Məhkəmə qərarları › İş №2(103)-5083/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5083/2021

19.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5083/2021 19.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Həsənov Rəşad Məhəmməd oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-536/2021 saylı, 02 aprel 2021-ci il tarixli qərardadından İddiaçı İB tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı "İddiaçı" İB Cavabdeh qarşı "dəymiş maddi zərərin əvəzinin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 2(006)-536/2021 saylı qərardadı ilə iddiaçı "İddiaçı" İB-nin Cavabdeh qarşı "dəymiş maddi zərərin əvəzinin ödənilməsi" tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. İddiaçı "İddiaçı" İB məhkəməyə ərizə ünvanlayaraq həmin qərardadın ləğv olunmasını və mülki iş üzrə icraatın təzələnib yeni baxışa təyin olunmasını xahiş etmişdir. Nəsimi Rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli qərardadı ilə (hakim S.Mustafayeva, iş N 2(006)-536/21) iddiaçı "İddiaçı" İB-nin Cavabdeh qarşı "dəymiş maddi zərərin əvəzinin ödənilməsi" tələbinə dair mülki iş üzrə icraatın təzələnməsi barədə iddiaçı "İddiaçı" İB tərəfindən verilmiş ərizə təmin olunmamışdır. Həmin qərardaddan İddiaçı İB şikayət verərək qərardadın ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, 2(006)-536/2021 nömrəli mülki işə 16.03.2021-ci il tarixdə onların nümayəndələrinin iştirakı olmadan baxılaraq tam təmin edilməsi barədə tərəfindən 11.03.2021-ci il tarixində Nəsimi Rayon Məhkəməsinə məktub göndərilmişdir. 16.03.2021-ci il tarixdə baxılacaq müvafiq mülki işdən əlavə olaraq Ali Məhkəmədə İddiaçı İB-nın tərəf olduğu 03 ədəd, Sabunçu Rayon Məhəkəməsində isə 02 ədəd mülki iş də vardı. 16.03.2021-ci il tarixdə qeyd olunan məhkəmələrdə keçiriləcək proseslərdə vəkil və nümayəndə qismində iştirak etməyi ilə əlaqədar Nəsimi Rayon Məhkəməsində iştirak etməyi fiziki cəhətdən mümkün olmurdu. Qeyd olunan bu kimi səbəblərlə əlaqədar Nəsimi Rayon Məhkəməsinə təqdim olunmuş 11.03.2021-ci il tarixli məktubda qısa olaraq baxılacaq mülki işin onların nümayəndələrinin iştirakı olmadan baxılmaqla tam təmin olunmasını xahiş etmişlər. Göstərilənlərə əsasən şikayətin təmin olunmasını xahiş etmişdir. Nəsimi Rayon Məhkəməsinin 16 aprel 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında cavabdehə məhkəmə bildirişi göndərilsə də, o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq, iddiaçının nümayəndəsinin izahatını dinləyərək və şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin olunmamalı, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iş üzrə icraatın təzələnməsindən imtina edərkən mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının nümayəndəsi tərəfindən məhkəmə iclasına gəlməməsinin üzrlü səbəbdən baş verməsini təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamışdır. Məhkəmə «Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2011-ci il tarixli 03 saylı qərarının 9.2-ci bəndinə istinad edərək qeyd etmişdir ki, qanunla müəyyən olunmuş qaydada işə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı üzrsüz səbəbdən məhkəmə iclasına gəlmədikdə və buna görə ərizə baxılmamış saxlandıqda, məhkəmə iddiaçının ərizəsi ilə icraatı təzələməyə və işə baxmağa haqlı deyildir. Həmin şəxs ümumi qaydada ərizə ilə məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikası MPM-in 260.5-ci maddəsinə əsasən məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Göründüyü kimi, Mülki-Prosessual Məcəllənin 260.5-ci maddəsi iddiaçının və cavabdehin məhkəmə iclasına gəlməməsi ilə əlaqədar ərizənin baxılmamış saxlanılmasına səbəb olan şəraitin aradan qaldırılmasının xüsusi qaydasını müəyyən etmişdir. Bu qaydanın tətbiq olunması üçün məhkəmə iclasına gəlməmiş iddiaçının və ya cavabdehin məhkəmə iclasında iştirak etməməsinin və bu haqda məhkəməyə məlumat verməməsinin üzrlü səbəblərdən baş verməsi haqqında sübut təqdim etməsi tələb olunur. İddiaçı tərəfindən isə məhkəməyə bu cür sübut təqdim edilməmişdir. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı məhkəmə iclasında nümayəndəsinin iştirak etməməsini məhkəməyə ünvanladıqları “işə onların nümayəndələrinin iştirakı olmadan baxılaraq iddianın tam təmin edilməsi”nə dair məktubları ilə əsaslandırmışdır. Halbuki, Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə isə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Lakin iddiaçı tərəf qeyd edilən məktubda da məhkəmədə nümayəndələrinin iştirak etməməsini hər hansı üzürlü səbəblə əsaslandırmamış və bu barədə sübutlar təqdim etməmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab etmişdir ki, iddiaçı "İddiaçı" İB-nin Cavabdeh qarşı "dəymiş maddi zərərin əvəzinin ödənilməsi" tələbinə dair mülki iş üzrə icraatın təzələnməsi barədə iddiaçı "İddiaçı" İB tərəfindən verilmiş ərizə təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır və qeyd edir ki, 10 mart 2021-ci il tarixdə iddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək 2(006)-536/2021 saylı mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etsə də, məhkəmə iclasında iştirak etməməsinin üzürlü səbəbdən baş verməsinə dair sübutlar təqdim etməmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə belə olan vəziyyətdə birinci instansiya məhkəməsi iddianın baxılmamış saxlanması haqda qərardadı ləğv etməkdən və icraatı təzələməkdən imtina etməkdə haqlı olmuşdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02.04.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Akif İsgəndərov Hakimlər Rəşad Həsənov Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar