Məhkəmə qərarları › İş №2(103)-5080/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5080/2020

12.08.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5080/2020 12.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, iddiaçı Türkiyə Respublikasının “xxxxx” Tarım Gida və Turizm Sənayi və X1 Cavabdeh qarşı, habelə cavabdehin iddiaçıya qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi barədə” ilk və qarşılıqlı iddialarına dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2018-ci il tarixli qətnamədən cavabdehin verdiyi apellyasiya şikayətinə əsasən işə, iş üzrə iddiaçı Şirkətin vəkili (nümayəndəsi) Nümayəndə iştirakı ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizələr ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı Şirkət, cavabdeh tərəfindən ona vurulmuş zərərin əvəzi olaraq 383.940 ABŞ dolları, xx.xx.2014-xx.xx.2016-cı il tarixləri üzrə Mərkəzi Bankın uçot faiz dərəcəsi ilə hesablanmış 92.152 ABŞ dolları məbləğində ziyanın, cəmi isə 476.092 ABŞ dolları məbləğində pulun cavabdehdən tutularaq ona (Şirkətə) ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh də öz növbəsində iddiaçı Şirkətə qarşı qarşılıqlı iddia ilə Rayon Məhkəməsinə müraciət edərək, iddiaçı Şirkət tərəfindən ona vurulmuş zərərin əvəzi olaraq 300.000 manat məbləğində pulun iddiaçı Şirkətdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2018-ci il tarixli qətnamə ilə ilk iddianın qismən təmin edilməsini, maddi zərərin əvəzi olaraq 381.073,35 ABŞ dolları və ödənilmiş dövlət rüsumunun 24 manat hissəsinin cavabdehdən iddiaçı Şirkətin xeyrinə tutulmasını, ilk iddianın qalan hissəsinin, qarşılıqlı iddianın isə tam həcmdə rədd edilməsini, aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 145 manatının iş üzrə tərəflərə aid edilməsini, bu məqsədlə 29 manatın iddiaçı Şirkətdən, 116 manatın isə cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməsini qət etmişdir. İş üzrə iddiaçı Şirkət həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verərək, Rayon Məhkəməsinin qətnaməsinin qismən, yəni ilk iddianın təmin olunmamış hissəsində ləğv edilərək, ilk iddianın həmin hissədə də təmin olunmasını xahiş etmişdir. Cavabdeh də öz növbəsində həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verərək, Rayon Məhkəməsinin qətnaməsinin qismən, yəni ilk iddianın təmin edildiyi hissədə ləğv edilməsi, ilk iddianın tam həcmdə rədd edilməsi, qarşılıqlı iddianın isə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hər iki apellyasiya şikayəti əsasında mülki işə baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnamə (İş № 2(103)-785/2019) ilə apellyasiya şikayətlərinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını qət etmişdir. İş üzrə tərəflərin ayrı-ayrılıqda verdikləri kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qərar (İş № 2(102)-4585/2019) ilə kassasiya şikayətlərinin qismən təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ilk iddianın qismən təmin edilməsi, yəni 381.973,35 ABŞ dolları məbləğində pulun cavabdehdən iddiaçı Şirkətin xeyrinə tutulması hissəsində ləğv edilməsini və həmin hissədə işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılmasını qərara almışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi (İş № 2(103)-11918/2019) ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək, Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi qismən, yəni ilk iddia üzrə cavabdehdən 381.073,35 ABŞ dolları məbləğində pul vəsaitinin tutularaq iddiaçı Şirkətə ödənilməsi hissəsində ləğv edilmiş və həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia rədd edilmişdir. İddiaçının həmin qətnamədən verdiyi kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qərar (İş № 2(102)-1230/2020) ilə kassasiya şikayətinin qismən təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini qərara almışdır. Odur ki, Rayon Məhkəməsinin “381.073,35 ABŞ dolları məbləğində pulun cavabdehdən iddiaçı Şirkətin xeyrinə tutulması” barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticəyə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) tərəfindən apellyasiya qaydasında yenidən baxılır. Apellyasiya baxışı iclasında iştirak edən iddiaçı Şirkətin vəkili (nümayəndəsi) Nümayəndə apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, apellyasiya baxışının predmeti olan hissədə Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin əsaslarına və ilk iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdeh apellyasiya baxışının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsa da apellyasiya baxışında iştirak etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə görə, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Hazırki apellyasiya baxışının predmetini təşkil edən cavabdehin apellyasiya şikayətinə əsasən mülki işə yenidən baxan Məhkəmə qeyd edir ki, apellyasiya baxışının predmeti olan hissədə iddiaçı Şirkətin mövqeyi onunla əsaslandırılır ki, Cavabdeh tərəfindən iddiaçı Şirkətə qarşı “xxxxxxxxxxxxxxxxx” iddia irəli sürülmüş və iddianı təmin etmə tədbiri kimi iddiaçı Şirkətin və “xxxx” ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli “Hüquqi şəxsin nizamnamə kapitalındakı payların alğı-satqısı haqqında müqaviləyə” əsasən “xxxx” ASC-nin iddiaçı Şirkətə xx.xx.2015-ci il tarixədək ödəyəcəyi 600.000 manat üzərinə həbs qoyulması və həmin pul vəsaitləri ilə hər hansı bir hərəkətlərin edilməsinin qadağan edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərardadı (İş № 2(012)-3684/2014) ilə mübahisəyə mahiyyəti üzrə baxılıb qurtaranadək iddiaçı Şirkət və “xxxx” ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli “Hüquqi şəxsin nizamnamə kapitalındakı payların alğı-satqısı haqqında müqaviləyə” əsasən “xxxx” ASC-nin Şirkətə xx.xx.2015-ci tarixədək ödəyəcəyi 600.000 manat üzərinə həbs qoyulması və həmin pul vəsaitləri ilə hər hansı bir hərəkətlərin edilməsinin cavabdehlərə və başqa şəxslərə qadağan edilməsi qərara alınmışdır. Həmin qərardaddan Şirkət tərəfindən şikayət verilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərardadı ilə şikayət qismən təmin edilərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərardadi ilə görülmüş iddianı təmin etmə tədbiri digəri ilə əvəz edilərək mübahisəyə mahiyyəti üzrə baxılıb qurtaranadək sözügedən 600.000 manat pul vəsaitinin Abşeron Rayon Məhkəməsinin depozit hesabına keçirilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2014-cü il tarixli qərardadı (İş № 2(105)-1957/2014) ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2014cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarıxli qətnaməsi (İş № 2(012)-2357/2015) ilə Cavabdeh iddiası rədd edilmişdir. Qətnamə ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərardadı ilə görülmüş iddianı təmin etmə tədbirinin qətnamə qanuni qüvvəyə minənə qədər saxlanılması qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi (İş № 2(105)-196/2016) ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, Cavabdeh əsassız iddia qaldırması və bununla əlaqədar iddianı təmin etmə tədbiri kimi Şirkətə ödənilməli olan 600.000 manat pul vəsaitinin üzərinə həbs qoyulması nəticəsində Şirkət külli miqdarda pul vəsaitlərindən istifadə etməkdən məhrum olmuşdur. Pul vəsaitlərinin üzərinə həbs qoyulması barədə qərardad qəbul olunan tarixdə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun olaraq 1 ABŞ dolları 0,7843 Azərbaycan manatına bərabər olmuşdur. Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli qərarının qəbul edildiyi gün isə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə görə 1 ABŞ dolları 1,515 Azərbaycan manatı olmuşdur. X2 Respublikasının hüquqi şəxsidir, Azərbaycan Respublikasında biznes fəaliyyəti yoxdur və Azərbaycan Respublikasında aldığı pulları ABŞ dollarına mübadilə edir. Şirkətə qarşı Cavabdeh tərəfindən əsassız olaraq irəli sürülmüş iddia tələbi ilə bağlı əsassız olaraq həbs qoyulmasaydı, Şirkət, öz pul vəsaitlərini ABŞ dollarına mübadilə etməklə 765.013 ABŞ dolları əldə etmiş olardı. Məhkəmə, apellyasiya baxışının predmetini təşkil edən hissədə mülki işin materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə həmin hissədə ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməli, apellyasiya baxışının predmeti olan hissədə iddia rədd edilməlidir. Belə ki, tərəflər arasında işin mübahisə edilməyən hallarından görünür ki, Cavabdeh Abşeron Rayon Məhkəməsinə iddiaçı Şirkətə qarşı “xxxxxxxxxxxxxxxxx” iddia irəli sürmüşdür. O, eyni zamanda ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək iddianın təmin etmə tədbiri kimi iddiaçı Şirkət ilə “xxxx” ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli “Hüquqi şəxsin nizamnamə kapitalındakı payların alğı-satqısı haqqında müqaviləyə” əsasən “xxxx” ASC-nin iddiaçı Şirkətə xx.xx.2015-ci il tarixədək ödəyəcəyi 600.000 manatın üzərinə həbs qoyulması və həmin pul vəsaitləri ilə hər hansı bir hərəkətlərin edilməsinin qadağan edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərardadı (İş № 2(012)- 3684/2014) ilə mübahisəyə mahiyyəti üzrə baxılıb qurtaranadək, Şirkət ilə “xxxx” ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli “Hüquqi şəxsin nizamnamə kapitalındakı payların alğı-satqısı haqqında müqaviləyə” əsasən “xxxx” ASC-nin Şirkətə xx.xx.2015-ci il tarixədək ödəyəcəyi 600.000 manatın üzərinə həbs qoyulmuş və həmin pul vəsaitləri ilə hər hansı bir hərəkətlərin edilməsi Şirkətə və başqa şəxslərə qadağan edilmişdir. Həmin qərardaddan Şirkət tərəfindən şikayət verilmiş və Abşeron Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərardadı ilə şikayət qismən təmin edilərək, qərardadla müəyyən olunmuş iddianı təmin etmə tədbiri digəri ilə əvəz edilərək mübahisəyə mahiyyəti üzrə baxılıb qurtaranadək Şirkət ilə “xxxx” ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli “Hüquqi şəxsin nizamnamə kapitalındakı payların alğı-satqısı haqqında müqaviləyə” əsasən “xxxx” ASC-nin Şirkətə xx.xx.2015-ci il tarixədək ödəyəcəyi 600.000 manat pul vəsaitinin Abşeron Rayon Məhkəməsinin depozit hesabına keçirilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2014-cü il tarixli qərardadı (İş № 2(105)-1957/2014) ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi (İş № 2(012)-2357/2015) ilə Cavabdeh iddiası rədd edilmişdir. Qətnamə ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərardadı ilə müəyyən edilmiş iddianı təmin etmə tədbirinin qətnamənin qanuni qüvvəyə minənə qədər saxlanılması qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşə Rayon Məhkəməsi tərəfindən baxılan zaman iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə tapşırılmışdır. Ekspertiza tədqiqatının nəticəsi olaraq Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 16152 №-li rəydən görünür ki, xx.xx.2014-cü il tarixə Azərbaycan Respublikası Mərkəzi Bankının Azərbaycan manatının ABŞ dolları məzənnəsinə uyğun olaraq ilə 600.000 Azərbaycan manatı 765.013,39 ABŞ dolları, xx.xx.2016-cı il tarixə Azərbaycan manatının ABŞ dolları məzənnəsinə uyğun olaraq 600.000 manat 381.073,35 dolları olmuşdur. İşin əvvəlki apellyasiya baxışı zamanı iddiaçı Şirkət tərəfin təqdim etdiyi yazılı izahatda göstərilmişdir ki, iddiaçı Şirkətin bank hesabının olduğu Türkiyə Respublikasının “Akbank” T.A.Ş-nin Elmadağı Filialının xx.xx.2019-cu il tarixli arayışında aşağıdakılar qeyd edilmişdir: “Filialımızda olan 20457 nömrəli USD (dollar) hesabınıza Azərbaycandan “xxxx” ASC firması tərəfindən aşağıda təfərrüatları yazılan 5 ədəd əməliyyat üzrə cəmi 790.494,11 USD məbləğ hesabınıza müvafiq tarixlərdə oturmuşdur: xx.xx.2014 tarixində- 127.492,23 USD; xx.xx.2014 tarixində- 280.494.90 USD; xx.xx.2014 tarixində- 127.394,77 USD; xx.xx.2014 tarixində- 127.492,23 USD; xx.xx.2014 tarixində- 127.495,98 USD”. Arayışdan göründüyü kimi pul vəsaitlərinin üzərinə həbs qoyulana qədər iddiaçıya ödənilməli olan məbləğlər ABŞ dollarına konvertasiya edilməklə onun Türkiyə Respublikasındakı “Akbank” T.A.Ş-nin Elmadağı Filialındakı hesabına köçürülmüşdür. Məbləğlərin ABŞ dollarına konvertasiya edilməklə köçürülməsi bir neçə dəfə mütəmadi olaraq həyata keçirilmiş, iddianı təmin etmə tədbirindən sonra dayandırılmışdır. Göstərilənləri nəzərə alan Məhkəmə, apellyasiya baxışının predmetini təşkil edən mülki mübahisənin həlli ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 21-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1.). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2.). MPM-nin 164-cü maddəsinə görə, iddianın rədd edilməsi haqqında qətnamə qanuni qüvvəyə mindikdən sonra cavabdeh iddianın təmin edilməsi ilə əlaqədar məhkəmə tərəfındən tədbirlərin görülməsi nəticəsində vurulmuş zərəri iddiaçıdan tələb etməyə haqlıdır. MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunan maddi və prosessual hüquq normalarının tələblərindən çıxış edən Məhkəmə qeyd edir ki, iddiaçı Şirkət pozulmuş hüquqlarını bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmiş, əmlakından məhrum olmamışdır, eləcə də işin hallarından şirkətə real zərər dəyməsi müəyyən edilmir. Məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə iddiaçı Şirkət adi mülki dövriyyə şəraitində hansı gəlirləri (əldən çıxmış fayda) əldə edəcəyi barədə məhkəməyə mötəbər sübutlar təqdim etmiş olsa idi, maddənin dispozisiyası şərtlərindən biri olan “əldən çıxmış fayda” iddianın təmin edilməsi üçün əsas ola bilərdi. Eyni zamanda sözügedən pul məbləğinin ABŞ dollarına konvertasiya ediləcəyi ilə bağlı iddiaçı qeyd etdiklərini müvafiq sübutlarla təsdiq edə bilməmişdir. İddiaçı Şirkətin təqdim etdiyi Türkiyə Respublikasının “Akbank” T.A.Ş-nin Elmadağı Filialında olan USD hesablarına 2014-cü ildə “xxxx” ASC-dən daxil olmuş müxtəlif məbləğlərdə ABŞ dollarında ifadə olunmuş ödənişlərə gəldikdə isə qeyd olunmalıdır ki, bu heç də iddiaçının zərərə düşməsi anlamına gəlməməlidir. Belə ki, həmin ödənişlər USD ilə aparılmışdır və 600.000 manatı da “xxxx” ASC USD ilə həyata keçirə bilərdi. Məhkəmə qeyd edir ki, Şirkətin hesabına Abşeron Rayon Məhkəməsi tərəfindən həbs qoyulan zaman Azərbaycan manatının dəyəri ABŞ dollarına nisbətdə daha çox olmuşdur. Həmin dövrdə pul vəsaitlərinin Azərbaycan manatı ilə toplanması daha sərfəli idi və ABŞ dollarının dəyərinin Azərbaycan manatın nisbətdə qalxması gözlənilməz olmuşdur. Göründüyü kimi, apellyasiya araşdırması nəticəsində Məhkəmə tərəfindən cavabdehin iddiaçı Şirkətə ziyanın vurulması iş materialları ilə təsdiq olunmur. Beləliklə apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi apellyasiya baxışının predmeti olan hissədə iş üzrə səhv nəticəyə gəlmişdir. Nəticə işin həqiqi hallarına uyğun deyil. Cavabdehin apellyasiya şikayətinin dəlilləri qismən əsaslı, ilk iddia apellyasiya baxışının predmeti olan hissədə tam əsassızdır. MPM-nin 385-ci maddəsinə görə isə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Odur ki, Məhkəmə, MPM-nin 384.0.2-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə ləğv edilməli və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək ilk iddia apellyasiya baxışının predmetini təşkil edən hissədə rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2018-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə, yəni “381.073,35 ABŞ dollarının cavabdehdən iddiaçı Şirkətin xeyrinə tutulması” hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək həmin hissədə iddiaçı Türkiyə Respublikasının “xxxxx” Tarım Gida və Turizm Sənayi və X1 Cavabdeh qarşı irəli sürdüyü iddiası təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar