Məhkəmə qərarları › İş №2(103)-5079/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5079/2024

24.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5079/2024 24.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması barədə” iddiasına dair Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı mülki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 27 iyun 2024-cü il tarixli qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən mülki işə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) İddia barədə məlumat

1. İddiaçı Bankın buna səlahiyyəti olan nümayəndəsi Bankın adından cavabdehə qarşı iddia ərizəsi ilə Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, kreditor olan Bankla borcalan olan (mərhum) X2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BPM**********42 nömrəli “Tam kart çərçivə müqaviləsi” üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 3.942,35 manat, əsas kredit borcuna hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 1.435,27 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun ödənilməsi məqsədi ilə 73,78 manat, dövlət rüsumunun ödənilməsi üçün ödənilmiş xidmət haqqının əvəzi olaraq 0,40 manat məbləğində pul vəsaitinin mərhum borclunun vərəsəsi olan arvadından – iş üzrə cavabdehdən tutularaq Banka ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin əri Taleh Əsgərov ilə Bank arasında xx.xx.2020-ci il tarixdə bağlanmış müqaviləyə əsasən Bank, Taleh Əsgərova kredit limiti ayırmışdır. X7 illik 24 faiz dərəcəsi ilə, 36 ay müddətində hissə-hissə qaytarmaq şərti ilə 3.944 manat məbləğində kredit almışdır. Taleh Əsgərov xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Kredit borcu ödənilməmiş qalmışdır. X3 əsas kredit borcu 3.942,35 manat, əsas kredit borcuna hesablanmış faiz borcu isə 1.435,27 manat təşkil edir. Taleh Əsgərov vəfat etdiyindən Bank vərəsəliyin həll edilməsi məsələsini gözləmişdir. Mərhumun arvadı olan cavabdeh xx.xx.2024-cü il tarixdə “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” almışdır. “Şəhadətnamədə” qeyd edilmişdir ki, miras əmlak Bakı şəhəri, Əmircan qəsəbəsi, Pravda döngəsində yerləşən və ümumi sahəsi 73,5 kv.metr olan 8 “B” saylı fərdi yaşayış evinin 1/2 hissəsidir. Bundan sonra Bank cavabdehə yazılı xəbərdarlıq göndərərək, borcun ödənilməsini tələb etmiş, lakin cavabdeh borcu ödəməmişdir. Bu səbəbdən də Bank hesab edir ki, iddia ərizəsində qeyd edilən borc və çəkilmiş xərclər cavabdehdən tutulamalıdır. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə

3. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir. c) apellyasiya şikayəti barədə məlumat

4. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və işə mahiyyəti üzrə baxılaraq yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin əri Taleh Əsgərov iddiaçı Bankdan 500 manat limitində olmaqla “tam kart” götürmüşdür. Daha sonra, yəni xx.xx.2022-ci il tarixdə Taleh Əsgərov vəfat etmişdir. Mərhumun arvadı olan cavabdeh mərhumun Banka olan borcundan məhkəməyə dəvət olunarkən xəbərdar olmuşdur. Lakin səhhətində yaranmış problemlərə görə məhkəmə prosesində iştirak edə bilməmişdir. İşə baxmış və iddianın əsaslı olması barədə nəticəyə gəlmiş Rayon Məhkəməsi nəzərə almamışdır ki, iddiaçı Bankın Suraxanı filialının tərtib etdiyi “kredit sifarişi” blankından məlum olur ki, “tam kart” üzrə limit 500 manat, illik faiz dərəcəsi 24 faiz, nağd kredit məbləği isə 5.000 manat olmaqla öhdəliyin faiz dərəcəsi 18 faiz kimi qeyd edilmişdir. d) iş üzrə tərəflərin apellyasi baxışı iclasında iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat

6. İş üzrə cavabdeh iş üzrə apellyasiya baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılsa da məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Bu hal işin baxılmasına mane olmadığından Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinin tələbini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur.

7. İddiaçı Bankın nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin və iddia ərizəsinin məzmunun uyğun izahat verdi. e) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

8. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

9. Belə ki, kreditor olan Bankla borcalan olan (mərhum) Taleh Ələsgərov arasında bağlanmış xx.xx.2020-ci il tarixli “Tam kart çərçivə müqaviləsindən” görünür ki, həmin müqaviləyə əsasən Bank, Taleh Əsgərova kredit limiti ayırmışdır. Müqavilənin şərtlərinə əsasən X6 aldığı kredit xətti üzrə kart borcunu istifadə etdiyi kredit məbləğindən asılı olaraq 30 təqvim günündən 60 təqvim gününədək müəyyən edilmiş qaydada və həmin müddət ərzində tam qaytardığı halda faiz hesablanmayacaq.

10. Bankın ASC-nin Suraxanı filialının kredit sifarişçisi haqqında ümumi məlumat vərəqindən görünür ki, mərhum cavabdeh illik 18%-lə, 24 ay müddətinə 5.000 manat nağd şəklində, illik 24%-lə, 36 ay müddətinə 500 manat kart şəklində iddiaçı Bankdan borc almış, nağd kredit üzrə aylıq ödənişi 250 manat təşkil etmişdir.

11. “Bank kartına kredit limitinin təyin olunmasına dair razılaşmada” qeyd edilmişdir ki, borclu Taleh Ələsgərova məbləği 500 manat, illik faiz dərəcəsi 24%, kredit xəttinin müddəti 36 ay olan kredit kartı təyin edilmişdir.

12. İşdə olan sənədlərdən görünür ki, Taleh Əsgərov xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Kredit borcu ödənilməmiş qalmışdır.

13. Bakı Şəhəri 10 saylı Notariat Ofisinin xx.xx.2024-cü il tarixli, 75 nömrəli məktubu və ona əlavə edilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən” görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş Taleh Əsgərovun vərəsəsi onun arvadı (cavabdeh) Cavabdehdır. Miras əmlak Bakı şəhəri, Əmircan qəsəbəsi, Pravda döngəsində yerləşən və ümumi sahəsi 73,5 kv.metr olan 8 “B” saylı fərdi yaşayış evinin 1/2 hissəsidir.

14. Taleh Ələsgərovun ölümündən sonra iddiaçı Bank tərəfindən mərhumun vərəsəsi - iş üzrə cavabdehə ünvanlanmış məktubdan görünür ki, Bank, yaranmış kredit borcunun ödənilməsini cavabdehdən tələb etmişdir.

15. Bank tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli “Maliyyə arayışından” görünür ki, X3 əsas kredit borcu 3.942,35 manat, əsas kredit borcuna hesablanmış faiz borcu 1.435,27 manat, cəmi isə 5.377,62 manat məbləğindədir.

16. Göstərilənləri nəzərə alan Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə görə miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır (maddə 1146.). Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir (maddə 1151.1.). Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır (maddə 1255.) Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar (maddə 1306.1.).

17. Qeyd edilən maddi hüquq normasının tələblərini nəzərə alan Məhkəmə bildirir ki, borclu Taleh Ələsgərovun ölümündən sonra onun arvadı – hazırkı iş üzrə cavabdehə “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” verildiyindən və onun tərəfindən miras kimi qəbul edilmiş daşınmaz əmlakın qiyməti iddiaçı Bankın ödənilməsini tələb etdiyi borcun məbləğindən xeyli çox olduğundan iş üzrə cavabdeh mərhumun ərinin Banka olan borcunu ödəməlidir.

18. Belə olan halda qəbul edilməlidir ki, Rayon Məhkəməsi eyni əsasla bu kimi nəticəyə gəlməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin həmin nəticə aid dəlili əsassızdır.

19. Məhkəmə cavabdehin apellyasiya şikayətində göstərdiyi digər dəlil, yəni Rayon Məhkəməsinin “tam kart” üzrə limitin və nağd kredit məbləğinin, habelə illik faiz dərəcəsinin nəzərə alınmaması barədə dəlil də əsassız hesab edir. Çünki Rayon Məhkəməsinin qətnaməsindən görünür ki, işə baxmış Rayon Məhkəməsi apellyasiya şikayətində qeyd edilən həmin məlumatları nəzərə almışdır. f) apellyasiya baxışının nəticəsi

20. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

21. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

22. Buna görə də, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanan Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

23. Odur ki, göstərilənləri nəzərə alan, MPM-in 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən və MPM-nin 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırkı mülki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 27 iyun 2024-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün apellyator tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Cavabdeh hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar