 May küçəsində S.Vurğun bağı istiqamətində No-li marşrut üzrə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin 2-ci hissəsinə və 50-ci maddəsinin 2-ci hissəsinin 1 -ci bəndinə əsasən, “svetoforun qadağanedici siqnalı verildikdə sürücülər nəqliyat vasitələrini stop-xətt qarşısında (əgər bu xətt yoxdursa, piyadaların hərəkətinə maneə törətmədən kəsişən yol hərəkət hissəsi qarşısında), piyada keçidi qarşısında, digər yol ayrıclarında isə svetofor qarşısında dayanmalıdırlar”, habelə “yaşayış məntəqələri daxilində saatda 60 kilometrdən çox olmayan sürətlə hərəkət etməlidirlər" kimi tələblərinə riayət etməklə baş verə biləcək hadisələrin qarşısını almağa texniki imkanı olduğu halda, bu qaydalara əməl etməyərək svetoforun sarı işiğının dördüncü saniyəsində yolayrıcına daxil olub həmin vaxt K.Səfərəliyeva küçəsi ilə yolayrıcına daxil olmuş X10 idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Mercedes Benz-190" markalı, Az ** CG *** dövlət qeydiyyat nişanlı avtomobilin sol mərkəz hissəsindən vuraraq toqquşmuş və məhz onun yol hərəkəti qaydalarını pozması nəticəsində o, ehtiyatsızlıqdan "Mercedes” markalı avtomobilin sürücüsü X2 qanitirmə, perekardin, ürəyin və sol ağ ciyərin cırılması, sağ ağ ciyərə qansızına ilə müşayiət olunan, soldan İ, İİ, İİİ, İV. V, Vİ, Vİİ, sağdan İİ, İV, V qabırğaların yerdəyişmiş sınıqları, sağ bazu oynağının çıxığı, hər iki körpücük sümüklərinin sınıqları, hər iki saidin, döş qəfəsinin, ön və yan səthlərinin sıynqları, sol almacıq nahiyyəsinin kəsilmiş yarası, sıynqları, boyunun sol üst göz qapağının kəsilmiş yaraları, habelə həmin avtomaşının salonunda olan, sol arxa tərəfdə oturmuş sənişin X14 kəskin qanitirmə, qaraciyərin cırılmış yaraları, sol ağ ciyərin cırılması, sağ ağ ciyərə qansızma ilə müşayiət olunan soldan 1,11,İİİ,İV,V, sağdan İ, İV, V, Vİ, Vİİ, Vİİİ, Xİ qabırğaların yerdəyişmiş sınıqları, sol körpücük sümüyünün sınığı, sol bazu oynağı nahiyyəsinin qançırı, alt çənə sümüyünün sınığı, sol qaşüstü nahiyyənin əzilmiş-cırılmış yarası, üzün sol yarısının və sağ əlin 1 -ci barmağının kəsilmiş yaraları, sol təpə gicgah nahiyyəsinin yumşaq toxumalarına qansızma ilə müşayiət olunan sıyrıqları və həmin nahiyyənin kəsilmiş yaraları, burun nahiyyəsinin, sağ saidin sıyrıqlarından ibarət xəsarətlər almaqla hər ikisinin ölmələrinə, “Mercedes" markalı avtomobilin salonunda olmuş digər sərnişinlər X11 qapalı kəllə beyin travması, baş beyin silkələnməsi ilə müşayiət olunan sol təpə-alın nahiyyəsinin, qaşarası nahiyyənin kəsilmiş yaraları, sol saidin sıyrıqları, ürəyin və hər iki ağ ciyərin əzilməsi, sağ tərəfli hemopnevmotoraks, İV qabırğanın yerdəyişməz sınığı, X12 ikitərəfli hemotoraksla müşayiət olunan soldan İİİ, İV, V, Vİ, Vİİ, Vİİİ, İX, X qabırğaların yerdəyişmiş sınıqları ilə müşayiət edilən insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər almalarına, X3 budun qançırı, soldan İİİ qabırğanın sınığı, sol əlin arxa səthinin və sol saidin kəsilmiş yaraların izləri olan çapıqlarından ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vuran xəsarətlər almasına, eləcə də avtobusda olan sərnişin X1 İİİ və İV qabırğaların yerdəyişmiş sınıqlarından ibarət sağlamlığın uzun müddətə pozulmasına səbəb olan, sağlamlığa az ağır zərər vuran xəsarətlər almasına səbəb olmuşdur. 2.Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 fevral 2014-cü il tarixli, 1(101)-126/2014 saylı hökmünə əsasən X15 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3- cü maddəsi ilə təqsirli bilinib, 03 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə ona 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 18 may 2013-cü il tarixdən hesablanmışdır.

3. Bakı Apellyasiya Məhkəməsinin 26 dekabr 2014-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, apellyasiya protesti təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 fevral 2014-cü il tarixli hökmü dəyişdirilmiş, S.Məmmədova Azərbaycan Respublikası CM-in 263.3-cü maddəsi ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ağırlaşdırılmaqla 8 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir.

4. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 15 dekabr 2015-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, X15 barəsində Bakı Apellyasiya Məhkəməsinin 26 dekabr 2014-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

Birinci instansiya məhkəməsində icraat:

5. İddiaçı X13 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 3.000.000 (üç milyon) manat mənəvi ziyana görə kompensasiyanın alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Tələbində göstərir ki, X15 idarə etdiyi avtobusla yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərər çəkmiş şəxs X14 və digərinin ölümünə və sağlamlığına zərər vurmaya səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, hökmlə təsdiq olunmuşdur ki, X8 18 may 2013-cü il tarixdə saat 18:17 dəqiqə radələrində idarə etdiyi «Transkontrol” MMC-yə məxsus texniki cəhətdən saz vəziyyətdə olan “DAEWOO" markalı, Az ** TG *** dövlət qeydiyyat nişanlı avtobus ilə Bakı şəhəri, 28 May küçəsində “S.Vurğun bağı" istiqamətində 30 nömrəli marşrut üzrə hərəkətdə olarkən yol nəqliyyat hadisəsi törətməsini təsdiq edən ittihamedici hökm çıxarmışdır. Həmçinin hökmlə təsdiq edilmişdir ki, X15 «Transkontrol” MMC- nin sürücü olmuşdur. Qəza nəticəsində vəfat edən şəxs X17 iddiaçının həyat yoldaşı olmuşdur. Mərhumla iddiaçının nikahları 1989-cu ildə rəsmi qaydada qeydə aldırmaqla ailə həyatı qurmuşlar. 24 illik həyat yoldaşını işinə məsuliyyətsiz yanaşan şəxslərin təqsiri nəticəsində itirmişdir. Göründüyü kimi hadisənin baş verməsi «Transkontrol” MMC-nin sürücüsünün- əməkdaşının təqsiri ucbatından baş vermişdir. Yuxarıda qeyd olunan faktlar və təqsir qanuni qüvvə minmiş Bakı Apellyasiya Məhkəməsinin 26 dekabr 2014-cü il tarixli qərarı ilə təsdiq olunur və hazırki mülki işdə preyudisial əhəmiyyət daşıyır. Cinayət hadisəsi nəticəsində həyat yoldaşının faciəvi şəkildə ölməsi iddiaçını çox sarsıtmışdır. Bu səbəbdən iddiaçı hər gün davam edən mənəvi sarsıntıya görə zərərin ödənilməsini tələb etməkdə haqlı və qanunun tələbləri baxımından da buna hüququ vardır. Qanunverici isə bu halda mənəvi ziyanın pul məbləğində ifadə olunmasını mümkün sayır. Cavabdehin Bakı şəhərində sərnişindaşıma işi ilə məşğul olması, sosial şəbəkələrdə olunan reklamları, mülkiyyətində 47 şərnişin daşımaq üçün avtobusunun olması onun maddi durumunun kifayət qədər yüksək olmasına dəlalət edir. Bu baxımdan iddiaçı mərhum həyat yoldaşının faciəvi şəkildə ölməsindən bu günədək davam edən stres, narahatlıq, məyusluq, mənəvi sarsıntı və s. bu kimi hallara görə ona vurulmuş mənəvi zərərin əvəzi olaraq 3.000.000 manat məbləğində pulun Cavabdehndən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-774/2021 saylı, 15 mart 2021-ci il tarixli qətnaməsi (hakim Zaur Hacıyev) ilə iddia qismən təmin edilərək Cavabdehndən X5 xeyrinə mənəvi zərərə görə 10.000 (on min) manat məbləğində pulun tutulması; Cavabdehndən 30 (otuz) manat dövlət rüsumunun alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi; iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini bununla əsaslandırmışdır ki, məhkəmə baxışı ilə müəyyən edilmişdir ki, Cavabdeh MMC-nin sürücüsü X15 idarə etdiyi “DAEWOO" markalı, Az ** TG *** dövlət qeydiyyat nişanlı avtobusla yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxs X14 və digərinin ölümünə və sağlamlığına zərər vurmaya səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 126/2014 saylı, 12 fevral 2014-cü il tarixli hökmünə əsasən, X15, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirli bilinərək, 3 il nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 7 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 15 dekabr 2015-ci il tarixli 1(102)-1658/15 saylı qərarı ilə ehtiyatsızlıqdan törətdilmiş yolnəqliyyat hadisəsində X8 təqsiri təsdiq edilmişdir. Hazırkı iddiaçı yol-nəqliyyat hadisəsi zamanı ölən X14 arvadıdır və cinayət işi üzrə zərərşəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır.

9. Qeyd edilənlər, iddia ərizəsi, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-126/2014 saylı, 12 fevral 2014-cü il tarixli hökmü, Azərbaycan Respublikası Ali Məhkəməsinin 15 dekabr 2015-ci il tarixli 1(102)-1658/15 saylı qərarı, Nəsimi rayon qeydiyyat şöbəsinin VJQ seryalı, 270259 nömrəli 14 iyul 1989-cü il tarixli, nikah haqqında şəhadətnamə və AZ-İ seryalı, 605645 nömrəli, xx.xx.2015-ci il tarixli ölüm haqqında şəhadətnamə və işdəki digər sənədlərlə təsdiqlənir

10. İşin mübahisəssiz halı ondan ibarətdir ki, Cavabdeh MMC-nin sürücüsü X8 idarə etdiyi “DAEWOO" markalı, Az ** TG *** dövlət qeydiyyat nişanlı avtobusla yol hərəkəti qaydalarını pozması nəticəsində iddiaçının əri X17 ölmüşdür. Heç şübhəsiz ki, iddiaçı üçün uzun müddətdə nikahda olmuş ərinin ölməsi, yüksək dərəcəli mənəvi sarsıntı və iztirab keçirməsinə səbəb olmuşdur. Lakin, tələb üzrə mənəvi zərərə görə pul kompensasiyasının 3.000000 manat məbləğində müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, göstərilən məbləğ cavabdehin əmlak vəziyyətinə uyğun deyil və cavabdehin mülkiyyətində şərnişin daşımaq üçün 47 ədəd avtobusun olması həmin tələbin qeyd olunan məbləğdə təmin edilməsi üçün əsas ola bilməz. Məhkəmə onu da vurğulayır ki, mənəvi zərərin təmin edilməsi, iddiaçının ərinin vəfat etməsi nəticəsində çəkdiyi mənəvi ağrının hər hansı pul vəsaiti ilə azaldılması və onun həyata qaytarılması mümkün olmasa da, mövcud şəraitdə pul kompensasiyası vasitəsi ilə iddiaçıya təsəlli ola bilməsi üçün müəyyən edilir. Hadisənin ehtiyatsızlıq nəticəsində baş verməsi də nəzərə alınmalıdır.

11. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən Cavabdeh MMC-dən X5 xeyrinə 10.000 (on min) manat məbləğində mənəvi zərərə görə pul kompensasiyasının tutulmasını ağlabatan hesab edir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

12. Cavabdeh MMC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

13. Cavabdeh apellyasiya şikayətində göstərir ki, rayon məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Məhkəmə maddi və prosessual hüquq normalarını pozmaqla qətnamə qəbul edib. Belə ki məhkəmə cavabdehi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbədar etməmiş, cavabdehin iştirakı olmadan işə baxmış və bununla da çəkişmə prinsipini pozmuşdur.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı. c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

14. Məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi.

15. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı X13 məhkəmə iclasında iştirak etmir və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 846.1. Daşıyıcı daşımanı müqaviləyə, sərnişinlərin müdafiəsi üçün qüvvədə olan göstərişlərə və sərnişin nəqliyyat vasitələrinin istismarı qaydalarına uyğun həyata keçirməlidir. Əgər daşıma müqaviləsində xüsusi müddəalar yoxdursa, adi nəqliyyat növləri üçün yolun həmin hissəsində qüvvədə olan adi şərtlər razılaşdırılmış şərtlər sayılır. Əgər daşıma bu tələbləri təmin etmirsə, qüsurla həyata keçirilmiş sayılır. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

17. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanunu: 56.1-cı maddəsinə əsasən avtomobil nəqliyyatı ilə daşımalar yerinə yetirilərkən sərnişinlərin həyatına və ya sağlamlığına vurulmuş zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri nəticəsində baş verdiyini sübut edə bilmədikdə, daşıyıcı vurulmuş zərərə görə Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq maddi məsuliyyət daşıyır

18. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

19. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 nömrəli qərarın 1-ci bəndində qeyd olunur ki, «İnsan hüquqlarının və X9 Haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüququ münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Həmin qərarın 2-ci bəndinə qeyd edilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və X9 haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər»anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Həmin qərarın 7-ci bəndində qeyd olunur ki, məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir.

20. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarda eyni zamanda göstərilmişdir ki, “Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkmişin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztibarlara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.

21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 aprel 2020-ci il tarixli qərarına göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsi şəxsin hüquqa zidd hərəkətlər nəticəsində öldüyü və ya sağlamlığına zərər vurulduğu halda onun yaxınlarının, o cümlədən ailə üzvlərinin keçirdikləri mənəvi sarsıntı və iztiraba görə təzminat almaq hüququnu ehtiva edir. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınları, o cümlədən ailə üzvləri keçirdikləri mənəvi sarsıntı və iztirabın dərəcəsinə, zərərçəkmiş şəxsə yaxınlıq dərəcəsinə və s. amillərə müvafiq olaraq birgə və ya ayrı-ayrılıqda təzminat almaq hüququna malikdirlər. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınlarından, o cümlədən ailə üzvlərindən birinin mənəvi zərərə görə təzminat almış olduğu halda, digərlərinin təzminat tələbi bu Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən mütənasiblik və ədalətlilik meyarlarına uyğun olaraq işə baxan məhkəmə tərəfindən həll edilməlidir. Məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqa zidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır.

22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0. və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1., 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 387.2 və 387.2.2. Şikayətin dəlillərindən asılı olmayaraq işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa, birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir.

Apellyasiya baxışının hədləri:

23. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas olsa da, iddianın rədd edilməsi üçün əsas deyildir.

24. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

25. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

26. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

27. Apellyasiya şikayətinin nəticə hissəsində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi qeyd edilsə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia qismən təmin edildiyi üçün qətnamənin bir hissəsi, yəni iddia tələbinin təmin edildiyi hissə (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

28. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən, qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

29. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə prosessual hüquq normasının pozuntusu istisna olmaqla düzgün olmuşdur.

30. Əvvəla, yuxarıda qeyd olunduğu kimi mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilir ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Hazırki iş üzrə, iddiaçının fiziki və mənəvi sarsıntı keçirməsi təkzib olunmazdır. Çünki, cavabdeh qurumun işçisinin cinayət törətməsi nəticəsində iddiaçının əri ölmüşdür.

31. İddiaçı cavabdehdən vurulmuş mənəvi zərərə görə 3 000 000 (üç milyon) manat tələb edir. Əlbətdə ki, iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsi, bunun nəticəsində isə fiziki əzab çəkməsi birmənalı olduğundan qeyd olunan məbləğin də ona vurulmuş mənəvi zərəri aradan qaldıracağı inandırıcı və ağlabatan deyildir. Çünki, maddi vəsait məbləğindən asılı olmayaraq heç də həmişə vurulmuş mənəvi zərəri kompensasiya edə bilmir. Lakin tələb edilən məbləğin vurulmuş mənəvi zərərə uyğunluğu da əsaslandırılmalı idi. Yəni, iddiaçı tələb etdiyi məbləğlə ona vurulan mənəvi zərərin nəticələrinin aradan qaldırılacağını da göstərmir. Əksinə keçirdiyi mənəvi sarsıntı və iztirabların maddi formada dəyərinin müəyyən etməyin qeyri-mümkün olduğunu apellyasiya şikayətində də özü də təsdiq edir.

32. Cavabdehin maddi hüquq normalarının pozulması ilə bağlı apellyasiya şikayətinin dəlilləri isə ümumiyyətlə başadüşülən deyildir. Belə ki, cavabdeh qeyd edir ki, məhkəmə maddi hüquq normalarını pozmaqla qətnamə qəbul edib. Belə çıxır ki, iddiaçı mənəvi sarsıntı keçirməsini əsaslandıra bilməmişdir. Başqa sözlə cavabdeh tərəf ərini itirən arvadın mənəvi sarsıntı keçirməsinə inanmır. Əlbətdə ki, mənəvi sarsıntının və iztirabın nə olduğunu yalnız o halı yaşayan şəxs anlaya bilər. Yalnız mülki məsuliyyətdən yayınmaq xatirinə bu cür dəlillərdən istifadə etmək isə yolverilməzdir. Çünki, iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsinə onun ərini itirməsi faktı birbaşa əsasdır və əlavə sübuta lüzum yoxdur.

33. Cavabdeh qətnaməni qanunsuz və əsassız hesab edərək mənəvi zərərin təmin edilməsini uyğun hesab etməyərək iddia tələbinə etirazının əsası kimi istinad etdiyi halları sübut etməyə cəhd etsə də, bu dəlillər hər hansı bir formada öz təsdiqini tapmamışdır. Belə ki, cavabdehin gətirdiyi bu dəlilləri sübut etmək yükü artıq onun üzərinə düşsə də, o, bu halları sübuta yetirə bilməmişdir. Əksinə, mənəvi zərərin məbləği ilə bağlı nə mövcud məhkəmə təcrübəsində, nədəki Ali Məhkəmənin adıçəkilən qərarında konkret olaraq dəqiq məbləğ müəyyən edilməmiş və bunun müəyyən edilməsi də mümkün deyildir. Ona görə də, cavabdeh qurumun bu dəlilləri əsassız olmaqla yanaşı, həm də ziddiyyətlidir.

34. Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi işə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş cavabdehin nümayəndəsinin iştirakı olmadan baxmışdır. Bu hal da şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsasdır.

35. Şərh olunanlara əsasən, apellyasiya instansiya məhkəməsi hesab edir ki, Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli; Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-774/2021 saylı, 15 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbi qismən təmin edilməlidir.

36. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 387.1, 387.2.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:

Cavabdeh MMC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-774/2021 saylı, 15 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddia qismən təmin edilsin. Cavabdehndən mənəvi zərərin əvəzi kimi 10.000 (on min) manat tutularaq X7 verilsin. Cavabdehndən 30 (otuz) manat məbləğində dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar