Məhkəmə qərarları › İş №2(103)-5061/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5061/2024

12.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5061/2024 12.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi) X2 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X4 ibarət tərkibdə, Məhkəmə iclas katibi X9, İddiaçı, Cavabdeh nümayəndəsi X10 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)- 1979/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra “iddiaçı”) ilə Cavabdeh (bundan sonra “cavabdeh”) arasında xx.xx.2018-ci il tarixdə nikah bağlanmışdır. Tərəflərin birgə nikahından xx.xx.2020-ci il tarixdə X6 və xx.xx.2022-ci il tarixdə X7 doğulmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)-859/2023 nömrəli qətnaməsinə əsasən birgə nikahdan doğulmuş uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 220 manat, cəmi 440 manat sabit pul məbləğində alimentin, o cümlədən uşaqlar 3 yaşına çatanadək hər ay hər bir uşağa görə 50 manat, cəmi 100 manat sabit pul məbləğində alimentin cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmişdir. Bunda sonra Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-3166/2023 nömrəli qətnaməsi ilə onların arasında bağlanmış nikahı pozulmuş və birgə nikahdan doğulmuş uşaqlar iddiaçının yanında saxlanılmışdır. İddiaçının əmək müqaviləsi əsasında əmək fəaliyyəti ilə məşğul olması müəyyən edilmir. Cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialında keyfiyyətə nəzarət üzrə mütəxəssis vəzifəsində çalışır, onun rəsmi aylıq əmək haqqı 1.126.86 manat təşkil edir. İddiaçı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, hazırki iddia ilə məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı etmiş və bununla bağlı 60 manat məbləğində mediasiya haqqı ödəmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, birgə nikahdan xx.xx.2020-ci il tarixdə doğulmuş X6 və xx.xx.2022-ci il tarixdə doğulmuş X1 üçün hər ay hər bir uşağa 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində alimentin və mediasıya prosesinin keçirilməsi ilə bağlı ödənilmiş 60 manat pul məbləğinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarlmasını xahiş etmişdir.

3. İddiaçı tələbini işin faktiki hallarına istinad edərək onunla əsaslandırmışdır ki, o, heç bir yerdə işləmir və Cavabdeh hər uşaq üçün 15 manat alimentin artırılmasını bildirsə də, cavabdeh bundan imtina etmişdir. Bununla bağlı 16 saylı Mediasiya Təşkilatına müraciət etsə də, heç bir nəticə əldə edilməmişdir və bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

4. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, o, bir ata kimi övladlarının həmişə qayğısına qalmağa hazırdır. Sadəcə olaraq iddia ərizəsində tələb olunan alimentin məbləği həddən artıq yüksəkdir. Belə ki, o, hazırda işsizdir. Həmçinin ciddi böyrək problemləri var. Davamlı olaraq müalicələr alır. Həmçinin ailəli olduqları dövrdə ailə ehtiyaclarını ödəmək üçün kredit götürmüşdür. Hazırda aylıq kredit borcu ödəyir. Digər tərəfdən də o hər ay hər uşağa 220 manat olmaqla sabit pul məbləğində aliment və 50 manat maddi yardım olmaqla cəmi 490 manat aliment ödəyir. Hazırki iqtisadi vəziyyətdə bu qədər yükü çəkmək iqtidarında deyil. Məhz hazırki maddi durumu iddia ərizəsində tələb olunan məbləğdə aliment ödəməyə imkan vermir.

5. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)- 1979/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim X12)

6. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək qeyd etmişdir ki, son vaxtlar Azərbaycan Respublikasında yaşayış minimumunun məbləği hər il ölkə üzrə, o cümlədən uşaqlar üçün artmaqda davam edir. Bununla əlaqədar, sabit pul məbləğində müəyyən edilmiş alimentin miqdarının artırılmasına dair iddiaların sayı da artır. Məhkəmələr tərəfindən uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu əsas götürülməklə bu cür iddialar demək olar ki, əksər hallarda təmin olunur. Aliment ödəyən şəxslər isə maddi vəziyyətlərinin buna imkan vermədiyini əsas gətirərək alimentin bu qaydada artırılmasına etiraz edir, həmçinin bu cür artırmalar nəticəsində məhkəmə aktlarının icrası da çətinləşir, süni surətdə hüquqi məsuliyyətə (inzibati və cinayət) cəlb edilən şəxslərin sayı artır. İş materiallarından görünür ki, cavabdehin ödədiyi aliment məbləği Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-859/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə ümümumilikdə 440 manat müəyyən edilmişdir. Həmçinin o, uşağın 3 yaşına çatanadək 50 manat məbləğində əlavə aliment ödəyir. Hazırda cavabdeh işsizdir. Qətnamənin qüvvəyə minməsindən az müddət keçmişdir. Həmçinin hazırki işdə iddiaçı cavabdehin qazancının artmasına, yaxud maddi vəziyyətinin müsbətə doğru dəyişməsinə dair məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Mövcud vəziyyətdə iddia tələbində göstərilən hal (minimum yaşayış məbləğinin artması) qətnamə ilə müəyyən edilmiş alimentin artırılması üçün əsas hesab edilə bilməz. Məhkəmə tərəflərin maddi və ailə vəziyyətlərini, eləcə də işin konkret hallarını əsas götürərək hesab etmişdir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən hər hansı birinin ailə və ya maddi vəziyyətində dəyişiklik baş vermədiyindən, qətnamənin qanuni qüvvəyə minməsindən qısa müddət keçdiyindən iddia tələbi əsassızdır və rədd edilməlidir. Bu baxımdan, iddia mediasiya xərcinin ödənilməsi hissəsində də rədd edilməlidir.

7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci, 112.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

8. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnamədə qeyd etmişdir ki, cavabdeh işsizdir və gələcəkdə o aliment öhdəliyin yerinə yetirə bilmədiyi üçün həbs oluna bilər. Burada məhkəmə hadisəni qabaqlamağa çalışmışdır. Cavabdehin gələcəkdə məhkəmə qətnaməsini yerinə yetirib-yetirməməsi artıq icra mərhələsində həllini tapacaqdır. Cavabdehin maddi imkanının olmaması iddianı təmin etməməyə əsas vermir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, birgə nikahdan doğulmuş övladlarından biri 3 yaşına çatdığından ondan iddiaçının xeyrinə 50 manat maddi yardımın tutulması kəsilmişdir. Məhz bunun nəticəsində iddiaçı hazırki iddia tələbini irəli sürmüşdür. O, hazırda çalışır və net əmək haqqı 1.000 manat təşkil edir. İki uşağa görə alimentin məbləği aylıq əmək haqqının 1/3 hissəini təşkil etdiyindən apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin və apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

12. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X13 apellyasiya şikayətini qəbul etməyərək iddia ərizəsinə və apellyasiya şikayətinə qarşı etirazların məzmununa uyğun izahat vermiş, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; 112.1.-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

14. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun: 4-cü maddəsinə əsasən Azərbaycan Respııblikasında uşaq hüquqlarının müdafıəsini müvaliq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar; 13-cü maddəsinə əsasən hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafızəsi valideynlərin əsas vəzifələridir.

15. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.1-ci maddəssinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır; 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

17. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir; 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar.

18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76-cı, 78-ci və 112-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli qərarına əsasən ailə qanunvericiliyində məhkəmə qaydasında alimentin tutulmasının 2 qaydası: birincisi - aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında, ikincisi - sabit pul məbləğində tutulması müəyyən edilmişdir. Bundan əlavə ailə qanunvericiliyində valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin sabit məbləğdə tutulmasının bir neçə əsasını müəyyən etmişdir, yəni birincisi aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ikincisi - aliment verməyə borclu olan valideyn qazancının (gəlirinin) hamısını və ya bir hissəsini natura və ya xarici valyuta ilə alırsa, üçüncüsü - aliment verməyə borclu olan valideynin qazancı və ya sair gəliri yoxdursa və dördüncüsü - alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda. Bu əsaslardan hər hansı biri mövcud olduqda alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Məhkəmə, alimenti qazancın (gəlirin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır. Qanunvericinin yuxarıda göstərilən maddədə müəyyən etdiyi əsas şərtlərdən biri də ondan ibarətdir ki, alimentin sabit məbləğində tutulması yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkündür. Yəni qanunverici məhkəməyə alimentin sabit pul məbləğində tutulmasını öz təşəbbüsü əsasında, yaxud cavabdehin vəsatəti əsasında həll etmək hüququnu verməmişdir. Eyni zamanda, qeyd edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır.

19. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarının: 8.13-ü bəndində izah edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır; 8.14-cü bəndində qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

Apellyasiya baxışının hədləri

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

21. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

22. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunaraq, iddianın təmin olunması xahiş olunduğundan, qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin və etirazın dəlillərini iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış münasibətlərin mahiyyətini qiymətləndirməkdə səhvə yol verərək, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Qətnamədə göstərilmiş dəlillər işin hallarına uyğun hesab edilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia təmin edilməlidir.

24. Məhkəmə kollegiyası bu mövqeyi ilə bağlı yuxarıda göstərilən və bu sahəni tənzimləyən qanunvericiliyin digər aidiyyəti müdəalarına istinadən qeyd etməyi zəruri hesab edir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar, habelə uşağın minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququnun təminatı və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir və müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində olan dəyişikliklər nəzərə almaqla tərəflərdən istənilən birinin tələbi ilə dəyişə bilər.

25. Məhkəmə kollegiyası vurğulayır ki, uşağı saxlamaq hər iki valideynin vəzifəsidir və bu vəzifə valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Belə ki, uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib vəzifələridir. Bununla belə məhkəmə onu da qeyd edir ki, tərəflərdən birinin üzərinə uşaqlar üçün yaşayış minimumu həddində aliment öhdəliyinin qoyulması həmin tərəfin uşağın əvvəlki təminat səviyyəsini tam təmin etməsi və yaxud digər tərəfin uşağın saxlanması üçün tələb olunan bütün xərclərdən azad edilməsi anlamına gəlmir.

26. Hazırda iddiaçı aliment məbləğinin hər uşağa görə 235 manat olmaqla tutulmasını tələb edir. Cavabdeh müəyyən edilmiş aliment miqdarının dəyişdirilməsi və bunun nəticəsi olaraq artırılması ilə razılaşmır, iddiaçının xeyrinə tutulan aliment məbləğinin onun əmək haqqının 1/3 hissəsini təşkil etdiyini bildirir və iddianın rədd edilməsini xahiş edir.

27. Nəzərə alınmalıdır ki, alimentin miqdarını müəyyən edən əvvəlki məhkəmə qətnaməsinin (2023-cü il) qəbul edilməsindən 1 il 6 aya yaxın (iddia qaldırılan tarixə bir il) müddət ötmüş, sonrakı dövrdə uşaqların saxlanılması üçün müəyyən edilmiş yaşayış minimumu artırılmış və 2024-cü ildə bir uşaq üçün 235 manat təşkil etmişdir. Bununla belə, artıq 2024-cü ilin tələbləri baxımından uşaqlara ödənilən alimentin miqdarı yaşayış minimumuna uyğun olmamışdır. Belə olan halda, alimentin əvvəlki miqdarda saxlanılması uşaqları həmin hüququnun tələb edilən səviyyədə təmin edilməsindən bir qədər uzaqlaşdırır.

28. Hazırda cavabdehdən ödənilməsi tələb edilən aliment məbləği hər uşağa görə 235, ümumilikdə 470 manat təşkil edir. Bu məbləğ isə cavabdehin əvvəlki aliment öhdəliyindən cəmi 30 manat artıqdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)-859/2023 nömrəli qətnaməsinə əsasən birgə nikahdan doğulmuş uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 220 manatla yanaşı, onların 3 yaşına çatanadək hər ay hər bir uşağa görə 50, ümumilikdə 100 manat alimentin də cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmişdir. Lakin xx.xx.2020-ci il təvəllüdlü X3 xx.xx.2023-cü il tarixdə 3 yaşı tamam olduğundan, həmin tarixdən etibarən iddiaçı 50 manat məbləğində alimentin ödənilməsindən artıq azad edilmişdir. Bununla belə, cavabdehin aliment öhdəliyi məbləğ etibarı ilə 50 manat azalmış və aliment hazırki iddia tələbinə uyğun məbləğdə müəyyən edildiyi təqdirdə belə yenə də azalmış məbləğ mövcud olacaqdır.

29. Nəzərə alınmalıdır ki, cavabdeh özü də əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğini ödəməkdə çətinlik çəkməsi ilə bağlı ötən müddət ərzində aliment məbləğinin azaldılması tələbi ilə məhkəməyə müraciət etməmişdir. Bu da cavabdehin əvvəlki aliment öhdəliyinin icra edilməsi üçün maddi imkana malik olmasını təsdiq edir. Tələb edilən alimentin məbləği isə hazırda ödənilən məbləğdən cəmi 30 manat artıqdır və cavabdehin mövcud gəlirləri (əmək haqqı 1126 manatdır) qarşılığında bu məbləğ onun maddi vəziyyətinə mənfi təsir göstərən, habelə ödənişini çətinləşdirən məbləğ kimi qiymətləndirilə bilməz. Bu da cavabdehin apellyasiya şikayətinə etirazda göstərilən dəlillərin formal mülahizə xarakterli olmasını təsdiq edir.

30. Digər tərəfdən, birgə nikahdan doğulmuş uşaqların hazırda müvafiq olaraq 4 və 2 yaşları var və təbii olaraq ötən illə müqayisədə onların maddi tələbatları artmış və artmaqda davam edir.

31. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə istinadən onu da qeyd edir ki, iddiaçıdan fərqli olaraq cavabdehin bu məsələdə öhdəliyi yalnız hər uşağa münasibətdə 235 manatla məhdudlaşdırılır (bundan əlavə hər hansı məbləğin verilməsi cavabdehin iradəsinə bağlıdır). Uşaqlarla bağlı bu məbləğdən artıq yaranmış bütün xərcləri məhz iddiaçı qarşılamaq məcburiyyətindədir. Artıq məbləğin yaranması da istisna deyil. Belə ki, məsələn, uşağın istifadəsində olan geyim və digər əşyaların sıradan çıxması və istifadə üçün yararsız hala düşməsi, onların yenisi ilə əvəz edilməsini şərtləndirir. Bu itkilərin maddi baxımdan qarşılanması da bilavasitə iddiaçının üzərinə düşəcəkdir. Uşağın qidalanması ilə bağlı da iddiaçının eyni çətinliklərlə üzləşməsi istisna deyil. Başqa sözlə, hamıya məlum olan və hamılıqla qəbul olunan bir haldır ki, reallıqda uşaqlarla bağlı tez-tez “Planlaşdırılmamış xərclər” yaranır və onlar iddiaçı tərəfindən qarşılanacaqdır. Hər bir halda, 235 manat tələb olunan və ya maksimum deyil, 2024-cü il üzrə müəyyən edilmiş yaşayış minimumu məbləğdir. Bu məbləğ hesabına uşağın minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququ təmin edilmiş olur.

32. Beləliklə, məhkəmə kollegiyası tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları, eyni zamanda yetkinlik yaşına çatmayanlar üçün 2024-cü il üzrə müəyyən olunmuş yaşayış minimumu haqqında tələbləri nəzərə alıb, habelə uşaqların minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququnun təminatını əsas tutaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, tərəflərin birgə nikahlarından doğulmuş uşaqların hər birinə, hər ay 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində aliment cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

33. Məhkəmə kollegiyası alimentin tutulma müddətinin əvvəli ilə bağlı qeyd edir ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarının 8.12-ci bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, alimentin artırılmış miqdarı məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır.

34. Məhkəmə kollegiyası iddia tələbinin “mediasiya xərcinin tutulması” hissəsi ilə bağlı qeyd edir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bu qəbildən olan işlərlə bağlı iddia ilə məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirak tələb olunduğu üçün iddiaçı həmin prosesdə iştirak etmiş və bunun üçün 60 manat məbləğində pul ödəmişdir. Hər bir halda, tərəflər öz aralarında alimentin miqdarının dəyişdirilməsi ilə bağlı razılığa gələ, o cümlədən saziş bağlaya bilərdilər. Başqa sözlə, iddiaçı bu məsələdə cavabdehlə razılıq əldə edə bilməməsi səbəbindən məhkəməyə müraciət etmiş və bundan əvvəl mediasiya prosesində iştirak etmək məcburiyyətində qalmışdır. Bu da öz növbəsində iddiaçı tərəfindən həmin prosesdə iştirak etmək üçün ödənilmiş 60 manat məbləğində pulun əvəzinin də cavabdehdən tutulmasını şərtləndirir. Bu səbəbdən məhkəmə kollegiyası iddia tələbini bu hissədə də əsaslı hesab edir və belə qənaətə gəlir ki, cavabdehdən iddiaçının xeyrinə mediasiya prosesində iştirak etmək üçün ödənilmiş 60 manat məbləğində haqqın əvəzi tutulmalıdır.

35. Məhkəmə kollegiyası hesab edir ki, hazırki mülki iş üzrə tutulacaq aliment miqdarının fərqinin məcmusu (iddia qiyməti) (15 x 2 x 12 = 360) 360 manat təşkil etdiyindən ödənilməli olan dövlət rüsumu 30 manat məbləğində müəyyən edilməli və bu qəbildən olan iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunduğundan həmin məbləğ Cavabdeh tutularaq dövlət gəlirlərinə alınmalıdır.

36. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alıb, hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia təmin edilməlidir. Miqdarı dəyişdirilmiş alimentin tutulması bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Cavabdehdən 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət gəlirlərinə alınmalıdır.

37. Eyni zamanda, hazırkı iş üzrə iddianın qiyməti məbləğ etibarı ilə beş min manatdan az olduğundan, qətnamədən kassasiya şikayəti verilə bilməz.

38. Göstərilənlərə əsasən, habelə Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384-cü, 385-ci, 392-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)- 1979/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)- 859/2023 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Tərəflərin birgə nikahından doğulmuş xx.xx.2020-ci il təvəllüdlü X3 və xx.xx.2022-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 235 (iki yüz otuz beş) manat, cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment, habelə mediasiya prosesində iştirak etmək üçün ödənilmiş 60 (altmış) manat məbləğində haqqın əvəzi İddiaçı xeyrinə tutulsun. Miqdarı dəyişdirilmiş alimentin tutulması bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət gəlirlərinə alınsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar