Məhkəmə qərarları › İş №2(103)-508/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-508/2024

12.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-508/2024 12.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı ilkin, iddiaçı Cavabdeh ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı qarşılıqlı iddia tələbləri üzrə QƏTNAMƏ İş № 2(103)-508/2024 (Açar sözlər: : kredit müqavilələri üzrə borcun tutulması, kredit müqavilələrinin etibarsız hesab edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X3 və X2 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh LPO İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə2, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəkili Vəkil1 iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit müqavilələri üzrə borcunun tutulması” barədə ilk, Cavabdeh LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “kredit müqavilələrinin etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2685/2022 nömrəli, 07 oktyabr 2022-ci il tarixli qətnaməsindən ilkin iddia üzrə iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 12 iyun 2024-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ASC-nin “Əməliyyat filialı” ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, ƏNK-06-151018/111473 saylı kredit müqaviləsinə əsasən bank borc alana istehlak məqsədilə 36 ay müddətinə, illik 16 faiz dərəcəsi ilə 55123 manat məbləğində kredit vermək öhdəliyini, borc alan isə həmin kreditdən istifadə edərək, krediti və hesablanmış faizləri banka ödəmək öhdəliyini üzərinə götürmüşdür.

2. İddiaçı ASC-nin “Azadlıq filialı” ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, ***-*******ƏNK271219-01 saylı kredit müqaviləsinə əsasən bank borc alana istehlak məqsədilə 24 ay müddətinə, illik 20 faiz dərəcəsi ilə 8609,18 manat məbləğində kredit vermək öhdəliyini, borc alan isə həmin kreditdən istifadə edərək, krediti və hesablanmış faizləri banka ödəmək öhdəliyini üzərinə götürmüşdür.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

3. İlkin iddia üzrə iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (bundan sonra “iddiaçı” və ya “Bank”) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixli ƏNK-06-151018/111473 saylı kredit müqaviləsi üzrə xx.xx.2022 tarixə olan 28023,09 manat əsas, 6788,76 manat faiz borcu, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 587,39 manat faiz borcu olmaqla, cəmi 35399,24 manat borcun və 196,20 manat dövlət rüsumunun, xx.xx.2019-cu il tarixli ***-*******ƏNK271219- 01 saylı kredit müqaviləsi üzrə xx.xx.2022 tarixə olan 7686,29 manat əsas, 2589,29 manat faiz borcu, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 83,46 manat faiz borcu olmaqla, cəmi 10359,04 manat borcun və 121,08 manat dövlət rüsumunun Cavabdeh (bundan sonra “cavabdeh”) tutularaq, ləğv prosesində olan Banka ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İlkin iddia tələbi belə əsaslandırılmışdır ki, Bankın “Əməliyyat filialı” ilə cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, ƏNK-06- 151018/111473 saylı kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədilə 36 ay müddətinə, illik 16 faizlə 55123 manat məbləğində kredit verilmişdir. Həmçinin Bankın “Azadlıq filialı” ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, ***-*******ƏNK271219-01 saylı kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə, illik 20 faizlə 8609,18 manat məbləğində kredit verilmişdir. Kredit müqavilələrinin 2.3-cü bəndlərinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********261 və **********268 saylı, xx.xx.2022 tarixli bildiriş məktubları göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Bank bağlanmış müqavilələrin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışlarına əsasən cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki,cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsa idi, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh sonuncu dəfə xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixində 1600 manat və xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixində 400 manat məbləğində ödənişlər etmişdir.

5. İlkin iddia üzrə cavabdeh də öz növbəsində qarşılıqlı iddia ərizəsi verərək Bankla bağlanılmış xx.xx.2018-ci il tarixli, ƏNK06- 151018/111473 saylı, xx.xx.2019-cü il tarixli ***- *******ƏNK271219-01 saylı və xx.xx.2019-cü il tarixli, ***-******* DQK 211119-01 saylı kredit müqavilələrinin etibarsız hesab edilməsi, həmin kredit müqavilələri üzrə gecikmə günlərinin olmaması barədə məlumatların Azərbaycan Respublikası Mərkəzi Bankının nəzdində olan Mərkəzləşdirilmiş Kredit Reyestrinə və Azərbaycan Kredit Bürosuna verilməsi öhdəliyinin qarşılıqlı iddia üzrə cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, Cavabdeh “Amrah Sığorta Şirkəti”ndə işləmişdir. Bankın rəhbərliyi bundan istifadə edərək, cavabdehin və yaxınlarının, işçilərinin adlarına bir necə dəfə kredit rəsmiləşdirərək götürmüşlər. Kreditlər rəsmiləşəndə cavabdehə narahat olmaması üçün zəmanət vermişlər. Həqiqətən də, ilk zamanlar həmin kreditlər X4 tərəfindən götürülüb bağlanmışdır. Belə ki, Azərbaycan Kredit Bürosundan cavabdehə aid çıxarışa əsasən 26 dəfə, cəmi 6 milyondan artıq təminatsız kredit götürülmüşdür. Təbii ki, təminatsız krediti heç bir bank vermir. Elə bu kreditlərin təminatsız olması, əslində, kreditlərin cavabdehə aid olmamasının sübutudur. Kreditlər cavabdehin, anasının və bir neçə işçinin adlarına rəsmiləşdirilmiş və sonradan da elə Bank tərəfindən də ödənilmişdir. Cavabdehin anası Nailə Ağasiyevanın adına 470000 manat təminatsız kredit, işçisi Təranə Abbasovanın adına iki kredit – ******* manat və 860000 manat təminatsız kredit rəsmiləşdirilmişdir. Bu kredit müqavilələrinin heç birində də imzalar yoxdur. Bankın özündə problemlər yaranandan sonra bu cür kreditlərin ödənişində çətinliklər yaranmışdır. Nəticədə cavabdeh və yaxınları əziyyət çəkməyə başlamışlar. Bankın sahiblərindən biri olan X5 ilə bağlı cavabdeh və yaxınları DTX-ya çağırılmış və elə orada izahat verilərək, bir daha bildirilmişdir ki, bu kreditlər Yunis İldırımzadəyə aiddir. Bank ləğv olunandan sonra və kreditlər bağlanılmadıqda cavabdehin işçilərindən biri X8 ləğvedicisini məhkəməyə vermiş və məhkəmə araşdırması nəticəsində məlum olmuşdur ki, T.Abbasovanın adına rəsmiləşdirilmiş kredit müqaviləsindəki imza saxtadır. Nəsimi Rayon Məhkəməsi bununla bağlı xx.xx.2022-ci il tarixli, 2(006)-224/2022 saylı xüsusi qərardad qəbul etmiş və Təranə Abbasovanın adına olan kredit müqavilələri etibarsız hesab edilmişdir. Elə o ərəfədə cavabdeh anasının krediti ilə bağlı maraqlanmış və məlum olmuşdur ki, həmin krediti özləri bağlamışlar. Lakin cavabdehin özünün adına olan, imzaları olmayan müqavilələr üzrə kreditlər isə bağlanılmamışdır. Əlavə olaraq bildirir ki, adına rəsmiləşdirilmiş xx.xx.2015-ci il tarixli, 261115/111473 saylı kredit müqaviləsi üzrə 36200 manat borc vaxtında ödəmilmədiyindən üzərinə gələn faizlər kapitallaşdırılaraq adına yeni borc olan xx.xx.2018-ci il tarixli kredit müqaviləsi rəsmiləşdirilmişdir. Ustəlik Kredit Bürosundan çıxarışdan məlum olmuşdur ki, adına olmuş 2019-cü götürülmüş ******* manat kreditin 65021,89 manat vəsaiti ödənilməmişdir, halbuki bu kredit də "xxxx" ASC tərəfindən götürüldüyündən, elə onlar da bağlamalı idilər. Bundan əlavə, onun kredit tarixçəsində 510.400 ABŞ dollar var. Həmin borc öncədən Əmrah İldırımzadənin adına rəsmiləşdirilmiş, sonradan onun adına sənədləşdirilmişdir, yekunda isə həmin kredit üzrə borc "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli məktubu ilə "xxxx" ASC tərəfindən ödənilmişdir. Bu da bir daha onun adına açılmış kreditlərin reallıqda "xxxx" ASC-nin rəhbərliyinə aid olmasına dəlalət edir. Bütün bunlar barədə Əmanətlərin Sığortalanma Fonduna yazılı müraciət etmişdir. Adına olan həm bu iş üzrə kredit müqavilələri, həm də digər kredit müqavilələri Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtlərin pozulması ilə bağlanıldığından, həmin müqavilələr əhəmiyyətsiz əqd kimi qəbul edilməlidir.

7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2685/2022 nömrəli xx.xx.2022- ci il tarixli qərardadı ilə qarşılıqlı iddia ərizəsi xx.xx.2019-cü il tarixli, ***-******* DQK 211119-01 saylı kredit müqaviləsinin etibarsız hesab edilməsi, həmin kredit müqaviləsi üzrə gecikmə günlərinin olmaması barədə məlumatın Azərbaycan Respublikası Mərkəzi Bankının nəzdində olan Mərkəzləşdirilmiş Kredit Reyestrinə və Azərbaycan Kredit Bürosuna verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində baxılmamış saxlanılmışdır.

8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2685/2022 nömrəli, 07 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Toğrul Axundov) ilkin iddianın təmin edilməməsi, ödənilmiş 121 manat 08 qəpik dövlət rüsumunun iddiaçıya aid edilməsi, qarşılıqlı iddianın təmin edilməsi, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 15 oktyabr 2018-ci il tarixli ƏNK-06-151018/111473 nömrəli və 27 dekabr 2019- cü il tarixli 012- 7111473ƏNK271219-01 nömrəli kredit müqavilələrinin etibarsız hesab edilməsi, həmin kredit müqavilələri üzrə gecikmə günlərinin olmaması barədə məlumatların Azərbaycan Respublikası Mərkəzi Bankın nəzdində olan Mərkəzləşdirilmiş Kredit Reyestrinə və Azərbaycan Kredit Bürosuna verilməsi öhdəliyinin cavabdeh LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulması, 126 manat ekspertiza xərcinin iddiaçıdan tutulması qət edilmişdir.

9. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 324.1, 324.2, 324.5, 337.1, 339.1, 339.4, 339.6, 385.1, 406.1, 406.3, 407.2, 425.1, 442, 739.1, 739.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” Qərarları ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

10. Qətnamədən ilkin iddia üzrə iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv, qarşılıqlı iddianın rədd, ilk iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti ilkin iddia tələbinə uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, mülki işin məhkəmə baxışı zamanı müəyyən olunmuş mübahisəsiz hallarına, eləcə də iş materialları üzrə cavabdehin banka kredit borcunun istər mərkəzi kredit reyestrində, istərsə də bankın əməliyyat sistemində aktiv olmasına baxmayaraq, məhkəmə yanlış olaraq belə qənaətə gəlmişdir ki, bank tərəfindən ekspertə kifayət qədər sənədlər təqdim olunmadığına və bu səbəbdən də qrafik materialın azlığına görə tədqiq olunan imzaların cavabdeh tərəfindən icra olunub-olunmamasını müəyyən etmək mümkün olmamış, iddiaçı tərəfindən məhkəməyə mübahisələndirilən məbləğlərin cavabdeh tərəfindən bankdan çıxarılmasına (ona ödənilməsinə) dair sübutlar təqdim edilməmişdir. Halbuki həm elektron məhkəmə sistemi vasitəsilə, həm də məhkəmə iclasları zamanı məhkəmənin şifahi müraciətinə əsasən, müşayiət məktubu ilə nümayəndə tərəfindən iş üzrə əlavə sübutlardan, xüsusilə iddia tələbinin predmetinə aid olmayan xx.xx.2019-cu il tarixli müqavilə və digər kredit razılaşmasına dair sənədlər təqdim edilmişdir. Bundan əlavə Cavabdeh "xxxx" ASC-də İdarə Heyətinin sədri olmuş və bu faktın özü də kredit müqaviləsinin cavabdehin özü tərəfindən imzalanmasının mübahisəsiz hallarından biri hesab edilməlidir. Məhkəmə tərəfindən iş materiallarında olan kifayətedici sübutlar tam araşdırılmamışdır. Belə ki, müqavilənin mahiyyət etibarilə kredit xətt müqaviləsi olması səbəbindən müvafiq köçürmələrin cavabdehin bank hesabına köçürülməsinə, eləcə də qrafik üzrə ödənişləri təsdiq edən hesabdan çıxarış məlumatlarına və iş üzrə digər xüsusatlara düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə nəzərə almamışdır ki, cavabdeh tərəfindən xx.xx.2014-cü il tarixində 12.935 manat və xx.xx.2014-cü il tarixində 17.500 manat rəsmiləşdirilmiş kredit məbləğləri məxaric orderi əsasında kassadan nağd olaraq götürmüş və daha sonra xx.xx.2015-ci il tarixində isə cari hesabına köçürülməsi yolu ilə 36.200 manat kredit götürülməklə, yuxarıda qeyd edilən hər iki kredit bağlanmışdır. Bundan sonra cavabdeh tərəfindən şəxsi məqsədləri üçün götürdüyü və hazırda mübahisələndirilən xx.xx.2018-ci il tarixli ƏNK-06- 151018/111473 saylı və xx.xx.2019-cu il tarixli ***-*******ƏNK271219-01 saylı kredit müqavilələri də kredit xətt müqaviləsi əsasında şəxsin cari hesablarına köçürülmüşdür. Cavabdehin qarşılıqlı iddia ərizəsində mübahisələndirdiyi və aidiyyatlı kredit hesab olunan 1 233 827 manat kredit isə Bankın rəhbərliyi tərəfindən onun adına rəsmiləşdirilərək nağd qaydada kassadan götürülmüş və Bankın ləğv edilmə prosesində kredit bağlanmışdır. Hazırda iddiaçı tərəf olaraq, həmin müqavilə mübahisələndirilmədiyi üçün məhkəmə tərəfindən baxılmamış saxlanmışdır. Məhkəmə Ekspertizası Mərkəzinə müqayisəedici tədqiqat aparmaq üçün ekspertizaya cavabdehin sərbəst imza nümunələri qismində mülki işin 23-cü vərəqində olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin kserosurətindəki imzası, 105-ci vərəqində olan AA01600818 nömrəli şəxsiyyət vəsiqəsinin kserosurətindəki imzası, şərti-sərbəst imza nümunəsi qismində mülki işin 61-66-cı vərəqlərində olan 18 may 2022-ci qarşılıqlı iddia ərizəsindəki imzası, eksperimental imza nümunələri qismində mülki işin 108-110- cu vərəqlərində olan imzaları təqdim olunmuşdur. Qeyd olunan nümunələr imzanın cavabdeh tərəfindən icra olunmasını müəyyən etməkdə ekspert üçün çətinlik yaradırsa, əlavə sübutların təqdim edilməsi üçün məhkəmə qarşısında vəsatətlə çıxış etməli idi.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c)Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

13. Apellyasiya instansiyası məhkəməsi xx.xx.2018, xx.xx.2019 və xx.xx.2019-cü il tarixli kredit müqavilələrindəki borcalan sözünün qarşısında olan imzaların cavabdehə məxus olub-olmamasın müəyyən etmək məqsədilə iş üzrə təkrar məhkəmə-xətşünaslıq ekspertizası təyin etmişdir.

14. Məhkəmə Ekspertizası Mərkəzinin 20 fevral 2023-cü il tarixli, 4/32 nömrəli ekspert rəyinə əsasən mülki işin 173-176-cı vərəqələrində olan xx.xx.2019-cu il tarixli № ***-*******DQK211119-01 nömrəli “Bank hesabı və kredit müqavilə”nin 1-3-cü vərəqələrində “Borcalan” qrafasındakı imzalar, 4-cü vərəqində “Borcalan” qrafasında “Cavabdeh” yazılarının aşağısında olan imza – Cavabdeh Aydin oğlu tərəfindən icra olunmuşdur. Mülki işin 121-124-cü vərəqələrində olan xx.xx.2018-ci il tarixli № ƏNK-06- 151018/111473 nömrəli “Bank hesabı və kredit müqavilə”nin 1-3-cü vərəqələrində “Borcalan” qrafasındakı imzalar, 4-cü vərəqində “Borcalan” qrafasında “Cavabdeh” yazılarının aşağısında olan imzanın, mülki işin 125-128-ci vərəqələrində olan xx.xx.2019cu il tarixli № ***-*******ƏNK271219-01 nömrəli “Bank hesabı və kredit müqavilə”nin 1-3-cü vərəqələrində “Borcalan” qrafasındakı imzalar, 4-cü vərəqində “Borcalan” qrafasında “Cavabdeh” yazılarının aşağısında olan imzanın Cavabdeh tərəfindən icra olunubolunmamasını tədqiqat prosesinin təsviri hissəsində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmadı. Yəni nə uyğunlaşdırıcı əlamətlər, nə də fərqləndirici əlamətlər ayrıayrılıqda müəyyən bir qəti (müsbət və ya mənfi) rəyə gəlmək üçün zəruri olan əlamətlər komplekslərini təşkil etmirlər. Tədqiq olunan imzalarda qrafik materialın azlığı, cizgilərin sadəliyi, həm uyğunlaşdırıcı, həm də fərqləndirici əlamətlərin mövcud olması müqayisə vaxtı imkan vermir ki, tədqiq olunan imzaların cavabdeh tərəfindən icra olunubolunmaması haqqında qəti (müsbət və ya mənfi) bir rəyə gəlmək üçün zəruri olan eyniləşdirici əlamətlər külliyyatını seçib ayırmaq mümkün olsun. Odur ki, tədqiq olunan imzaların Cavabdeh tərəfindən icra olunub-olunmamasını müəyyən etmək mümkün olmadı.

15. Cavabdehin apellyasiya baxışında təqdim etdiyi “X6”nin xx.xx.2023-cü il tarixli, İEM-03/04/23 nömrəli mütəxəssis rəyinə əsasən tədqiqata təqdim edilmiş ƏNK-06- 151018/111473 nömrəli, 15.102018-ci il tarixli, ***-*******DQK211119- 01 nömrəli, xx.xx.2019-cu il tarixli və ***-*******ƏNK271219-01 nömrəli, xx.xx.2019-cu il tarixli kredit müqavilələrinin 1-4-cü vərəqinin “Borcalan” qrafalarında Cavabdeh adından olan imzalar öz aralarında-eyni şəxs tərəfindən icra olunmuşdur. ƏNK06-151018/111473 nömrəli, xx.xx.2018-ci il tarixli, ***-*******DQK211119-01 nömrəli, xx.xx.2019-cu il tarixli və ***- *******ƏNK271219-01 nömrəli, xx.xx.2019-cu il tarixli kredit müqavilələrinin 1-4-cü vərəqinin “Borcalan” qrafalarındakı imzalar Cavabdeh tərəfindən icra olunmuşdur. ***- *******ƏNK271219-01 nömrəli, xx.xx.2019- cu il tarixli kredit müqaviləsinin 1-ci və 4-cü vərəqində “Borcalan” qrafasının aşağısındakı “CavabdehA” əlyazmaları ilə İddiaçı ASC-nin Əməliyyat filialının rəhbərinin adına yazılmış Cavabdeh adından olan 14 mart 2019-cu il tarixli ərizədəki əlyazmalar öz aralarında-eyni şəxs tərəfindən icra olunmuşdur.

16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-714/2023 saylı, 26 aprel 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2685/2022 nömrəli, 07 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, ekspertiza tədqiqatın dəyərini təşkil edən 125 manatın iddiaçıdan Məhkəmə Еkspеrtizаsı Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. (hakimlər Azad İmanov (sədrlik edən və məruzəçi), Kamran Əkbərov, Fuad Talışinski)

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, işin məhkəmə baxışı zamanı müəyyən olunmuş mübahisəsiz hallarına görə, Bankın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsində “Bankla cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, ƏNK-06- 151018/111473 saylı kredit müqaviləsinə istinad edərək borc alana 36 ay müddətinə, illik 16 faizlə 55123 manat, xx.xx.2019-cu il tarixli, ***-*******ƏNK271219-01 saylı kredit müqaviləsinə istinad edərək borc alana 24 ay müddətinə, illik 20 faizlə 8609,18 manat məbləğində kredit verildiyini göstərsə də, qeyd olunan məbləğdə kredit vəsaitlərinin cavabdeh tərəfindən qəbul edilməsinə dair ciddi hesabat blanklarını, yəni kassa məxaric orderlərini məhkəməyə təqdim edə bilməmişdir.

18. Apellyasiya instansiyası məhkəməsi iddiaçı tərəfindən apellyasiya icraatı zamanı təqdim edilmiş “X6”nin 11 aprel 2023-cü il tarixli, İEM03/04/23 nömrəli mütəxəssis rəyi ilə bağlı göstərmişdir ki, qeyd edilən rəy hazırkı halda əsaslı sübut hesab edilə bilməz. Belə ki, MPM-nin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.2-ci maddəsinə görə isə yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

19. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı həmin sübutun birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim etməli olduğu halda apellyasiya icraatı zamanı təqdim etmiş, lakin həmin sübutun birinci instansiya məhkəməsində təqdim edilməsinin odan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandıra bilməmişdir. Həmçinin təqdim edilən mütəxəssis rəyi qanunvericiliyin tələbinə uyğun verilməmişdir. Belə ki, rəy iddiaçı ilə “X6” arasında bağlanmış müqavilə əsasında verilmiş olsa da, ekspertin bilə-bilə yalan rəy verməyə görə məsuliyyət daşıması, ümumiyyətlə, müəyyən olunmur. Bu isə təqdim edilən mütəxəssis rəyinin iş üzrə tədqiq edilən digər iki ekspert rəyləri ilə bərabər qüvvəyə malik olmasını istisna edir.

ç) Kassasiya instansiyası məhkəməsində icraat

20. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv, qarşılıqlı iddianın rədd, ilkin iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

21. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-2990/2023 saylı qərarı ilə (hakimlər Aqil Abbasov (sədrlik edən və məruzəçi), Vidadi Məmmədov və Zaur Əliyev) kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-714/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır.

22. Kassasiya instansiyası məhkəməsinin hazırkı işi yeni apellyasiya baxışına göndərərkən mövqeyi aşağıdakı kimi olmuşdur “...Birinci instansiya məhkəməsi kredit müqavilələrinin etibarsız sayılması nəticəsinə gələrkən etbarsızlıqla bağlı Mülki Məcəllənin 337.1, 339.1 və 339.4-cü maddələrinə istinad etməklə kifayətlənmiş və işin halları baxımından baxımından etibarsızlığın həmin normaların dispoztiv şərtləri kontekstində nədə ifadə olmasını qətnamədə şərh etməmiş, üstəlik, ziddiyyətli nəticəyə gəlmişdir. Mülki Məcəllənin 339.1-ci maddəsi hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 339.4-cü maddəsinə görə əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. İstinad edilən normaların hər biri etibarsızlığın ayrı-ayrı əsaslarını müəyyən edir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi hazırki işin halları baxımından Mülki Məcəllənin qeyd edilən 339.1 və 339.4-cü maddələri üzrə konkret hansı əsasın (əsasların) kredit müqavilələrinin etibarsızılığına səbəb olmasını qətnamədə göstərməmişdir. Nəticədə işin hallarına görə müqavilələrin etibarsız sayılmasının qanuni əsaslarının nədən ibarət olması qətnamədən görünmür. Müqavilələr Mülki Məcəllənin 339.1 və 339.4-cü maddələrinə əsasən etibarsız sayılıbsa, belə olan halda, həmin maddələrdə göstərilən şərtlər də müəyyən edilməli idi. Lakin işdən bu görünmür. Eyni zamanda cavabdeh də qarşılıqlı iddiasında tələbinin faktiki əsası kimi həmin normalarda qeyd edilən hallara (hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi, şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu, zorakılıq və ya hədələmə halları) deyil, müqavilənin onun tərəfindən imzalanmamasına istinad etmişdir. Bundan əlavə, birinci instansiya məhkəməsi bir tərəfdən müqavilələrin cavabdeh tərəfindən imzalanmamasına, bu səbəbdən həmin əqdlərin əhəmiyyətsiz olmasına istinad etmiş, başqa tərəfdən də həmin müqavilələri etibarsız saymaq üçün Mülki Məcəllənin 339.1 və 339.4-cü maddələrinə əsaslanmışdır. Halbuki bunlar biri-birini təkzib edən hallardır. Cavabdeh tərəfindən imzalanmadığına görə müqavilələr etibarsız (əhəmiyyətsiz) əqd hesab olunursa, belə olan halda, həmin əqdin hakimiyyətdən suiistifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd hesab edilməsi də istisna edilir. Eləcə də Mülki Məcəllənin 339.4-cü maddəsində nəzərdə tutulan əsaslar da (əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) bu halda tətbiq edilə bilməzdi. Qeyd edilən maddələrin tətbiqi o halda mümkün idi ki, müqavilələrin cavabdeh tərəfindən imzalanması halı müəyyən edilərdi. Həmçinin Abbasova (Babayeva) Təranə Müzəffər qızı adlı şəxsin Banka qarşı “kredit müqavilələrinin və onlara edilmiş əlavə razılaşmaların etibarsız hesab edilməsi tələbinə dair” iddiasının Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(006)-224/2022 saylı qətnaməsi ilə qismən təmin edilməsinin hazırki iddia tələbi ilə hansı əlaqəsinin olması da qətnamədə şərh edilməyib. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə gəldikdə, qeyd edilməlidir ki, həmin məhkəmə də qarşılıqlı iddianın təmin edilməməsi barədə gəldiyi nəticəni əsasən həm rayon, həm də özünün aldığı xətşünaslıq ekspertizasının rəyləri üzərində qurmuş, birinci instansiya məhkəməsinin qətnaməsində qeyd edilənlərlə kifayətlənərək eyni səhvi təkrarlamış, kredit müqavilələrinin etibarsızlığı ilə bağlı maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Bir halda ki, qarşılıqlı iddianın təmin edilməsində əsasən ekspertiza rəyləri əsas götürülüb, belə olan halda istinad edilən ekspert rəylərinin qiymətləndirilməsi də MPM-in 88, 103.1 və 206.1-ci maddələrinin tələbinə uyğun olmalı idi. Belə ki, işdən görünür ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə təkrar xətşünaslıq ekspertizası təyin edərkən xx.xx.2018 və xx.xx.2019-cu il tarixli kredit müqavilələrindəki (Bankın iddia tələbindən istinad etdiyi müqavilələr) imza ilə yanaşı, hazırki işin predmetinə aid olmayan xx.xx.2019-cu il tarixli kredit müqaviləsindəki imzanın da cavabdehə məxsus olub-olmaması barədə sual qoymuşdur. Məhkəmə Ekspertizası Mərkəzinin 20 fevral 2023-cü il tarixli, 4/32 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, xx.xx.2019-cu il tarixli müqavilədə “Borcalan” qrafasındakı imza cavabdeh tərəfindən icra olunsa da, xx.xx.2018-ci il tarixli və xx.xx.2019-cu il tarixli müqavilələrdə imzanın cavabdeh tərəfindən icra olunub-olunmamasını müəyyən etmək mümkün olmadı. Bunun da səbəbi qrafik materialın azlığı, cizgilərin sadəliyidir. Göründüyü kimi, ekspertizanın rəyində bir müqavilə üzrə (həmin müqavilə mübahisənin predmeti deyil) imzanın cavabdehə məxsus olması müəyyən edilsə də, hazırki mübahisə predmeti olan digər iki müqavilədəki imzanın cavabdehə məxsus olmasının müəyyən edilməsi qrafik materialın azlığı, cizgilərin sadəliyi səbəbi ilə mümkün olmamışdır. Halbuki müsbət cavablandırılan xx.xx.2019-cu il tarixli müqavilədə “Borcalan” qrafasındakı imza ilə, rəy verilə bilməyən digər iki müqavilədəki imzalar qrafik məlumatlar və cizgilərin sadəliyi baxımından eynidir. Eyni qrafik məlumatları əks etdirən bir müqavilədəki imza üzrə rəy verildiyi halda, digər iki müqavilədəki imzalar üzrə qrafik məlumatların azlığına və cizgilərin sadəliyinə görə rəy verilə bilinməsinin səbəblərini apellyasiya instansiyası məhkəməsi araşdırmamış, həmçinin ekspert rəylərindəki bu uyğunsuzluğu aradan qaldırmaq üçün MPM-in 205.1-ci maddəsində nəzərdə tutulan prosessual imkanlardan da istifadə etməmişdir. Bu da göstərir ki, apellyasiya instansiyası məhkəməsi ekspert rəyini MPM-in 88, 103.1 və 206.1-ci maddələrinin tələblərinə uyğun qiymətləndirməmişdir. Qeyd edilənlər göstərir ki, apellyasiya instansiyası məhkəməsi ekspert rəylərini qanunvericiliyin tələbləri baxımından qiymətləndirməmiş, eləcə də, kredit müqavilələrinin etibarsızlığını işin müəyyən edilmiş halları baxımından qiymətləndirməməklə hüququn tətbiqində də səhvə yol vermişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, müqavilələrdəki imzanın cavabdehə məxsus olması halında qarşılıqlı iddianın hüquqi əsası kimi işin hallarından asılı olaraq Mülki Məcəllənin 340.1-ci maddəsi və ya “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2022-ci il tarixli qərarında əks edilən hüquqi mövqeyə uyğun olaraq Mülki Məcəllənin 340.2-ci maddələri nəzərdən keçirilə bilərdi. Əks halda, (müqavilədəki imzaların cavabdehə məxsus olmaması halında) cavabdehin müqavilə öhdəliyi olmaması əsası ilə ilk iddia rədd edilə bilərdi...”

c) Proses iştirakçılarının izahatı

23. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh LPO İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə2 Xeybər oğlu verilmiş apellyasiya şikayətini müdafiə etmiş, onun dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, hətta bank ləğv olunduqdan sonra belə cavabdeh ödənişlərə davam etmişdir, çünki krediti özü götürmüşdür.

24. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, imzaların Cavabdeh məxsus olduğunu əks etdirən ekspert rəyi ilə tanış olmuşdur. Lakin bildirmək istəyir ki, imza onun olsa da, krediti faktiki olaraq o götürməyib

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

25. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

26. Maddə 337.3. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

27. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.

28. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.

29. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

30. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

31. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

32. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

33. Maddə 443.1 Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

34. Maddə 448.1 Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

35. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.

39. Maddə 206.1. Ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə, yaxud əlavə və ya təkrar ekspertiza təyini haqqında qərardadda əsaslandırılmalıdır.

40. Maddə 384.0.2. Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

41. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Apellyasiya baxışının hədləri

42. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

43. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

44. Hazırki iş üzrə ilkin iddia üzrə iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, qarşılıqlı iddianın rədd, ilkin iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etdiyindən apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanunliyinin və əsaslılığının bütünlüklə yoxlanılması təşkil edir. Bu halda məhkəmə kollegiyası nəzərə alır ki, Yasamal Rayon Məhkəməsinin 2(004)-2685/2022 nömrəli xx.xx.2022- ci il tarixli qərardadı ilə qarşılıqlı iddia ərizəsi xx.xx.2019-cü il tarixli, ***-******* DQK 211119-01 saylı kredit müqaviləsinin etibarsız hesab edilməsi, həmin kredit müqaviləsi üzrə gecikmə günlərinin olmaması barədə məlumatın Azərbaycan Respublikası Mərkəzi Bankının nəzdində olan Mərkəzləşdirilmiş Kredit Reyestrinə və Azərbaycan Kredit Bürosuna verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində baxılmamış saxlanıldığından və qərardad qanuni qüvvəsini aldığından, hazırki apellyasiya baxışında birinci instansiya məhkəməsinin qətnaməsi yalnız ilkin iddia tələbinə bütövlükdə, qarşılıqlı iddia ərizəsinin isə Cavabdehlə İddiaçı ASC arasında bağlanılmış xx.xx.2018-ci il tarixli, ƏNK06- 151018/111473 saylı və xx.xx.2019-cü il tarixli ***-*******ƏNK271219-01 saylı kredit müqavilələrinin etibarsız hesab edilməsi, həmin kredit müqavilələri üzrə gecikmə günlərinin olmaması barədə məlumatların Azərbaycan Respublikası Mərkəzi Bankının nəzdində olan Mərkəzləşdirilmiş Kredit Reyestrinə və Azərbaycan Kredit Bürosuna verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələblərinə münasibətdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

45. Kollegiya ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apelyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin hüquqi mövqeləri nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

46. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia üzrə iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı, ilkin iddia tələbi təmin edilməli, qarşılıqlı iddia tələbi isə təmin edilməməlidir.

47. Birinci instansiya məhkəməsinin qətnaməsi tərəfindən iş üzrə düzgün maddi hüquq normaları tətbiq edilməmiş, sübutların lazımi qaydada tədqiqi aparılmamış, işin faktiki halları isə düzgün müəyyən edilməmişdir ki, bu da qətnamənin ləğvinə səbəb olur.

48. Kollegiya kassasiya instansiya məhkəməsinin də göstərişlərini nəzərə alaraq hesab edir ki, ilk növbədə qarşılıqlı iddia tələbinin, yəni mübahisəli əqdlərin etibarsız hesab olunması ilə bağlı tələbin əsaslılığı məsələsi işin faktiki halları və mövcud sübutlatla paralel olaraq yoxlanılmalı, yalnız həmin tələbin əsaslı olub-olmamasına qiymət verildikdən sonra ilkin iddia üzrə tələbə dair fikir yürüdülməlidir.

49. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında göstərilmişdir ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Həmçinin qarşılıqlı iddia üzrə iddiaçının da tələbi məhz elə bununla bağlıdır.

50. İş materiallarında olan birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizasına əsasən AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 4/1025 saylı, xx.xx.2022-ci il tarixli rəyinə görə xx.xx.2018-ci il tarixli ƏNK-06- 151018/111473 nömrəli “Bank hesabı və kredit müqaviləsi”nin vərəqlərində “Borcalan” qrafalarındakı imzalardan, 4-cü vərəqində “Borcalan” qrafasında “Cavabdeh” yazılarının aşağısında olan imzadan və xx.xx.2019-cu il tarixli 012- 711147ƏNK271219-01 nömrəli “Bank hesabı və kredit müqaviləsi”nin 1-3-cü vərəqlərində “Borcalan” qrafalarındakı imzalardan, 4-cü vərəqində “Borcalan” qrafasında “Cavabdeh” yazılarının aşağısında olan imzadan ibarət olub, göy rəngli rəngləyici maddə ilə icra olunmuşdur. Tədqiq olunan imzaların Cavabdeh imza nümunələri ilə müqayisə etdikdə məlum olmuşdur ki, tədqiq olunan imzalarda qrafik materialın azlığı, cizgilərin sadəliyi, həm uyğunlaşdırıcı, həm də fərqləndirici əlamətlərin mövcud olması müqayisə vaxtı imkan vermir ki, qəti bir (müsbət və ya mənfi) rəyə gəlmək üçün zəruri olan eyniləşdirici əlamətlər külliyyatını seçib ayırmaq mümkün olsun. Odur ki, tədqiq olunan imzaların Cavabdeh tərəfindən icra olunub-olunmamasını müəyyən etmək mümkün olmamışdır. Cavabdeh rəylə razı olmuş, iddaçının nümayəndəsi isə rəyin səthi olmasını əsas gətirməklə təkrar ekspertiza təyin edilməsi barədə vəsasət vermişdir. Birinci instansiya məhkəməsi iddiaçını nümayəndəsinin vəsatətini təmin etməmişdir.

51. İşə bundan öncə baxan apellyasiya instansiyası məhkəməsi xx.xx.2018, xx.xx.2019 və xx.xx.2019-cu il tarixli kredit müqavilələrindəki borcalan sözünün qarşısında olan imzaların cavabdehə məxus olub-olmamasını müəyyən etmək məqsədilə iş üzrə təkrar məhkəmə-xətşünaslıq ekspertizası təyin etmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 20 fevral 2023-cü il tarixli, 4/32 nömrəli ekspert rəyinə əsasən mülki işin 173- 176-cı vərəqələrində olan xx.xx.2019-cu il tarixli № ***-*******DQK211119-01 nömrəli “Bank hesabı və kredit müqavilə”nin 1-3-cü vərəqələrində “Borcalan” qrafasındakı imzalar, 4-cü vərəqində “Borcalan” qrafasında “Cavabdeh” yazılarının aşağısında olan imza – Cavabdeh Aydin oğlu tərəfindən icra olunmuşdur. Mülki işin 121-124-cü vərəqələrində olan xx.xx.2018-ci il tarixli № ƏNK-06-151018/111473 nömrəli “Bank hesabı və kredit müqavilə”nin 1-3-cü vərəqələrində “Borcalan” qrafasındakı imzalar, 4-cü vərəqində “Borcalan” qrafasında “Cavabdeh” yazılarının aşağısında olan imzanın, mülki işin 125- 128-ci vərəqələrində olan xx.xx.2019-cu il tarixli № ***-*******ƏNK271219-01 nömrəli “Bank hesabı və kredit müqavilə”nin 1-3-cü vərəqələrində “Borcalan” qrafasındakı imzalar, 4-cü vərəqində “Borcalan” qrafasında “Cavabdeh” yazılarının aşağısında olan imzanın Cavabdeh tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesinin təsviri hissəsində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmadı. Yəni nə uyğunlaşdırıcı əlamətlər, nə də fərqləndirici əlamətlər ayrı-ayrılıqda müəyyən bir qəti (müsbət və ya mənfi) rəyə gəlmək üçün zəruri olan əlamətlər komplekslərini təşkil etmirlər. Tədqiq olunan imzalarda qrafik materialın azlığı, cizgilərin sadəliyi, həm uyğunlaşdırıcı, həm də fərqləndirici əlamətlərin mövcud olması müqayisə vaxtı imkan vermir ki, tədqiq olunan imzaların cavabdeh tərəfindən icra olunub-olunmaması haqqında qəti (müsbət və ya mənfi) bir rəyə gəlmək üçün zəruri olan eyniləşdirici əlamətlər külliyyatını seçib ayırmaq mümkün olsun. Odur ki, tədqiq olunan imzaların Cavabdeh tərəfindən icra olunubolunmamasını müəyyən etmək mümkün olmadı.

52. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi iş üzrə təkrar xəttşünaslıq ekspertizası təyin edərkən Bankın iddia tələbindən istinad etdiyi xx.xx.2018 və xx.xx.2019cu il tarixli kredit müqavilələrindəki imza ilə yanaşı, hazırki işin predmetinə aid olmayan və birinci instansiya məhkəməsinin qərardadı ilə barəsində baxılmamış saxlanılan xx.xx.2019-cu il tarixli kredit müqaviləsindəki imzanın da cavabdehə məxsus olubolmaması barədə sual qoymuş və bunun nəyə görə zəruri olmasını əsaslandırmamışdır. Məhkəmə Ekspertizası Mərkəzinin yuxarıda adı çəkilən rəyində qeyd olunmuşdur ki, xx.xx.2019-cu il tarixli müqavilədə “Borcalan” qrafasındakı imza cavabdeh tərəfindən icra olunsa da, xx.xx.2018-ci il tarixli və xx.xx.2019-cu il tarixli müqavilələrdə imzanın cavabdeh tərəfindən icra olunub-olunmamasını müəyyən etmək mümkün olmamışdır. Lakin xx.xx.2019-cu il tarixli müqavilədə “Borcalan” qrafasındakı imza ilə, rəy verilə bilməyən digər iki müqavilədəki imzalar qrafik məlumatlar və cizgilərin sadəliyi baxımından eyni olması, üstəlik xx.xx.2019-cu il tarixli müqavilə ilə xx.xx.2019-cu il tarixli müqavilə arasında cəmi 1 aydan bir az çox müddət olması ilə imzaların deformasiya və ya psixoloji yaş dövrünün dəyişmək ehtimalının minimallığı bir müqavilədəki imza üzrə rəy verildiyi halda, digər iki müqavilədəki imzalar üzrə rəy verilə bilinməməsinin şübhəli olduğunu deməyə əsas verir. Lakin apellyasiya instansiyası məhkəməsi bu şübhəni aydınlaşdırmamış, həmçinin ekspert rəylərindəki bu uyğunsuzluğu aradan qaldırmaq üçün MPM-in 205.1-ci maddəsində nəzərdə tutulan prosessual imkanlardan da istifadə etməmişdir.

53. Qeyd edilən halları, o cümlədən kassasiya instansiya məhkəməsinin də bu barədə göstərişlərini nəzərə alaraq hazırki apellyasiya baxışı zamanı xx.xx.2023-cü il tarixli qərardadla təkrar məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilmişdir. AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 4/1962 saylı, xx.xx.2024-cü il tarixli rəyinə əsasən müəyyən olunmuşdur ki, ekspertizaya təqdim edilmiş mülki işin 1-ci cildinin 121- 124-cü vərəqlərində olan 121-124-cü vərəqlərində olan xx.xx.2018-ci il tarixli ƏNK-06- 151018/111473 nömrəli “Bank hesabı və kredit müqaviləsi”nin 1-3-cü vərəqələrinin aşağı sağ küncündə “Borcalan” qrafalarındakı imzalar və 4-cü vərəqində “Borcalan Cavabdeh” qrafasındakı imza, 1-ci cildin 125-128-ci vərəqlərində olan xx.xx.2019-cu il tarixli 012- 711147ƏNK271219-01 nömrəli “Bank hesabı və kredit müqaviləsi”nin 1-3-cü vərəqlərində “Borcalan” qrafalarındakı imzalar və 4-cü vərəqində “Borcalan Cavabdeh” qrafasındakı imza - Cavabdeh AYDİN oğlu tərəfindən icra olunmuşdur.

54. Təqdim edilən ekspert rəyindən də göründüyü kimi qarşılıqlı iddia üzrə iddiaçının qeyd etdiyindən, o cümlədən işə bundan öncə baxmış birinci instansiya və apellyasiya instansiya məhkəmələrinin təsbit etdiyindən fərqli olaraq, hazırki apellyasiya baxışı zamanı aparılmış ekspert tədqiqatının nəticəsində mübahisələndirilən kredit müqavilələrindəki imzaların məhz Cavabdeh özü tərəfindən atıldığı öz təsdiqini tapmışdır.

55. Bundan əlavə iş materiallarında olan və adları çəkilən müqavilələr üzrə kredit dosyelərinin hamısında (MKR vasitəsilə sorğulana bilməsi haqda sənəd, ərizə-anket forması, təhlil blankı, mədaxil və məxaric orderləri), hətta xx.xx.2019-cu il tarixli kreditin ödəniş tarixçəsini dəyişdirməsinə dair ərizədə belə Cavabdeh imzaları qeyd olunmuşdur. Bu da o deməkdir ki, sonuncu hər bir halda kredit müqavilələri bağladığından xəbərdar olmuş, bununla bağlı bütün prosedurları özü həyata keçirmiş, hətta həmin müqavilələr üzrə məhz özü mədaxillər edərək borcu ödəməyə yönəlmiş hərəkətlər etmişdir.

56. O cümlədən apellyasiya baxışında izahat verən qarşılıqlı iddia üzrə iddiaçının vəkili də öz nitqində ekspert rəyi ilə tanış olduğunu, imzaların təmsil etdiyi şəxs tərəfindən atılsa da, pulun ona verilmədiyini bildirmişdir. Bu da onu deməyə əsas verir ki, ilkin iddia tələbinin əsasında müqavilələrin Cavabdeh tərəfindən və onun iradəsinə uyğun olaraq bağlanmasına dair hər hansı şübhə qalmır.

57. Daha sonra kassasiya instansiyası məhkəməsi qətnaməni yenidən baxışa göndərərkən müqavilələrdəki imzanın cavabdehə məxsus olması halında qarşılıqlı iddianın hüquqi əsası kimi işin hallarından asılı olaraq Mülki Məcəllənin 340.1-ci maddəsi və ya “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2022-ci il tarixli qərarında əks edilən hüquqi mövqeyə uyğun olaraq Mülki Məcəllənin 340.2-ci maddələri nəzərdən keçirilməsinin mümkünlüyünü vurğulamışdır. Həmin göstərişə əsasən kollegiya aşağıdakıları qeyd edir.

58. Mülki Məcəllənin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.

59. Qanuni tərifdən də göründüyü kimi uydurma əqddən bəhs edilə bilməsi üçün aşağıdakı şərtlərin hamısının birlikdə gerçəkləşmiş olması lazımdır: 1) əqdi bağlayanlar ona uyğun heç bir hüquqi nəticə, yəni özləri üçün həmin əqd üzrə hüquq və öhdəlik yaratmaq niyyəti olmadan həmin əqdi bağlamış olmalıdır. Başqa sözlə, əqdin tərəfləri həmin əqd üzrə hüquq və vəziəflərin əmələ gəlməməsi barəsində öz aralarında razılığa gəlmiş olmalıdır; 2) uydurma əqd sırf başqalarını aldatmaq məqsədilə bağlanmış olmalıdır.

60. Hazırki işin hallarından da göründüyü kimi müqavilə tərəflərinin arasında uydurma əqdlərin tərifində göstərilən və üçüncü şəxsləri aldatmaq məqsədi daşıyan hər hansı niyyət olmamış, o cümlədən bunu təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Buna görə də kollegiya hesab edir ki, tərəflər arasında bağlanmış müqavilələrin uydurma əqd kimi etibarsız hesab edilməsinə dair hər hansı hüquqi əsas mövcud deyildir.

61. Mülki Məcəllənin 340.2-ci maddəsinə əsasən isə yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.

62. Konstitusiya Məhkəməsi Plenumunun yalan əqdlərlə əlaqədar formalaşmış hüquqi mövqeyinə (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli plenum qərarı) əsasən, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir. Beləliklə, yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər.

63. Konstitusiya məhkəməsinin yuxarıda qeyd edilən mövqeyindən də göründüyü kimi yalan əqdlərdə də uydurma əqdlərdə olduğu kimi onları bağlayan tərəflərin arasında yenə də qarşılıqlı razılaşma və üçüncü şəxsləri aldatmağa yönəlmiş vahid niyyət mövcuddur. Uydurma əqddən fərqi isə ondan ibarətdir ki, burada pərdələnmək istənilən başqa bir əqd vardır və məqsəd həmin əqdin gizlədilməsidir.

64. Həm uydurma, həm də yalan əqdlərin anlayışlarından göründüyü kimi hər ikisi bağlanılarkən sadəcə bir tərəfin yox, hər iki tərəfin vahid istək altında bir-birilərini deyil, başqa şəxsləri aldatmağa yönəlməsi ilə müşayiət olunur. Hazırki işin hallarına görə isə Bankla Cavabdeh arasında bağlanılan kredit müqavilələr nə yalan, nə də uydurma əqdin ünsürlərini daşımamış, Cavabdeh əqdlərin etibarsızlığına aid tək dəlili isə həmin müqavilələrin onun tərəfindən imzalanmaması olmuşdur. Lakin artıq yuxarıda da göstərildiyi kimi aparılan ekspertiza tədqiqatının nəticəsində qeyd edilən hal öz təkzibini tapmışdır.

65. Beləliklə, kollegiya hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh onunla İddiaçı ASC arasında bağlanılmış xx.xx.2018-ci il tarixli, ƏNK06- 151018/111473 saylı və xx.xx.2019-cü il tarixli ***-*******ƏNK271219-01 saylı kredit müqavilələrinin etibarsız hesab edilməsi, həmin kredit müqavilələri üzrə gecikmə günlərinin olmaması barədə məlumatların Azərbaycan Respublikası Mərkəzi Bankının nəzdində olan Mərkəzləşdirilmiş Kredit Reyestrinə və Azərbaycan Kredit Bürosuna verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair qarşılıqlı iddia ərizəsinin təmin edilməsinə dair hər hansı hüquqi əsaslar mövcud deyil və ilkin iddia üzrə iddiaçının apellyasiya şikayəti qeyd edilən hissədə əsaslı hesab edilməlidir.

66. Kollegiya ilkin iddia üzrə iddiaçının öz iddia tələbinin təmin edilməli olması ilə bağlı kollegiya aşağıdakıları qeyd edir.

67. Yuxarıda göstərildiyi kimi iddiaçının tələbinin kökündə duran müqavilələrin etibarlılığına şübhə yaradan hər hansı hal məhkəmə tərəfindən aşkarlanmadığından, kollegiya hesab edir ki, mübahisənin qalan hissəsinə müqavilə üzrə öhdəliklərdən irəli gələn münasibətlər çərçivəsində baxılmalı və ona uyğun olaraq müvafiq qərar qəbul edilməlidir.

68. Belə ki, iş materiallarında olan İddiaçı ASC-nin Əməliyyat filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, ƏNK-06-151018/111473 saylı kredit müqaviləsinin surətindən görünür ki, bank borc alana istehlak məqsədilə 36 ay müddətinə, illik 16 faiz dərəcəsi ilə 55123 manat məbləğində kredit vermək öhdəliyini, borc alan isə vermək öhdəliyini, borc alan isə həmin kreditdən istifadə edərək, krediti və hesablanmış faizləri banka ödəmək öhdəliyini üzərinə götürmüşdür.

69. Həmçinin İddiaçı ASC-nin Azadlıq filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, ***-*******ƏNK271219-01 saylı kredit müqaviləsinin surətindən görünür ki, bank borc alana istehlak məqsədilə 24 ay müddətinə, illik 20 faiz dərəcəsi ilə 8609,18 manat məbləğində kredit vermək öhdəliyini, borc alan isə həmin kreditdən istifadə edərək, krediti və hesablanmış faizləri banka ödəmək öhdəliyini üzərinə götürmüşdür.

70. xx.xx.2022-ci il tarixli, **********267 saylı maliyyə arayışından görünür ki, xx.xx.2022-ci il tarixinə Cavabdeh xx.xx.2018-ci il tarixli, ƏNK-06-151018/111473 saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-yə olan borcunun məbləği 28023,09 manat əsas borc, 6788,76 manat faiz borcu, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 587,39 manat faiz borcu olmaqla, cəmi 35399,24 manat, xx.xx.2022-ci il tarixli, **********224 saylı maliyyə arayışından isə görünür ki, xx.xx.2022-ci il tarixinə Cavabdeh xx.xx.2019-cu il tarixli, ***-*******ƏNK271219-01 saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-yə olan borcunun məbləği 7686,29 manat əsas borc, 2589,29 manat faiz borcu, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 83,46 manat faiz borcu olmaqla, cəmi 10359,04 manat təşkil edir.

71. Kollegiya qeyd edir ki, ilkin iddia üzrə Cavabdeh tərəfindən qeyd edilən kredit müqavilələri üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etməməməsi, iddiaçıya olan borcu müqavilərdə nəzərdə tutulan vaxtda və qaydada ödəməməsi və bununla da müqavilələrin şərtlərini pozmuş olması faktı işin halları və mövcud sübutlarla öz təsdiqini tapmışdır.

72. Buna görə də cavabdehin hərəkəti öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdırıldıqları kimi iddiaçıya ödəməlidir.

73. Kollegiya ilkin iddia üzrə cavabdehin kredit müqavilələri üzrə götürülmüş pulun ona verilməməsi və onun tərəfindən istifadə edilməməsi ilə bağlı dəlillərinə münasibətdə isə qeyd edir ki, istər iş materiallarındakı hesabdan çıxarışlarla, istər kassa məxaric orderləri ilə, istər borcun mədaxili ilə bağlı qəbzlərlə (halbuki şəxsin götürmədiyi və ona çatmayan kredit üzrə ödəniş həyata keçirməsi məntiqli görünmür) və digər bütün sənədlərlə cavabdehin qeyd etdiyi halların təkzib olunduğu və kreditin məhz onun tərəfindən götürülərək istifadə olunması öz təsdiqini tapmışdır.

74. Beləliklə, bütün qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, ilkin iddia üzrə iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı, ilkin iddia tələbi təmin edilməli, qarşılıqlı iddia tələbi isə təmin edilməməlidir.

75. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

76. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

77. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

78. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

79. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

80. Kollegiya hesab edir ki, iddia ərizəsi, o cümlədən apellyasiya və kassasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri ilkin iddia üzrə Cavabdeh alınaraq iddiaçıya ödənilməli, qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəyən şəxsin özünə aid edilməlidir.

81. Həmçinin birinci instansiya, işə bundan öncə baxan apellyasiya instansiyası və hazırki məhkəmə baxışında təyin edilmiş ekspertiza tədqiqatlarına görə ödənilməli olan pul vəsaitləri də Cavabdeh tutulmalıdır.

82. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İlkin iddia üzrə iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2685/2022 nömrəli, 07 oktyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İlkin iddia tələbi təmin edilsin. xx.xx.2018-ci il tarixli ƏNK-06-151018/111473 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə olan 28023,09 AZN (iyirmi səkkiz min iyirmi üç manat doqquz qəpik) əsas borc, 6788,76 AZN (altı min yeddi yüz səksən səkkiz manat yetmiş altı qəpik) faiz borcu, kredit müqaviləsinin müddəti bitdikdən sonrakı dövr üçün illik 5%-lə hesablanmış 587,39 AZN (beş yüz səksən yeddi manat otuz doqquz qəpik) faiz borcu olmaqla, cəmi 35399,24 AZN (otuz beş min üç yüz doxsan doqquz manat iyirmi dörd qəpik) borcun və 196,20 AZN (yüz doxsan altı manat iyirmi qəpik) dövlət rüsumunun, həmçinin xx.xx.2019-cu il tarixli ***-*******ƏNK271219-01 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə olan 7686,29 AZN (yeddi min altı yüz səksən altı manat iyirmi doqquz qəpik) əsas borc, 2589,29 AZN (iki min beş yüz səksən doqquz manat iyirmi doqquz qəpik) faiz borcu, kredit müqaviləsinin müddəti bitdikdən sonrakı dövr üçün illik 5%-lə hesablanmış 83,46 AZN (səksən üç manat qırx altı qəpik) faiz borcu olmaqla, cəmi 10359,04 (on min üç yüz əlli doqquz manat dörd qəpik) borc məbləği ilkin iddia üzrə Cavabdeh alınaraq ilkin iddia üzrə iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilsin. İlkin iddia ərizəsinin verilməsi üçün ödənilmiş 317,28 AZN (üç yüz on yeddi manat iyirmi səkkiz qəpik) dövlət rüsumunun məbləği ilkin iddia üzrə Cavabdeh alınaraq ilkin iddia üzrə iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilsin. Qarşılıqlı iddia təmin edilməsin. Qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəyən şəxsin özünə aid olunsun. Apellyasiya və kassasiya şikayətləri ilə bağlı ayrı-ayrılıqda ödənilmiş 158.64, cəmi 317, 28 AZN (üç yüz on yeddi manat iyirmi səkkiz qəpik) dövlət rüsumunun məbləği ilkin iddia üzrə Cavabdeh alınaraq ilkin iddia üzrə iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilsin. Birinci instansiya məhkəməsi, işə bundan öncə baxan apellyasiya instansiyası və təkrar apellyasiya baxışında keçirilən ekspertiza tədqiqatlarının dəyəri olan ayrı-ayrılıqda müvafiq olaraq 126 (yüz iyirmi altı) manat, 125 (yüz iyirmi beş) manat və 226 (iki yüz iyirmi altı) məbləğində, ümumilikdə 477 (dörd yüz yetmiş yeddi) manat məbləğində pul ilkin iddia üzrə Cavabdeh alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1, Kod: 210005 VÖEN ********** m/h AZ 41 NABZ******************** S.W.İ.F.T. Bik:CTREAZ 22) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar