Məhkəmə qərarları › İş №2(103)-5073/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5073/2024

26.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5073/2024 26.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(010)-288/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı məhkəmə icraatı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1500 manat məbləğində pulun alınaraq ona ödənilməsi və avtomobilinin işlək vəziyyətə gətirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(010)-288/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, 34 (otuz dörd) manat məbləğində pulun və 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Həmin qətnamədən İddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(010)-288/2024 saylı qərardadı ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(010)-288/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Daha sonra İddiaçı məhkəməyə müraciət edərək, onun tərəfindən buraxılmış prosessual müddətin bərpasına dair ərizənin təmin edilməsini xahiş etmişdir. İddiaçı ərizəni onunla əsaslandırmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(010)-288/2024 saylı qətnaməsindən apellyasiya şikayəti vermiş və Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(010)- 288/2024 saylı qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. İddiaçı tərəfindən yenidən apellyasiya şikayəti verilməsi üçün qanunvericlikdə nəzərdə tutulmuş müddət ötürülmüşdür. Göstərilənlərə əsasən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 288/2024 saylı, xx.xx.2024-ci il tarixli qətnaməsindən apellyasiya şikayət verilməsi üçün müəyyən edilmiş prosessual müddətin buraxılması üzürlü hesab olunaraq bərpa edilməsi və apellyasiya şikayətinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(010)- 288/2024 nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir. Hazırda İddiaçı həmin qərardaddan şikayət verərək, qərardadın ləğv olunmasını, ərizənin təmin edilməsini, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(010)-288/2024 nömrəli qətnaməsindən apellyasiya şikayət verilməsi üçün müəyyən edilmiş prosessual müddətin buraxılması üzrlü hesab olunaraq bərpa edilməsi və apellyasiya şikayəti baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, İddiaçı yaşlı olduğundan, elektron məhkəmə informasiya sisteminə daxil olmaq üçün elektron kabineti olmamış, apellyasiya şikayəti verilməsi üçün məcburiyyət qarşısında qalaraq asan imza almışdır. Apellyasiya şikayətini isə şəxsən özü göndərməmiş, 5 saylı Bakı Asan Xidmət Mərkəzində fəaliyyət göstərən Vəkil Bürosuna müraciət edərək, vəkilin hüquqi yardımından istifadə etmişdir. İddiaçı yaşlı olduğundan elektron kabinetdən istifadə etmək qabiliyyəti olmadığından, məhkəmənin qətnaməsini 08 may 2024-cü il tarixdə ərizə ilə müraciət etdikdən sonra, məhkəmə qəbzinə imza etməklə qəbul etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(010)-288/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-288/2024 saylı, xx.xx.2024-ci il tarixli qətnaməsi iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə alınmış və həmin qətnamədən xx.xx.2024-cü il tarixdə apellyasiya şikayəti vermişdir. Lakin həmin apellyasiya şikayəti qanunauyğun verilmədiyi üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(010)-288/2024 saylı qərardadı ilə geri qaytarılmışdır. Həmçinin müəyyən edilir ki, qeyd olunan qərardad xx.xx.2024-cü il tarixdə iddiaçıya məxsus elektron kabinetə yerləşdirilmişdir. Lakin buna baxmayaraq, iddiaçı həmin qərardadı mübahisələndirməmiş, yalnız bundan 20 gün sonra məhkəməyə qətnamədən apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsinə dair ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Azərbaycan Respublikası MPM-nə müvafiq olaraq prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir (maddə 128.1). Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. (maddə 130.1). Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir (maddə 133.1). İş materiallarından göründüyü kimi iddiaçı məhkəmə qətnaməsindən şikayət verərkən faktiki olaraq apellyasiya şikayətinin verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş 1 aylıq müddəti ötürmüşdür. Eyni zamanda iddiaçı qətnamədən apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin üzrlü səbəbləri barədə hər hansı sübut təqdim etməmişdir. Nəticə etibarilə iddiaçı qanunvericiliklə müəyyən edilmiş müddət ərzində apelyasiya şikayətini vermək iqtidarında olmamasını sübut edəcək hər hansı dəlil, sübut da təqdim etməmişdir. Göründüyü kimi, iddiaçı üçün qətnamədən apellyasiya şikayəti vermə müddətinin üzrlü səbəblərdən ötürülməsi müəyyən edilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin buraxılması barədə ərizənin təmin edilməməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərinə münasibətdə isə qeyd edir ki, prosessual müddətlər ədalət mühakiməsinin həyata keçirilməsi zamanı tərəfləri intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, qanun, məhkəmə qərarlarından narazı qalan tərəflərə üçpilləli məhkəmə sisteminin imkanlarından istifadə etməklə həmin qərarlardan şikayət vermə imkanı verməklə yanaşı, digər tərəflərin də sonsuz çəkişmələrdən qorunması və hüquq müəyyənliyinin təminatı məqsədilə prosessual müddətlər tətbiq etməklə, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Müddətin bərpası hər bir halda fərdi xarakter daşıyır, yəni məhkəmə prosessual müddəti konkret şəxs üçün, özü də prosessual hərəkəti edilməsi üçün bərpa edir. Müddətin bərpasının fərdi xarakter daşıması həm də onunla əlaqədardır ki, məhkəmə müvafiq prosessual müddəti həmin müddəti yalnız üzürlü səbəbdən buraxmış şəxs üçün bərpa edə bilər. Ona görə də buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının əsasları, həmçinin ərizəçinin həmin müddətdə müvafiq prosessual hərəkətləri etmək imkanının olmaması haqqında sübutlar göstərilməlidir. Azərbaycan Respublikasının MPM-nin 133-cü maddəsində qeyd olunan üzürlü səbəblər dedikdə, müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən və ya bunu çətinləşdirən səbəblər başa düşülməlidir. Üzürlü səbəblər sırasına, məsələn şəxsin xəstəliyi, ailənin xəstə üzvünə qulluq etmənin zəruriliyi, xidməti ezamiyyətdə olma, ailə üzvlərindən hər hansı birinin ölməsi və s.aid edilə bilər. Hər bir halda konkret səbəbi üzürlü hesab etmək məhkəmənin səlahiyyətindədir və müddətin bərpası haqqında qərar çıxarmaq məhkəmənin vəzifəsi deyil, hüququdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 08 may 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. «Q.Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyun 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. İddiaçı isə müddətin ötürülməsinə dair hər hansı ağlabatan və inandırıcı dəlillərə istinad etməmiş, bununla bağlı mötəbər sübutlar təqdim etməmişdir. Halbuki qanunla nəzərdə tutulmuş prosessual müddəti ötürmüş tərəf, həmin müddəti hansı səbəbdən ötürdüyünü qeyd etməli, həmin üzrlü səbəbə görə şikayəti vaxtında vermək imkanının olmadığını, bu müddəti özündən asılı olmayan və obyektiv səbəbdən buraxmasını sübut etməlidir. Əks yanaşma ötürülmüş istənilən müddətin subyektiv mülahizələr əsasında bərpa olunmasına və bununla digər tərəflərin prosessual hüquqlarının pozulmasına gətirib çıxarar, həmçinin hüquqi müəyyənlik və qanuni qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyi prinsipləri ilə ziddiyyət təşkil etmiş olardı. Bu baxımdan, qeyd olunanlara əsasən məhkəmə kollegiyası iddiaçının şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsinin ərizəni təmin etməməklə düzgün nəticəyə gəlmiş, müddətin bərpasından imtina ilə bağlı gəldiyi bu nəticəsi tam qanuni və işin hallarına uyğundur. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.5-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 fevral 2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, … Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.5-ci maddəsində şikayət verən şəxsin kassasiya şikayətinin qaytarılmasına səbəb olan nöqsanları aradan qaldıraraq yenidən müraciət edə bilməsi üçün müvafiq müddətin müəyyən olunmaması Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinin tələblərinə cavab verməyən, şəxslərin hüquq və azadlıqlarını və məhkəmə əlçatanlığını məhdudlaşdıran hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasinın 60-cı maddəsinin İ hissəsinə və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelərə əsasən, məsələ qanunvericilik qaydasında həll edilənədək şəxsin kassasiya şikayətinin qaytarılmasına səbəb olan nöqsanları aradan qaldıraraq yenidən məhkəməyə müraciət edə biləcəyi ağlabatan müddət hakim tərəfindən müəyyən edilməlidir. İddiaçı yaşlı olduğundan elektron kabinetdən istifadə etmək qabiliyyəti olmadığını bildirmiş, həmçinin məhkəmənin qətnaməsini 08 may 2024-cü il tarixdə ərizə ilə müraciət etdikdən sonra, məhkəmə qəbzinə imza etməklə qəbul etməsini qeyd etmişdir. Lakin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 10-1.2-ci maddəsinə əsasən məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. İş materiallarından isə görünür ki, iddiaçının elektron kabineti mövcud olmuş və apellyasiya şikayətinin geri qaytarılması barədə qərardad iddiaçının elektron kabinetinə yerləşdirilmişdir. İddiaçının elektron kabinetdən istifadə etmək qabiliyyətinin olmaması isə qərardadın ləğvi üçün əsas deyil, çünki mülki prosessual qanunvericiliyin tələblərinə əsasən bir mənalı olaraq müəyyən edilmişdir ki, “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və bu halda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 135.5 və 135.6-cı maddələri). Bundan başqa iddiaçı qətnaməni 08 may 2024-cü il tarixdə qəbul etdiyini bildirsə də, işin mübahisəsiz hallarından görünür ki, birinci instansiya məhkəməsinin qətnaməsi 09 aprel 2024-cü il tarixdə iddiaçıya təqdim edilmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslıdır, şikayətdə göstərilən dəlillər isə əsassızdır, onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Porsessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır ki, qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməsin. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 365, 397-398 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(010)-288/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya qaydasında şikayət verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar