Məhkəmə qərarları › İş №2(103)-5074/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5074/2025

06.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5074/2025 06.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı ASC-nin cavabdeh Taşdemir (İsrafilova, Əsgərova) Turanə Bəhram qızına qarşı “kredit müqaviləsinə xitam verilməsi, əsas borcun və faizlərin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Nizami Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(007)- 1390/2014 nömrəli qətnaməsindən cavabdehin apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.Mübahisə borcverən İddiaçı ASC ilə borcalan X1 arasında bağlanmış xx.xx.2009cu il tarixli NİS-4646 nömrəli kredit müqaviləsi ilə bağlıdır. 2.Müqavilənin 1.1-ci bəndinə görə, borcverən 4.333 manat məbləğində pulu kreditdən istifadəyə görə illik faiz dərəcəsi 30 faiz olmaqla 24 ay müddətinə, yəni xx.xx.2011-ci il tarixədək borcverənə borc verib. Müqavilənin 6.1-ci bəndinə görə, kredit məbləğinin və faizlərin ödənilmə vaxtı gecikdirildiyi halda borcalan hər gecikdirilmiş gün üçün borc məbləğinin illik 30 faizi miqdarında müamilə ödəyir. Birinci instansiya məhkəməsində icraat 3.İddia ərizəsi xx.xx.2014-cü il tarixdə verilib. İddia əriəsində tələb olunub ki, kredit müqaviləsi üzrə əsas borc kimi 3.410,69 manat, faiz borcu kimi 2.314,55 manat, cərimə kimi 3.070,50 manat, habelə iddia ərizəsinin veriləsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 31 manat cavabdehdən iddiaçının xeyrinə tutulsun. 4.Nizami Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi ilə qət olunub ki, iddia qismən təmin edilsin, əsas borc kimi 3.410,69 manat, faiz borcu kimi 2.314,55 manat, cərimə kimi 100 manat, cəmi 5.825,24 manat, habelə iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 31 manat cavabdehdən iddiaçının xeyrinə tutulsun. Apellyasiya instansiyası məhkəməsində icraat 5.Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. 6.Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə apellyaslya şikayətinin əsassız olduğunu bildirdi. 7.Cavabdeh (İsrafilova, Əsgərova) məhkəmə iclasında iştirak etməmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 8.Apellyasiya icraatı zamanı borcun məbləğinin müəyyən edilməsi üçün məhkəməmühasibat ekspertizası təyin olunub və ekspertin qarşısında göstərilən suallar qoyulub: 1) kredit müqaviləsi üzrə xx.xx.2014-cü il tarixə (maliyyə arayışında göstərilən tarixə) borcalanın əsas borcunun və cərimə borcunun məbləği nə qədərdir? 2) kredit müqaviləsi üzrə borcalanın xx.xx.2011-ci il tarixə (kredit müddətinin sonuna) kreditdən istfadəyə görə faiz borcunun məbləği nə qədərdir? AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi bu suallar üzrə xx.xx.2025-ci il tarixli 9/5261 nömrəli ekspert rəyi verib. 9.Ekspert rəyində 1-ci suala cavab olaraq qeyd olunub ki, xx.xx.2014-cü il tarixə (maliyyə arayışında göstərilən tarixə) əsas borun məbləği 3.081,72 manat təşkil edir. Göründüyü kimi, ekspet rəyində göstərilən əsas borcun məbləği (3.081,72 manat) birinci instansiya məhkəməsininin qətnaməsində göstəilən əsas borcun məbləğindən (3.410,69 manatdan) azdır. Ona görə də qətnamə əsas borcun məbləğinə aid hissədə dəyişdirilməli, əsas borcun məbləği 3.081,72 manat müəyyən edilməlidir. 10.Ekspert rəyində 2-ci suala düzgün cavab verilməyib. Belə ki, ekspertin qarşısında xx.xx.2011-ci il tarixə (kredit müddətinin sonuna) kreditdən istfadəyə görə faiz borcunun məbləğinin nə qədər olması barədə sual qoyulsa da, ekspert xx.xx.2014-cü il tarixə (maliyyə arayışında göstərilən tarixə) faiz borcunun məbləğini hesablayaraq, həmin tarixə borcun məbləğinin 2.274,79 manat olduğunu qeyd edib. Ona görə də məhkəmə özü hesablama aparmış, xx.xx.2011-ci il tarixə (kredit müddətinin sonuna) kreditdən istfadəyə görə faiz borcunun məbləğinin 222,2 manat olduğunu müəyyən etmişdir. Belə ki, ekspert rəyinin əsaslandırıcı hissəsindən görünür ki, xx.xx.2011-ci il tarixə (xx.xx.2011-ci il tarixdən 30 gün sonraya) faiz borcunun məbləği 299,30 manat, 1 günə faiz borcunun məbləği 2,57 manat, 30 günə faiz borcunun məbləği isə 77,1 manat (30 gün x 2,57 manat = 77,1 manat) təşkil edir. Bu hesabla 299,30 manatdan 77,1 manat çıxıldıqda 222,2 manat qalır. Ona görə də qətnamə faiz borcunun məbləğində aid hissədə dəyişdirilməli, xx.xx.2011-ci il tarixə (kredit müddətinin sonuna) faiz borcunun məbləği 222,2 manat müəyyən edilməlidir. 11.Qətnamə cərimə borcunun məbləğində aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçı cərimə kimi 3.070,50 manat tələb etsə də, birinci instansiya məhkəməsi tənasübü nəzərə alaraq cərimənin məbləğini 100 manat müəyyən edib. Bu məbləğ Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin göstərişinə uyğundur. 12.Beləlilklə, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425, 427, 439 və 743-cü maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, qətnamə dəyişdirilməlidir. 13.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Nizami Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(007)-1390/2014 nömrəli qətnaməsi dəyişdirilsin, cavabdeh Taşdemir (İsrafilova, Əsgərova) Turanə Bəhram qızından İddiaçı ASC-nin xeyrinə tutulmalı olan əsas borcun məbləği 3.081,72 manat, faiz borcunun məbləği 222,2 manat, cərimə borcunun məbləği 100 manat, ümumi borcun məbləği 3.403,92 (üç min dörd yüz üç tam yüzdə doxsan iki) manat müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Ekspertiza xərci olan 100 (yüz) manat cavabdeh Taşdemir (İsrafilova, Əsgərova) Turanə Bəhram qızından Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin nəfinə tutulsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar