Məhkəmə qərarları › İş №2(103)-5099/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5099/2024

23.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5099/2024 23.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, 2(006)-1367/2013 saylı mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 25 iyun 2024-cü il tarixli qərardaddan borclu Cavabdeh verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Kreditor olan İddiaçı borclu olan Cavabdeh qarşı “borcun ödənilməsi tələbi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, borcludan 7.500 ABŞ dolları məbləğində borcun tutularaq ona ödənilməsi barədə məhkəmə əmrinin qəbul edilməsini xahiş etmişdir. Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli məhkəmə əmri ilə ərizə təmin edilmişdir. Borclu məhkəmə əmrinin qəbul edilməsinə əsas olmuş tələbə xx.xx.2024-cü il tarixdə etiraz verərək, məhkəmə əmrinin ləğv edilməsini və ərizəyə ümumi icraat qaydasında baxılmasını Rayon Məhkəməsindən xahiş etmişdir. Borclunun “məhkəmə əmrinə qarşı etirazı” onunla əsaslandırılmışdır ki, məhkəmə əmri borcluya təqdim edilməmişdir. Borclu hüquqi savadsızlığı səbəbindən prosessual hüquqlarının müdafiəsindən lazımi qaydada istifadə edə bilməmişdir. Məhkəmə əmri barədə məlumatsız olmuş, barəsində qətnamə qəbul edilməsini zənn etmiş və qətnamədən apellyasiya şikayəti və prosessual müddətin bərpa edilməsi barədə ərizə vermişdir. Sonradan məhkəmə əmri barədə ona məlumat verilmiş və məhkəmə əmrinə etiraz təqdim etmişdir. Tələb edilən borcun miqdarı ilə hesablamaların aparılması və mübahisəyə aydınlıq yalnız məhkəmə araşdırmaları zamanı mümkün ola bilər. Kreditorun əmr icraatı qaydasında məhkəməyə müraciət etməsi çəkişmə prinsipindən yayınması ilə bağlıdır. Borclu eyni zamanda Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, məhkəmə əmrinə qarşı verdiyi etiraz üzrə ötürülmüş prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Borclunun “məhkəmə əmrinə qarşı etirazına” kreditorun münasibəti isə onunla əsaslandırılmışdır ki, borclu, Bakı Şəhəri Xəzər Rayon İcra Şöbəsinə dəfələrlə çağırılaraq borcu könüllü icra etmək üçün ona vaxt verilmişdir. Lakin o, borcu könüllü icra etməkdən yayınmışdır. Buna görə də Xəzər Rayon İcra Şöbəsinin təqdimatına əsasən Xəzər Rayon Məhkəməsinin 8(003)-1812/2016 saylı, xx.xx.2016-cı il tarixli qərardadı ilə borcluya məxsus olan əmlakın üzərinə həbs qoyulmuşdur. Bundan dərhal sonra, borclu, onun məxsus əmlakların üzərinə məhdudiyyətlərin qoyulmasını mübahisələndirməyə başlamış, lakin borclunun şikayətləri rədd edilmişdir. Göründüyü kimi, borclunun ən azından 2016-cı ilin sonundan məhkəmə əmrindən xəbərdar olmuşdur. “Məhkəmə əmrinə qarşı etiraza” baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardad ilə etirazı təmin edilməməsini qərara almışdır. Borclu həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini və “məhkəmə əmrinə qarşı etirazın” təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, borclu xx.xx.2013-cü il tarixli məhkəmə əmrindən xəbərsiz olmuş və məhkəmə əmri 2016-cı ildə icraya göndərilmişdir. Daha sonra borclunun əmlakı üzərinə məhdudiyyət qoyulduqda bu barədə qərardaddan şikayət vermişdir. Tələb edilən borcun miqdarı düzgün hesablanmadığı üçün tələbə tərəflərin iştirakı ilə məhkəmə araşdırması nəticəsində qiymət verilməlidir. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardad ilə şikayətin təmin edilməməsini və şikayətin, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Rayon Məhkəməsinin qərardadı ləğv edilməli, “məhkəmə əmrinə qarşı etirazın” icraata qəbulu məsələsinə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 282-ci maddəsinə görə, borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. MPM-in 283-cü maddəsinə əsasən, borclunun etirazı vaxtında verilmişdirsə, hakim əmrin ləğv edilməsi və işə iddia icraatı qaydasında baxılması barədə qərardad çıxarır. Həmin qərardaddan şikayət verilə bilməz. Məhkəmə bildirir ki, MPM-də “məhkəmə əmrinə qarşı etirazın” təmin edilməməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən müəyyən edilir ki, “məhkəmə əmrinə qarşı etiraz” vaxtında verilməmişdirsə onun əsaslılığına hüquqi qiymət verilməməli, “məhkəmə əmrinə qarşı etiraz” onu vermiş şəxsə qaytarılmalıdır. Lakin Rayon Məhkəməsi “məhkəmə əmrinə qarşı etiraza” mahiyyəti üzrə baxmış, onun əsaslı olmamasına hüquqi qiymət vermiş və etirazı rədd etmişdir. Odur ki, göstərilənləri nəzərə alan, MPM-in 398-ci maddəsində təsbit edilmiş səlahiyyətlərindən çıxış edən və MPM-in 400, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: Borclu Cavabdeh şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 25 iyun 2024-cü il tarixli qərardad ləğv edilsin. Borclu Cavabdeh verdiyi “məhkəmə əmrinə qarşı etirazın” icraata qəbul edilməsi yenidən baxılması üçün iş Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar