Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-507/2020 12.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Balaban Nərgiz Cəllaləddin qızının katibliyi ilə, İddiaçı İKB ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2019-cu il tarixli qətnamədən Cavabdeh1 verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçı Bankın nümayəndəsi X1 və Cavabdeh1 iştirakları ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bank cavabdehlərə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, onunla Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixdə bağlanmış 21-G-2-0-492-14 №-li “Kredit müqaviləsinin” ləğv edilməsi; həmin müqavilə üzrə yaranmış və ödənilməmiş qalan əsas kredit borcunun ödənilməsi məqsədi ilə 17.221,06 manat əsas, kreditdən istifadəyə görə hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 10.101,26 manat, borcun gecikdirilməsinə görə tətbiq edilmiş dəbbənin (cərimənin) ödənilməsi məqsədi ilə 1.002,93 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat, “İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin” qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun (xidmət haqqı ilə birlikdə) əvəzinin – 30 manat məbləğində pulun Cavabdeh1 onun (Bankın) xeyrinə tutulması; tutmanın ipoteka predmetinə - iş üzrə digər Cavabdeh2 mülkiyyətində olan və Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi, bina № 41-də yerləşən 84 №-li mənzilə yönəldilməsi; mənzilin açıq hərracdan satılması; mənzilin satışından əldə oluna biləcək pul vəsaiti hesabına qeyd edilən borcun ödənilməsi; həmin vəsait borcun ödənilməsinə kifayət etmədiyi halda borcun qalan hissəsinin Cavabdeh1 ümumi qaydada tutulması; mənzilin satıldığı halda mənzilin 1 aydan gec olmayaraq boşaldılması, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi və onların mənzildən çıxarılmaları; boşaldıqdan sonra mənzilin iddiaçı Banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bank ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli “Kredit müqaviləsinə” əsasən Cavabdeh1 iddiaçı Bankın 9 saylı Filialından kreditdən istifadəyə görə illik 25 faiz ilə 60 ay müddətinə 19.000 manat məbləğində kredit götürmüşdür. Cavabdeh1 “Kredit müqaviləsi” üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəliyin icrasının təminatı olaraq iş üzrə digər Cavabdeh2 mülkiyyətində olan mənzilin Bankın xeyrinə ipoteka ilə yüklü etmiş və bu barədə Cavabdeh1, Cavabdeh2 və Bank arasında xx.xx.2014-cü il tarixli “İpoteka müqaviləsi” bağlanmışdır. Bu zaman mənzildə yaşayan iş üzrə digər Cavabdeh3 mənzilin ipoteka ilə yüklü edilməsinə yazılı razılıq vermişdir. Göstərilənlərə baxmayaraq Cavabdeh1 “Kredit müqaviləsi” üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəliyi icra etməmiş, Banka olan kredit borcunun cüzi bir hissəsini ödəmiş, borcunun qalan hissəsini ödəməkdən boyun qaçırmışdır. xx.xx.2018-ci il tarixə Cavabdeh1 Banka olan kredit borcu aşağıdakı kimidir: əsas borc 17.221,06 manat, faiz borcu 10.101,26 manat, “Kredit müqaviləsinin” 1.14-cü bəndinə əsasən hesablanmış dəbbə (cərimə) borcu 1.002,93 manat. Bank tərəfindən dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq Cavabdeh1 Banka olan borcunu ödəməmişdir. Bu səbəbdən də Bank hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddianın məhkəməyə verilməsi üçün Bank tərəfindən 30 manat, “İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin” qeydə alınması üçün 30 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnamə ilə iddianı qismən təmin edilməsini, Bank ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli “Kredit müqaviləsinin” ləğv edilməsini, əsas kredit borcunun ödənilməsi məqsədi ilə 17.221,06 manat, kreditdən istifadəyə görə hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 10.101,26 manat, tətbiq edilmiş dəbbənin (cərimənin) azaldılmasını və azaldılmış dəbbənin ödənilməsi məqsədi ilə 200 manat, cəmi isə 27.522,32 manat, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumlarının əvəzinin – cəmi 60 manat məbləğində pulun Cavabdeh1 iddiaçı Bankın xeyrinə tutulmasını, tutmanın ipoteka predmeti olan və Cavabdeh2 məxsus mənzilə yönəldilməsini, mənzilin ilkin satış qiymətinin 84.500 manat müəyyən edilməklə açıq hərracdan satılmasını, satışdan əldə oluna biləcək pul vəsaiti hesabına yuxarıda qeyd edilən borcun ödənilməsini və bundan sonra artıq qala biləcək pul vəsaitinin Cavabdeh2 verilməsini, satıldığı halda mənzilin 1 aydan gec olmayaraq boşaldılaraq iddiaçı Banka təhvil verməsini, iddianın qalan hissədə təmin edilməməsini, iş üzrə keçirilmiş qiymətləndirilmənin xərcinin əvəzi olaraq 300 manat məbləğində pulun Cavabdeh1 alınaraq qiymətləndirməni aparmış Şirkətə ödənilməsini qət etmişdir. Cavabdeh1 Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və ekspertiza təyin edilməklə borcun məbləğinin yenidən müəyyən edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin əsasları ondan ibarətdir ki, borcun məbləği düzgün hesablanmamışdır. Apellyasiya baxışı iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək apellyasiya şikayətinin məzmununa uyğun izahat verdi və bildirdi ki, borcun məbləği düzgün hesablanmamışdır. Borcun məbləğinin düzgün müəyyən edilməsi üçün ekspertizanın təyin edilməsi zəruridir. İş üzrə digər cavabdehlər işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq, apellyasiya baxışı iclasına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Məhkəmə, bu halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. İddiaçı Bankın nümayəndəsi R.Abdullayev apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin əsaslarına, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Göstərilənləri nəzərə alan Məhkəmə hazırki iş üzrə apellyasiya baxışının hədləri ilə bağlı qeyd edir ki, Rayon Məhkəməsi iddia tələbini qismən təmin etsə də, iddiaçı Bank, tələbinin bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin mövqeyi ilə razılaşmış, qətnamədən apellyasiya şikayəti verməmişdir. İş üzrə cavabdehlər (ipotekaqoyan) Cavabdeh2 və (mənzildə yaşayan) Cavabdeh3 da qətnamədən apellyasiya şikayəti verməmişlər. Qətnamədən apellyasiya şikayətini yalnız Cavabdeh1 vermişdir. Onun apellyasiya şikayətinin məzmunundan görünür ki, o, ondan iddiaçı Bankın xeyrinə tutulmalı olan kredit borcunun məbləğini mübahisələndirir. MPM-nin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Odur ki, göstərilənlərinə əsaslanan Məhkəmə, mübahisə predmetinin bölünməz olmadığını nəzərə alaraq qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır. Hazırki iş üzrə apellyasiya baxışının həddini nəzərə alan Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilməlidir. Belə ki, iddiaçı Bank ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli “Kredit müqaviləsindən” və xx.xx.2014-cü il tarixli “Kassa məxaric orderindən” görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh1 kreditdən istifadəyə görə illik 25 faiz dərəcəsi ilə Bankdan 60 ay müddətinə 19.000 manat məbləğində kredit (borc) götürmüşdür. “Kredit müqaviləsindən” və müqavilənin tərkib hissəsi olan “Ödəniş qrafikindən” görünür ki, Cavabdeh1 Bank qarşısında üzərinə öhdəlik götürmüşdür ki, banka olan kredit borcunu 60 ay müddətində, hissə-hissə və aybaay Banka ödəyəcək. İşin hallarından və apellyasiya şikayətinin məzmunundan görünür ki, Cavabdeh1 Bank qarşısında üzərinə götürdüyü həmin öhdəliyi lazımi qaydada icra etməmişdir. Onun iddiaçı Banka kredit borcu yaranmışdır. İşin müəyyən edilmiş bu halını nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə, borc alan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Məcəllənin 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 448-ci maddəsinə görə, əgər Mülki Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məcəllənin 465.2-ci maddəsinin birinci cümləsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. İddiaçı Bankın təqdim etdiyi xx.xx.2018-ci il tarixli “Maliyyə arayışından” görünür ki, xx.xx.2014-cü il tarixli “Kredit müqaviləsi” üzrə xx.xx.2018-ci il tarixə Cavabdeh1 Banka olan kredit borcu aşağıdakı kimidir: əsas borc 17.221,06 manat, faiz borcu 10.101,26 manat, “Kredit müqaviləsinin” 1.14-cü bəndinə əsasən hesablanmış dəbbə (cərimə) borcu 1.002,93 manat. Cavabdeh1 apellyasiya şikayətində göstərdiyi yeganə dəlil ondan ibarətdir ki, ondan iddiaçı Bankın xeyrinə tutulması iddia edilən kredit borcunun məbləği düzgün hesablanmamışdır. Apellyasiya şikayətinin bu dəlili ilə bağlı Məhkəmə qeyd edir ki, Cavabdeh1 tutulması tələb olunan borcun məbləğinin araşdırılması üçün Məhkəmə tərəfindən hazırki iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən Məhkəməyə təqdim edilmiş xx.xx.2020-ci il tarixli, 32357 nömrəli rəydən görünür ki, Cavabdeh1 xx.xx.2014-cü il tarixli “Kredit müqaviləsi” üzrə iddiaçı Banka xx.xx.2018-ci il tarixə (iddiaçının tələb etdiyi tarixə) 17.440.41 manat məbləğində əsas, 10.048.03 manat məbləğində isə faiz borcu var. Rəydən daha sonra görünür ki, xx.xx.2018-ci il tarixdən sonra ödənilmiş 1.881,06 manat ödəniş nəzərə alınmamışdır. Məhkəmə ekspert rəyini digər sübutlarla birgə tam, hərtərəfli və obyektiv qiymətləndirərək, hesab edir ki, apellyasiya şikayətinin dəlilləri faiz borunun məbləğinin müəyyən edilməsi hissəsində əsaslıdır. Ona görə də, Rayon Məhkəməsi tərəfdən cavabdehdən tutulmuş faiz borcunun məbləği azaldılmalıdır. Bundan başqa nəzərə alınmalıdır ki, xx.xx.2018-ci il tarixdən sonra cavabdeh tərəfindən 1.881,06 manat məbləğində ödəniş həyata keçirilmişdir. Mülki Məcəllənin 432.4-cü maddəsinin mənasına görə, əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin, sonra faizlərin və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. Qeyd olunan maddi hüquq normasının göstərişini və Bankın tələbinin xx.xx.2018-ci il tarixədək olan dövrə aid olmasını nəzərə alan Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən edilmiş 1.881,06 manat məbləğində ödəniş onun Banka olan 10.048.03 manat məbləğində faiz borcundan çıxılmalı və faiz borcu olaraq (10.048,03 – 1.881,06=) 8.166,97 manat Cavabdeh1 tutularaq iddiaçı Banka ödənilməlidir. Məhkəmə eyni zamanda bildirir ki, apellyasiya şikayətinin dəlilləri əsas borc məbləğinin müəyyən edilməsi hissəsində təmin edilə bilməz. Çünki iş üzrə verilmiş və yuxarıda adı çəkilən ekspert rəyində göstərilən əsas borc məbləği Rayon Məhkəməsi tərəfindən müəyyən edilən məbləğdən və hətta iddia ərizəsində qeyd edilən məbləğdən də artıqdır. Əsas kredit borcunun daha aşağı olması barədə Cavabdeh1 bildirdikləri hər hansı bir sübut ilə təsdiq edilmir. Bu baxımdan hesab edilməlidir ki, qətnamənin bu hissəsinə aid apellyasiya şikayətinin dəlili əsassızdır. Daha sonra Məhkəmə qeyd edir ki, Cavabdeh1 “Kredit müqaviləsi” üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəliyin icrasını gecikdirməsi aşkardır. Öhdəliyin gecikdirilməsini və müqavilə şərtlərini nəzərə alan iddiaçı Bank, ödənişin gecikdirilməsinə görə Cavabdeh1 1.002,93 manat cərimə (dəbbə) hesablamış və həmin məbləğin cavabdehdən tutulmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının bu iddia tələbini qismən təmin etmiş və dəbbəni 200 manat məbləğində müəyyən etmiş Rayon Məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Çünki Mülki Məcəllənin 462-ci maddəsinin mənasına görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Həmin Məcəllənin 465.2-ci maddəsinin mənasına görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Belə olan halda hesab edilməlidir ki, qətnamənin bu hissəsinə də aid apellyasiya şikayətinin dəlili əsassızdır. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, işə baxmış Rayon Məhkəməsinin iş üzrə gəldiyi və hazırki apellyasiya baxışının predmetini təşkil edən nəticəsi qismən, yəni “faiz borcun məbləğinin müəyyən edilməsi” hissəsində səhvdir. Qeyd edilən bu hal isə MPM-nin 385-ci maddəsinə görə birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında dəyişdirilməsi üçün əsasdır. Odur ki, Məhkəmə, MPM-nin 385-ci maddəsinin tələblərinə və MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi faiz borcun məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2019-cu il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə qismən, yəni faiz borcunun məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilsin. İddiaçı İKB ASC ilə Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixdə bağlanmış 21-G-2-0-492- 14 №-li “Kredit müqaviləsi” üzrə yaranmış faiz borcunun ödənilməsi məqsədi ilə 8.166 (səkkiz min yüz altmış altı) manat 97 (doxsan yeddi) qəpik məbləğində pul Cavabdeh1 tutularaq İddiaçı İKB ASC-yə ödənilsin. Müəyyən edilsin ki, Cavabdeh1 İddiaçı İKB ASC-nin xeyrinə tutulmalı olan cəmi məbləğ (əsas kredit borcu + faiz borcu + dəbbə=) 25.588 (iyirmi beş min beş yüz səksən səkkiz) manat 3 (üç) qəpik təşkil edir. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xərci Cavabdeh1 aid edilsin. Bu məqsədlə ondan 150 (yüz əlli) manat məbləğində pul tutularaq dövlət nəfinə ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh1 tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi apellyasiya baxışının predmeti olan qalan hissədə, yəni əsas kredit borcunun ödənilməsi məqsədi ilə 17.221 (on yeddi min iki yüz iyirmi bir) manat 6 (altı) qəpik, tətbiq edilmiş dəbbənin (cərimənin) azaldılmasını və azaldılmış dəbbənin ödənilməsi məqsədi ilə 200 (iki yüz) manat məbləğində pulun Cavabdeh1 iddiaçı Bankın xeyrinə tutulması barədə hissəsi dəyişdirilmədən saxlanılsın. Müəyyən edilsin Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin qalan hissəsi, yəni «iddiaçı Bank ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli “Kredit müqaviləsinin” ləğv edilməsi, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumlarının əvəzinin – cəmi 60 manat məbləğində pulun Cavabdeh1 iddiaçı Bankın xeyrinə tutulması, tutmanın ipoteka predmetinə - Cavabdeh2 məxsus olan və Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi, bina № 41-də yerləşən 84 №-li mənzilə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 84.500 manat müəyyən edilməklə açıq hərracdan satılması, satışdan əldə oluna biləcək pul vəsaiti hesabına yuxarıda qeyd edilən borcun ödənilməsini və bundan sonra artıq qala biləcək pul vəsaitinin Cavabdeh2 verilməsi, satıldığı halda mənzilin 1 aydan gec olmayaraq boşaldılaraq iddiaçı Banka təhvil verməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş qiymətləndirilmənin xərcinin əvəzi olaraq 300 manat məbləğində pulun Cavabdeh1 alınaraq qiymətləndirməni aparmış “xxxx” MMC-yə ödənilməsi barədə» hissəsi hazırki apellyasiya baxışının predmeti olmamışdır. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Hakimlər (imza) Məmməd Məmmədov (imza) Şeyda Məhərrəmova (imza) Rəşad Həsənov “Əsli ilə düzdür” Hakim Məmməd Məmmədov
Məhkəmə qərarları › İş №2(103)-507/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-507/2020
12.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver