Məhkəmə qərarları › İş №2(103)-5098/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5098/2021

26.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5098/2021 26.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlunun və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1515/2019 saylı, 02 mart 2021-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1515/2019 saylı, 12.03.2019-cu il tarixli qətnaməsinə əsasən, Cavabdeh 20000 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 20030 manat məbləğində pulun İddiaçı xeyrinə tutulması qət edilmişdir. Daha sonra Cavabdeh qeyd olunan qətnamədən apellyasiya şikayəti və şikayət verilməsi üçün nəzərdə tutulmuş müddətin bərpa edilməsinə dair ərizə verərək, prosessual müddətin bərpa edilməsini və apellyasiya şikayətinin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1515/2019 saylı, 02 mart 2021-ci il tarixli qərardadı ilə müddətin bərpasından imtina olunmuşdur. Həmin qərardaddan cavabdeh tərəfindən verilmiş şikayət rayon məhkəməsinin eyni saylı, 09 aprel 2021-ci il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə onların iştirakı olmadan baxılması mümkündür. Məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə qəbul edilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mülki işin materiallarından görünür ki, birinci instansiya məhkəməsinin sözügedən qətnaməsi cavabdeh tərəfindən 09 sentyabr 2019-cu il tarixdə qəbzə imza edilməklə alınmış, onun 26 sentyabr 2019-cu il tarixdə verdiyi apellyasiya şikayəti Sabunçu Rayon Məhkəməsinin 2(008)-1515/2019 saylı, 26.09.2019-cu il tarixli qərardadı ilə geri qaytarılmışdır. Hazırda cavabdehin buraxılmış prosessual müddətin bərpasına dair ərizəsi və ona əlavə edilmiş apellyasiya şikayəti məhkəməyə 07.12.2020-ci il tarixdə (cavabdehin qətnaməni almasından 01 il, 02 ay, 28 gün sonra) daxil olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsininə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Belə olan halda müəyyən olunur ki, cavabdeh tərəfindən apellyasiya şikayəti qanunla müəyyən edilmiş müddət keçdikdən sonra verilmiş, cavabdeh qətnamədən xəbərdar olduğu halda müəyyən edilmiş müddətdə apellyasiya şikayəti verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Cavabdeh buraxılmış müddətin üzürlü hesab olunması üçün əsaslı səbəb bildirməmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ərizəni təmin etməməkdə haqlı olmuşdur, şikayət əsassız, qərardad isə qanuni və əsaslı olduğundan şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2020-ci il 1 yanvar tarixdən qüvvəyə minmiş) 09 iyul 2019-cu il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlardan müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400, 403,,402,405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırkı iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1515/2019 saylı, 02 mart 2021-ci il tarixli qərardadı onun şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardad qətidir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar