Məhkəmə qərarları › İş №2(103)-5068/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5068/2023

28.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5068/2023 28.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: kredit borcunun tutulması, müqavilənin elektron qaydada bağlanması, faizin hesablanmalı olduğu müddət) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakı ilə "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 may 2023-cü il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. "xxxx" ASC (bank) və Cavabdeh arasında bağlandığı bildirilən 20 dekabr 2021-ci il tarixli CL-EE000010985 nömrəli kredit müqaviləsinə əsasən, onlayn olaraq SMS təsdiq olunmaqla Cavabdeh 48 ay müddətinə, illik 18,9 faiz dərəcəsi ilə 15 000 manat məbləğində kredit verilmiş, müqavilədə xüsusi şərt kimi “borc alan **********32 nömrənin ona məxsus olduğunu və yalnız özü tərəfindən istifadə edildiyini təsdiq edir” göstərilmişdir.

2. 055 747 07 32 mobil telefon nömrəsi Cavabdeh məxsusdur.

3. Cavabdeh Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin X3 ünvanladığı xx.xx.2021-ci il tarixli elektron ərizədə, şəxsiyyət vəsiqəsi və ABB mobile vasitəsilə qeydiyyatdan keçdiyi mobil nömrəsi əsasında “Elektron hökumət Portalı”nda Bankın (əməkdaşının) onun adından qeydiyyatdan keçməsinə, istifadəçi adı və şifrənin yazılmasına razılıq verdiyini bildirmişdir.

4. Bank tərəfindən Cavabdeh 17 dekabr 2021-ci il tarixdə **********601558 saylı ödəniş kartı verilmişdir.

5. 20 dekabr 2021-ci il tarixdə Cavabdeh adına açılmış ******************** saylı hesaba 15 000 manat vəsait köçürülmüş, həmin tarixdə də hesabdan məxaric olunmuşdur.

6. Bank tərəfindən Cavabdeh borcun ödənilməsinə dair xx.xx.2022-ci il tarixdə xəbərdarlıq məktubu göndərilmişdir.

7. xx.xx.2023-cü il tarixli maliyyə arayışına görə, Cavabdeh xx.xx.2021-ci il tarixli CL-EE000010985 saylı kredit müqaviləsi üzrə 15 000 manat əsas, 3481,51 manat faiz borcu vardır.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

8. "xxxx" ASC (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehdən 15 000 manat əsas, 3481,51 manat faiz borcu olmaqla cəmi 18 481,51 manat kredit borcunun, 145,46 manat dövlət rüsumunun və 0,80 manat bank xidmət haqqının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, bankın “Nizami” filialı ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli CL-EE000010985 nömrəli kredit müqaviləsinə əsasən onlayn olaraq SMS təsdiq olunmaqla borcluya 48 ay müddətinə, illik 18,9 faiz dərəcəsi ilə 15 000 manat məbləğində kredit verilmiş, cavabdeh kredit vəsaitindən tam istifadə etmiş, lakin kredit borcu və hesablanmış faizləri müqavilə ilə müəyyən edilmiş qaydada ödəməkdən boyun qaçırmışdır. xx.xx.2023-cü il tarixində cavabdehin kredit müqaviləsi üzrə banka borcu 15 000 manat əsas, 3481,51 manat faiz borcu olmaqla, cəmi 18 481,51 manat təşkil edir. Cavabdehə kreditin qaytarılması haqqında dəfələrlə xəbərdarlıq olunmuş, lakin buna baxmayaraq kredit borcunun və kreditə hesablanmış faizlərin ödənilməsi üçün cavabdeh tərəfindən tədbirlər görülməmişdir.

10. Cavabdeh iştirak etdiyi məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini, bankla arasında hər hansı bir kredit müqaviləsinin bağlanmadığını, ümumiyyətlə ona bank tərəfindən SMS göndərilmədiyini, eşitdiyinə görə həmin kredit məbləğinin götürülməsində təqsiri olan şəxs barəsində cinayət işinin aparıldığını bildirmiş, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

11. Birinci instansiya məhkəməsinin 22 may 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət olunmuşdur.

12. Məhkəmə öz qənaətini belə əsaslandırmışdır ki, iddiaçı cavabdehlə arasında bağlanmış xx.xx.2021-ci il tarixli CL-EE0000l0985 nömrəli kredit müqaviləsinə əsaslanaraq iddia qaldırsa da, həmin müqavilə üzrə kredit məbləğinin cavabdeh tərəfindən şəxsən və ya onun hesabına köçürülməsi yolu ilə qəbul edilməsini və onun borcunun mövcud olmasını sübut edə bilməmiş və məhkəmə tərəfindən sübutların təqdim edilməsi üçün kifayət qədər vaxt verilsə də, həmin sübutları məhkəməyə təqdim etməmişdir.

13. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 389.1-ci, 385.1-ci, 386.1-ci, 442-ci, 739.1-ci, 739.2-ci, Mülki Prosessual Məcəllənin 77.1-ci maddələrinə, Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” və “Qavazov Bolqarıstana qarşı” iş üzrə qərarlarına istinad etmişdir.

14. Qətnamədən iddiaçı bankın nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin sübutlara düzgün qiymət vermədiyini, cavabdehin mülahizələrinə əsaslanmaqla qanunsuz qərar çıxardığını, “Elektron imza və elektron sənəd haqqında” Qanunun tətbiq edilməli normalarını nəzərə almadığını irəli sürmüşdür. Şikayətdə xüsusilə qeyd olunmuşdur ki, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunun 3.5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə sənədin notariat qaydasında təsdiqi və (və ya) dövlət qeydiyyatı tələb olunduğu hallar istisna olmaqla, elektron sənəd kağız daşıyıcıda olan sənədə bərabər tutulur və onunla eyni hüquqi qüvvəyə malikdir. Cavabdeh tərəfindən kredit müraciəti elektron qaydada olmuş, ona məxsus olan nömrə vasitəsilə təsdiq kodu göndərilməklə kredit verilməsi rəsmiləşdirilmişdir. CL-EE000010985 saylı xx.xx.2021-ci il tarixli kredit müqaviləsinin 11.1ci bəndində qeyd edilmiş 055 *** ** ** nömrənin cavabdehə məxsus olduğu və yalnız özü tərəfindən istifadə edildiyi həm müqavilədə, həm də məhkəmə iclas zalında cavabdeh tərəfindən təsdiq edilmişdir. Cavabdeh məhkəmə iclaslarında iştirak edərək, izahatlarında həmin nömrənin özünün istifadəsində olduğunu və ondan başqa heç kimin istifadəsində olmadığını etiraf etmişdir. Mülki Prossesual Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Lakin məhkəmə cavabdehin izahatını sübut kimi qəbul etməmişdir. Kredit vəsaitinin cavabdehə verilməsi məsələsinə gəldikdə isə təqdim edilmiş sübutlardan biri də cavabdehin bank hesabından çıxarışıdır. Həmin hesabdan çıxarışdan aydın görünür ki, 15 000 manat kredit vəsaiti cavabdehin hesabına köçürülmüş və cavabdeh həmin vəsaitdən istifadə etmişdir. Mülki Prossesual Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Lakin məhkəmə qərəzli olaraq təqdim edilmiş hesabdan çıxarışı sübut kimi qiymətləndirməmişdir. Cavabdehin məhkəmə iclası zamanı izahatında qeyd etdiyi cinayət işi ilə bağlı onu qeyd etmək vacibdir ki, həmin cinayət işi bağlı cavabdeh hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Bundan əlavə, məhkəmə cinayət işinin olub-olmaması barədə müvafiq sorğular vermiş lakin, həmin sorğular nəticəsiz qalmış, hər hansı cinayətin işinin olduğu sübut edilməmişdir. Mülki Prossesual Məcəllənin 77.1-ci maddəsinə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Halbuki məhkəmə cavabdehdən qeyd etdiyi halın sübutedilməsini tələb etməmiş, iddiaçıdan qeyd edilən halın sübut edilməsini tələb etmişdir. Bundan əlavə iddiaçı tərəfindən təqdim edilmiş digər sübut vasitələri cavabdeh üçün ayrılmış olan kredit vəsaitinin köçürülmüş olan bank kartının təqdim edilməsi barədə qəbz və iddia tələbinin həcminin artırılması barədə ərizə məhkəmə qətnaməsində bununla bağlı qiymətləndirmə aparılmamışdır.

Apellyasiya şikayətinə qarşı etiraz

15. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya baxışı, verilən izahat

16. Məhkəmə iclasında iştirak edən iddiaçı bankın nümayəndəsi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, cavabdeh isə məhkəməyə gəlməmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

17. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

18. Maddə 331.3. Əqdlərin bağlanması zamanı mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimilesindən, elektron imzadan və ya şəxsi imzanın başqa analoqundan istifadə edilməsinə tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda və qaydada yol verilir. Elektron imzadan istifadə etmə qaydaları qanunvericiliklə müəyyən edilir.

19. Maddə 331.5. Əqdlərin elektron formada bağlanması ilə bağlı məsələlər elektron ticarət haqqında və elektron sənəd dövriyyəsinə dair Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir.

20. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

21. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

22. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

23. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

24. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

25. Maddə 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.

26. Maddə 406.2. Əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barəsində şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır.

27. Maddə 406.3. Yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər.

28. Maddə 407.1. Müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır.

29. Maddə 407.2. Sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır.

30. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.

31. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

“Elektron imza və elektron sənəd haqqında” Qanun

32. Maddə 3.2. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, sertifikatlaşdırılmış imza vasitələri ilə yaradılmış və qüvvədə olan təkmil sertifikatlı gücləndirilmiş imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir.

33. Maddə 3.5. Azərbaycan Respublikasının qanunvericiliyi ilə sənədin notariat qaydasında təsdiqi və (və ya) dövlət qeydiyyatı tələb olunduğu hallar istisna olmaqla, elektron sənəd kağız daşıyıcıda olan sənədə bərabər tutulur və onunla eyni hüquqi qüvvəyə malikdir.

“Elektron ticarət haqqında” Qanun

34. Maddə 7. Elektron ticarətdə satıcı (təchizatçı) ilə alıcı (sifarişçi) arasında müqavilələr elektron sənəd formasında bağlanır. Müqavilə bağlamaq təklifi (oferta), o cümlədən qeyri-müəyyən şəxslər dairəsinə ünvanlanmış oferta (ümumi oferta) oferentin özü və ya bu təkliflə bağlı onun adından hərəkət etmək səlahiyyəti verilmiş şəxs tərəfindən, yaxud onların proqramlaşdırdığı və avtomatik fəaliyyət göstərən informasiya sistemi vasitəsilə göndərilə bilər. Müqavilənin şərtləri xüsusi biliyə malik olmayan alıcı (sifarişçi) tərəfindən dəqiq və birmənalı başa düşülən şəkildə tərtib edilməlidir, həmçinin müqavilə onunla tanış olmağa və onu saxlamağa imkan verən formada hazırlanmalıdır. Müqavilənin bəzi şərtləri digər elektron sənədə istinadən verilə bilər və bu səbəbdən müqavilə etibarsız sayıla bilməz. Bu halda satıcı (təchizatçı) müqavilənin qüvvədə olduğu müddətdə istinad olunan elektron sənədə çıxış imkanı təmin etməlidir. Müqavilə satıcının (təchizatçının) ona aksept aldığı andan bağlanmış hesab olunur. Əgər tərəflər arasındakı razılığa əsasən digər hallar nəzərdə tutulmamışdırsa, elektron sənədin qəbul edilməsinin təsdiqi aksept hesab olunmur.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

38. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

39. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

40. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

41. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

43. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

44. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının iddia tələbini rədd etməklə hüququn tətbiq edilməsində səhv buraxmış, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir.

45. Belə ki, yazılı formalı müqavilələr iki üsulla bağlanır. Birinci üsul bir sənəd tərtib etməkdən ibarətdir. Sənəd tərtibi yolu ilə bağlanan müqavilə onun şərtlərini əks etdirir və müqaviləni bağlayan tərəflər onu imzalayırlar. Tərəflərin vəkil etdikləri şəxslər də müqaviləni imzalaya bilərlər. İkinci üsul isə sənədlər mübadiləsindən ibarətdir. Sənədlər mübadiləsi yolu ilə müqavilə bağlanarkən poçt, teleqraf, teletayp, telefon, elektron və digər rabitə vasitələrindən istifadə edilir. Yalnız zəruridir ki, həmin rabitə vasitələri sənədin müqavilə iştirakçısından (tərəfindən) gəlməsini dürüst müəyyənləşdirməyə imkan versin.

46. Qanunvericiliyin yuxarıda göstərilən müddəalarının məzmunundan göründüyü kimi, yazılı əqdin bağlanmasında vacib şərtlərdən biri tərəflərin onu imzalamasıdır. İmza iradə bəyan edən şəxsi müəyyənləşdirməyə imkan verən işarədir. Yazılı sənəd tərtib edilərkən orada əks olunan iradənin məhz müvafiq şəxsə aid olması ya qrafik, ya da elektron imza ilə işarələnmiş olur. Məqsəd bəyan olunan iradənin müvafiq şəxsdən gəldiyini təyin etməkdir.

47. Həmçinin nəzərə alınmalıdır ki, “Elektron ticarət haqqında” Qanunda əqdlərin elektron formada bağlanması da nəzərdə tutulmuşdur (§ 34).

48. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinin şərh edilməsinə dair” 12 avqust 2020-ci il tarixli qərarında göstərmişdir ki, “...yazılı müqavilələr aşağıdakı qaydada imzalanmaqla bağlana bilər: - tərəflər, onu şəxsən imzalamaqla; - mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzalanmaqla (faksimiledən); - elektron imzadan istifadə etməklə; - şəxsi imzanın başqa analoqundan istifadə etməklə. Mülki Məcəllənin 406.3-cü maddəsinin “sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən” müddəası müqavilə tərəfinə (xüsusilə də bankdan kredit alan və ya istehlakçı sayılan şəxslərə) razılaşmanın bütün mühüm şərtləri barədə ətraflı və aydın şəkildə məlumat verilməsini, həmin şəxsin bunlarla sərbəst tanış olmasını, razıdırsa, bu şərtləri qəbul etməsini bildirmək imkanını ehtiva edir. Qanunvericilikdə əqdin tərəflərin imzaladığı bir sənədin tərtibi ilə, yəni şəxsən, bilavasitə imzalanması ilə yanaşı onun poçt, elektron və digər rabitə vasitələri ilə sənədlər mübadiləsi yolu ilə bağlanması imkanları təsbit edilmişdir. Müqavilənin elektron vasitələrlə sənədlər mübadiləsi yolu ilə bağlanması, bir sənədin tərtib edilməsi ilə bağlanan əqdlə eyni hüquqi qüvvəyə malikdir”.

49. İşin hallarından, 055 747 07 32 mobil telefon nömrəsinin məhz cavabdehə məxsus olduğu, onun bu nömrə ilə mobil tətbiqdə qeydiyyatdan keçdiyi və tərəflər arasında elektron qaydada kredit müqaviləsinin bağlandığı, cavabdehin bilavasitə özünə təqdim edilmiş bank kartına 15 000 manat vəsaitin köçürüldüyü və hesabdan məxaric edildiyi aydın olur; bu isə o deməkdir ki, “müqavilə üzrə kredit məbləğinin cavabdeh tərəfindən şəxsən və ya onun hesabına köçürülməsi yolu ilə qəbul edilməsinin və onun borcunun mövcud olmasının sübut edilmədiyi” qənaəti açıq-aşkar əsassız olmuşdur.

50. Cavabdeh tərəfindən banka hər hansı ödəniş edilmədiyi üçün, eləcə də cavabdeh borcun məbləğini ümumiyyətlə mübahisələndirmədiyindən, kollegiya iddiaçının tələb etdiyi əsas borc məbləği ilə bağlı əlavə araşdırma aparılmasına (ekspertiza təyin etmək, mütəxəssis rəyi almaq və s.) ehtiyac görmür və iddia tələbini əsas borc məbləğinin tutulması hissəsində əsaslı hesab edir.

51. Bununla belə qeyd olunmalıdır ki, Cavabdeh kredit müqaviləsinin ləğv ediləcəyi barədə xx.xx.2022-ci il tarixdə xəbərdarlıq məktubu göndərildiyindən, Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarındakı hüquqi mövqelərə görə, həmin tarixdən sonra müqavilədə nəzərdə tutulmuş faiz dərəcəsi ilə faiz borcu hesablana bilməz; buna görə də, cavabdehdən tutulmalı olan faiz borcunun məbləği ilə bağlı məhz xx.xx.2022-ci il tarixinə aparılmış hesablama əsas götürülməlidir.

52. Həmin qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər”.

53. Apellyasiya baxışı zamanı iddiaçı bankın nümayəndəsindən 20 dekabr 2021ci il tarixli CL-EE000010985 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə hesablanmış faiz borcu barədə arayış tədqdim etməsi tələb olunmuş, müvafiq arayışda göstərilmişdir ki, Cavabdeh həmin tarixə 1914,38 manat faiz hesablanmışdır.

54. Cavabdehin, “kredit məbləğinin götürülməsində təqsiri olan şəxs barəsində cinayət işinin aparıldığı” arqumenti ilə əlaqədar kollegiya qeyd edir ki, o, bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir.

55. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən kollegiya hesab edir ki, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimlədiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.

56. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-843/2023 saylı iş üzrə 22 may 2023-cü il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi qismən təmin edilsin. Cavabdeh 15 000 manat əsas, 1914,38 manat faiz borcu olmaqla cəmi 16 914,38 (on altı min doqquz yüz on dörd manat 38 qəpik) kredit borcu və dövlət rüsumunun əvəzi qismində 215,39 (iki yüz on beş manat 39 qəpik) manat "xxxx" ASC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin olunmasın. Qətnamədən Cavabdeh tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar