Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5089/2024 05.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələblərinə dair iş üzrə (Açar sözlər: icarə müqaviləsi, müqavilə üzrə öhdəliklərin icrası, müqavilənin ləğvi, əmlakdan istifadəyə yaradılan maneələrin qadağan olunması, sübutetmə) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil2, Cavabdeh nümayəndəsi (vəkili) Vəkil1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “icarə müqaviləsi üzrə öhdəliklərin icrasının təmini, əmlakdan istifadədən və sahiblik hüququndan məhrumetmənin qadağan edilməsi” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 iyun 2024-cü il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi (vəkili) tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. Bakı şəhəri, Nəsimi rayonu, Keykab xanım Səfərəliyeva 12 ünvanında yerləşən, ümumi sahəsi 266 m2 olan qeyri-yaşayış sahəsi Cavabdeh mülkiyyətindədir.
2. Cavabdeh ilə İddiaçı arasında 09 mart 2023-cü il tarixdə icarə müqaviləsi bağlanmış, Bakı şəhəri 6 saylı notariat kontorunda rəsmiləşdirilmiş həmin müqaviləyə görə, Cavabdeh (icarəyə verən) Bakı şəhəri, Nəsimi rayonu, Keykab xanım Səfərəliyeva 12 ünvanında yerləşən, ümumi sahəsi 266 m2 olan qeyri-yaşayış sahəsini xx.xx.2033-cü il tarixinədək İddiaçı (icarəçi) icarəyə verməyi, İddiaçı isə ayda 3000 manat icarə haqqı ödəməyi öhdələrinə götürmüşlər.
3. İcarə müqaviləsini Cavabdeh adından onun etibarnamə üzrə nümayəndəsi qismində X4 imzalamışdır.
4. İcarə müqaviləsində nəzərdə tutulmuşdur ki, müqavilə müddətinin bitməsinə 1 (bir) ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə icarə müddəti daha 1 (bir) il müddətinə uzadılmış hesab edilir, müqavilənin ləğv edilməsi tərəflərin bir ay qabaqdan yazılı ərizəsinə müvafiq olaraq həyata keçirilir.
5. İddiaçı şikayəti üzrə Nəsimi RPİ-nin 22-ci PŞ-də araşdırma aparılaraq xx.xx.2024-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilmiş, bununla belə, X1 Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə qərar, icra olunması üçün Nəsimi RPİ-nin 22-ci Polis şöbəsinin aidiyyəti əməkdaşına həvalə olunmuşdur.
6. İddiaçı məxsus olan **********-14001 kodlu təsərrüfat subyekti (obyekti) onun xx.xx.2024-cü il tarixli ərizəsi əsasında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsi tərəfindən qeydiyyatdan çıxarılmışdır.
7. Cavabdeh sahibkarlıq subyekti deyildir, sahibkarlıqla məşğul olan fiziki şəxs kimi vergi qeydiyyatına alınmamışdır.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
8. İddiaçı (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, xx.xx.2023-cü il tarixli icarə müqaviləsi üzrə öhdəliklərin icrasının təmini barədə öhdəliklərin cavabdehin üzərinə qoyulması, Bakı şəhəri, Nəsimi rayonu, Keykab xanım Səfərəliyeva 12 ünvanında yerləşən, ümumi sahəsi 266 kv/m olan qeyri-yaşayış sahəsindən istifadə və sahiblik hüququndan məhrumetmənin cavabdehə qadağan olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, cavabdehlə arasında bağlanılan xx.xx.2023-cü il tarixli icarə müqaviləsinə əsasən, cavabdeh özünə məxsus Bakı şəhəri, Nəsimi rayonu, Keykab xanım Səfərəliyeva 12 ünvanında yerləşən, ümumi sahəsi 266 kv/m olan qeyri-yaşayış sahəsini aylıq 3000 manat ödəməsi qarşılığında ona 10 il müddətinə, yəni xx.xx.2033-cü il tarixədək icarəyə vermiş, müqavilə rəsmi olaraq cavabdehlə bağlansa da, həmin vaxt bütün razılaşmalar cavabdehi etibarnamə əsasında təmsil edən şəxslə - Araz Hüseynov və onun qardaşı, cavabdehin oğlu Anar Hüseynovla aparılmışdır. O, cəmi 1 ay ödəniş edə bilməmiş və icarəyə verəndən möhlət istəmiş, icarəyə verən isə ona qarşı zor tətbiq etməklə obyektdən çıxarmış və onu mülkiyyət üzərində qanuni sahibliyindən məhrum etmişdir. Qarşı tərəfin təklifi ilə vergiyə tutulmaların az olması məqsədi ilə şifahi olaraq aylıq 8000 manata razılığa gəlsələr də, icarə müqaviləsində aylıq 3000 manat qeyd edilmiş və göstərilən müqaviləni bağlamışlar. Lakin sonradan işinin zəifləməsi səbəbindən ödənişi etməkdə çətinlik çəkmiş və cəmi 1 ay ödənişi edə bilməmişdir. Bunu qarşı tərəfə bildirərək ona 1 ay möhlət verilməsini xahiş etmiş, Anar isə ondan əşyalarını yığaraq obyekti tərk etməyini tələb etmiş, əks halda gəlib qolundan tutaraq onu məcbur çıxaracağını bildirmişdi. Anardan xahiş etmişdir ki, ona bir neçə ay möhlət versin, yavaş-yavaş götürdüyü işləri tamamlayaraq obyektdən çıxar, ola bilsin sonradan işləri düzələr, ümumiyyətlə obyektdən çıxmaq məcburiyyətində qalmaz. Bunun üçün xx.xx.2023-cü il tarixdə əşylarının bir qismini çıxarmaq istəmiş, bu zaman Araz və Anar adlı şəxslər ora gəlmiş və onun ümumiyyətlə obyektdən çıxmağını tələb edərək hətta ona qarşı zor tətbiq etməkdən belə çəkinməmişlər. Hazırda göstərilən qanunsuz hərəkətlərlə bağlı Bakı şəhəri Nəsimi rayon polis idarəsində araşdırma aparılır. Obyektdən çıxmaq istəmədiyini, sifarişlərinin olduğunu bildirmiş, Anar isə dediklərinə əhəmiyyət verməmiş və onu çölə ataraq, qapının açarını dəyişdirmiş, onu əmlak üzərində olan qanuni sahiblik hüququndan məhrum etmişdi. Göründüyü kimi, cavabdeh yalnız onda müqaviləni ləğv edə və onun obeyktədən çıxmağını tələb edə bilər ki, o, iki ay icarə haqqını ödəməmiş olsun. İndiki halda isə o, cəmi bircə ay ödənişi etməmişdir. Bununla bərabər hətta o iki aydan çox ödəməmiş olsaydı belə, ona bildiriş təqdim edilməli və qanunvercilikdə nəzərdə tutulmuş prosedurlar yerinə yetirilməliydi ki, müqavilənin ləğvi tələb edilə bilsin. Ona hər hansı bildiriş təqdim olunmamış, beləliklə cavabdeh onu icarə obeykti üzərində olan sahiblik hüququndan qanunsuz məhrum etmiş və əmlakdan istfadə etməsinə qanunsuz məhdudiyyətlər yaratmışdır. İcarə müqaviləsi daşınmaz əmlak üzərində sərəncam hüququnun realizəsi hesab olunmaqla mütləq notariat qaydada təsdiq edilməlidir. Şübhəsizdir ki, qanunvercilik daşınmaz əmlakın mülki hüquq münasibətləri üzrə əhəmiyyətli obyekt olması səbəbindən qeyd edilən impertiv tələbi müəyyən etmişdir və bu belə mühüm məsələdə yarana biləcək mübahisələrin önlənməsi məqsədi ilə edilmişdir. Bu məsələlərdən ən mühümü isə şübhəsizdir ki, müqavilənin qiymətidir və mübahisələr çox halda məhz buna görə yarana bilər. Müqavilənin qiyməti bilavasitə müqavilənin tərkib hissəsi hesab olunur, qiymət barədə müqavilənin notariat qaydasında təsdiq edilməməsi həmin hissədə müqavilənin etibarsız sayılması kimi qiymətləndirilməlidir. Belə olan halda qəbul edilməlidir ki, faktiki halda tərəfindən cavabdehə yalnız 3000 manat ödənilməli idi və öhdəliyi bu həddə məhdudlaşır. Artıq ödədikləri ilə qarşı tərəf əsassız varlanmışdır ki, bu ödənişlərlə də o, əslində öhdəliyini vaxtından əvvəl icra etmiş sayılmalıdır. Göstərilənlərdən belə bir nəticə hasil olur ki, cavabdeh hər hansı hüquqi əsas olmadan müqavilə üzrə öhdəliyinin icrasından yayınmış, onu icarə obyekti üzərində olan qanuni sahiblik və istifadə hüquqlarından məhrum etmişdir.
10. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmiş, cavabdehin vəkili isə iddianın əsassız olduğunu bildirmişdir.
11. Cavabdehin vəkili iddia tələbinə qarşı yazılı etiraz təqdim etmiş, etirazda aşağıdakıları göstərmişdir: “İddia ərizəsində yazılanlar həqiqəti əks etdirmir. Belə ki, iddiaçı qeyri-yaşayış sahəsinin onun icarəsində olduğu 1 il müddət ərzində cəmi 6 ay icarə haqqı ödəmiş, ilk 3 ayın icarə haqqı aralarında olan razılaşmaya əsasən, gələcəkdə mağazada olan əşyaların orada qalması şərtilə, əşyaların əvəzində ondan alınmamışdır. Daha sonrakı 6 ay ərzində icarə haqqı gecikdirmələrlə, hissə-hissə olmaqla ödənilmişdir. Bunu onların arasında olan “Whatsap” telefon proqramı vasitəsilə aparılmış yazışmalar da təsdiq edir. Son 3 (üç) ayın icarə haqqı isə tamamilə ödənilməmişdir. Bundan əlavə, əşyaların bir qismini çıxarmaq istədiyini qeyd etsə də, fəaliyyəti ilə bağlı (gəlinlik paltarlarının satışı və kirayəsi) bütün əşyaları və geyimləri mağazadan çıxarmışdır. Həmçinin, mağazaya bağlı olan kod Vergi Xidmətləri İdarəsinə iddiaçının şəxsən təqdim etdiyi ərizə əsasında ləğv olunmuşdur. İddiaçının günahi ucbatından-yığılmış icarə haqqını ödəməməsi səbəbindən, eləcə də qeyri-yaşayış sahəsi uzun müddət bağlı qalması səbəbindən yeganə dolanışıq yeri icarə haqqı olan Cavabdeh xeyli miqdarda maddi ziyan dəymişdir”.
12. İddiaçının nümayəndəsi (vəkili) cavabdehin vəkilinin etiraz ərizəsinə münasibətdə yazılı izahatını təqdim etmiş, ərizəsində ağağıdakıları göstərmişdir: “Qarşı tərəfin etirazda göstərdiyi, habelə iclas zamanı səsləndirdiyi fikirlər tamamilə yanlışdır və həqiqəti əks etdirmir. Cavabdeh bildirir ki, İddiaçı ona 3 aylıq borcu olmuşdur. Cavabdehin məhkəməyə təqdim etmiş olduğu "WhatsApp" sosial şəbəkəsində İddiaçı rəfiqəsi Lalə Məcidova ilə aparıldığını iddia etdiyi yazışmada Anar Hüseynov sonuncu - xx.xx.2023-cü il tarixdəki mesajda özü etiraf etmişdir ki, cəmi 1 (bir) ayın ödənişi ona ödənilməmişdir. Yəni, həmin ay üçün İddiaçı 1 aya uyğun vəsaiti ona borclu olmuşdur. İddiaçı həmin obyektdən dekabr ayında məcburi qaydada çıxarıldığını nəzərə alsaq deyə bilərik ki, nəticədə onun borcu 3 ay deyil, maksimum 2 aya görə ola bilərdi. Bu qeyd olunanlar qarşı tərəfin etirafidır, İddiaçı ümumiyyətlə cəmi bircə aylıq ödənişi ödəyə bilmədiyini bildirir. Bu isə icarə müqaviləsinin birtərəfli xitamı əsası kimi çıxış edə bilməz. Bundan başqa iddia ərizəsində də qeyd edildiyi kimi, iddiaçı müqavilə üzrə cavabdehə hər ay cəmi 3.000 manat ödəmə öhdəliyi olsa da, o hər ay 8.000 manat ödəmişdir ki, bu da ikidən artıq ayın ödənişi hesab edilir. Nəzərə alsaq ki, icarə müqaviləsi, yəni daşınmaz əmlakla bağlı əqdlər şifahi bağlana bilməz və bağlanması əqdin etibarıslığına səbəb olur, onda demək mümkündür ki, iddiaçı hesablamalara əsasən öhdəliyini hətta vaxtından əvvəl icra etmişdir. Cavabdeh güya İddiaçı könüllü olaraq obyekti tərk etmək istədiyini bildirmiş və sonuncunun Vergi Orqanına ünvanladığı məktubu dediklərinin təsdiqi kimi göstərmişdir. Halbuki, yuxarıdakı sosial şəbəkə üzərində aparılan yazışmada, hansıki bunu cavabdeh tərəfi sübut kimi məhkəməyə təqdim etmişdir, cavabdehin özünun əgər ödənişi etməyəcəyi halda obyekti tərk etməsini tələb kimi qoyduğunu görmək mümkündür. Başqa sözlə desək, cavabdeh özü İddiaçı cəmi 1 ay ödənişi etmədiyinə görə obyekti tərk etməsini istəmişdir. Bu halda necə könüllü çıxmadan söhbət gedə bilər? Bundan başqa Vergi Xidmətinə İddiaçı tərəfindən məktub 2024-cü ilin fevral ayında cavabdehin zorla obyektdən çıxarılmasından, yəni obyektin işini dayandırmasından 2 ay sonra yazılması onu göstərir ki, İddiaçı həmin obyektdə fəaliyyətini davam etdirmək niyyətində olmuş, sadəcə zorla obyektdən çıxarıldığı üçün hüquqi yollarla oraya qayıtmaq istəmiş, lakin bunun uzun vaxt alacağını, həmin vaxtda "icarə haqqından vergi" ödəməli olmasını nəzərə alaraq göstərilən məktubu yazmışdır. Bu isə onun oyektdən çıxma niyyətini deyil, əksinə fəaliyyətini davam etdirmə niyyətinin olmasının təsdiqi hesab olunmalıdır. Bundan başqa mütləq nəzərə alınmalıdır ki, qanunverciliyə və tərəflərin razılaşmasına əsasən cavabdeh icarəçini obektdən yalnız müvafiq hərəkətləri etdikdən sonra çıxara bilərdi. Faktiki halda o, hüquqi olaraq hər hansı müraciəti (bildiriş və.s) iddiaçıya təqdim etməmişdir ki, bu da müqavilənin hüquqi olaraq qüvvədə olduğunu və K. Vəliyevanın müqavilə üzrə öhdəliklərin icrasını qarşı tərəfdən tələb etmək hüququnun olduğunu göstərir”.
13. Birinci instansiya məhkəməsinin 27 iyun 2024-cü il tarixli qətnaməsi ilə iddia tələblərinin təmin edilməməsi qət olunmuşdur.
14. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:
14.1. İddiaçı iddia ərizəsində obyektdən çıxmaq istəmədiyini, sifarişlərinin olduğunu, lakin onun dediklərinə əhəmiyyət verilmədiyini və onu çölə ataraq, qapının açarı dəyişdirildiyini, onun zorla obyektdən çıxarılaraq, üzərində olan qanuni sahiblik hüququndan məhrum edildiyini bildirsə də, mülki işin materiallarında olan xx.xx.2024-cü il tarixli "cinayət işinin başlanmasının rədd edilməsi” barədə qərarda və məhkəmənin sorğusu əsasında əldə edilmiş vergi ödəyicisinin filialının, nümayəndəliyinin və digər təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması barədə məktubda tam tərsi əks olunmuşdur. 14.2. xx.xx.2024-cü il tarixli "cinayət işinin başlanmasının rədd edilməsi” barədə qərardaki İddiaçı izahatından görünür ki, hazırda alveri olmadığından və icarə pulunu verə bilmədiyindən, iddiaçı özü obyektdən çıxmaq istəməyi barədə Anar Hüseynova demişdir. 14.3. İkincisi, mülki iş materiallarında olan vergi ödəyicisinin filialının, nümayəndəliyinin və digər təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması barədə məktubdan görünür ki, iddiaçının xx.xx.2024 tarixli ərizəsinə əsasən onlara məxsus olan **********-14001 kodlu təsərrüfat subyekti (obyekti) qeydiyyatdan çıxarılmışdır. 14.4. Mülki iş materiallarına əlavə edilmiş flaş kartdaki xx.xx.2023-cü il tarixli görüntülərdən də görünür ki, iddiaçının fəaliyyəti ilə bağlı (gəlinlik paltarlarının satışı və kirayəsi) ilə əlaqədar olan bütün əşyaları və geyimləri mağazadan çıxarılmışdır. 14.5. Beləliklə, iddiaçı əmlak üzərində olan qanuni sahiblik hüququndan məhrum edildiyini bildirərək hazırda məhkəməyə müraciət etsə də, o, icarə pulunu verə bilmədiyindən, öz arzusu ilə həmin obyektdən çıxmışdır. 14.6. İddiaçı tələbində qeyd edir ki, iddiaçı Mülkü Məcəllənin 685.2-ci maddəsinə əsasən, (kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini ləğv edə bilər) 14.7. Bununla bağlı məhkəmə onu qeyd edir ki, iddiaçı yalnız 1 ayın ödənişini etmədiyini bildirsə də, mülki iş materiallarına əlavə edilmiş "Whatsapp” telefon proqramı vasitəsilə aparılmış yazışmalardan görünür ki, 6 ay ərzində icarə haqqı gecikdirmələrlə, hissə-hissə olmaqla ödənilmiş, son 2 ayın icarə haqqı isə tamamilə ödənilməmişdir.
15. Məhkəmə öz qənaətini Mülki Məcəllənin 152.1-ci, 152.2-ci, 152.3-cü, 152.4cü, 152.5-ci, 685.1-ci, 685.2-ci, 685.3-cü, 690-cı, 696-cı, 700-cü, Mülki Prosessual Məcəllənin 14.2-ci, 76-cı maddələrinə istinadla əsaslandırmışdır.
16. Qətnamədən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, sübutlara düzgün qiymət vermədiyini, iddiaçıya qərəzli yanaşdığını, icarə müqaviləsinin ləğvinə dair iddiaçıya bildiriş verilmədiyini nəzərə almadığını, işin hallarına uyğun gəlməyən qərar çıxardığını irəli sürmüşdür.
Apellyasiya şikayətinə qarşı etiraz
17. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apellyasiya baxışı, izahatlar
18. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmiş, cavabdehin nümayəndəsi (vəkili) isə şikayətin əsassız olduğunu bildirmişdir.
19. Birinci instansiya məhkəməsi tərəfindən işə üçüncü şəxs qismində cəlb olunmuş X2 məhkəməyə gəlməmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası:
20. Maddə 13 (İ hissə). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
21. Maddə 29. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
22. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
23. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
24. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
25. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.
26. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
27. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın
28. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
29. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
30. Maddə 158.1. Mülkiyyət hüququ ilə yanaşı girov hüququ, əmlakdan istifadə hüququ servitutlar da əmlak hüquqları sayılır.
31. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.
32. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır.
33. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər.
34. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
35. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür;
36. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
37. Maddə 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.
38. Maddə 422.1. Tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur.
39. Maddə 423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır.
40. Maddə 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər.
41. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
42. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
43. Maddə 675. Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.
44. Maddə 677.1.4. Əgər kirayəçi kirayəyə götürdüyü əşyanı tamamilə və ya qismən müqavilə üzrə istifadəyə müəyyənləşdirilmiş müddətdə almırsa və ya əşya ondan götürülürsə və ya əhəmiyyətli dərəcədə pisləşirsə, kirayəyə verən isə gecikdirməyə yol verirsə, kirayəçi xəbərdarlıq müddətini gözləmədən müqaviləni ləğv edə bilər. İstifadəyə əhəmiyyətsiz maneə və ya istifadədən məhrumetmə nəticəsində müqavilənin ləğvinə yalnız o halda yol verilir ki, kirayəçinin xüsusi mənafeləri buna haqq qazandırsın. Əgər kirayəyə verən əşyanı vaxtında istifadəyə verdiyinə və ya qüsuru müəyyənləşdirilmiş müddət bitənədək aradan qaldırdığına əsaslanaraq müqavilənin ləğvinə yol verilə bilməsi barədə mübahisə edirsə, o bunları sübut etməlidir. Yaşayış otağının kirayəsi üzrə hüquq münasibətlərində müqaviləni ləğv etmək hüququnu istisna edən və ya məhdudlaşdıran razılaşmanın qüvvəsi yoxdur.
45. Maddə 697.1. Kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur. Torpaq sahəsinin kirayəçisi kirayəyə götürdüyü torpaq sahəsini kirayəyə verənə qarşı pretenziyaları əsasında saxlamaq hüququna malik deyildir. Kirayəçi əşyanı hər hansı üçüncü şəxsin istifadəsinə verdikdə kirayəyə verən kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra üçüncü şəxsdən həmin əşyanı qaytarmağı tələb edə bilər.
46. Maddə 697.2. Əgər kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra kirayəçi kirayəyə götürdüyü əşyanı qaytarmırsa, kirayəyə verən kompensasiya olaraq əşyanın saxlandığı müddət üçün müəyyənləşdirilmiş kirayə haqqının verilməsini tələb edə bilər; otaqların kirayəsi üzrə hüquq münasibətlərində bunun əvəzinə kompensasiya kimi o, həmin ərazidə bu cür otaqların kirayəsi üçün adətən tutulan məbləğdə kirayə haqqı verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ da istisna edilmir. Lakin yaşayış otaqlarını kirayəyə verən digər zərərin əvəzinin ödənilməsini yalnız o halda tələb edə bilər ki, əşya kirayəçinin cavabdeh olduğu halların nəticəsində qaytarılmasın; zərərin əvəzi yalnız həmin şəraitdə haqq-ədalətin tələb etdiyi dərəcədə ödənilir. Əgər kirayəçi ləğvetməyə dair bildiriş verərsə, bu müddəa tətbiq edilmir.
47. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
48. Maddə 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddə aları müvafiq surətdə tətbiq edilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
49. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
50. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
51. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
52. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
53. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
54. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
55. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
56. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
57. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
58. Kollegiya ilk növbədə qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.
59. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
60. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.
61. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki mühakimə icraatında hakimin işinə yarayan, yəni yekun qərarın çıxarılmasını asanlaşdıran bir qayda var – iddiaçının dediklərinə əsasən iddia təmin olunan deyilsə, qarşı tərəfin etirazları ilə bağlı araşdırma aparmadan mübahisəni bitirmək olar.
62. İddiaçının irəli sürdüyü faktiki hal ondan ibarətdir ki, icarə haqqının ödənişini sadəcə 1 ay gecikdirsə də, cavabdeh tərəfindən ona hər hansı bildiriş verilmədən icarə obyektindən zorla çıxarılmış, beləliklə də hüquqları pozulmuşdur.
63. Cavabdehin iddiaya etirazının əsas dəlilinə görə isə, iddiaçı müqavilə öhdəliklərini dəfələrlə pozmuş, qeyri-yaşayış sahəsinin onun icarəsində olduğu 1 il müddət ərzində cəmi 6 ay üçün icarə haqqını gecikdirmələrlə, hissə-hissə olmaqla ödəmiş, son 3 (üç) ayın icarə haqqını isə ümumiyyətlə ödəməmişdir.
64. Tərəflər (onların əlaqəli olduqları şəxslər) arasında “Whatsap” proqramı vasitəsilə aparılan yazışmaların məzmunundan aydın olur ki, iddiaçı tərəfindən ödənilməli olan icarə haqqlarının ödənilməsində gecikmələr olmuş, bu səbəblə cavabdeh (onun adından çıxış edən şəxs) tərəfindən iddiaçıya (onun adından çıxış edən şəxsə) müqavilənin ləğv olunacağı mənasına gələn xəbərdarlıqlar edilmişdir.
65. Nəzəriyyədə “xitam” həm əqdlərin hüquqi nəticələrinin, həm də əqdlərlə bağlı olmayan istənilən hüquqi faktın aradan qalxması hallarını əhatə edən ümumi anlayış kimi qeyd edilir. “Ləğvetmə” isə xitam anlayışının tərkibinə daxil olan xüsusi bir hal olmaqla, əqddən irəli gələn hüquqi münasibətlərin qarşılıqlı razılaşma yolu ilə deyil, məhz birtərəfli qaydada aradan qaldırılması, yəni xitam verilməsi hallarını ehtiva edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarı).
66. Mülki Məcəllənin müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları adlanan 421-ci maddəsi yalnız müqavilənin birtərəfli qaydada aradan qaldırılması (ləğv edilməsi) hallarını nəzərdə tutmur. Həmin norma ləğvetmə ilə bağlı olmayıb, müqavilə azadlığı və tərəflərin bərabərliyi prinsiplərinə uyğun olaraq onların qarşılıqlı razılaşması ilə müqavilə münasibətlərinin dəyişdirilməsi və ya ona xitam verilməsinin mümkünlüyünü təsbit edir.
67. Məcəllənin 423.1-ci maddəsi isə məhz bu məqsədlə bağlanan müqavilənin (razılaşmanın) formasına aid məsələni tənzimləyir. Göstərilən maddədə “müqavilənin ləğv edilməsi haqqında razılaşma” ifadəsindən istifadə olunsa da, burada məhz tərəflərin qarşılıqlı razılaşması yolu ilə müqavilə münasibətlərinə xitam verilməsi nəzərdə tutulmuşdur. Halbuki, yuxarıda qeyd edildiyi kimi, “ləğv etmə” dedikdə əqdə əsaslanan münasibətlərin qarşılıqlı razılaşma yolu ilə deyil, tərəflərdən birinin birtərəfli iradə ifadəsi ilə aradan qaldırması imkanı başa düşülür.
68. Müqavilənin birtərəfli qaydada aradan qaldırılmasının ümumi əsasları isə Mülki Məcəllənin 421.2 və 422.1-ci maddələrində müəyyən edilmişdir. Müqavilənin birtərəfli qaydada aradan qaldırılması (ləğv edilməsi) aşağıda göstərilən əsaslardan birinin mövcud olduğu halda mümkündür: - digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda; - Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda. Müqavilə öhdəliklərinin əhəmiyyətli dərəcədə pozulması baş vermədiyi bir sıra hallarda, əgər bu hallar Mülki Məcəllə və ya tərəflərin əvvəlcədən qarşılıqlı razılaşması ilə müəyyən edilərsə, müqavilə birtərəfli qaydada ləğv oluna bilər.
69. Müqavilənin bağlanması və qüvvədə qalması tərəflərin birgə iradəsinə əsaslandığı üçün, onların qabaqcadan xüsusi ləğvetmə əsaslarını müəyyən etmək hüququna malik olması da mülki qanunvericiliyin tələblərindən irəli gəlir. Bu səbəbdən də Mülki Məcəllənin 421.2-ci maddəsində “müqavilədə nəzərdə tutulan digər hallarda” və Məcəllənin 421.3-cü maddəsində “tərəflərin razılaşması ilə yol verildikdə” ifadələri ilə tərəflərin müqaviləni birtərəfli qaydada aradan qaldırmaq imkanı tanınmışdır. Burada “tərəflərin razılaşması ilə yol verildikdə” müddəasının “əvvəlcədən müqavilədə nəzərdə tutulan hallarda” mənasını ehtiva etdiyi xüsusilə qeyd edilməlidir. Belə ki, Mülki Məcəllənin 421.3-cü maddəsinin dispozisiyasından göründüyü kimi, burada hüquqi tənzimetmə qarşılıqlı razılaşma ilə deyil, məhz müqavilənin bilavasitə birtərəfli qaydada ləğv edilməsi (maddədə “imtina” olaraq ifadə edilib) ilə bağlıdır. Əlavə olaraq o da vurğulanmalıdır ki, 24 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə Mülki Məcəllənin 421.2-ci maddəsinin birinci cümləsindən “məhkəmənin qərarına əsasən" müddəası çıxarılmaqla, ləğv etmənin məhkəmədən kənar qaydada baş verməsi müəyyən edilmişdir ki, bu da müvafiq münasibətlərin hüquqi tənzimlənməsinin əsas prinsiplərindən irəli gəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarı).
70. Konstitusiya Məhkəməsinin Plenumu adı çəkilən Qərarında həmçinin aşağıdakıları qeyd etmişdir: “Müqavilənin birtərəfli qaydada dəyişdirilməsi və ya Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulan əsaslar olmadan onun ləğv edilməsi yalnız “şəraitin sonradan əhəmiyyətli dərəcədə dəyişməsi” halında və həmin Məcəllənin 422-ci maddəsində nəzərdə tutulan şərtlər daxilində baş verə bilər. Həmçinin, sadalanan hal və şərtlərin baş verdiyi təqdirdə müqavilənin birtərəfli qaydada və hansı həcmdə dəyişdirilməsi, buna şərait olmadıqda isə onun ləğv edilməsi tərəfin öz subyektiv mülahizəsi ilə deyil, yalnız məhkəmə tərəfindən müəyyən edilməklə baş verə bilər. Belə ki, yalnız bir tərəfin istəyi ilə müqavilədə nəzərdə tutulan hüquq və öhdəliklərin predmetinin, həcminin və ya şərtlərinin dəyişdirilməsi və ya onun ləğvi müqavilə münasibətlərində tərəflərin bərabərliyi və ədalətlilik prinsiplərinə uyğun olmadığı kimi, mahiyyətcə razılaşmanı nəzərdə tutan müqavilə anlayışının təbiətinə də zidd olardı. Beləliklə, Mülki Məcəllənin 421.2-ci maddəsində qeyd olunan əsasların mövcud olduğu hallarda müqavilənin ləğv edilməsinin məhkəmədən kənar qaydası, Məcəllənin 423.2-ci maddəsində isə ləğvetmənin xüsusi qaydası (müstəsna hal - Mülki Məcəllənin 422.1-ci maddəsinə uyğun olaraq şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi mövcud olduğu təqdirdə) nəzərdə tutulmuşdur. Məhkəmədən kənar qayda iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə şərtləndirildiyi halda, xüsusi qayda məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir. Əks yanaşma, yəni Məcəllənin 423.2-ci maddəsinin adi qaydada ümumi bir norma kimi tətbiq edilməsi ləğv etmə institutunun mahiyyətinə və hüquqi funksiyasına, hüquqi müəyyənlik prinsipinə, mülki dövriyyənin təşkilinə və inkişafına şərait yaradılması ilə bağlı mülki qanunvericilik sisteminin məqsədinə və bütövlükdə ölkənin iqtisadi maraqlarına cavab verməz. Mülki Məcəllənin 421.2 və 423.2-ci maddələrinin məntiqi nəticəsi olaraq həmin Məcəllənin 424.3-cü maddəsində müəyyən edilmişdir ki, müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. Burada vurğulanmalıdır ki, normada “ləğv edilmə” ifadəsi birtərəfli qaydada sonlandırmaqla müqavilə münasibətlərinə xitam verilməsi mənasında deyil, tərəflərin qarşılıqlı razılaşması ilə bağlamış olduqları müqaviləyə xitam vermələri mənasında istifadə olunmuşdur. Beləliklə, Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan birinin olduğu halda (digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallarda) müqavilənin ləğv edilməsi məhkəmədənkənar qaydada baş verir. Mülki Məcəllənin 422-ci maddəsinə əsasən şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında isə müqavilə həmin Məcəllənin 423.2-ci maddəsində nəzərdə tutulan xüsusi qaydada - məhkəmə qaydasında dəyişdirilir və ya ləğv edilir”.
71. İşin hallarından aydın olur ki, iddiaçı, icarə müqaviləsi üzrə öhdəliklərini yerinə yetirə bilməyərək icarə haqqı ödənişlərini dəfələrlə gecikdirmiş, beləliklə də müqavilə bağlanarkən cavabdehin ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmasına səbəbiyyət vermişdir.
72. Başqa sözlə, cavabdeh iddiaçı ilə arasında bağlanmış icarə müqaviləsini faktiki ləğv etməkdə haqlı olmuşdur və birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmamaq üçün əsas mövcud deyildir.
73. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı nümayəndəsinin (vəkilinin) apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1777/2024 saylı iş üzrə 27 iyun 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid olunsun. Qətnamədən İddiaçı tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Məmməd Məmmədov