Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5095/2024 09.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, hakimlər Həsənov Elnur Məmmədsaat oğlu və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 may 2024-cü il tarixli, e-2(006)-2248/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(006)-5319/2021 qətnaməsi əsasında tərəflər arasında bağlanmış nikahın pozulması, birgə nikahdan doğulmuş uşağın anasının yanında saxlanılması, Cavabdeh xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında alimentin və əlavə olaraq 75 manat sabit pul məbləğində İddiaçı xeyrinə tutulması qət edilmişdir. Hazırki mübahisə üzrə iddiaçı müəyyən olunmuş alimentin miqdarının artırılmasını, əvvəllər müəyyən olunmuş aliment məbləğinin uşağın saxlanılmasının təminatı üçün kifayət etmədiyinə əsaslanmaqla tələb edir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan xx.xx.2019- cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək Cavabdeh tutulan alimentin məbləğinin artırılaraq hər ay üçün 235 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-5319/2021 saylı qətnaməsi ilə Cavabdeh ilə rəsmi qaydada boşanmışdır. O, bu günə qədər onların birgə nikahdan olan, xx.xx.2019-cu il tarixində doğulmuş oğulları X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh ayda 175 manat aliment məbləği almışdır. Hal-hazırda X2 4 yaşı var. Nəsimi Rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuș aliment məbləği uşağın heç bir tələbatının ödənilməsinə yetmir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanunla ölkədə yetkinlik yaşına çatmayanlar üçün yașayış minimumu dəyişdirilərək, hər uşaq üçün 235 manat məbləğində müəyyən edilmişdir. Uşağın bütün qayğısını və ehtiyaclarını tamamilə özü tək çəkir. Böyüdükcə uşaqda atasına qarșı ehtiyac və tələbat artsa da cavabdeh ona qarşı heç bir diqqət va qayğı göstərmir. Ușağın təlim-tərbiyəsi ilə məșğul olmaqla yanașı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. O, Cavabdeh aliment məbləğinin artırılması üçün dəfələrlə müraciət etmişdir. Lakin, o bu məbləği ödəmək istəmədiyini vurğulayıb. xx.xx.2024-cü il tarixli ərizə ilə ilkin mediasiya sessiyası üçün Bakı 9 saylı Mediasiya təşkilatına müraciət etmişdir. Mediator qismində X5 çıxış etmişdir. Ancaq xx.xx.2024-cü il tarixində keçirilən mediasiya sessiyasında Cavabdeh iştirak etməmişdir. Buna görə də iddiaçı "aliment məbləğinin artırılması" barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh iddiaya qarşı etiraz təqdim edərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı ərizəsində uşağın bütün qayğılarının özü qarşıladığını qeyd etsə də, o, həftədə ən azı iki dəfə uşağı ilə görüşüb onunla vaxt keçirib ona qayğı göstərir. Aylıq ödədiyi 175 manat alimentdən savayı hər görüşdüyündə oyuncaqlar hədiyyələr alır, onu kafeyə əyləncə yerlərinə aparır. Lakin, bütün bunlara baxmayaraq, iddiaçı olanları görməzlikdən gəlir və hadisələrin reallığından yan keçir. O, aylıq 175 manat aliment ödədikdən sonra ona qalan 364 manat həm özünə, həm insult xəstəsi olan anasının saxlanılmasına yetmir. Odur ki, mövcud alimentdən savayı onun başqa aliment ödəməyə gücü yetməz. Daha sonra iddiaçı iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5319/2021 saylı xx.xx.2021-ci il tarixli qətnamə ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək yetkinlik yaşına çatmayan xx.xx.2019-cu il təvəllüdlü X1 üçün hər ay 235 manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 may 2024-cü il tarixli, e-2(006)- 2248/2024 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin ediməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(006)-5319/2021 saylı qətnaməsi əsasında Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarının dəyişdirilməsi, hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 235 manat sabit pul məbləğində alimentin tutulması və iddiaçının ödəməkdən azad edildiyi 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Belə ki, onun aldığı aliment məbləğinin müəyyən olunduğu tarixdən bugünədək həyat standartları və istehlak qiymətləri və.s dəyişmişdir. Həmçinin uşaq böyüməkdə davam etməklə onun müvafiq olaraq tələbatları da artmışdır. Bütün bunlar iddiaçının maddi vəziyyətində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Cavabdehin hazırda maddi qazancının tələb olunan miqdarda alimenti ödəmək üçün kifayət etməməsi, onun övladının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etmir. Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Alimentin tutulma müddəti ilə bağlı məhkəmə hesab etmişdir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən, yəni mövcud iddia tələbi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi edilməsi və alimentin ondan (cavabdehdən) hər ay üçün 200 manat sabit pul məbləğində tututulması hissəsində təmin edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, daha əvvəlki məhkəmə qətnaməsinə əsasən övladının saxlanılması ilə bağlı hər ay aliment ödəyir və həmin alimentin məbləği 175 manat olmaqla, ödəmələrində indiyə qədər heç bir vaxt gecikmə olmamışdır. Bundan başqa, iddiaçı öz ərizəsində - uşağın bütün qayğısını və ehtiyacların tamamilə özü çəkdiyini, böyüdükcə uşaqda atasına qarşı ehtiyac və tələbat artsa da cavabdehin övladına qarşı heç bir diqqət va qayğı göstərmədiyini qeyd etmişdir. Hansı ki, bu qətiyyən belə deyildir. Belə ki, iddia ərizəsində yazılanların əks olaraq, hər həftə uşağı ilə görüşür və ən azı həftədə 2 dəfə, hər görüş 2 saat olmaqla övladına vaxt ayırır, ona qayğı göstərir. Təbii ki, hər görüşən zaman alimentdən əlavə, övladına oyuncaqlar və hədiyyələr alır, övladını gəzdirən zaman onun kafedə qidalanması, karusellərdə əylənməsi və görüşün uşağın maraqlarına daha yaxşı xidmət etməsi üçün digər xərcləri də qarşılayır. Bundan başqa Azərbaycan Respublikası Ailə Məcələsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Bu normada hər 2 valideyindən söhbət gedir, yəni atada olduğu kimi, anada da uşağın saxlanılması öhdəliyi və ya məsuliyyəti qanunla imperativ xarakter daşıyır və bu hal mübahisə olunmazdır. Belə ki, iddiaçı özü də işləyir və əmək haqqı alır. Belə olan halda, iddiaçı uşağı təkcə onun ödədiyi alimentlə deyil, eyni zamanda, özünün aldığı əmək haqqı ilə də, saxlamalıdır. Birinci instansiya məhkəməsi müəyyən etdiyi, iş üçün əhəmiyyəti olan halları tam sübuta yetirməmiş və iddiaçının da, uşaq saxlaması öhdəliyini təsdiq edən dəlilləri möhkəmləndirmək üçün onun gəlirini (harada işləməsini və nə qədər məvacib almasını) müəyyən etməmişdir. Eyni zamanda ümumi əmək haqqından hazırda ödədiyi 175 manat aliment məbləği tutulduqdan sonra, 364 manat pul qalır. Qalan həmin pula həm özü, həm də, insult xəstəsi olan anasını saxlaya bilmir. Belə ki, bu vəziyyətdə və bu şəraitdə - 175 manatdan əlavə aliment vermə imkanı yoxdur. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apelyasiya şikayətini apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: 17 (İİ). Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 34 (İV). Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Ailə Məcəlləsi: 55.1. Uşaq öz valideynlərindən və ailənin digər üzvlərindən bu Məcəllənin beşinci bölməsində müəyyən olunmuş qaydada və miqdarda vəsait almaq hüququna malikdir. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanunu:
13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
19. Valildeynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir.
Mülki Prosessual Məcəllə:
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Məhkəmə kollegiyasının mövqeyi:
Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya şikayətinin dəlilləri əsasında yoxlayaraq qeyd edir ki, hər bir uşağın layiqli həyat tərzi yaşamağa hüquqi vardır və uşağın inkişafı üçün valideynlərin maddi və mənəvi dəstək olmaları onların vəzifəsi və borcudur. Mövcud qanunvericilik normaları istənilən yaranmış vəziyyətdə uşağın mənafeylərinin daha üstün tutulmasını imperativ olaraq göstərir. Hazırki iddia tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (dəyişdirilməsindən) ibarətdir. Belə növ iddia tələblərinin həllinin qanuni əsasını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun üçün ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflərin birgə nikahında olan yetkinlik yaşına çatmayan uşağa görə Cavabdeh tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(006)-5319/2021 qətnaməsinə əsasən ödənilməli olan ilk dəfə aliment məbləği hər ay qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında və əlavə olaraq 75 manat sabit pul məbləğində müəyyən edilmişdir. Həmçinin “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən çıxarışa əsasən Cavabdeh hazırda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində menecer vəzifəsində çalışır, aldığı aylıq əmək haqqı 600 manat təşkil edir. “Yaşayış minimumu” haqqında Azərbaycan Respublikası Qanun Azərbaycan Respublikasında yaşayış minimumunun müəyyənləşdirilməsinin, ona dövlət təminatının, ölkənin sosial-iqtisadi inkişafına uyğun olaraq yaşayış minimumunun yüksəldilməsinin prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Qanunun 1.0.2, 1.0.3-cü maddələrinə görə yaşayış minimumu - minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Əhalinin əsas sosial-demoqrafik qrupları - yaş-cins əlamətlərinə, sosial vəziyyətlərinə görə fərqlənən əhali qrupları (əmək qabiliyyətli əhali, pensiyaçılar, əlilliyi olan şəxslər, uşaqlar və s). Məhkəmə kollegiyası qeyd edir ki, sabit məbləğdə müəyyən edilən aliment məbləğinin uşaqlar üçün həmin dövrün yaşayış minimumu həddində müəyyən edilməsi, uşağın minimum tələblatlarının tam təmin edilməsi yönəlmiş hüquqi tədbirdir. İş materiallarından görünür ki, xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq Cavabdeh X4 xeyrinə hər ay qazancın (başqa gəlirlərin) 1/4 hissəsi miqdarında aliment və əlavə olaraq 75 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Hazırda isə bu vəziyyət dəyişməklə həm iddiaçı daha yüksək məbləğdə aliment tələb etməkdədir, həm də uşağa görə müəyyənləşdirilmiş yaşayış minumumu 2024-cü il üçün 235 manat nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsi isə uşağın mənafeyini, uşağın təminatının mümkün qədər maksimal saxlanmasını, həmçinin tərəflərin onların maddi və ailə vəziyyətini, mövcud iqtisadi vəziyyətdə inflyasiyanı və diqqətəlayiq olan digər halları nəzərə alaraq aliment məbləğini hər ay 235 manat sabit pul məbləğində müəyyən etmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, göstərilənlər alimentin məbləğinin müəyyən olunduğu tarixdən bugünədək artmış həyat standartları və istehlak qiymətləri, eləcə də uşağın böyüdüyü də nəzərə alınmaqla, tərəflərin maddi vəziyyətlərində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Cavabdehdən tutulmalı olan alimentin yeni məbləğinə münasibətdə isə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Qanunvericiliyin yuxarıda sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir; lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə kollegiyası, “uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması” prinsipini, tərəflərin maddi və ailə vəziyyətlərini, eləcə də işin konkret hallarını əsas götürərək cavabdehdən iddiaçının xeyrinə tutulacaq alimentin hər ay 235 manat məbləğində müəyyən edilməsini ədalətli və ağlabatan hesab edir. Maddi vəziyyətinin aşağı olması ilə bağlı cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, bu hal onu övladının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etmir. Belə ki, iddiaçının işləyib-işləməsindən asılı olmayaraq cavabdeh bir ata kimi övladının qayğısına qalmalı, onu zəruri vəsaitlə təmin etməli, onun təminatını əvvəlki kimi yüksək saxlamalı və bundan irəli gələn vəzifələrini layiqincə yerinə yetirməlidir. O, valideynlik vəzifələrinə malik olduğunu başa düşərək həm öz tələbatını, həm də uşağının tələbatını təmin etməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə həmçinin qeyd edir ki, uşağın saxlanılması hər iki valideynin vəzifəsidir, lakin hazırki vəziyyətdə xx.xx.2019-cu il təvəllüdlü X2 ananın yanında qalması və uşağın günü-gündən artan maddi tələbatının qarşılanması məhz ananın – iddiaçının üzərindədir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsasızdır. Göründüyü kimi birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmuşdur. Belə ki, birinci instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarını nəzərə alınmaqla, mübahisə tam, hərtərəfli və obyektiv araşdırılmaqla düzgün nəticəyə gəlinmiş, qəbul edilmiş qətnamənin nəticə hissəsi ilə işin faktiki halları arasında heç bir uyğunsuzluq olmamış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apelyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi məsrəflərlə bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393 və 402 maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 may 2024-cü il tarixli, e-2(006)- 2248/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Günel Abbasova