Məhkəmə qərarları › İş №2(103)-5081/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5081/2021

18.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5081/2021 18.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı İB-nin cavabdeh X4 qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli, 2(006)-573/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı İB cavabdeh X4 qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 2(006)-573/2021 saylı qərardadı ilə iddiaçı “İddiaçı" İB-nin cavabdeh X4 qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. İddiaçı İB məhkəməyə ərizə ünvanlayaraq qərardadın ləğv edilməsi və mülki iş üzrə icraatın təzələnib yeni baxışa təyin edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 2(006)-573/2021 saylı mülki işə onların nümayəndələrinin iştirakı olmadan baxılaraq tam təmin edilməsi barədə 10.03.2021-ci il tarixli məktub Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Məktub 578352 nömrəli qaimə ilə surətli poçt vasitəsilə məhkəməyə göndərilmiş olmasına baxmayaraq, 16.03.2021-ci il tarixdə iş üzrə icraat qanunsuz olaraq baxılmamış saxlanılmışdır. Göstərilənlərə əsasən, mülki iş üzrə icraatın təzələnməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli, 2(006)-573/2021 nömrəli qərardadın ilə ərizə təmin edilməmişdir. Qeyd olunan qərardaddan narazı qalan iddiaçı şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 16.03.2021-ci il tarixdə tərəflərindən baxılacaq müvafiq mülki işdən əlavə olaraq Azərbaycan Respublikası Ali Məhkəməsində İddiaçı İB-nın tərəf olduğu 03 ədəd, Sabunçu Rayon Məhəkəməsində isə 02 ədəd mülki iş də vardı. 16.03.2021-ci il tarixdə qeyd olunan məhkəmələrdə keçiriləcək proseslərdə vəkil və nümayəndə qismində iştirak etməsi ilə əlaqədar X1 Rayon Məhkəməsində iştirak etməsinin fiziki cəhətdən mümkün olmurdu. Qeyd olunan bu kimi səbəblərlə əlaqədar, Nəsimi Rayon Məhkəməsinə təqdim olunmuş 11.03.2021-ci il tarixli məktubda qısa olaraq baxılacaq mülki işin iştirakı olmadan baxılmaqla tam təmin edilməsini xahiş etmişdir. Eyni zamanda qeyd edilmişdir ki, 16.03.2021-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsində 03 ədəd mülki işdə vəkil qismində və Sabunçu Rayon Məhkəməsində nümayəndə qismində iştirak etməsi ilə bağlı məhkəmə aktları, məhkəməyə təqdim ediləcəkdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 aprel 2021-ci il tarixli, 2(006)-573/2021 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 şikayətin dəlillərini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə kollegiyasının iclasına gəlmədiyindən və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiyindən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməlidir. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, iddiaçı məhkəmə iclasında nümayəndəsinin iştirak etməməsini məhkəməyə ünvanladıqları “işə onların nümayəndələrinin iştirakı olmadan baxılaraq iddianın tam təmin edilməsi”nə dair məktubları ilə əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə isə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Lakin iddiaçı tərəf qeyd edilən məktubda da məhkəmədə nümayəndələrinin iştirak etməməsini hər hansı üzürlü səbəblə əsaslandırmamış və bu barədə sübutlar təqdim etməmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Məhkəmə müdafiəsi hüququ şəxsin mülki hüquq və vəzifələri müəyyən edilərkən işə cəlb edilməsini, belə bir prosesdən məlumatlı olmasını ehtiva edir (K.Maraevin şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 28.07.2016-cı il tarixli qərarı). Mülki Prosessual Məcəllənin 259.0.6-cı maddəsinə əsasən məhkəmə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə ərizəni baxılmamış saxlayır. Qeyd etmək lazımdır ki, şərh olunan maddə ilə onların iştirakı olmadan baxmağı xahiş etməmiş hər iki tərəfin üzrlü səbəblər olmadan məhkəməyə gəlməməsini ərizənin baxılmamış saxlanılmasının əsası kimi nəzərdə tutur. Ona görə də ərizənin bu əsasla baxılmamış saxlanılması üçün zəruri olan 3 şərtin mövcud olması vacibdir: -Tərəflər işə onların iştirakı olmadan baxmağı xahiş etməməli; -Hər iki tərəf məhkəməyə gəlməməli və bu üzrlü səbəblərlə bağlı olmamalı; -Tərəflərin məhkəmə iclasının vaxtı və yeri barədə MPM-nin 11-ci fəslində müəyyən edilmiş qaydada xəbərdar edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, işin məhkəmə iclası 16 mart 2021-ci il tarixə, saat 12:00-a təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə İddiaçı ASC-yə məlumat verilmişdir. Lakin, iddiaçı tərəfindən 10.03.2021-ci il tarixdə məhkəməyə məktub təqdim edərək, 16.03.2021-ci il tarixdə saat 11:15-12:00 aralığında təyin edilmiş digər işlərlə əlaqədar olaraq, məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Buna baxmayaraq, məhkəmə tərəfindən iş iddia ərizəsi baxılmamış salanılmışdır. Kollegiya qeyd edir ki, qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əsasən, iddiaçı tərəfindən məhkəmə iclası 16 mart 2021-ci il tarixə, saat 12:00-a təyin edilmiş məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsinə dair məhkəməyə məktub təqdim edilmişdir. Buna baxmayaraq, məhkəmə 16.03.2021-ci il tarixli qərardadında qeyd etmişdir ki, tərəflər göstərilən tarixdə məhkəmə iclasına heç bir üzrlü səbəb göstərmədən gəlməmişlər və işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişlər. Göründüyü kimi, birinci instansiya məhkəməsi iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş məktuba qiymət verilməmişdir. Bundan başqa iddiaçı məhkəmənin 02 aprel 2021-ci il tarixli qərardadından şikayət verərkən, məhkəməyə məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsinə dair ünvanladığı məktubda qeyd etdiyi digər məhkəmə işlərinə dair məhkəmə aktlarını məhkəməyə təqdim edəcəyini qeyd etmişdir. (Məhkəmə aktlarının həmin zaman ona təqdim edilməməsi səbəbindən həmin vaxt təqdim edə bilməyib). Buna baxmayaraq, birinci instansiya hesab etmişdir ki, iddiaçı məhkəmə iclasında üzrlü səbəb olmadan nümayəndəsinin iştirakını təmin etməmişdir. Halbuki apellyasiya baxışı zamanı həmin məhkəmə aktları məhkəmə kollegiyasına təqdim edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qərardadda istinad etdiyi əsaslarla iş üzrə icraatın təzələnməsindən imtina etməklə səhv nəticəyə gəlmişdir. Ona görə də qərardad ləğv olunmalı, qeyd olunan hallar nəzərə alınmaqla, ərizəyə hüquqi qiymət verilməsi üçün mülki iş birinci instansiya məhkəməsinin göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı İB-nin şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli, 2(006)-573/2021 nömrəli qərardadı ləğv edilsin. İş üzrə icraatın təzələnməsinə dair İddiaçı İB tərəfindən verilmiş ərizəyə yenidən baxılması üçün mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar