Məhkəmə qərarları › İş №2(103)-5099/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5099/2021

22.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5099/2021 22.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı İddiaçı nümayəndəsi X2, Cavabdehin nümayəndəsi Bağırov Bilal İsa oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 01 mart 2021-ci il tarixli 2(008)-1347/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən vurulmuş maddi ziyanın əvəzi kimi 28432 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh dələduzluq yolu ilə onun 28432 manat məbləğində pulunu ələ keçirmiş, həmin əməlinə görə cinayət məsuliyyətinə cəlb olunaraq məhkum olunmuşdur. Vurulmuş ziyanın əvəzi hal-hazırkı dövrə qədər ödənilməmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 01 mart 2021-ci il tarixli 2(008)- 1347/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin qismən, 11000 manat hissədə təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə hökmünə əsasən onun İddiaçı vurduğu ziyanın məbləği 28432 manat qeyd olunsa da, o, iddiaçıya həmin məbləğdə ziyan vurmamışdır. İddiaçı ona bank vasitəsilə karta köçürmə yolu ilə 5500 manat məbləğində pul göndərmiş, valideynləri həmin pulu artıqlaması ilə, yəni 7000 manat pul qaytarmağa hazır olduqlarını bildirsələr də, iddiaçı razı olmamışdır. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı zamanı zərərçəkmiş və şahidlər ziddiyyətli ifadələr versələr də, yekunda məhkəmə onun 28432 manat məbləğində pulu dələduzluq yolu ilə ələ keçirməsi qənaətinə gəlmişdir. Həmin cinayət işi üzrə ibtidai araşdırma zamanı o, İddiaçı 11000 manat məbləğində pul almasına dair verdiyi səhv izahat nəzərə alınsa, hesab edir ki, hazırkı mülki iş üzrə ondan iddiaçının xeyrinə tutulmalı olan məbləğ 11000 manat olmalı idi. İşə baxan məhkəmə həmin məbləğdə pulun iddiaçı tərəfindən haradan əldə olunmasını araşdırmamış, işin faktiki hallarını tam aydınlaşdırmamışdır. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi Bağırov Bilal İsa oğlu apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçının nümayəndəsi isə şikayətin təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 01 mart 2021-ci il tarixli 2(008)-1347/2021 saylı qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11.04.2019cu il tarixli 1(011)-135/2019 saylı hökmünün surətindən görünür ki, Cavabdeh İddiaçı 28432,62 manat məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə iki il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 25.02.2020-ci il tarixli 1(103)-294/2020 saylı qərarının surətindən görünür ki, Xətai Rayon Məhkəməsinin 11.04.2019-cu il tarixli 1(011)- 135/2019 saylı hökmü dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 13.10.2020-ci il tarixli 1(102)-917/2020 saylı qərarının surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 25.02.2020-ci il tarixli qərarı zərərçəkmiş şəxs X1 və məhkumun müdafiəçisi Bağırov Bilal İsa oğlunun kassasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 42-ci maddəsinə əsasən cinayət işindən əmələ gələn mülki iddia, əgər o, cinayət işinin icraatı zamanı verilməmişdirsə və yaxud həll olunmamışdırsa, bu Məcəllə ilə müəyyən olunmuş mülki məhkəmə icraatının qaydaları üzrə baxılmaq üçün verilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 7.0.36-cı maddəsinə əsasən, zərər cinayət nəticəsində zərər çəkmiş şəxsə vurulmuş mənəvi, fiziki və ya maddi ziyandır. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Mülki Məcəllənin 82.4-cü maddəsinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Beləliklə, işin faktiki halları və qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə cavabdehin iddiaçını aldadaraq 28432 manat məbləğində pulunu ələ keçirməklə ona maddi zərər vurduğu öz təsdiqini tapır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla iş materialları ilə təsdiq olunmadığından, şikayət təmin edilə bilməz. Belə ki, cavabdeh iddianı 11000 manat məbləğində olan hissədə qəbul etdiyini bildirsə də, onun iddiaçıya 28432 manat məbləğində maddi ziyan vurması qüvvədə olan məhkəmə hökmü ilə sübuta yetirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402- 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 01 mart 2021-ci il tarixli 2(008)- 1347/2021 saylı qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar