Məhkəmə qərarları › İş №2(103)-5097/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5097/2020

30.07.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5097/2020 30.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı, Cavabdeh2 iştirakları ilə İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən əmlakına vurduqları 2352 manat zərərin əvəzinin və dövlət rüsumu kimi ödədiyi 30 manatın, yəni cəmi 2382 manatın müştərək qaydada alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, xx xxxxxx 2019-cu il tarixdə, saat 22:00 radələrində Cavabdeh1 idarə etdiyi “Mercedes Benz” markalı **-HR-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Binəqədi qəsəbəsində hərəkətdə olarkən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində onun Binəqədi rayonu, Binəqədi qəsəbəsi, mədən 1, korpus 28-də yerləşən 24 saylı evinə dəymiş, nəticədə yaşayış evinə və evə bitişik tikiliyə zərər yetirilmiş, jalyuz darvaza əzilərək yararsız vəziyyətə düşmüş, evin hasarı uçmuş, tikilinin beton örtüyü zədələnmişdir. “Mercedes Benz” markalı **-HR-*** dövlət qeydiyyat nişanlı yük avtomobili mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olmuş, o, avtomobili idarə etmək üçün Cavabdeh1 etibarnamə verməmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli ekspert rəyinə əsasən Cavabdeh1 hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə, eləcə də avtomobili etibarnamə olmadan idarə etdiyindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxx 2019-cu il tarixli rəyinə əsasən baş vermiş yol-nəqliyyat hadisəsi zamanı evində əmələ gələn qüsurların aradan qaldırılması üçün görülməli olan təmir-bərpa işlərinin mövcud bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 2352 manat məbləğində müəyyən edilmiş, zərərin əvəzini cavabdehlərdən tələb etsə də, onlar evində görülməli olan təmir-bərpa işlərini aparmaqdan və vurulmuş zərəri ödəməkdən yayınmışlar. Buna görə də məhkəməyə müraciət etməli olmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin olunması qət edilmişdir. Həmin qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək onun ləğv edilməsini xahiş etmiş, şikayətini birinci instansiya məhkəməsinin maddi və prosessual hüquq normalarını pozması, onları düzgün tətbiq etməməsi, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmaması, yol-nəqliyyat hadisəsinin törənməsində cavabdehlərin hər hansı təqsirlərinin olmadığının cinayət təqibi orqanının qərarı ilə müəyyən edildiyini nəzərə almaması, sübutlara düzgün hüquqi qiymət verməməsi arqumentləri ilə əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 şikayətin dəlillərini müdafiə edərək izahatında həmçinin göstərmişdir ki, iddiaçıya vurulmuş zərər “Hyundai Sonata” markalı avtomobilin öz hərəkət zolağından çıxaraq “Mercedes Benz” markalı **-HR-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə toqquşması nəticəsində baş verdiyindən və hadisəyə görə həmin sürücü təqsirli bilindiyindən nə o, nə də “Mercedes Benz” markalı avtomobili idarə edən sürücü bu zərərdən məsuliyyət daşıya bilməzlər. Yol-nəqliyyat hadisəsi nəticəsində “Mercedes Benz” markalı avtomobilin mülkiyyətçisi olan ona da 22 700 manat ziyan dəymiş, artıq bununla bağlı “Hyundai Sonata” markalı avtomobilin sürücüsünə və öz avtomobilini idarə etmiş Cavabdeh1 qarşı iddia qaldırmışdır. İddiaçıya dəymiş ziyandan isə məhz “Hyundai Sonata” markalı avtomobilin sürücüsü məsuliyyət daşıyır və iddia ona qarşı verilməli idi. İşə baxılmasının yeri və vaxtı barəsində lazımi qaydada məlumatlandırılmış digər cavabdeh məhkəməyə gəlməmiş, iddiaçı isə apellyasiya şikayətinin əsassız olduğunu bildirərək və iddia ərizəsinin yuxarıda göstərilən məzmununa uyğun izahat verərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Çünkü qətnaməni Cavabdeh1 mübahisələndirməsə də, mübahisənin predmeti bölünməz xarakterlidir və Cavabdeh2 məsuliyyəti məhz Cavabdeh1 iddiaçıya vurulmuş ziyana görə təqsirli hesab edilib-edilməməsindən asılıdır. Eyni zamanda kollegiya qeyd edir ki, MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Apellyasiyanın həddi ilə bağlı qeyd etdiyi kontekstdə kollegiya izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia təmin olunmamalıdır. Belə ki, işin müəyyən olunmuş hallarına əsasən, xx xxxxxx 2019-cu il tarixdə, saat 22:00 radələrində Cavabdeh1 etibarnaməsiz idarə etdiyi Cavabdeh2 məxsus “Mercedes Benz” yük markalı **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Binəqədi qəsəbəsinin Xırdalan dairəsi istiqamətində hərəkətdə olarkən əks istiqamətdə hərəkətdə olan X1 idarə etdiyi “Hyundai Sonata” markalı **-RC-*** dövlət qeydiyyat nişanlı avtomobil həmin avtomobilin sol təkərinə dəydiyindən toqquşma baş vermiş, toqquşma nəticəsində “Mercedes Benz” yük markalı avtomobil hərəkət istiqamətini dəyişməklə yolun kənarında olan fərdi yaşayış evinə dəymiş, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin istintaq şöbəsinin “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında xx xxx 2019-cu il tarixli qərarı ilə Cavabdeh1 yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alması faktı əsasında toplanmış HK-1/51 saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş, yol-nəqliyyat hadisəsini “Hyundai Sonata” markalı **-RC-*** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə etdiyi zaman törətmiş X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti Binəqədi RPİ-nin DYPŞ-yə göndərilmişdir. Həmin cinayət işinin istintaqı zamanı alınmış ekspert rəyi ilə müəyyən edilmişdir ki, “Mercedes Benz” markalı **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh1 hərəkəti üçün təhlükə yarandığı anda idarə etdiyi avtomobilin toqquşma yerindən olduğu məsafənin müvafiq olaraq 8,5-11,9 metrdən kiçik olmasının müəyyən olunması şəraitində Cavabdeh1 hadisənin qarşısını almağa texniki imkanı olmamışdır və onun hərəkətlərində hadisənin qarşısının alınması ilə əlaqədar “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır; hərəkəti üçün təhlükə yarandığı anda idarə etdiyi avtomobilin toqquşma yerindən olduğu məsafənin müvafiq olaraq 8,5-11,9 metrdən böyük olmasının müəyyən olunması şəraitində Cavabdeh1 hadisənin qarşısını almağa texniki imkanı olmuşdur və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur; Cavabdeh1 avtomobili etibarnaməsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur; “Hyundai Sonata” markalı **-RC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur; E.Səfərov avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur”. Birinci instansiya məhkəməsi işin məhz qeyd olunan hallarını əsas götürərək və Mülki Məcəllənin 21-ci, 1096-cı, 1097-ci və 1108.1-ci maddələrinə istinad etməklə iddianın təmin edilməli olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırki mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır. Mülki Məcəllənin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa zidd olması və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbi əsassız edir. Məhkəmə kollegiyası qanunvericiliyin sadalanan müddəalarını nəzərə alaraq və iş üzrə toplanılmış sübutların məcmusuna qiymət verməklə hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının evinə zərər dəyməsinin məhz cavabdehlərin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verməsi barəsində düzgün nəticəyə gəlməmişdir. Belə ki, yuxarıda qeyd olunduğu kimi, “Mercedes Benz” yük markalı **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobilin iddiaçıya məxsus fərdi yaşayış evinə dəyməsinə “Hyundai Sonata” markalı **-RC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 törətdiyi yolnəqliyyat hadisəsi səbəb olmuş, hadisənin törənməsində məhz sonuncu təqsirli bilinmişdir. Mülki Məcəllənin 1108.1-ci maddəsinə görə isə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının evinə “Mercedes Benz” yük markalı **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün təqsirli hərəkəti nəticəsində ziyan dəydiyi faktı sübuta yetirilmədiyindən, bu ziyana görə cavabdehlərin mülki hüquqi məsuliyyətinin yaranması qənaətinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmamışdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.4-cü maddəsinə görə isə, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas təşkil edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh2 apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1461/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv olunsun. İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumlarının məbləğləri tərəflərin özlərinə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Vahid Sadıqov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar