Məhkəmə qərarları › İş №2(103)-5064/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5064/2022

19.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5064/2022 19.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və X1 ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, Cavabdeh iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2393/2022 saylı, 16 may 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və ipoteka predmetinə tutma yönəldilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 12.808,3 manat əsas borc, 1.508,44 manat faiz borcu, 11,01 manat cərimə borcu olmaqla, cəmi 14.327,75 manat borcun və 132,98 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 11 mart 2021-ci il tarixli kredit müqaviləsinə əsasən, İddiaçı ASC-dən illik 25 faizlə 48 ay müddətinə 13.700 manat kredit götürmüş, lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır, 2022-ci il fevralın 18-dək Cavabdeh banka xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 12.808,3 manat əsas borcu, 1.508,44 manat faiz borcu və 44,03 manat cərimə borcu olmaqla, cəmi 14.360,77 manat borcu vardır. Cavabdehin banka olan cərimə borcu 44,03 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25%-i miqdarında olmaqla, 11,01 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməkdən boyun qaçırır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2393/2022 saylı, 16 may 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh xx.xx.2021-ci il tarixli 15-Y-3-0-198-21 saylı kredit müqaviləsi üzrə 11.308,3 manat əsas borc, 1.508,44 manat faiz borcu, 11,01 manat cərimə borcu olmaqla, cəmi 12.827 (on iki min səkkiz yüz iyirmi yeddi) manat 75 (yetmiş beş) qəpik və dövlət rüsumu qismində ödənilmiş 128 (yüz iyirmi səkkiz) manat 48 (qırx səkkiz) qəpiyin tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iİddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iddiaçı tərəfindən iddia ərizəsində və iş materiallarına əlavə edilmiş sənədlərdə əks edilən kredit borcunun həqiqəti əks etditib-əks etdirməməsini müəyyən etmək məqsədi ilə müvafiq məhkəmə-mühasibatlıq ekspertizası təyin etməli olduğu halda bunu etməmişdir. Belə ki, müvafiq ekspertiza keçirilmiş olsa idi bank tərəfindən məhkəməyə təqdim edilən sənədlərdə əks oluan borc məbləğinin dəfələrlə az olduğu müəyən edilərdi. Belə ki, iddiaçı tərəfindən kredit borcuna əsassız faiz və dəbbə pulu hesablanmışdır. Lakin Məhkəmə bunların heç birini nəzərə almadan qətnamə qəbul etmişdir. Məhkəmə tərəfimdən banka ödənilmiş kredit borclarını nəzərə almamışdır. Belə ki, iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl tərəfindən hər ay 500 manat məbləğində pul ödəmişdir. Lakin, tərəfindən ödənilmiş pulları məhkəmə nəzərə almamış, bununla da işin faktiki hallarına uyğun olmayan qətnamə qəbul etmişdir. Apelyasiya şikayətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2393/2022 saylı, 16 may 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə məhkəmə iclasında baxılmasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən işə İddiaçı ASC-nin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apelyasiya məhkəməsinin iclasında, Cavabdeh verdiyi apelyasiya şikayətini müdafiə etdiyini bildirdi və apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2393/2022 saylı, 16 may 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Hazırki halda Cavabdeh apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnaməndən narazı qalaraq, qətnamənin ləğv edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Məhkəmə kollegiyası Cavabdeh izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Bеlə ki, iş matеriallarında olan, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Sahil” filialı ilə Cavabdeh arasında bağlanmış 15-Y-3-0-198-21 saylı, 11 mart 2021-ci il tarixli “İstehlak kredit müqaviləsi”ndən görünür ki, İddiaçı ASC borcalan Cavabdeh illik 25% dərəcəsi ilə 48 ay müddətinə 13.700 manat məbləğində kredit verməyi, borcalan isə verilmiş krediti qəbul edib, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməyi və krediti qaytarmağı, habelə faizləri ödəməyi öhdəsinə götürmüşdür.(İ.vər. 11 - 13) İş materiallarında оlan, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Sahil” filialı ilə Cavabdeh arasında bağlanmış 15-Y-3-0-198-21 saylı, 11 mart 2021-ci il tarixli “İstehlak kredit müqaviləsi”nə 1 saylı əlavə оlan ödəniş cədvəlindən görünür ki, bоrclu Cavabdeh 13.700 manat məbləğində əsas bоrc və 8.104,25 manat faiz məbləği оlmaqla hər ay 454,25 manat оlmaqla banka 21.804,25 manat məbləği xx.xx.2021-ci il tarixdən başlayaraq xx.xx.2025-ci il tarixə kimi ödəməli idi.(İ.vər. 10) İş materiallarında оlan, 11 mart 2021-ci il tarixli kassa məxaric orderlərinin təsdiq edilmiş surətlərindən görünür ki, 11.500 manat və 2.200 manat məbləğində pul ayrıayrılıqda Cavabdeh tərəfindən xx.xx.2021-ci tarixdə bankın kassasından qəbul edilmişdir.(İş vər. 14) İş materiallarında оlan, KBD-261 saylı, 10 yanvar 2022-ci il tarixli bildiriş (xəbərdarlıq) məktubundan görünür ki, "xxxx" ASC pretenziya qaydasına riayət edərək, Cavabdeh borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir.(İ.vər. 20) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i. a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə “öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi” borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Məhkəmə kollegiyası Cavabdeh apelyasiya şikayətinin əsas və faiz borcunun artıq hesablanması ilə bağlı dəlilinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, iş materiallarında оlan, xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 11 mart 2021-ci il tarixli kredit müqaviləsi üzrə banka 12.808,03 manat əsas, 1.508,44 manat faiz, 44,03 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 14.360,77 manat borcu vardır.(İ.vər. 16) İş materiallarında оlan, xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 11 mart 2021-ci il tarixli kredit müqaviləsi üzrə banka 11.308,03 manat əsas, 2.253,31 manat faiz, 353,89 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 13.915,5 manat borcu vardır.(İ.vər. 63) Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında bağlanmış 15-Y-3-0-198-21 saylı, 11 mart 2021-ci il tarixli krеdit müqaviləsinin 2.4-cü bəndinə əsasən bоrcalan kreditdən istifadəyə görə 48 ay müddətinə illik 25 % ödəməyi öhdəsinə görürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəlləsinin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Məhkəmə kollegiyası Cavabdeh apelyasiya şikayətinin cərimə borcunun çox hesablanması ilə bağlı dəlilinə də münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Tərəflər arasında bağlanmış 15-Y-3-0-198-21 saylı, 11 mart 2021-ci il tarixli kredit müqaviləsinin 2.5-ci bəndinə əsasən bu müqavilə üzrə gecikdirilən borc məbləğinə cərimə kimi hər gecikdirilmiş gün üçün gecikdirilmiş məbləğin illik 180 (vir yüz səksən) % dərəcəsi ilə faiz hesablanması nəzərdə tutulmuşdur. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən dəbbə pulunun xx.xx.2022-ci il tarixli maliyyə arayışında göstərilən həcmdə tutulmasının cavabdehin əmlak mənafelərinə xələl gətirə bilməsini nəzərə alıb, kredit müqaviləsindən irəli gələn dəbbə pulunun tələbi tənasübsüz surətdə yüksək olması nəzərə alınaraq, 15-Y-3-0-198-21 saylı, 11 mart 2021-ci il tarixli kredit müqaviləsinin 2.5-ci bəndinə uyğun olaraq əsas kredit məbləği üzrə tələb olunan 353,89 manat dəbbə pulunun xx.xx.2022-ci il tarixli maliyyə arayışına uyğun olaraq 11,01 manat həddində azaldılması və iddianın həmin hissədə qismən təmin edilməsi işin hallarına və cavabdehin mənafeyinə uyğundur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən isə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 462.3-cü maddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin iddia tələbinin əsas, faiz və cərimə borcunun dair hissədə gəldiyi nəticə əsaslı və qanuni olduğundan həmin tələblərlə bağlı apelyasiya şikayətinin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası işin faktiki hallarını nəzərə alaraq apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır, məhkəmənin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanaraq və işin hallarına məcmu halda qiymət verərək məhkəmə kollegiyası Cavabdeh apelyasiya şikayətinin əsas, faizvə cərimə borcunun çox hesablanması, işin hallarının tam və hərtərəfli aydınlaşdırmaması, tərəfindən ödənilmiş pulların məhkəmə nəzərə almaması barədə dəlillərini əsassız hesab edir. Həmçinin məhkəmə kollegiyası Cavabdeh apelyasiya şikayətinin iş üzrə məhkəməmühasibatlıq ekspertizasının keçirilməs barədə dəlilinə münasibət bildirərək qeyd edir ki, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə heç bir zərurət yoxdur. Belə ki, Cavabdeh birinci instansiya məhkəməsinə verdiyi ərizədə iddia tələbini qismən qəbul etmiş, 11.308,3 manat əsas, 1.508,44 manat faiz və 11,01 cərimə borcunun olduğunu qəbul etmişdir. Odur ki, məhkəmə kollegiyası apelyasiya şikayətinin həmin dəlilini də əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddədə göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətində sadalanan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Bеləliklə, məhkəmə kollеgiyası, Cavabdeh apеlyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun olaraq araşdırıb hеsab еdir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosеssual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollеgiyası bеlə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqtеyi nəzərindən qanuni, əsaslı və ədalətli olduğundan, işdə, həmçinin apеlyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv еdilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar olmadığından, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2393/2022 saylı, 16 may 2022-ci il tariхli qətnaməsi dəyişdirilmədən, Cavabdeh apеlyasiya şikayəti təmin еdilmədən saxlanılmalıdır. Azərbaycan Rеspublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2393/2022 saylı, 16 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Fuad Talışinski

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar