Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-508/2022 28.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin - cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit borcu və tələbin ipoteka predmetinə yönəldilməsi» tələbinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-630/2021 saylı, 17.07.2021-ci il tarixli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İddiaçı "xxxx" ASC - cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit borcu və tələbin ipoteka predmetinə yönəldilməsi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bankın xeyrinə 8477,49 ABŞ dolları əsas borc, 5883,81 ABŞ dolları faiz borcu, 1448,73 ABŞ dolları cərimə borcu və illik 5 faizlə hesablanmış 1234,8 ABŞ dolları əldən çıxmış fayda olmaqla, ümumilikdə 17044,83 ABŞ dolları borcun, bildirişin qeydə alınması üçün ödənilmiş 10,20 manat dövlət rüsumunun və iddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin tutularaq "xxxx" ASC-yə verilməsi, tələbin Bakı şəhəri, Səbail rayonu, Fərman Qurbanov küçəsində yerləşən 5 nömrəli evin 2 nömrəli mənzilinə yönəldilməsi, əmlakın açıq hərracdan satılması, əmlakın açıq hərracdan satılması nəticəsində əldə olunan vəsait hesabına "xxxx" ASC-yə olan borcun ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, əmlak satıldıqdan sonra 1 ay müddətində cavabdehlərin mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, cavabdehlərin mənzildən çıxarılmaları və əmlakın boşaldılıb iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında 29.01.2015-ci il tarixində Kredit xətti müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən borcluya illik 26 faiz ödəmək şərtilə 36 ay müddətinə 15.250 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi Bakı şəhəri, Səbail rayonu, Fərman Qurbanov küçəsində yerləşən 5 nömrəli evin 2 nömrəli mənzili ipoteka ilə yüklü edilmişdir. Lakin cavabdeh kredit müqaviləsinin müddəalarını pozaraq, müqavilədə göstərilən öhdəlikləri lazımınca icra etmir. Göstərilənlərə əsasən iddianın təmin olunması xahiş olunur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-630/2021 saylı, 17.07.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 29.01.2015-ci il tarixli Kredit Müqaviləsi üzrə yaranmış 8477,49 ABŞ dolları əsas, 5883,81 ABŞ dolları faiz, 1234,8 gecikdirilmiş vaxt üçün illik 5 % ilə hesablanmış borc və 140 ABŞ dolları dəbbə pulu məbləğində pul vəsaiti Cavabdeh1 tutulub iddiaçı "xxxx" ASCnin hesabına köçürülməsi, ödəmənin "xxxx" ASC ilə Cavabdeh1 (ipoteka qoyan) arasında bağlanmış 29.01.2015-ci il tarixli İpoteka Müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Səbail rayonu, Fərman Qurbanov küçəsində yerləşən 5 nömrəli evin 2 nömrəli mənzilinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 30.000 manat müəyyən edilməsi, həmin əmlakın ilkin satış qiyməti ilə satılması üçün açıq hərraca çıxarılması, satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi məbləğində "xxxx" ASC-yə ödənilməsi, satışdan əldə olunmuş pul vəsaitinin qalan (tələbdən artıq məbləğ) hissəsi Cavabdeh1 verilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Səbail rayonu, Fərman Qurbanov küçəsində yerləşən 5 nömrəli evin 2 nömrəli mənzili açıq hərrac yolu ilə satıldıqdan sonra 1 (bir) ay ərzində boşaldılması, "xxxx" ASC tərəfindən iddianın qaldırılması ilə bağlı ödənilmiş 30 manat məbləğində dövlət rüsumu əvəzinin 15 manat hissəsinin cavabdehlərdən tutulub iddiaçı "xxxx" ASC-nin hesabına köçürülməsi, "xxxx" MMC tərəfindən aparılmış əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 150 manat vəsaitin 50 manat hissəsinin "xxxx" ASC-dən, 100 manat məbləğində hissəsinin isə Cavabdeh1 tutulub "xxxx" MMC-nin hesabına köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (Sədrlik edən: İlkin Rüstəmli). Cavabdehlər həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti və dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, "xxxx" ASC (borc verən) ilə Cavabdeh1 (borc alan) arasında bağlanmış 29 yanvar 2015-ci il tarixli 15-G-2-0- 105-15 №-li Kredit Müqaviləsinə əsasən, borc verən illik 26 faizlə 36 ay müddətinə borc alana 15,250 ABŞ dolları məbləğində kredit verməyi, borc alan isə ona verilmiş krediti ödəniş cədvəlinə uyğun olaraq qaytarmağı öhdəsinə götürmüşdür. Həmin müqavilə üzrə ödəniş cədvəli tərtib edilmiş və ödəniş cədvəlində götürülmüş kreditə görə ödənilməli olan faizlərin məvbləği göstərilmişdir. Cavabdeh1 həmin iş üzrə 10 000 ABŞ dollarından çox kredit ödəmiş, həmin ödənişlərin böyük hissəsi faizə silinmiş, buna baxmayaraq iddiaçı yenədə bizdən yüksək faiz tələb etmiş, məhkəmə də bu hissədə, yəni iddiaçının faiz tələbi barədə iddiasını yalnız iddiaçının özü tərəfindən məhkəməyə təqdim edilmiş maliyyə arayışı ilə əsaslandırmışdır. Ona görə də biz qətnamənin iddia tələbinin kredit borcuna görə hesablanmış 5883,81 ABŞ dolları faiz borcunun tutulması hissəsi ilə razı deyilik və belə hesab edirik ki, bu hissədə iddia rədd edilməli idi. Göründüyü kimi İddiaçı ASC ilə borc alan arasında bağlanmış kredit mnqaviləsinə əsasən borc alanın banka olan əsas və faiz borcunun məbləği ətraflı araşdırılmamışdır. Halbu ki, borc alan kredit müqaviləsi üzrə kifayət qədər kredit ödəmiş və həmin kredit müqavilsi üzrə çox az miqdarda əsas borc qalmış, faiz borcu qalmamışdır. Belə olduğu halda isə iş üçün əhəmiyyətli halların aşkar edilməsi üçün məhkəmə mühasibatlıq ekspertizası keçirilməli və iş üzrə əsas hallar araşdırılmalı idi. Bundan əlavə qətnamənin cavabdehin borcunu vaxtında qaytarmadığına görə iddiaçıya dəymiş gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1234,8 ABŞ dolları zərərin tutulması hissəsi ilə də cavabdehlər razı deyil və belə hesab edir bu hissədə də iddia təmin edilməməlidir. Belə ki, məhkəmə borc alanın borcu gecikdirməsinin əsas səbəbini və kreditorun pul vəsaitindən qanunsuz istifadə edib-etməməsini müəyyən etməli idi. Çünki qanunvericilik kreditorun pul vəsaitindən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etməsinin dəymiş zərərin ödənilməsi üçün əsas şərt kimi müəyyən etmişdir. Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan Qərarına əsasən, "Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır.” Mülki Məcəllənin 449.3-cü maddəsinə əsasən, əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. İpoteka predmeti olan mənzil 2 otaqlı mənzildir və şəhərin mərkəzində, Bakı şəhəri, Səbail rayonu, Fərman Qurbanov küçəsində yerləşən həmin mənzilin ən azından 65 000 manat dəyəri vardır. Belə olduqda isə məhkəmə həmin mənzilin ilkin satış qiymətini də düzgün müəyyən etməmiş, mənzili dəyərindən dəfələrlə aşağı qiymətə hərraca çıxarılmalı olmasını müəyyən etmişdir. Tərəflərin izahatları: Kollegiya iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə digər cavabdehə və iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar kollegiya iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən digər cavabdehin və iddiaçının iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. Sübutların tədqiqi: İş materiallarında olan: "xxxx" ASC (borc verən) ilə Cavabdeh1 (borc alan) arasında bağlanmış 29 yanvar 2015-ci il tarixli 15-G-2-0-105-15 №-li Kredit Müqaviləsinə əsasən, borc verən illik 26 faizlə 36 ay müddətinə borc alana 15,250 ABŞ dolları məbləğində kredit verməyi, borc alan isə ona verilmiş krediti ödəniş cədvəlinə uyğun olaraq qaytarmağı öhdəsinə götürmüşdür. "xxxx" ASC (ipoteka saxlayan) ilə Cavabdeh1 (ipoteka qoyan) arasında bağlanmış 29.01.2015-ci il tarixli ipoteka müqavilələrinə əsasən, 29.01.2015-ci il tarixli kredit müqaviləsi üzrə borc öhdəliklərinin təminatı kimi Bakı şəhəri, Səbail rayonu, Fərman Qurbanov küçəsində yerləşən 5 nömrəli evin 2 nömrəli mənzili ipoteka ilə yüklü edilmişdir. İddiaçının təqdim etdiyi maliyyə arayışında qeyd edilmişdir ki, cavabdehin 29.01.2015ci il tarixli kredit müqaviləsi üzrə 8477,49 ABŞ dolları əsas borc, 8393,70 ABŞ dolları faiz borcu, 1448,73 ABŞ dolları cərimə borcu və 1234,80 ABŞ dolları gecikdirilmiş gün üçün hesablanmış borcu vardır. Hüquqi dəyərləndirmə: Kollegiya işin hüquqi mahiyyəti ilə bağlı aşağıdakı normaların qeyd edilməsini zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəlləsinin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində gırov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra elmədikdə yönəldilə bilər. İpoteka haqqında Qanunun 59.3-cü maddəsinə görə, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1-ci maddəsinə görə, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinə görə, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Kollegiya işin hallarına apellyasiya şikayətlərinin dəlilləri ilə birgə qiymət verərək müəyyən etmişdir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 29.01.2015-ci il tarixli, 15-G-2-0-105-15 nömrəli kredit müqaviləsinə əsasən kreditor borcluya illik 26% olmaqla 36 ay müddətinə qaytarmaq şərti ilə 15250 ABŞ dolları məbləğində kredit vermişdir. Borcun təminatı olaraq Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Səbail rayonu, Fərman Qurbanov küçəsində yerləşən, 2 otaqlı, 31,3 kv.m ümumi, 14.5 kv.m yaşayış sahədən ibarət 5 nömrəli evinin 2 nömrəli mənzili 29.01.2015-ci il tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir. Cavabdeh1 kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş və bununla həm müqavilənin, həm də mülki qaunvericiliyin tələblərini pozmuşdur. Kollegiya iş materiallarına və cavabdehlərin apellyasiya şikayətlərinə əsasən tərəflər arasında olan kredit müqaviləsi üzrə borcun daha dəqiq müəyyən edilməsi məqsədilə məhkəmə mühasibatlıq ekspertizası təyin etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyinə əsasən, müqavilə üzrə 29.01.2018-ci il tarxinə cavabdehin əsas borcu 12.421 dollar, faiz borcu isə 3.098.28 dollar təşkil edir. Kollegiya iddia tələbinin və apellyasiya şikayətinin əsas borcla bağlı dəlillərinə münasibədə qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən əsas borcun 8477.49 dollar həcmində müəyyən edilməsi əsaslı olmuşdur. Belə ki, ekspert rəyi ilə də müəyyən edilir ki, əsas borc 12.421 dollar, hətta iddia tələbində göstərilən məbləğdən də daha çoxdur. Eyni zamanda ekspert rəyindəki cədvəldə isə cərimə borcunun 1833.91 dollar olması öz əksini tapmışdır. Kollegiya həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayəti həcmində yoxlanıldığından və cavabdeh tərəfindən əsas borc və cərimə borcunun azaldılması xahiş edildiyindən, məhkəmə əsas borc və cərimə borcunun ekspert rəyində qeyd edilən həcmdə artırmaqda haqlı ola bilməz. Kollegiya faiz borcu ilə bağlı apellyasiya şikayətini qismən əsaslı hesab edərək vurğulayır ki, ekspert rəyində birinci instansiya məhkəməsinin qeyd etdiyindən daha az faiz borcunun olması qeyd edilmişdi. Birinci instansiya məhkəməsi cavabdehdən 5883.81 dollar faiz borcunun tutulmasını qət etsə də, ekspert rəyi ilə müəyyən edilir ki, faiz borcu 3098.28 dollar təşkil edir. Kollegiya hesab edir ki, ekspert rəyinin mötəbərliyinə şübhə yaradan hər hansı hal aşkar edilmədiyindən, faiz borcunun müəyyən edilməsi zamanı ekspert rəyi əsas götürülməlidir. Kollegiya iddia tələbinin ipoteka predmeti olan əmlaka yönəldilməsinə dair hissəsi ilə bağlı qeyd edir ki, iş materiallarında olan, 29.01.2015-ci il tarixli ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Cavabdeh1 məxsus Bakı şəhəri, Səbail rayonu, Fərman Qurbanov küçəsində yerləşən, 2 otaqlı, 31,3 kv.m ümumi, 14.5 kv.m yaşayış sahədən ibarət 5 nömrəli evinin 2 nömrəli mənzili "xxxx" İKB ASC-nin 5 saylı filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Yuxarıda sadalanan qanunvericilik aktlarının müddəalarına əsasən kollegiya hesab edir ki, tutmanın Cavabdeh1 məxsus Bakı şəhəri, Səbail rayonu, Fərman Qurbanov küçəsində yerləşən, 2 otaqlı, 31,3 kv.m ümumi, 14.5 kv.m yaşayış sahədən ibarət 5 nömrəli evinin 2 nömrəli mənzilinə yönəldilməsi, açıq hərracdan satılaraq əldə olunan vəsait hesabına borcun “Yelo Bank ASC-yə ödənilməsi, Cavabdeh1 məxsus Bakı şəhəri, Səbail rayonu, Fərman Qurbanov küçəsində yerləşən, 2 otaqlı, 31,3 kv.m ümumi, 14.5 kv.m yaşayış sahədən ibarət 5 nömrəli evinin 2 nömrəli mənzili satıldıqdan 1 ay ərzində boşaldılmasına dair gəldiyi nəticə əsaslı olmuşdur. Kollegiya birinci instansiya məhkəməsinin "xxxx" MMC-nin 22 iyun 2021-ci il tarixli, ƏEM/İ 88-644/21 saylı rəyinə əsaslanaraq Cavabdeh1 məxsus Bakı şəhəri, Səbail rayonu, Fərman Qurbanov küçəsində yerləşən, 2 otaqlı, 31,3 kv.m ümumi, 14.5 kv.m yaşayış sahədən ibarət 5 nömrəli evinin 2 nömrəli mənzilinin ilkin satış qiymətinin 30.000 manat məbləğində müəyyən edilməsinə dair gəldiyi nəticə ilə razılaşmır. Belə ki, işə apellyasiya qaydasında baxılan zaman Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9762/2021 saylı, 29 oktyabr 2021-ci il tarixli qərardadına əsasən sözügedən mənzilin qiymətləndirilməsi “X1 Mərkəzi” MMC-yə həvalə edilmişdir. Həmin mütəxəssis rəyinə əsasən, Bakı şəhəri, Səbail rayonu, Fərman Qurbanov küçəsində yerləşən, 2 otaqlı, 31,3 kv.m ümumi, 14.5 kv.m yaşayış sahədən ibarət 5 nömrəli evin 2 nömrəli mənzilinin bazar dəyəri 33.200 manat, likvid dəyəri isə 31.500 manat məbləğində müəyyən edilmişdir. Mütəxəssis rəyinə əsasən mənzilin likvid dəyəri 31.500 manat müəyyən olunduğundan, kollegiya hesab edir ki, Cavabdeh1 məxsus Bakı şəhəri, Səbail rayonu, Fərman Qurbanov küçəsində yerləşən, 2 otaqlı, 31,3 kv.m ümumi, 14.5 kv.m yaşayış sahədən ibarət 5 nömrəli evin 2 nömrəli mənzilinin ilkin satış qiyməti 31.500 manat məbləğində müəyyən edilməlidir. Kollegiya işin hallarına əsasən qeyd edir ki, birinci instansiya məhkəməsində icraat zamanı keçirilmiş qiymətləndirmə ilə apellyasiya instansiyası məhkəməsində icraat zamanı aparılmış qiymətləndirmə rəyləri arasında kəskin fərq aşkar edilmir. Lakin bununla belə cavabdeh tərəf apellyasiya şikayəti verdiyindən, sonuncu qiymətləndirmə əvvəlkindən təxminən 1 il sonra aparıldığından, həmçinin, daşınmaz əmlak bazarında qiymətlərin də dəyişkən olmasını nəzərə alaraq, məkəmə sonuncu qiymətləndirmə rəyinə üstünlük verməyi məqsədə müvafiq hesab edir. Nəticə: Şərh olunanlara əsasən, apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətinin dəlillərini və işin hallarını nəzərə alaraq, Cavabdeh1 məxsus Bakı şəhəri, Səbail rayonu, Fərman Qurbanov küçəsində yerləşən, 2 otaqlı, 31,3 kv.m ümumi, 14.5 kv.m yaşayış sahədən ibarət 5 nömrəli evinin 2 nömrəli mənzilinin ilkin satış qiymətinin dəyişdirilərək 31.500 manat məbləğində müəyyən edilməsini, faiz borcunun isə 3098.28 dollar məbləğində hesablanmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0 və 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.3, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-630/2021 saylı, 17.07.2021-ci il tarixli qətnaməsi Cavabdeh1 məxsus Bakı şəhəri, Səbail rayonu, Fərman Qurbanov küçəsində yerləşən, 2 otaqlı, 31,3 kv.m ümumi, 14.5 kv.m yaşayış sahədən ibarət 5 nömrəli evin 2 nömrəli mənzilinin ilkin satış qiyməti və faiz borcu hissəsində dəyişdirilsin. Cavabdeh1 məxsus Bakı şəhəri, Səbail rayonu, Fərman Qurbanov küçəsində yerləşən, 2 otaqlı, 31,3 kv.m ümumi, 14.5 kv.m yaşayış sahədən ibarət 5 nömrəli evinin 2 nömrəli mənzilinin ilkin satış qiyməti 31.500 (otuz bir min beş yüz) manat məbləğində müəyyən edilsin. "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 29.01.2015-ci il tarixli Kredit Müqaviləsi üzrə yaranmış 3098,28 (üç min doxsan səkkiz dollar iyirmi səkkiz sent) ABŞ dolları faiz borcu məbləğində pul vəsaiti Cavabdeh1 tutulub iddiaçı "xxxx" ASC-nin hesabına köçürülsün. Mütəxəssis rəyinin dəyəri olan 300 (üç yüz) manat cavabdehlərdən “X1 Mərkəzi” MMCnin (VÖEN: **********, hesablaşma hesabı: AZ75PAHA40060AZNHC********** Paşa Bank ASC, Kod: 505141, VÖEN: **********, S.W.İ.F.T BİK: PAHAAZ22, Müxbir hesab: AZ82NABZ********************) xeyrinə tutulsun. Qətnamə cavabdehlərin şikayətinə əsasən mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-508/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-508/2022
28.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver