Məhkəmə qərarları › İş №2(103)-5061/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5061/2025

19.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5061/2025 19.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil və Cavabdeh vəkili və nümayəndəsi Əziz Qəmbərlinin iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borc müqaviləsi üzrə pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(004)-2113/2025 nömrəli qətnaməsindən iddiaçının apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.Tərəflərin arasında üç borc müqaviləsi bağlanıb. 2.Birinci müqaviləyə, yəni xx.xx.2018-ci il tarixli 01 nömrəli müqaviləyə görə, iddiaçı cavabdehə 240.000 ABŞ dolları borc verib, cavabdeh isə həmin pulu xx.xx.2018-ci il tarixədək qaytarmağı öhdəsinə götürüb (iş v. 63). 3.İkinci müqaviləyə, yəni xx.xx.2018-ci il tarixli 02 nömrəli müqaviləyə görə, iddiaçı cavabdehə 60.000 ABŞ dolları borc verib, cavabdeh isə həmin pulu xx.xx.2018-ci il tarixədək qaytarmağı öhdəsinə götürüb (iş v. 66). 4.Üçüncü müqviləyə, yəni xx.xx.2018-ci il tarixli 04 nömrəli müqaviləyə görə, iddiaçı cavabdehə 300.000 ABŞ dolları borc verib, cavabdeh isə həmin pulu xx.xx.2019-cu il tarixədək qaytarılmağı öhdəsinə götürüb (iş v. 67). 5.Üç müqavilədə göstərilən borcun ümumi məbləği 600.000 ABŞ dolları təşkil edir. 6.Tərəflərin imzaladığı xx.xx.2023-cü il tarixli aktda borcun qaytarılması qrafiki razılaşdırılıb (iş v. 72). Aktdan görünür ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək hissə-hissə əsas borc kimi 600.000 ABŞ dolları qaytarılmalı, faiz borcu kimi 102.000 ABŞ dolları ödənilməlidir. Birinci instansiya məhkəməsində icraat 7.İddia ərizəsi xx.xx.2025-ci il tarixdə verilib. İddia ərizəsində tələb olunub ki, borc verilmiş 600.000 ABŞ dolları və həmin pula görə hesablanmş faiz məbləği olan 102.000 ABŞ dolları cavabdehdən tutularaq iddiaçıya ödənilsin. 8.Yasamal Rayon Məhkəməsinin qətnaməsi ilə qət olunub ki, iddia qismən təmin olunsun, 349.353 ABŞ dolları məbləğində pul cavabdehdən tutularaq iddiaçıya verilsin, iddianın qalan hissəsi təmin edilməsin. 9.Qətnamə onunla əsaslandırılıb ki, tərəflər 2018-ci ildə ümumilikdə 600.000 ABŞ dolları məbləğində pula münasibətdə 3 borc müqaviləsi bağlayıb. Bundan sonra tərəflər arasında xx.xx.2020-ci il tarixdə tərtib olunmuş akta əsasən, iddiaçı (borc verən) 600.000 ABŞ dolları məbləğində pulu cavabdehə (borc alana) verməyi, cavabdeh isə həmin məbləği faizi (102.000 ABŞ dolları) ilə birlikdə 8 ay müddətində (xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək) iddiaçıya qaytarmağı öhdəsinə götürüb. Qəbzlərdən müəyyən edilir ki, 2018-2020-ci illər üzrə (xx.xx.2020-ci ilədək) iddiaçıya ümumilikdə 648.000 ABŞ dolları və 232.300 manat pul ödənilib. 2020-ci ilin may ayından 2022-ci ilin iyun ayınadək isə 132.000 ABŞ dolları və 201.700 manat pul ödənilib. Bu məbləğlər qəbzlərdə öz əksini tapdığından və iddiaçı həmin məbləğləri əldə etdiyini təsdiq etdiyindən, göstərilən məbləğdə pul vəsaitinin iddiaçı tərəfindən qəbul edilməsinin əlavə araşdırılmasına lüzum yoxdur. 10.Qətnamədə tutulması qət olunmuş 349.353 ABŞ dolları göstərilən qaydada hesablanıb: Borc verilmiş məbləğdən (600.000 ABŞ dollarından) 2020-ci ilin may ayından 2022-ci ilin iyun ayınadək olan müddətdə qaytarılmış məbləğ (132.000 ABŞ dolları və 201.700 manat) çıxılıb, qalan məbləğin 349.353 ABŞ dolları olduğu müəyyən edilib. Bu zaman manatla qaytarılmış məbləğ (201.700 manat) 118.647 ABŞ dollarına bərabər tutulub (201.700 : 1,7 = 118.647) və qaytarılmış cəmi məbləğin 250.647 ABŞ dolları (132.000 ABŞ dollar + 118.647 ABŞ dolları) olduğu müəyyən edilib. Bundan sonra 600.000 ABŞ dollarından 250.647 ABŞ dolları çıxılıb, qalan məbləğin 349.353 ABŞ dolları olduğu müəyyən edilib. Apellyasiya instansiyası məhkəməsində icraat 11.Apellyasiya şikayətində tələb olunub ki, qətnamə iddianın təmin edilməyən hissəsində ləğv edilsin və həmin hissədə iddia təmin olunsun. 12.Məhkəmə iclasında iştirak edən İddiaçı və iddiaçının vəkili və nümayəndəsi Vəkil bildirdilər ki, iddia tələbi xx.xx.2023-cü il tarixli akta əsasən borc verilməsi faktına əsaslanır, iddiaçı həmin akta əsasən cavabdehə 600.000 ABŞ dolları borc pul verib, lakin cavabdeh bu akt əsasında üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyib. Daha əvvəl bağlanmış 3 borc müqaviləsinin hazırkı iddiaya aidiyyəti yoxdur, həmin müqavilələr üzrə verilmiş borcun qaytarılması hazırkı iddiada tələb olunmur. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini xahiş edirlər. 13.Məhkəmə iclasında iştirak edən, Cavabdeh vəkili və nümayəndəsi Əziz Qəmbərli bildirdi ki, cavabdeh xx.xx.2023-cü il tarixli akta əsasən iddiaçıdan hər hansı pul vəsaiti almayıb. Ona görə də apellyasiya şikayətinin təmin edilməməsini xahiş edir. Apellyasiya intansiyası məhkəməsinin mövqeyi 14.Qətnamənin bir hissəsi – iddianın rədd edilməsinə aid hissəsi mübahisələndirildiyinə görə, qətnamənin əsaslılığı yalnız həmin hissədə yoxlanılmalıdır. Yoxlanılan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. 15.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bu maddədə “tələblər” deyiləndə tələbin əsası da nəzərdə tutulur, yəni məhkəmə tələbi təmin edərkən onun əsasından kənara çıxa bilməz. MPM-in 149.2.3-cü maddəsindən görünür ki, tələbin əsası iddia ərizəsinin məzmununa daxildir. MPM-in 53-cü maddəsindən görünür ki, iddianın əsasını dəyişmək iddiaçının hüququdur. Odur ki, məhkəmə iddiaçının əvəzinə iddianın əsasını dəyişə bilməz. 16.İddia ərizəsinin məzmunundan görünür ki, tələbin əsasını xx.xx.2023-cü il tarixli akta əsasən borc verilməsi faktı təşkil edir. Belə ki, iddiaçı iddia ərizəsində qeyd edib: “23 fevral 2020-ci il tarixdə İddiaçı və Cavabdeh arasında borc vəsaitinin verilməsi barədə akt (borc müqaviləsi) bağlamışdır. Həmin yazılı müqaviləyə əsasən Cavabdeh İddiaçı 600.000 ABŞ dolları almış və həmin borcun mövcudluğun təsdiqləmişdir”. Göründüyü kimi, iddiaçı xx.xx.2023-cü il tarixli akta əsasən borc verdiyini iddia edir və həmin borcun qaytarılmasını, o cümlədən faizlərin ödənilməsini tələb edir. Apellyasiya icratı zamanı iddiaçı tərəf izahatında da bunu təsdiq etmiş, bu izahatın video-audio yazısı “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə həyata keçirilmişdir. Odur ki, məhkəmə yalnız bu əsas üzrə qətnamə çıxara bilər. 17.Müəyyən olunur ki, xx.xx.2023-cü il tarixli akt əsasında iddiaçı tərəfindən cavabdehə hər hansı pul vəsaiti verilməyib. Bu, göstərilənlərlə təsdiq olunur: Birinci, aktın məzmununda iddiaçı tərəfindən cavabdehə həmin akta əsasən pul vəsaiti verildiyi qeyd olunmayıb. İkinci, cavabdeh həmin akta əsasən iddiaçıdan pul vəsaiti almadığını bildirir. Üçüncü, iddiaçı həmin akta əsasən cavabdehə pul vəsaiti verdiyini təsdiq edən sübut təqdim etməyib. Əgər iddiaçının iddia ərizəsində istinad etdiyi həmin əsas sübut olunmuş sayılsa, bunun hüquqi nəticəsi ondan ibarət olacaq ki, cavabdeh iddiaçıdan 3 borc müqaviləsi xx.xx.2018, xx.xx.2018 və xx.xx.2018-ci il tarixli borc müqavilələri əsasında 600.000 ABŞ dolları borc almaqla yanaşı, xx.xx.2023-cü il tarixli akt əsasında əlavə olaraq 600.000 ABŞ dolları borc alıb, yəni cəmi 1.200.000 manat borc alıb. 18.Beləliklə, xx.xx.2023-cü il tarixli akt əsasında iddiaçı tərəfindən cavabdehə pul vəsaiti verilmədiyinə görə, həmin akt borc münasibəti yaratmayıb. Odur ki, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, qətnamə iddianın rədd edilməsinə aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. 19.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(004)-2113/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə, yəni iddianın rədd edilməsinə aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar