Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5088/2025 01.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı2 Cavabdeh qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “dəymiş ziyanın ödənilməsi” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı2 Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbi barədə iddiasına dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-773/2025 nömrəli 21 may 2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Nəqliyyat vasitəsinin Qeydiyyat Şəhadətnaməsinin surətindən görünür ki, **-OP- *** dövlət qeydiyyat nişanlı, Mazda CX-5 minik markalı avtomobilin 9 mülkiyyətçisi İddiaçı2dir. "xxxx" MMC tərəfindən təqdim edilmiş müstəqil ekspert rəyindən görünür ki, avtoyol nəqliyyat qəzasına uğramış Mazda CX-5 99OP-727 markalı nəqliyyat vasitəsinə çəkilməli xərc ehtiyyat hissələri 7410 manat, işçilik dəyəri 1600 manat, cəmi 9010 manat zərər müəyyən edilmişdir. İXP ******* nömrəli İnzibati Xəta haqqında Protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı 99SD244 dövlət qeydiyyat nişanlı kamaz 53212 nömrəli xüsusi təyinatlı avtomobilin sürücüsü Cavabdeh barəsində İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törəməsi ilə bağlı protokol tərtib edilmişdir. 09.010.2024-cü il tarixli qəbzin məlumatlarından görünür ki, Azərbaycan Sənayə Siğortası ASC tərəfindən İddiaçı2 Ferman qızının hesabına 5000 manat pul məbləği ödənilmişdir. "xxxx" MMC tərəfindən təqdim edilən 12 nömrəli, xx.xx.2025-ci il tarixli rəydən görünür ki, ** OP *** dövlət qeydiyyat nişanlı, Mazda CX-5 minik markalı avtomobilə 7605 manat işçilik pulu da daxil olmaqla ziyan dəyməsi müəyyən edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı1 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş zərərin əvəzi olaraq 4010 manat və ödənilmiş dövlət rüsumuna görə 60,50 manat, cəmi 4070,50 manat pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə saat 17:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Zəfəran sovxozu küçəsində Cavabdeh tərəfindən idarə olunan Kamaz 53212 markalı, 99- SD-244 dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi törədilmişdir. Hadisə nəticəsində ona məxsus “Mazda CX-5” markalı, 99-OP- 727 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər vurulmuşdur. Qeyd olunan yol-nəqliyyat hadisəsi ilə bağlı Sabunçu Rayon DYPŞ tərəfindən Cavabdeh barəsində xx.xx.2024-cü il tarixli, TP-6581214 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. "xxxx" MMC tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, 01/02-637 saylı qüsur aktından aydın olur ki, nəqliyyat vasitəsinə ümumilikdə 9010 manat məbləğində zərər vurulmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsindən sonra ona dəymiş zərərin ödənilməsi üçün "xxxx" ASC-yə müraciət etmiş və "xxxx" ASC tərəfindən xx.xx.2024 cü il tarixli sığorta ödəniş tapşırığına əsasən icbari siğorta ödənişi kimi vurulmuş zərərin yalnız 5000 manatlıq hissəsi ona ödənilmişdir. Nəticədə zərərin onun üzərində qalan hissəsini 4010 manat təşkil edir.
4. xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən İddiaçı1 iddiaçının əsl İddiaçı2 ilə əvəz edilməsini məhkəmədən xahiş etmişdir.
5. Cavabdeh tərəfindən yazılı etiraz verilərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
6. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-773/2025 nömrəli 21 may 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 2605 manat dəymiş zərər və 46.05 manat dövlət rüsumu tutularaq İddiaçı2 ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim X2).
7. Məhkəmə iddia tələbini qismən təmin edərkən ona istinad etmişdir ki, xx.xx.2024cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh təqsiri üzündən onun idarə etdiyi avtomobil ilə İddiaçı2 mülkiyyətində olan “Mazda CX-5” minik markalı, ** OP *** saylı dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuşdur. Nəticədə iddiaçının mülkiyyətində olan avtomobilə maddi ziyan dəymişdir. İddiaı hadisə nəticəsidə onun mülkiyyətində olan avtomobilə 9010 manat məbləğində ziyan dəymiş olduğunu bildirsədə, məhkəmə tərəfindən təyin edilmiş ekspertiza rəyindən məlum olur ki, yol-nəqliyyat hadisəsi zamanı “Mazda CX-5” minik markalı, ** OP *** saylı dövlət qeydiyyat nişanlı avtomobilə 7605 manat məbləğində maddi ziyan dəymişdir. İddiaçı tərəfin vermiş olduğu izahtdan habelə mülki iş matriallarına əlavə edilmiş sənədlərdən də məlum olur ki, iddaçıya dəymiş ziyanın 5000 manat olan hissəsi siğorta şirkəti tərəfindən iddiaçıya ödənilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehin təqsiri ucbatından iddiaçının avtomobilinə dəymiş ziyanın ödənilməmiş olan hissəsi 2605 manat pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci, 21.2-ci, 1096.1-ci, 1097.1-ci, 1108.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
b) Apellyasiya şikayətinin dəlilləri
9. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin tamamilə ləğv edilməsi, ekspert rəyində qeyd edilmiş məbləğin şişirdilmiş olduğunu görə iddiaçıya məxsus avtomobilə dəymiş ziyan ilə bağlı iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ekspert rəyində qeyd edilmiş məbləğ şişirdilmiş olduğunu görə iddiaçıya məxsus avtomobilə dəymiş ziyan tələbi təmin edilməməlidir. İş üzrə avtomobilə dəymiş zərərin düzgün hesablanıbhesablanmamasını müəyyən etmək üçün təkrar məhkəmə ekspertizası təyin edilməlidir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı yazılı etiaz daxil olmamışdır.
ç) Proses iştirakçılarının izahatı
12. Məhkəmə iclasında cavabdehin apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir.
13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Kollegiya işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur;
15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 402.1-ci maddəsinə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
17. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
18. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunaraq, iddianın rədd olunması xahiş olunduğundan, qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.
20. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, mülki qanunvericilik mülki hüquq pozuntusunu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaraq təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərərəti və ya hərəkətsizliyi) tanıyır. Hüquq pozuntusu üçün şəxsin (və ya şəxslərin) təqsirli davranışı olmalıdır. Yalnız təqsirli davranış hüquq pozuntusu kimi ola bilər. Əgər şəxs təqisrli davranışa yolu verməmişdirsə, onda hüquq pozuntusunun yaranmasından söhbət gedə bilməz. Başqa sözlə, hüquqa zidd hərəkətin edilməsində şəxsin yalnız təqsirli olduqda həmin hərəkət hüquq pozuntusu sayılır. Bundan əlavə, hüquq pozuntusu hüquqi məsuliyytə səbəb olmalıdır. Hüquqi məsuliyyətə səbəb olmayan hüquqa zidd davranış, hüquqa zidd əməl hüquqla qadağa edilmiş hərəkət və hərəkətsizlik formasında ola bilər. Vacib amillərdən biri sayılan hüquq pozuntsunun obyektiv cəhəti hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə zidd əməllə onun ictimai-təhlükəli nəticəsinin müəyyən edilməsi səbəbli əlaqə təşkil edir. Hüquq pozuntusunun tərkibini təşkil edən elementlərdən hər hansı birinin (məsələn təqsirin) mövcud olması onun hüquq pozuntusu hesab edilməsinə gətirib çıxarır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olmur.
21. Zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz.
22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd etməyi zəruri hesab edir ki, xx.xx.2024-cü il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi zamanı Cavabdeh təqsiri üzündən onun idarə etdiyi avtomobil ilə İddiaçı2 mülkiyyətində olan “Mazda CX-5” minik markalı, ** OP *** saylı dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuşdur. Nəticədə iddiaçının mülkiyyətində olan avtomobilə maddi ziyan dəymişdir. İddiaı hadisə nəticəsidə onun mülkiyyətində olan avtomobilə 9010 manat məbləğində ziyan dəymiş olduğunu bildirsədə, məhkəmə tərəfindən təyin edilmiş ekspertiza rəyindən məlum olur ki, yol-nəqliyyat hadisəsi zamanı “Mazda CX-5” minik markalı, ** OP *** saylı dövlət qeydiyyat nişanlı avtomobilə 7605 manat məbləğində maddi ziyan dəymişdir.
23. Nəqliyyat vasitəsinə dəymiş real zərərlə bağlı isə məhkəmə tərtib edilən hesabatlarla kifayətlənməmiş və əmtəəşünaslıq ekspertizası keçirmişdir. Daha mötəbər sübut kimi qəbul edilən ekspert rəyi ilə isə nəqliyyat vasitəsinə 7605 manat zərər dəydiyi müəyyən edilmişdir. Odur ki, sığorta şirkəti tərəfindən ödənilən 5000 manat nəzərə alındıqda iddiaçıya məxsus nəqliyyat vasitəsinə dəymiş real zərərə görə ödənilməli olan məbləğ 2605 (7605 - 5000 = 2605) manat təşkil edir. Bunun üçün məsuliyyəti Cavabdeh daşıyır və bu səbəbdən vurulmuş zərərin əvəzini ödəməlidir.
24. Məhkəmə kollegiyası zərər məbləğini müəyyən edərkən, apellyasiya şikayətində real zərər məbləğinin şişirdilmiş olmasının göstərilməsinə baxmayaraq, cavabdeh tərəfindən hər hansı konkret zərər məbləğinin göstərilmədiyini, o cümlədən zərərin məbləği ilə bağlı hər hansı sübut təqdim edilmədiyini də nəzərə almışdır. Bu səbəbdən də hazırkı halda kollegiya təkrar ekspertiza keçirilməsinə də hər hansı bir zərurət görmür.
25. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir. Faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə ləğv edilə və ya dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
26. Hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz.
27. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-773/2025 nömrəli 21 may 2025ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan dərhal qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.