Məhkəmə qərarları › İş №2(103)-5096/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5096/2021

16.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5096/2021 16.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı Ləğv prosesində olan “İddiaçı» açıq səhmdar cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 11 noyabr 2020-ci il tarixli, 2(008)-2813/2020 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 11 noyabr 2020-ci il tarixli, 2(008)-2813/2020 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh1 1101,79 ABŞ dolları əsas borc, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi 10.03.2017-ci il tarixinə 1107,90 ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 159,60 ABŞ dolları borc, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 123 ABŞ dolları cərimə, cəmi 2492,29 ABŞ dolları borc tutulub Ləğv prosesində olan “İddiaçı» ASC-nin hesabına ödənilməsi, iddianın qalan hissədə və Cavabdeh2 qarşı rədd edilməsi, 20,70 manat məbləğində dövlət rüsumunun Cavabdeh1 tutularaq Ləğv prosesində olan “İddiaçı» ASC-yə ödənilməsi, 9,30 manat məbləğində dövlət rüsumunun Ləğv prosesində olan “İddiaçı» ASC-yə aid edilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmamasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən bu ziddiyyətlərin aradan qaldırılması üçün məhkəmə mühasibatlıq ekspertizası təyin edilməli və borc məbləği dəqiq olaraq müəyyənləşməli idi. Məhkəmə tərəfindən ekspertiza keçirilməli olduğu halda ekspertiza keçirilməmiş MPM-nin ədalətli məhkəmə araşdırılması və çəkişmə prinsiplərini pozmuşdur.Bundan başqa, məhkəmə iclaslarında onun iştirakını təmin edilməmiş, məhkəmə iclaslarının vaxtı və yeri barədə ona bildiriş göndərilməmiş, ümumiyyətlə onun məhkəmə iclaslarından məlumatı olmamışdır. Əgər məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumatı olsa idi, məhkəmədə iştirak edər, iddiaya qarşı öz dəlillərimi irəli sürər, bununla da məhkəmə ədalətli qətnamə çıxarardı. Məhkəmə iclasında Cavabdeh1 apellyasiya şikayətini müdafiə etdi, həmçinin bildirdi ki, əsas borcdan başqa tələb edilən qalan məbləğləri qəbul etmir.Çünki, ondan faiz borcu və cərimə tələb edilə bilməz. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək bidirdi ki, apellyasiya şikayəti əsassızdır. Belə ki, tələb edilən borc məbləği prezidentin Fərmanının təsir dairəsinə düşsə də cavabdehin bununla bağlı banka heç bir müraciəti olmamışdır. İşə baxılması vaxtı və yeri haqqında digər cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq səbəbini göstərmədən məhkəmə iclasına gəlməmişdir. Apellyasiya instansiyası məhkəməsi, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, işdən görünür ki, iddiaçı 10.03.2015-ci il tarixli istehlak kredit müqaviləsinə əsasən Cavabdeh1 illi 29% olmaqla 24 ay müddətinə 2000 ABŞ dolları kredit vermişdir. İddiaçının təqdim etdiyi maliyyə arayışına əsasən Cavabdeh1 11 iyun 2021-ci il tarixə əsas borcu 1101,79 ABŞ dolları, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi 10.03.2017-ci il tarixinə faiz borcu 1536, 21 ABŞ dolları, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış faiz borcu 233,10 ABŞ dolları, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış cərimə borcu 1232,14 ABŞ dolları, cəmi 4103,24 ABŞ dolları müəyyən edilmişdir. X4 rəsmi saytından 14 iyun 2021-ci il tarixdə çıxarılmış Problemli kreditlərin kompensasiyası barədə cədvəldən görünür ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının 28.02.2019-cu il tarixli 551 nömrəli Fərmanının (Fərman) icrası ilə əlaqədar Cavabdeh1 01 mart 2019-cu il tarixə ödəniş müddəti keçmiş əsas kredit borcu(manat ekvivalientində) 2894.71 manat, hesablanmış kompensasiya məbləği isə 1021.66 manat olmuş, həmin məbləğ borcun azaldılmasına yönəldikdən sonra qalıq borcun məbləği 1873.05 manat müəyyən edilmişdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdikləri dəlillər qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsas deyil, lakin dəyişdirilməsi üçün əsasdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Cavabdeh1 apellyasiya şikayətinin məzmunundan görünür ki, şikayətdə qətnamənin ləğv edilməsi xahiş edilsə də şikayətin obyektini birinci instansiya məhkəməsinin qətnaməsinin bir hissəsi, yəni iddianın təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən apellyasiya şikayəti üzrə qətnamə yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. Əvvəla, apellyasiya baxışı zamanı müəyyən edildi ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının 28.02.2019-cu il tarixli 551 nömrəli Fərmanının təsiri dairəsinə düşdüyündən Cavabdeh1 01 mart 2019-cu il tarixə ödəniş müddəti keçmiş əsas kredit borcu(manat ekvivalientində) 2894.71 manat olmuş, hesablanmış kompensasiya məbləği 1021.66 manatı borcun azaldılmasına yönəldikdən sonra qalıq əsas borcun məbləği 1873.05 manat müəyyən edilmişdir. Demək cavabdehin əsas kredit borcu cəmi 1873.05 manat qalmışdır. İkincisi, iddiaçı cavabdehlə olan kredit müqaviləsi üzrə “Azərbaycan Respublikasındanda fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Prezidentin 28.02.2019-cu il tarixli 551 nömrəli Fərmanının təsiri çərçivəsində cavabdehə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etməsinə və sonuncunun bundan imtina etməsinə dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Çünki, bu halı sübut etmək yükü onun üzərinə düşür. Üçüncüsü, cavabdehin restrukturizasiya ilə bağlı banka müraciət etməməsi də iddiaçının keçmiş kredit borcuna görə ondan qalıq borcla yanaşı cərimə və faiz tələb etməsinə əsas vermir. Çünki, Mərkəzi Bankın məlumatından da görünür ki, qeyd olunan kredit müqaviləsi Fərmanın təsiri dairəsinə düşmüş və cavabdehə 1021.66 manat kompensasiya hesablanmış, həmin məbləğ borcun azaldılmasına yönəldilmiş və qalıq qalan 1873.05 manat əsas kredit borcunun restrukturizasiya edilməsi nəzərdə tutulmuşdur. Lakin iddiaçı bank həm həmin məbləği, həmdə hesabladığı cərimə və faiz məbləğlərini cavabdehdən tələb edir ki, bu da Fərmanın və onun çərçivəsində qəbul edilən “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə görə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi” Qaydasının (Qayda)tələblərinə ziddir. Çünki, kompensasiya əsas kredit borcunun qalığının 30 faizindən çox olduğuna görə faiz və cərimə silinməlidir. Mülki Prosessual Məcəllənin 384.0 və 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə Cavabdeh1 alınmalı olan borc məbləğinin cəmi hissəsində dəyişdirilməli və həmin məbləğ 1873.05(min səkkiz yüz yetmiş üç manat, beş qəpik) manat müəyyən edilməli, qətnamə, mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.4, 387.2.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 11 noyabr 2020-ci il tarixli, 2(008)- 2813/2020 nömrəli qətnaməsi Cavabdeh1 alınmalı olan borc məbləğinin cəmi hissəsində dəyişdirilsin və həmin məbləğ 1873.05(min səkkiz yüz yetmiş üç manat, beş qəpik) manat müəyyən edilsin. Qətnamə, mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar