Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-507/2021 16.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi Elxan Əskərovun, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və onun nümayəndəsi vəkil Vüqar Əmrahovun iştirakı ilə, İddiaçı QSC X6 Təşkilatının Cavabdeh qarşı “əsas və faiz borcun qaytarılması” barədə ilkin, Cavabdeh İddiaçı QSC X1rşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddia tələblərinə dair 2(001)-1921/2020 saylı mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC X6 Təşkilatı Cavabdeh qarşı “əsas və faiz borcun qaytarılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borc üzrə 125000 ABŞ dolları, faiz borcu üzrə 175104,17 ABŞ dolları, cəmi 300104,17 ABŞ dolları məbləğində kredit borcunun, həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun İddiaçı QSC X6 Təşkilatının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2015-ci il tarixli, 570 saylı Fərmanına əsasən “xxxx” ASC ilə İddiaçı QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair xx xxxxxx 2015-ci il tarixli Müqaviləyə görə “xxxx” ASCnin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İddiaçı QSC-nin nizamnaməsinə edilmiş xx xxxxxxx 2015-ci il tarixli, ********** saylı dəyişiklikdəki 2.5-ci maddəyə əsasən Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2015-ci il tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“X4 Edilməsi” MMC) vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli, 101 S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən “xxxx” ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər xx xxxxxx 2018-ci il tarixli, S-FK-1264 saylı təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. “xxxx” ASC ilə Cavabdeh arasında xx xxxxxx 2007-ci il tarixdə, 2201 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 15 % olmaqla 12 ay müddətinə 125000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 4.2-ci bəndinə əsasən kredit vəsaitindən istifadə müddətinin axımı “borcalan”nın ssuda hesabına kredit vəsaitinin köçürüldüyü təqvim tarixindən sonrakı gün başlanır. Müqavilənin 4.3-cü bəndinə əsasən “borcalan”a verilən vəsaitindən istifadə müddəti 12 aydır. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdehin banka olan borcu hazırda əsas borc üzrə 125000 ABŞ dolları, faiz borcu üzrə 175104,17 ABŞ dolları, cəmi 300104,17 ABŞ dolları təşkil edir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bu günədək yerinə yetirilməmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia tələbinin rədd edilməsi və onunla “xxxx” ASC arasında bağlanmış xx xxxxxx 2007-ci il tarixli, 2201 saylı kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, ilkin iddiaçının iddia tələbi əsassızdır, belə ki, iş materiallarında olan iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xx xxxxxx 2007-ci il tarixli, 2201 saylı kredit müqaviləsinin 4.2- ci bəndinə əsasən kredit vəsaiti bu müqavilə qüvvəyə mindiyi tarixdən 15 gündən gec olmayaraq borc verən tərəfindən borc alanın ssuda hesabına köçürülür və bu barədə dərhal borc alana məlumat verilir. Həmin müqavilənin 15.1-ci bəndinə əsasən bu müqavilə bağlandığı andan qüvvəyə minir. Kredit müqaviləsinin 4.2 və 15.1-ci bəndlərinin məzmununa əsasən tərəflər arasında xx xxxxxx 2007-ci il tarixli müqavilə bağlandığı andan borc verən borc alanın ssuda hesabına 125000 ABŞ dolları keçirməli idi. Lakin iş materiallarından da göründüyü kimi borc verənin borc alanın hesabına 125000 ABŞ dolları keçirməsi və həmin keçirmə barədə cavabdehə məlumat verməsi barədə hər hansı sübut təqdim edilməmişdir. O, hər hansı sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan şəxs olub, onun hər hansı ssuda hesabı olmamışdır. Bank haqqında qanunvericiliyə görə ssuda hesabları bankın müştərilərə verdiyi kreditlərin uçotu, kredit müqaviləsində nəzərdə tutulduğu hallarda isə həmçinin kredit vəsaitlərinin istifadəsi və ödənilməsi ilə bağlı bank əməliyyatlarının aparılması üçün açılır. İddiaçı tərəf onun ssuda hesabına kredit müqaviləsində nəzərdə tutulmuş məbləği keçirdiyini göstərsə də, həmin hesabdan cavabdehin hər hansı vəsait götürübgötürməməsinə dair sübutu məhkəməyə təqdim edə bilməmişdir. Kredit müqaviləsinin 3.4cü bəndində borc alan tərəfindən təqdim edilən maliyyə və digər məlumatlar tətib olunduğu vaxtdan borc alanın maliyyə vəziyyətini əhəmiyyətli dərəcədə pisləşdirən dəyişikliklər baş verməmişdir tezisi öz əksini tapmasına baxmayaraq borcalanın kredit müqaviləsi bağladığı vaxtı maliyyə vəziyyəti barədə sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Kredit müqaviləsinin 6.3-cü bəndinə əsasən borcalan tərəfindən kreditin qaytarılması bərabər hissələrlə aylıq ödəmələrin həyata keçirilməsi yolu ilə aparılır. Həmin müqavilənin 6.4-cü bəndinə görə borcalan borc verəndən bu müqavilə ilə nəzərdə tutulmuş şərtlərlə aldığı kredit vəsaitini 12 ay müddətində ödəməlidir. İddiaçı kreditin ona verildiyi tarixdən indiyədək kreditin qaytarılması ilə bağlı hansı hərəkətlər etməsi, borcverənin onun 12 ildən artıq bir müddətdə krediti qaytarmaması ilə hər hansı tədbirlər görüb-görməməsi barədə nə iddia ərizəsində, nə də iddiaya əlavə edilmiş sənədlərdə məlumat verilmişdir. Borc verən tərəfindən eyni zamanda kredit müqaviləsinin 12.3-cü bəndinin də tələbləri pozulmuşdur. Belə ki, həmin bəddə göstərilmişdir ki, borcverən borcalan tərəfindən kreditin və kredit üzrə hesablanmış faizlərinin ödənilməsinin uçotunu aparır. Müqavilədə ona xx xxxxxx 2007-ci il tarixdə 125000 ABŞ dolları kredit verildiyi göstərilsə də, həmin kreditin və kredit üzrə hesablanmış faizlərin 2007-2019-cu illıər ərzində ödənilməsinin uçotu aparılmamış və aparılmamasının səbəbləri iddia ərizəsində göstərilməmişdir. Bundan əlavə, iddiaçı tərəfindən müddət ötürülmüşdür (bununla bağlı ayrıca ərizə də verilmişdir). Mülki qanunvericilikdə müqavilələr üçün iddia müddəti 3 il müəyyən edilmişdir. İddiaçı isə 12 ildən sonra məhkəməyə müraciət etmişdir. Məhkəmə digər hallarla yanaşı iddiaçı tərəfindən müddətin üzürsüz səbəbdən ötürülməsini və müddətin bərpası barədə məhkəməyə hər hansı vəsatət təqdim etmədiyini nəzərə almalıdır. Yuxarıda qeyd edilən əsaslar onu göstərir ki, borcverənlə borcalan arasında bağlanmış xx xxxxxx 2007-ci il tarixli kredit müqaviləsi üzrə müqavilə şərtləri borcverən tərəfindən kobud şəkildə pozulmuş borcalanın ssuda hesabına heç bir kredit vəsaiti köçürülməmiş, əgər köçürülübsə belə bu barədə borc alan xəbərdarlıq edilməmiş, həmin vəsait ssuda hesabından onun tərəfindən götürülməmişdir. Görünür ki, o, formal olaraq kredit müqaviləsini imzalasa da, həmin müqavilədə nəzərdə tutulmuş 125.000 ABŞ dolları məbləğində vəsait ona verilməmiş, digər şəxs tərəfindən mənimsənilmişdir. Bu barədə də borcverən “xxxx” ASC-nin səlahiyyətli şəxsləri mütləq xəbərdar olmuşlar. Əks halda, onlar kredit müqaviləsi üzrə 125.000 ABŞ dollar məbləğində xüsusilə külli miqdarda vəsaitin ödənilməsi barədə keçən 12 il ərzində ona hər hansı xəbərdarlıq edərdilər və yaxud krediti ödəməsi tələbi ilə məhkəməyə müraciət edərdilər. İş materiallarında yalnız “X4 Edilməsi Agentliyi” MMC-nin (icraçı direktor Süleyman Bəkirovun imzası ilə) cavabdehə xx xxxxxxxx 2019-cu il tarixli, 4039 saylı (yəni kredit müqaviləsinin bağlanmasından 12 il 22 gün sonra) məktubu vardır ki, həmin məktubda cavabdehin “xxxx” ASC ilə xx xxxxxx 2007-ci il tarixli, 2201 saylı kredit müqaviləsi bağladığı, müqaviləyə əsasən ona 15 % tətbiq edilməklə 12 ay müddətinə 125.000 ABŞ dollar məbləğində kredit verildiyi, Beynəxalq Bankda İddiaçı QSC arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli müqaviləyə əsasən Beynəlxalq Bankın problemli aktivlərinin tələb edilməsi hüququnun İddiaçı ASC-yə keçdiyi, İddiaçı QSC ilə “X4 Edilməsi Agentliyi” MMC arasında xx xxxxxxxx 2016-cı il tarixdə bağlanmış xidməti müqaviləyə əsasən problemli aktivlərin tələb hüququnun idarə edilməsinin “X4 Edilməsi Agentliyi” MMC-nin həyata keçirdiyi, buna görə də onunla bağlanmış 2201 saylı kredit müqaviləsinə əsasən 125000 ABŞ dolları əsas borc, faiz borcu üzrə 175104,17 ABŞ dolları, cəmi 300104,17 ABŞ dolları ödənilməsi, əks halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdaedici məlumatlar öz əksini tapmışdır. Göründüyü kimi, ondan kredit borcunu tələb etmək hüququ kreditin verilməsindən 8 il sonra İddiaçı QSC-yə keçmiş, axırıncı isə xx xxxxxxxx 2016-cı il tarixdə Beynəxalq Bankın problemli aktivlərinin tələb edilməsi hüququnu “X4 Edilməsi Agentliyi” MMC-yə verdiyi göstərilsə də, həmin tarixədək cavabdehlə kreditin bağlanmasından 8 il 1 ay müddət keçməsinə baxmayaraq nə borcverən Beynəlxalq Bank, nə də tələbin güzəşt edildiyi İddiaçı QSC kreditin ödənilməməsi ilə bağlı cavabdehə heç bir irad bildirməmiş, bununla bağlı ona hər hansı bir yazılı bildiriş yaxud şifahi xəbərdarlıq edilməmişdir. Görünür ki, “xxxx” ASC, həm də İddiaçı QSC-nin rəhbərliyi kredit müqaviləsindəki imzanın ona məxsus olmasına baxmayaraq, 125000 ABŞ dolları məbləğində kreditin mənimsənilməsində hüquq-mühafizə orqanları tərəfindən təqsirli bilinərək məhkəmənin hökmü ilə talama, o cümlədən bank vəsaitlərinin mənimsənilməsi, dələduzluq cinayətinə görə uzun müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Dünyamin Xəlilov və onunla birlikdə eyni cinayətin törədilməsinə görə məhkum edilmiş Beynəlxalq Bankın səlahiyyətli şəxslərinin iştirakı ilə həyata keçirilməsindən xəbərdar olmuşlar. Əks halda, onlar, keçən uzun müddət ərzində cavabdehdən kreditin və ona görə hesablanmış faizlərin qaytarılmasını tələb edərdilər. Lakin onlar bunu etməmişlər. Onun özü də “X5 Edilməsi Agentliyi” MMC-nin (icraçı direktor Süleyman Bəkirovun imzası ilə) ona ünvanladığı 11039 saylı, xx xxxxxxxx 2019-cu il tarixli məktubunda göstərmişdir ki, bu barədə Daxili İşlər Nazirliyi X2 Mübarizə İdarəsi tərəfindən Dünyamin Xəlilov, Cahangir Hacıyev və başqaları barəsində açılmış cinayət işi üzrə həmin idarədə veridiyi izahatında göstərmişdir ki, “xxxx” MTK-nın sədri Hikmət Baxşıyev onu və həmin MTK-da çalışan digər 4 nəfər şəxsi MTK-da Dünyamin Xəlilovun adamı kimi tanınan Kamal Abbasovun tapşırığı ilə kredit müqaviləsi imzalamaq üçün xxxxnın yadında qalmadığı filialına göndərmişdir. O, həmin filial MTK-da kadrlar şöbəsinin rəisi vəzifəsində işləyən Ruslan Musayevlə birlikdə taksi ilə getmişdir. Ondan və Ruslandan başqa onun qardaşı Şəmsəddin Məmmədov, İbrahim Məmmədov, Mikayılov Məmmədağa, Abbasov Pirağa da kredit müqaviləsi imzalamaq üçün Beynəlxalq Bankın filialına getmişlər. Kredit müqaviləsini oxumadan imza atmış, onunla birlikdə digər kredit müqavilələrini imzalamaq üçün ora göndərilmiş yuxarıda qeyd edilmiş şəxslərin kredit müqavilələri üzrə borcları Dünyamin Xəlilov tərəfindən ödənilmişdir. Ona da borcunun ödənildiyini desələr də, bu yaxınlarda məlum olmuşdur ki, kredit borcu ödənilməmişdir. Göründüyü kimi, iddiaçı ilə onun arasında mübahisələr cinayət xarakterlidir və kreditin götürülməsi ilə əlaqədar hüquq-mühafizə orqanlarında müvafiq araşdırmalar aparılaraq təqsirkar şəxslər məsuliyyətə cəlb edilmişlər. Onun qanunsuz kreditin götürülməsində və istifadəsində heç bir günahı və iştirakı olmamışdır. Əks halda, o da cinayət məsuliyyətinə cəlb edilərdi. Buna görə də onunla “xxxx” ASC arasında xx xxxxxx 2007-ci il tarixli, 2201 saylı kredit müqaviləsi tərəflərin həqiqi iradə ifadəsini əks etdirmədiyi üçün həmin müqaviləyə qanunvericilikdə əqdlərin etibarsızlığına şamil edilmiş normalar tətbiq edilməklə etibarsız hesab edilməlidir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə ilk və qarşılıqlı iddialar təmin edilməmişdir. İlk iddia üzrə iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və İddiaçı QSC-nin iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “xxxx” ASC ilə (bundan sonra Bank) Cavabdeh (bundan sonra “Borcalan”) arasında xx.xx.2007-ci il tarixdə, 2201 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 15 % olmaqla 12 ay müddətinə 125.000 (bir yüz iyirmi beş min) ABŞ dolları məbləğində kredit verilmişdir. İddia ərizəsində göstərilmişdir ki, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq “xxxx” ASC ilə İddiaçı QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli Müqaviləyə görə “xxxx” ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar “xxxx” ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər S-FK-1264 saylı, xx.xx.2018-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. İddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanı ilə qərara alınmışdır ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Mərkəzi Bankı on beş gün müddətində "xxxx" ASC-yə məxsus problemli aktivləri müəyyən etsinlər və həmin aktivlərin mərhələli şəkildə müvafiq həcmdə likvid vəsait müqabilində bankın balansından çıxarılması və dövlətə məxsus "İddiaçı" Qapalı Səhmdar Cəmiyyəti X6 Təşkilatının (bundan sonra - "İddiaçı" QSC) idarəetməsinə verilməsi üçün tədbirlər görsünlər. Həmin Fərmanda müəyyən edilmişdir ki: (2.1) Bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş aktivlərin "İddiaçı" QSC tərəfindən alınmasının və idarə edilməsinin maliyyələşdirilməsi dövlət zəmanəti əsasında uzunmüddətli, aşağı faizli borc istiqrazlarının "İddiaçı" QSC tərəfindən emissiya edilərək qiymətli kağızlar bazarında yerləşdirilməsi hesabına təmin edilir; (2.2) "İddiaçı" QSC tərəfindən emissiya ediləcək istiqrazların tələb olunan həcmi və müddətləri "xxxx" ASCdən aktivlərin alınması tədbirləri ilə uzlaşdırılır və buna müvafiq dövlət zəmanətinin həcmi hər ilin dövlət büdcəsinin daxili borclanma limitinin məbləğində nəzərə almır;(2.3) "İddiaçı" QSC bu Fərmanın 1-ci hissəsinə uyğun olaraq alınmış aktivləri idarə edərkən aşağıdakı vəzifələri yerinə yetirir: (2.3.1) "xxxx" ASC-dən alınacaq aktivlər üzrə əsas borclar (kreditlər) və faizlər, borcun təminatı olan girov (ipoteka), zaminlik üzrə tələb hüquqlarını qanunvericiliyə əsasən əldə etmək və həyata keçirmək; (2.3.2) ödəmə vaxtı keçmiş kredit borclarının (faizlərin) qaytarılması və borcalanlar tərəfindən müqavilə öhdəliklərinin yerinə yetirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər (məhkəmədə iddia qaldırmaq, tələbi girova yönəltmək və s.) görmək; (2.3.3) tələb girova (ipotekaya) yönəldildiyi halda, girov (ipoteka) qoyulmuş əmlakın idarə edilməsini həyata keçirmək, həmin əmlakın dövlət əmlakına aid edilməsi barədə təkliflər vermək və ya ixtisaslaşmış təşkilatlar tərəfindən açıq hərraclarda satışını təşkil etmək, əldə olunan vəsaitin borc öhdəliklərindən irəli gələn tələblərin ödənilməsinə yönəldilməsini təmin etmək; (2.34.) aktivlərin idarə edilməsi ilə əlaqədar tələb olunan xərcləri bu Fərmanın 2.1-ci bəndinə əsasən əldə olunan vəsait hesabına, bu məqsədlər üçün hər il təsdiq olunan xərclər smetasına uyğun olaraq həyata keçirməkdir. Həmçinin iş materiallarına əlavə edilmiş “X4 Edilməsi Agentliyi” MMC- nin Nizamnaməsinin 1.1 -ci bəndində göstərilir ki, “X4 Edilməsi Agentliyi” Məhdud Məsuliyyətli Cəmiyyəti hüquqi şəxs kimi İddiaçı Qapalı Səhmdar Cəmiyyəti X6 Təşkilatının tabeliyində “xxxx” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 nömrəli Fərmanı ilə İddiaçı QSC-yə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsində iştirak etmək məqsədilə yaradılmışdır və öz fəaliyyətini qanunvericlik aktları və Nizamnamə əsasında həyata keçirir. İşlə əlavə edilmiş xx.xx.2018-ci il tarixli, S-FK-1264 saylı “xxxx” ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı təhvil-təslim aktdan görünür ki, xx.xx.2018-ci il tarixdə borclu şəxs Cavabdeh dair sənədlər “Aqrarkredif QSC-yə verilmişdir. Bundan əlavə məhkəmə iddia müddəti ilə bağlı düzgün nəticəyə gəlməmişdir. Ona görə ki, məhkəmə kredit müqaviləsinin qüvvədə olma müddətini xx xxxxxx 2007-ci il tarix göstərmiş və həmin iddia müddətinin axımını xx xxxxxx 2010-cu ildən hesablamışdır. Halbuki, xx xxxxxx 2007-ci il tarixdə bağlanmış kredit müqaviləsinin 17-ci maddəsində göstərilir ki, bu müqavilə bağlandığı andan qüvvəyə minir. Apellyasiya baxışı zamanı ilk iddia üzrə iddiaçının təmsilçisi şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. İlk iddia üzrə cavabdeh tərəf apellyasiya şikayətinə etiraz edərək bildirdilər ki, “xxxx” ASC ilə Cavabdeh arasında xx xxxxxx 2007-ci il tarixli, 2201 nömrəli kredit müqaviləsi bağlansa da, sonradan onların aralasındakı kredit sövdələşməsi baş tutmamış, bank tərəfindən Cavabdeh hər hansı məbləğdə kredit vəsaiti ödənilməmişdir. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən - ilkin iddianın təmin olunmaması hissəsində yoxlanılır. İş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2007-ci il tarixli, 2201 nömrəli kredit müqaviləsindən görünür ki, bank Cavabdeh illik 15% hesablanmaqla 12 ay müddətinə 125000 ABŞ dolları məbləğində kredit verməyi, borcalan isə krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən təqdim edilmiş arayışdan görünür ki, Cavabdeh banka 125000 ABŞ dolları əsas və 175104,17 ABŞ dolları faiz borcu vardır. xx xxxxxx 2015-ci il tarixli “xxxx” ASC-nin problemli aktivlərinin tələb hüququnun İddiaçı QSC-yə güzəşt edilməsinə dair müqaviənin surətindən görünür ki, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2015-ci il tarixli, 570 saylı Fərmanına uyğun olaraq, “xxxx” ASC həmin Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş şəkildə müvafiq həcmdə likvid vəsait müqabilində bankın balansından çıxararaq İddiaçı QSC-nin idarəetməsinə vermiş və eyni zamanda həmin problemli aktivlər üzrə borclu şəxslərə qarşı özünün tələb hüququnu da İddiaçı QSC-yə güzəşt etmişdir. “xxxx” ASC ilə İddiaçı QSC arasında bağlanmış problemli aktivlər üzrə tələb hüququnun İddiaçı QSC-yə güzəşt edilməsinə dair xx xxxxx 2017-ci il tarixli müqaviləyə Əlavədən görünür ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli, 101s saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən “xxxx” ASC-dən problemli aktivlərin satınalınması ilə bağlı müvafiq sənədlərin təhvil-təsliminə dair xx xxxxxx 2018-ci il tarixli, SFK-1264 saylı akta əsasən borclu Cavabdeh əsas borc 125000 ABŞ dolları, faiz borcu 175104,17 ABŞ dolları olmaqla cəmi, 300104,17 ABŞ dolları məbləğində borcun tələb edilməsi hüququ İddiaçı QSC-yə təhvil verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən – ilk iddia tələbinin təmin olunmaması hissəsində ləğv edilməlidir. Hazırkı iş üzrə İddiaçı QSC BOKT tərəflər arasında bağlanılmış kredit müqaviləsi üzrə kredit borcunu tələb edir. Lakin tədqiq edilmiş mülki iş materialları üzrə tələb edilən borc məbləğinin İddiaçı QSC X6 Təşkilatı tərəfindən Cavabdeh ödənilməsi halını təsdiqləyən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Belə olan halda, hazırkı iş üzrə iddiaçının cavabdehdən borcun ödənilməsini tələb etməsinə dair subyektiv hüququ yaranmamışdır. Kollegiya qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında qeyd edilmşdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasına araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onarın istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək kimi qəbul olunan xarici cəhəti isə ən mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq 3 elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni, başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2012-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi Plenumu göstərmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. “Eyrenin İrlandiyaya qarşı iş üzrə” İnsan hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəməyə müraciət etmək hüququ şəxsin hüquq və vəzifələrinin müəyyən edilməsi və öz işini lazımi qaydada təqdim etməsi üçün onun işinə müstəqil və qərəzsiz məhkəmə tərəfindən baxılması hüququna malik olması deməkdir. Şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir. Beləliklə, tədqiq edilmiş mülki iş materialları üzrə iddiaçının tələb etdiyi borc məbləğinin cavabdehə ödənilməsini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilmədiyi halda birinci instansiya məhkəməsi iddiaçının subyektiv hüquqa malik olubolmamasını araşdırmadan ilk iddia tələbini iddia müddətinin ötürülməsi əsası ilə rədd etməkdə düzgün olmayan nəticəyə gəlmişdir. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2008-ci il tarixli qərarına əsasən, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Qeyd edilənlərə əsasən, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə mübahisələndirilən - ilk iddianın təmin olunmamasına dair hissəsində ləğv edilməli və ilk iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı QSC X6 Təşkilatının apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(001)- 1921/2020 saylı qətnaməsi mübahisələndirilən - ilk iddianın təmin olunmaması hissəsində ləğv edilsin. İddiaçı QSC X6 Təşkilatının Cavabdeh qarşı Cavabdeh əsas borc üzrə 125000 ABŞ dolları, faiz borcu üzrə 175104,17 ABŞ dolları, cəmi 300104,17 ABŞ dolları məbləğində kredit borcunun, həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun İddiaçı QSC X6 Təşkilatının xeyrinə ödənilməsi barədə iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-507/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-507/2021
16.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver