Məhkəmə qərarları › İş №2(103)-5093/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5093/2025

29.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5093/2025 29.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, Sadıqov Vahid Nəriman oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X4 və "xxxx" MMC cəlb edilməklə) “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 iyun 2025-ci il tarixli, e-2(011)-391/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: 22 iyul 2023-cü il tarixində X2 mülkiyyətində olan “Volkswagen Jetta” markalı **- XA-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəflərin qarşılıqlı razılaşmasına əsasən Cavabdeh vasitəçiliyi əsasında 26.000 manat müqabilində İddiaçı satılmışdır. Hazırda iddiaçı satılmış əşyanın qüsurlu olması səbəbindən həmin qüsurların aradan qaldırılması üçün zəruri xərclərin cavabdehdən tutulmasını iddia edir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdeh qarşı əldə etdiyi avtomobildə aşkarlanan qüsurların aradan qaldırılması üçün çəkdiyi 7.650 manat xərcin və 97 manat dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2023-cü il tarixində “Volkswagen Jetta” markalı, **-XA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini “VW Baku” şirkətindən 26.000 manat dəyərində əldə etmişdir. Avtomobilin alqı-satqı məsələləri, zəmanət şərtləri, qiyməti “VW Baku” şirkətinin rəhbəri Cavabdeh ilə müzakirə olunmuşdur. Cavabdehlə bağlanmış şifahi əqdə əsasən avtomobilin dəyəri 26.000 manat məbləğində müəyyən edilmiş, zəmanət müddəti isə 2 il müddətinə təyin edilmişdir. Zəmanət şərtləri özündə avtomobilin mühərrik və sürətlər qutusu, həmçinin digər yarana biləcək hər-hansı nasazlıqların aradan qaldırılmasını əhatə etmişdir. Nəqliyyat vasitəsinin əldə edilməsi ilə bağlı onun tərəfindən cavabdehin şərikinin kart hesabına 200 manat məbləğində beh ödənilmiş, qalan hissə, yəni 25.800 manat isə onun tərəfindən Cavabdeh verilmişdir. Nəqliyyat vasitəsi əldə olunandan sonra avtomobildə ön təhlükəsizlik sensorunun (distronik) olmaması müəyyən edilmişdir. Satıcıya bu barədə məlumat verildikdə, o məsələnin qısa müddət ərzində həll edəcəyini vəd etmiş, lakin dəfələrlə müraciət etməsinə baxmayaraq cavabdeh həmin avadanlığın təqdim edilməsi və quraşdırılmasından yayınmış, bununla da zəmanət şərtlərini pozmuşdur. Onu da qeyd edir ki, həmin sensor təhlükəsizlik baxımından zəruri bir avadanlıq olduğundan nəqliyyat vasitəsinin bu formada özgəninkiləşdirilməsini təşkil etmək ən azından məsuliyyətsizlikdir. Daha sonra nəqliyyat vasitəsinin istismarı zamanı məlum olmuşdur ki, avtomobilin sürətlər qutusunun ehtiyat hissəsi olan “hidroblok” mütləq qaydada dəyişdirilməlidir. Səbəb isə sürətlər qutusunda yerləşən “hidroblok”un nasaz olması və bu da öz növbəsində sürətlər qutusunun düzgün işləməməsi ilə nəticələnməsidir. Bu nasazlıq cavabdeh tərəfindən qəbul edilmiş və cavabdeh bəlli olmayan müddət ərzində məsələni həll edəcəyini vəd etmişdir. Lakin dəfələrlə müraciət etməsinə baxmayaraq, cavabdeh bu nasazlığı aradan qaldırmamışdır. Onu da qeyd edir ki, nəqliyyat vasitəsində sözügedən nasazlığı aradan qaldıran zaman su radiatorlarının da nasaz olması müəyyən edilmişdir. Bundan əlavə nəqliyyat vasitəsində təhlükəsizlik hava yastıqlarının da olmaması ilə bağlı əsaslı şübhələri yaranmışdır. Halbuki nəqliyyat vasitəsini əldə edən zaman artıq mövcud olan nasazlıqlar barədə ona hər-hansı bir məlumat verilməmişdir. Cavabdeh qüsurlu mal satmış, bununla da hüquqlarını pozmuşdur. Bildirir ki, nəqliyyat vasitəsində qeyd edilən qüsurların aradan qaldırılması üçün ehtiyat hissələrinin dəyəri və həmin ehtiyat hissələrinin dəyişdirilməsi üçün xidmət haqqının öyrənilməsi barədə xx.xx.2024-cü il tarixində “X9”-ə müraciət olunmuş, “X9”in əməkdaşları tərəfindən nəqliyyat vasitəsinə texniki baxış keçirilmiş və nəqliyyat vasitəsi ilə bağlı ilkin qüsur aktı tərtib edilmişdir. Həmin qüsur aktında yenisi ilə əvəz olunmalı olan ehtiyyat hissələri və onların qiyməti göstərilmişdir. Nəqliyyat vasitəsində yenisi ilə əvəz olunmalı olan ehtiyyat hissələri və onların qiyməti: su radiatoru 520 manat, kondisioner radiatoru 780 manat, distronik 1.650 manat, travesin alt-üst paduşkalarının 1 ədədinin qiyməti 120 manat olmaqla 2 ədədi cəmi 240 manat, ön sol fara 1.900 manat, benzin çəninin qapağının açarı 320 manat, sürətlər qutusu (ikinci əl) 1.200-1.500 manat olmaqla cəmi 6.610-6.910 manat təşkil edir. Qeyd edilən ehtiyyat hissələrinin dəyişdirilməsi üçün xidmət haqqı: radiotarların dəyişilməsi 130 manat, travesin paduşkalarının dəyişilməsi 80 manat, çən xəttinin dəyişilməsi 200 manat, ön sol faranın dəyişilməsi 40 manat, benzin çəninin qapağının açarının dəyişilməsi 90 manat, sürətlər qutusunun dəyişilməsi 200 manat olmaqla cəmi 740 manat müəyyənləşdirilmişdir. Beləliklə, nəqliyyat vasitəsində qüsurlu ehtiyyat hissələrinin yenisinin alınması üçün 6.610-6.910 AZN məbləğində, həmin ehtiyyat hissələrinin dəyişdirilməsi üçün isə 740 AZN məbləğində, ümumilikdə 7.350-7.650 AZN məbləğində vəsait tələb olunmuşdur. Bu isə nəqliyyat vasitəsinin dəyərinin 1/3 hissəsi deməkdir. Qeyd edilən məsələ ilə bağlı xx.xx.2024-cü il tarixində Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinə onun tərəfindən müraciət olunmuş, hadisə ilə bağlı Cavabdeh izahatı alınmışdır. O izahatında nəqliyyat vasitəsinin ona 26.000 manata satdığını, ikinci əl avtomobillərə isə zəmanət verilmədiyini bildirmişdir. Ərizə ilə bağlı Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə cinayət işinin başlanılması rədd edilmiş, ona görə də dəymiş ümumilikdə 7.350-7.650 AZN məbləğində zərərin cavabdehdən məcburi qaydada tutularaq ona ödənilməsi üçün məhkəməyə müraciət etməyinə zərurət yaranmışdır. O, **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobili “VW Baku” şirkətinin “İnstagram” sosial şəbəkəsindəki hesabında (hesabın linki: https://www.instagram.com/vwbaku/) qoyulmuş elanda (Elanın linki: https://www.instagram.com/p/Cut8CoBNctP/? img_index=1) görmüşdür. Bundan sonra cavabdehlə görüşüb avtomobillə bağlı müzakirələr aparılmış və avtomobil üçün tərəfindən 200 manat məbləğində beh ödənilmişdir. “VW Baku” şirkəti satış üçün elanı qoyulmuş avtomobillərin hər biri üçün öz “İnstagram” sosial şəbəkəsindəki hesabında 2 il müddətində zəmanət verildiyini qeyd edir (həmin elanlardan birinin linki: https://www.instagram.com/p/CxyHASfNErj/). Əlavə olaraq qeyd edir ki, cavabdehlə arasında yazışmalar və səs yazıları mövcuddur, bu yazılar hazırlıq iclasında əyani olaraq məhkəməyə təqdim ediləcəkdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 iyun 2025-ci il tarixli, e-2(011)- 391/2025 nömrəli qətnaməsi ilə iddia tələbləri təmin edilməmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, 22 iyul 2023cü il tarixində iddiaçıya satılmış “Volkswagen Jetta” markalı **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobilin qüsurları ilə bağlı sübutetmə yükü iddiaçının üzərindədir. Məhkəmə hesab etmişdir ki, iş materialları ilə “Volkswagen Jetta” markalı avtomobilin qüsurlarının iddiaçıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəlməsi sübuta yetirilmədiyindən, iddia tələbləri təmin edilməli deyil. Belə ki, əşyanın zədələnməsi riski əşyanın verilməsindən sonra alıcıya keçir. Bununla da “Volkswagen Jetta” markalı avtomobilin qüsurlarının 22 iyul 2023-cü il tarixinə mövcud olması və ya bu tarixədək yaranan səbəblərdən əmələ gəlməsi iş materialları ilə öz təsdiqini tapmadığından, pul tələbinə dair iddia tələbi təmin edilməməlidir. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə sadəcə sübutetmə yükünə istinad etsə də iddianın əsası olan hallarla bağlı qeyd edilən halları cavabdehin “sadəcə uzun müddət keçib o səbəbdən iddia rədd edilməlidir” sözü ilə sübut etmə yükü anlayışından istifadə edərək iddianı rədd etmişdir. İş materiallarından da aydın olur ki, məhkəmə tərəfindən şəxsin vasitəçiliyi yox elə birbaşa avtomobili satan şəxs kimi qəbul edilməsinə baxmayaraq qeyd edilmişdir ki, 22 iyul 2023-cü il tarixində iddiaçıya satılmış “Volkswagen Jetta” markalı **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobilin qüsurları ilə bağlı sübutetmə yükü iddiaçının üzərindədir. Məhkəmə hesab etmişdir ki, iş materialları ilə “Volkswagen Jetta” markalı avtomobilin qüsurlarının iddiaçıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəlməsi sübuta yetirilmədiyindən, iddia tələbləri təmin edilməli deyil. Belə ki, istinad edilmiş normalardan göründüyü kimi əşyanın zədələnməsi riski əşyanın verilməsindən sonra alıcıya keçir. Bununla da “Volkswagen Jetta” markalı avtomobilin qüsurlarının 22 iyul 2023-cü il tarixinə mövcud olması və ya bu tarixədək yaranan səbəblərdən əmələ gəlməsi iş materialları ilə öz təsdiqini tapmadığından, pul tələbinə dair iddia tələbləri təmin edilməməlidir. Hesab edir ki, bu mövqe ümumiyyətlə qəbul edilə bilməz, qətnamədə qeyd edilənin əksinə cavabdehlə olan səs yazıları təqdim edilmiş, məhkəmədə tədqiq edilmiş, bu səs yazıları olan CD iş materiallarına əlavə edilmişdir. Həmin səs yazılarında bütün detalları cavabdehin qüsurları qəbul etməsi və artıq satılmış avtomobilin qüsurla satılmasını təsdiq edən səs yazılarını ümumiyyətlə qətnamədə qeyd etməmiş bunlara qiymət verməmişdir. Beləliklə məhkəmə araşdırılması zamanı işin həqiqi halları ilə müəyyən edilmişdir ki, 22 iyul 2023-cü il tarixində X2 mülkiyyətində olan “Volkswagen Jetta” markalı **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəflərin qarşılıqlı razılaşmasına əsasən Cavabdeh vasitəçiliyi əsasında 26.000 manat müqabilində İddiaçı satılmışdır. İddiaçı satılmış əşyanın qüsurlu olması səbəbindən həmin qüsurların aradan qaldırılması üçün zəruri xərclərin cavabdehdən tutulmasını iddia edir. Qeyd edilməlidir ki, ümumiyyətlə qətnamədə məhkəmənin gəlmiş olduğu bu qənaət tamamilə əsassızdır. Belə ki, əslində cavabdeh vasitəçilik xidməti yox elə birbaşa faktiki mülkiyyətçi kimi həmin alqı-satqı prosesində iştirak etmişdir, məhkəmə tərəfindən bu hallar aydınlaşdırılmamışdır. Belə ki, üçüncü şəxs qismində cəlb edilmiş X2 mövqeyi müəyyən edilməmişdir. Belə ki, cavabdeh kimi qoyulmuş şəxsin öz avtomobilini bu və ya digər məqsədlərlə digər şəxslərin adlarına gətirərək avtomobil alqı-satqısı ilə məşğul olur, bu barədə iddia ərizəsində göstərilən “instagram” elanlarında da şəxs vasitəçilik yox elə bir başa avtomobillərin satışını həyata keçirdikləri qeyd edilir. Əgər həmin avtomobili mülkiyyətçi gətirmiş olsa idi səs yazılarında qeyd edildiyi kimi işləməyən detalların dəyişdirilməsi ilə bağlı halları cavabdeh qəbul etməzdi. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə Kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş digər tərəflər Məhkəmə Kollegiyasının iclasında iştirak etmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Mülki Məcəllə: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 568.1-ci maddəsinə görə satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 571.1-ci maddəsinə görə əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, əşyanın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski müqaviləyə uyğun olaraq satıcının əşyanı alıcıya vermək vəzifəsini icra etmiş sayıldığı andan alıcıya keçir. 581.1-ci maddəsinə görə satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. 581.2-ci maddəsinə görə alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. 587.1-ci maddəsinə görə əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: 1) alış qiymətinin mütənasib azaldılması; 2) əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; 3) əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi. 588.1-ci maddəsinə görə əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Məhkəmə Kollegiyasının mövqeyi:

Məhkəmə Kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. İş materiallarında olan “X9” tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli qüsur aktından görünür ki, “Volkswagen Jetta” markalı, **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir xərclərinin dəyəri 7.350-7.650 manat təşkil edir. İş materiallarında olan 22 iyul 2023-cü il tarixli nəqliyyat vasitənin alqı-satqı müqaviləsindən görünür ki, “Volkswagen Jetta” markalı, **-XA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “satıcı” X4 tərəfindən “alıcı” İddiaçı 26.000 manata satılmışdır. İş materiallarında olan 10 iyun 2024-cü il tarixli “cinayət işinin başlanmasını rədd edilməsi barədə” qərardan görünür ki, xx.xx.2024-cü il tarixdə, Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsi ev 9, mənzil 161-də yaşayan İddiaçı, Xətai RPİ-nin 35-ci PB-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixində “Volkswagen Jetta” markalı, **-XA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini “VW Baku” şirkətindən 26.000 manat dəyərində əldə etmiş və avtomobilin alqı-satqı məsələləri, zəmanət şərtləri, qiyməti “VW Baku” şirkətinin rəhbəri Cavabdehla və onun şəriki Ənvər adlı şəxslə müzakirə olunmuşdur. Onlarla bağlanmış şifahi əqdə əsasən avtomobilin dəyəri 26.000 manat məbləğində müəyyən edilmiş, zəmanət müddəti isə 2 il müddətinə təyin edilmişdir. Zəmanət şərtləri avtomobilin mühərrik və sürətlər qutusu, həmçinin digər yarana biləcək hər- hansı nasazlıqların aradan qaldırılmasını əhatə etmişdir. Nəqliyyat vasitəsinin əldə edilməsi ilə bağlı avans olaraq Ənvər adlı şəxsin kart hesabına 200 manat məbləğində beh ödənilmiş, qalan hissə, yəni 25.800 manat isə Cavabdeh verilmişdir. Nəqliyyat vasitəsi əldə olunandan sonra avtomobildə ön təhlükəsizlik sensorunun (distronik) olmaması müəyyən edilmişdir. Musaya və Ənvərə bu barədə məlumat verildikdə, sonuncular məsələnin qısa müddət ərzində həll edəcəyini vəd etmiş, lakin dəfələrlə müraciət etməsinə baxmayaraq satıcı həmin avadanlığın təqdim edilməsi və quraşdırılmasından yayınmış, bununla da zəmanət şərtlərini pozmuşdur. Daha sonra nəqliyyat vasitəsinin istismarı zamanı məlum olmuşdur ki, avtomobilin surətlər qutusunun ehtiyyat hissəsi olan “hidroblok”un nasaz olması və bu da öz növbəsində surətlər qutusunun düzgün işləməməsi ilə nəticələnməsidir. Bu nasazlıq Musa və Ənvər tərəfindən qəbul edilmiş və onlar bəlli olmayan müddət ərzində məsələni həll edəcəyinə söz vermişdirlər. Lakin dəfələrlə müraciət etməsinə baxmayaraq onlar bu nasazlığı aradan qaldırmamışlar. İddiaçı əlavə olaraq qeyd etmişdir ki, nəqliyyat vasitəsində sözü gedən nasazlığı aradan qaldıran zaman su radiatorlarının da nasaz olması müəyyən edilmişdir. Bundan əlavə nəqliyyat vasitəsində təhlükəsizlik hava yastıqlarında olması ilə bağlı əsaslı şübhələri yaranmışdır. Halbuki nəqliyyat vasitəsini əldə edən zaman artıq mövcud nasazlıqlar barədə ona hər-hansı bir məlumat verilməmişdir. Araşdırma zamanı izahatı alınmış Cavabdeh bildirmişdir ki, bir neçə vaxtdır ki, xarici ölkələrdən Respublikaya avtomobil gətirərək satışı ilə məşğul olur. 2003-cü ilin iyul ayının əvvəllərində “Volkswagen Jetta” markalı, **-XA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini satılması barədə internet sosial şəbəkəsində olan “Tap.az” saytına yerləşdirilmiş və bir neçə gündən sonra İddiaçı Çinciz oğlu avto-salona yaxınlaşaraq avtomobili almaq istədiyini bildirmişdir. Cavabdeh bunu da qeyd etmişdir ki, o, digər ölkələrdən əzilmiş avtomobilləri Respublikaya gətirərək satışı ilə məşğul olaraq, avtomobilin əzik olmasını və qəzaya hansı şəraitdə düşməsini satıcıya bildirilir. Bu barədə Fərhada bildirilmişdir. Onlar Fərhadla 26.000 manata avtomobili danışıb razılaşmış və Fərhad avtomobilin 200 manatını kart vastəsi ilə onun kartına atdı, qalan 25.800 manat pulu nağd şəkildə ödəmişdir. 2024-cü yanvar ayında “VW Baku” şirkətini açaraq fəaliyyət göstərir. Cavabdeh bunu da qeyd edir ki, Fərhad avtomobili aldıqdan bir neçə ay keçdikdən sonra şirkətə müraciət etmiş və ona bildirilmişdir ki, ikinci əl avtomobillərə Azərbaycan Respublikasında zəmanət yoxdur və o, Fərhada heç bir zəmanət verməmişdir. Eləcə də müştəri avtomobilə baxır və onlar avtomobilin əzilməsi barədə müştəriyə məlumat verdikdən sonra, müştəri avtomobili ustaya aparıb göstərdikdən sonra avtomobili alır. İddiaçı avtomobili aldıqdan sonra mühərrikində nasazlıq olmasında şirkətin heç bir məsuliyyəti yoxdur və şirkət tərəfindən Fərhadla heç bir zəmanət bağlanmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin Bakı şəhəri Xətai Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli 3- 13-16/2-170594/2024 saylı məktubundan və ona əlavə edilmiş kompyuter çıxarışından görünür ki, “Volkswagen Jetta” minik markalı **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixli şəhadətnaməyə əsasən İddiaçı adına qeydə alınmışdır. İş materiallarında olan 02 aprel 2025-ci il tarixli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan “X9” MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən Babək prospektində yerləşən avtohissələr satışı bazarlarında olan avtohissələrin qiymətləri nəzərə alınmaqla 2019-cu il buraxılışlı “Volkswagen Jetta” markalı **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 7.190,00 manat müəyyən edilir. O cümlədən: dəyişilməli hissələrin qiyməti– 5.900,00 manat; təmir bərpa işlərinin qiyməti-1.290,00 manat. “Volkswagen Jetta” markalı **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobilin aşağıdakı hissələrində nasazlıq aşkar edilmişdirmi? “Volkswagen Jetta” markalı **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobilin aşağıdakı hissələrində daha əvvəl mövcud olmuş nasazlıqlar aradan qaldırılmışdırmı? suallar məhkəmə- əmtəəşünaslıq ekspertizasının səlahiyyətlərinə aid deyil. Nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ilə bağlı ekspertizalar barədə Məhkəmə Ekspertizası Mərkəzinin 27 yanvar 2015-ci il tarixli 422-li məktubunda göstərilənlərə əsasən nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ixtisaslaşdırılmış servis müəssisələrinin arayışı əsasında əmtəəşünaslıq ekspertizaların aparılması məqsədə müvafiq hesab olunur. Hazırda iddiaçı satılmış əşyanın qüsurlu olması səbəbindən həmin qüsurların aradan qaldırılması üçün zəruri xərclərin cavabdehdən tutulmasını iddia edir. Məhkəmə Kollegiyası qeyd edir ki, yuxarıda qeyd edilən normalardan göründüyü kimi əşyanın zədələnməsi riski əşyanın verilməsindən sonra alıcıya keçir. Belə olan halda iddiaçı “Volkswagen Jetta” markalı **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobilin qüsurlarının iddiaçıya verilməzdən əvvəl və ya həmin məqamadək olmasını sübut etməlidir. Lakin iş materialları ilə “Volkswagen Jetta” markalı avtomobilin qüsurlarının iddiaçıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəlməsi sübuta yetirilməmiş, iddiaçı tərəfindən bu barədə mötəbər sübutlar təqdim edilməmişdir. İddiaçı apellyasiya şikayətində səs yazıları olan “CD” diskə istinad etsə də, həmin səs yazılarının məhz cavabdehə məxsus olması eləcə də “Volkswagen Jetta” markalı **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobilin qüsurlarının satışdan əvvəl olması müəyyən edilmir. Göründüyü kimi, “Volkswagen Jetta” markalı avtomobilin qüsurlarının 22 iyul 2023cü il tarixinə mövcud olması və ya bu tarixədək yaranan səbəblərdən əmələ gəlməsi iş materialları ilə öz təsdiqini tapmamışdır. Məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının internet resurslarından istifadə etmək yolu ilə (“VW Baku” şirkətinin “İnstagram” sosial şəbəkəsindəki hesabı) əldə etdiyi “Volkswagen Jetta” markalı avtomobilində yaranmış qüsurla bağlı hazırda сavabdehə qarşı iddiasının dəlillərinin əsassız olması işin araşdırılmış hallarından başqa, kollegiyanın təşəbbüsu ilə avtomobilin ban nömrəsi əsasında internet resurslarında axtarışı nətiсəsində “Bid.sars.ru” saytında olan görüntüləri ilə də öz təsdiqini tapmışdır. Belə ki, saytda olan fotoşəkillərdə məhz iddiaçının hazırda təmirli vəziyyətdə “VW Baku” şirkətinin “İnstagram” sosial şəbəkəsindəki hesabında görərək əldə etdiyi avtomaşının hansı qəzalı vəziyyətinin olması və bu vəziyyətdə də görünüşünə uyğun qiymətlə satışa çıxarılması aşkar görünür. Başqa sözlə, internet resurslarından istifadə yollarını yaxşı bilən iddiaçı avtomaşını “İnstagram” sosial şəbəkəsindəki hesabında bəyənməklə yanaşı onun ban nömrəsi üzrə axtarış nəticəsində avtomaşının əvvəlki vəziyyəti ilə yaxından tanış olmaq imkanı olmuşdur. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi barədə düzgün nəticəyə gəlmişdir. İddiaçı apellyasiya şikayətində həmçinin qeyd etmişdir ki, əslində cavabdeh vasitəçilik xidməti yox elə birbaşa faktiki mülkiyyətçi kimi həmin alqı-satqı prosesində iştirak etmişdir, məhkəmə tərəfindən bu hallar aydınlaşdırılmamışdır. Halbuki, iş materiallarından görünür ki, 22 iyul 2023-cü il tarixli “nəqliyyat vasitənin alqı-satqı” müqaviləsi ilə “Volkswagen Jetta” markalı, **-XA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “satıcı” X4 tərəfindən “alıcı” İddiaçı 26.000 manata satılmışdır. Göründüyü kimi, qeyd edilən daşınar əmlak cavabdehin deyil, X2 mülkiyyətində olmuşdur. Məhkəmə Kollegiyası iddia tələbinin eləcə də apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hazırda nəqliyyat vasitəsinin cavabdehin ya da üçüncü şəxsin mülkiyyətində olması, cavabdehin vasitəçi kimi çıxış edib-etməməsi işin faktiki halları baxımından önəm kəsb etmir. Belə ki, iddiaçının hazırki tələbi məhz satılmış əşyanın qüsurlu olması səbəbindən həmin qüsurların aradan qaldırılması üçün zəruri xərclərin cavabdehdən tutulmasından ibarət olmuşdur ki, bu zaman həmin qüsurların avtomobilin alınmasınadək mövcud olması müəyyən edilməlidir, çünki əşyanın zədələnməsi riski əşyanın verilməsindən sonra alıcıya keçir. Belə olan halda da iddiaçı qüsurların məhz alqı-satqıdan əvvəl yaranmasını mötəbər sübutlarla təsdiq edə bilməmişdir. Məhkəmə Kollegiyası iddia tələbinə münasibətdə həmçinin qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Həmçinin qeyd edilməlidir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Bu kontekstdə Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır, çünki iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşdüyü halda o, iddia tələbində istinad etdiyi faktiki halları biri digərini tamamlayan mötəbər sübutlarla sübut edə bilməmişdir. Məhkəmə Kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Məhkəmə Kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Çünki iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmiş, müvafiq sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmamışdır. Beləliklə Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi barədə düzgün nəticəyə gəlmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apellyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə Kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası

Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 iyun 2025-ci il tarixli, e-2(011)- 391/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Vahid Sadıqov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar