Məhkəmə qərarları › İş №2(103)-5069/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5069/2021

01.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5069/2021 01.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçının nümayəndəsi Ülviyyə Xəlilovanın, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı kredit müqaviləsi üzrə kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair 2(005)-523/2021 saylı mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 mart 2021 -ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan ‘xxxx” ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3501.38 (üç min beş yüz bir manat, otuz səkkiz qəpik) manat əsas, 515.38 (beş yüz on beş manat, otuz səkkiz qəpik) manat faiz, 1242.92 (bir min iki yüz qırx iki manat, doxsan iki qəpik) manat cərimə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 117.11 (bir yüz on yeddi manat, on bir qəpik) faiz borcu olmaqla, cəmi 5376.79 (beş min üç yüz yetmiş altı manat, yetmiş doqquz qəpik) manat məbləğində kredit borcunun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30.40 (otuz manat, qırx qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeharasında bağlanmış 23.01,2018-ci il tarixli, 100.LN.1104.230118.00001 saylı kredit müqaviləsinə əsasən, cavabdehə 24 (iyirmi dörd) ay müddətinə, illik 15% (on beş faiz) ödənilmək şərti ilə 5000 (beş min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 3.1 -ci bəndinə əsasən, borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öz üzərinə götürmüşdür. Lakin buna baxmayaraq Cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 23.01.2018-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh 3501.38 (üç min beş yüz bir manat, otuz səkkiz qəpik) manat əsas, 515.38 (beş yüz on beş manat, otuz səkkiz qəpik) manat faiz, 300 (üç yüz) manat cərimə, hesablanmış 117.11 (bir yüz on yeddi manat, on bir qəpik) faiz, cəmi 4433,87 (dörd min dörd yüz otuz üç manat, səksən yeddi qəpik) manat məbləğində borcun, ödənilmiş 30.40 (otuz manat, qırx qəpik) manat dövlət rüsumunun iddiaçı ləğv prosesində olan «xxxx» ASC-nin xeyrinə tutulması qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, bu kredit üzrə təminat onun Bankdan aldığı əmək haqqı hesab edilib. Lakin Bankın lisenziyası ləğv edildiyinə görə həmin bank fəaliyyət göstərmir və təbii ki, o, oradan heç bir əmək haqqı almır. Belə olduqda kreditin ödənilməsini onun digər mənbələr hesabına tutulması qanuni hesab edilmir və məntiqsiz hesab olunur. İkinçi səbəb kimi, onu qeyd etmək istəyir ki, bank qanunvericiliyinə əsasən bank tərəfindən verilən bütün kreditlərə aktivlərin təsnifləşdirilməsi qaydalarına uyğun olaraq ehtiyatlar yaradılır. Sözügedən kredit həmin qaydaların tələblərinə uyğun olaraq ümüdsiz aktiv kimi təsnifləşdirilərək kreditin 100% dəyərində ehtiyat yaradılıb. Belə olduqda istənilən kredit həmin ehtiyat hesabına silinməli və borcalana qarşı heç bir tələb olmamalıdır (təminatı daşınan və daşınmaz əmlaklar olan kreditlət istisna olmaqla). Təəssüf edir ki, bağlanmış bankların varisi olan Əmənətlərin Sığortalanması Fondu bu amili nəzərə alıb işlərində rəhbər tutmurlar və bunun əvəzinə kor təbii üsulla iddialar qaldırırlar. Belə ki, Aktivlərin təşnifləşdirilməsi qaydaları banklar üçün əsas götürülən qaydalardan biridir və özündə bütün beynəlxalq bank komitələrinin (BAZEL) tələblərini əks etdirir. Üçünçü səbəb kimi onu bildirmək istəyir ki, bu borcu onun üstünə yönəldərək hansı mənbədən ödənilməsi bəlli deyil. Belə ki, onun adına bir mənzil var, digər heç bir aktivi yoxdur, təbii ki belə olduqda borcu həmin əmlaka yönələ bilməz. Qalır yalnız onun əmək haqqı ki, bunu da nəzərdən keçirsə, bəlli olacaq ki, bu borcun əmək haqqınada yönəltmək olmaz. Belə ki, vergilər tutulduqdan sonra ona 1220 manat məbləğ çatır. Bunun da 50 faizə yaxını ipoteka kreditinin ödənişinə və onunla bağlı sığorta xərclərinə məsrəf edilir. Məlumat üçün onuda qeyd edir ki, ailədə tək işləyən adam odur, yoldaşı evdar qadındır, üç övladlarından iki tələbə, biri isə şagirddir. Üstəlik yaşlı anası onun himayəsindədir. Bunları nəzərə alsalar, hansı məntiqə əsasən və hansı mənbədən bu borcu ödənilməsi böyük sual yaradır. Apellyasiya baxışı zamanı cavabdeh şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. İddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırkı iş üzrə qətnamə iddianın təmin olunmuş hissəsində yoxlanılır. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, «xxxx» ASC ilə Cavabdeh arasında bağlanmış 23.01.2018-ci il tarixli, 100.LN.1104.230118.00001 saylı kredit müqaviləsinə əsasən «xxxx» ASC Cavabdeh 24 ay müddətinə illik 15% olmaqla, 5000 manat məbləğində kredit xətti açmağı, borcalan Cavabdeh isə həmin kredit xəttindən istifadə etməyi, müqavilədə göstərilən müddətdə və qaydada kredit üzrə əsas borcu qaytarmağı, hesablanmış komissiyaları, habelə ödənişlərdə gecikdirməyə yol verdiyi təqdirdə hesablanmış cərimə məbləğini ödəməyi barədə öhdəlik götürmüşdür. LPO «xxxx» ASC-nin 29.09.2020-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh 23.09.2018-ci il tarixli kredit müqaviləsinə əsasən LPO «xxxx» Açıq Səhmdar Cəmiyyətinə 3501,38 manat əsas, 515.38 (beş yüz on beş manat, otuz səkkiz qəpik) manat faiz, 1242.92 (bir min iki yüz qırx iki manat, doxsan iki qəpik) manat cərimə, gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 117,11 manat borc, ümumilikdə 5376,79 manat məbləğində borcu var. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1 -ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1 -ci maddəsinəəsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Qərarda həmçinin göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv üçün əsas təşkil etmir. Belə ki, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. Qeyd edilənlərə əsasən, iddianın qismən təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli, 2(005)- 523/2021 saylı,qətnaməsi mübahisələndirilən hissədə - iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar