Məhkəmə qərarları › İş №2(103)-5100/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5100/2022

06.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5100/2022 06.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və X3rşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair e-2(010)- 1940/2022 saylı mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 18 may 2022-ci il tarixli qətnaməsindən iddiaçı LPO İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 357 saylı kredit müqaviləsinə əsasən ona şəxsi mənzilin təmiri üçün 24 ay müddətinə qaytarmaq şərtilə 22 faiz dərəcəsi ilə 8000 ABŞ dolları məbləğində kredit verilmişdir.

2. Kredit müqaviləsinə xx.xx.2016-cı il tarixli 1 saylı əlavəyə əsasən 357 saylı kredit müqaviləsinin şərtləri qüvvədə qalmaq şərtilə kreditin qaytarılma müddəti xx.xx.2019-cu il tarixədək uzadılaraq illik 22 faizdən 18 faizə endirilmişdir.

3. İddiaçı ASC ilə X5 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 357 saylı zaminlik müqaviləsinə əsasən o, Cavabdeh1 kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasına zamin durmuşdur.

4. LPO İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 xx.xx.2015-ci il tarixli 357 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə banka əsas borcu 1338,57 ABŞ dolları, müqavilə müddətinin sonuna faiz borcu 640,07 ABŞ dolları, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış və tələb olunan cərimə borcu 128,82 ABŞ dolları, müqavilə müddəti başa çatandan sonra gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu 189,43 ABŞ dolları, müqavilə tələbləri əsasında yaranmış ümumi borc 2296,89 ABŞ dolları təşkil edir.

a) Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və X3rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada iddiaçı bankın xeyrinə 1338,57 ABŞ dolları məbləğində əsas borc, 640,07 ABŞ dolları məbləğində faiz borcu, 128,82 ABŞ dolları məbləğində cərimə, müqavilə müddəti bitdikdən sonra hesablanmış 189,43 ABŞ dolları faiz borcu olmaqla cəmi 2296,89 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 60 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 kredit müqaviləsi üzrə bank qarşısında öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə onun iddiaçı banka borcu yaranmışdır.

7. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-1940/2022 saylı mülki iş üzrə 18 may 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 iddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 1338,57 ABŞ dolları məbləğində əsas borcun tutulması qət edilmiş, qalan hissədə iddia təmin edilməmişdir. (hakim X6)

8. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, Cavabdeh1 iddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətindən götürdüyü kredit “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşsə də, iddiaçı bank cavabdehə yeni güzəştli kredit müqaviləsi bağlamağı təklif etməmişdir. Cavabdehin restrukturizasiya ilə bağlı banka müraciət etməməsi də ondan əsas kredit borcuna görə faiz və dəbbə pulunun tələb olunmasına əsas vermir. Birinci instansiya məhkəməsi “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”na istinad edərək faiz və cərimə hissəsində borcların silinməli olması qənaətinə gələrək həmin hissədə iddianı təmin etməmiş, müqavilə müddəti başa çatdıqdan sonra tələb olunan 5 faizlə borc hissəsində isə iddianı ona görə təmin etməmişdir ki, cavabdeh tərəfindən pul vəsaitinin qanunsuz saxlanılması, qaytarmaqdan boyun qaçırılması, ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitini əldə etmə və ya toplanması sübuta yetirilməmişdir. X1rşı münasibətdə birinci instansiya məhkəməsi iddianı ona görə təmin etməmişdir ki, kredit müqaviləsinin müddəti xx.xx.2019-cu il tarixdə başa çatsa da, bank hazırkı iddianı 2022-ci iln mart ayında, yəni müqavilə müddəti başa çatandan 3 ilə yaxın müddət keçəndən sonra qaldırmışdır. Buna görə də Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminliyə xitam verilmişdir.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 443.1, 448.2, 449.1 və 477.0.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

10. İddiaçı LPO İddiaçı ASC, ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vasitəsilə apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin olunmasını xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamış, qətnamə qanuni və əsaslı olmamışdır. Belə ki, Cavabdeh1 iddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə bağladığı xx.xx.2015-ci il tarixli 357 saylı kredit müqaviləsi deyil, həmin tarixli 356 saylı kredit müqaviləsi “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşmüş və həmin müqavilə üzrə 7232,85 manat məbləğində borcun restrukturizasiya olunması barədə müqavilə imzalanmışdır. Bundan əlavə, bank Azərbaycan Respublikası Mülki Məcəllənin 445.7-ci maddəsinə əsaslanaraq cavabdehlərdən kredit müqaviləsinin vaxtı başa çatandan sonrakı dövr üçün 5 faizlə borcu tələb etmiş, məhkəmə isə əsassız olaraq həmin hissədə iddianı təmin etməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. Cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 472. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 384.0.2 Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi;... 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 390. Məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

14. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

15. Hazırkı apellyasiya şikayətində qətnamənin tam ləğv olunub iddianın tam təmin olunması xahiş olunsa da, iddiaçı apellyasiya şikayətində qətnamənin zaminə qarşı münasibətdə iddianın rədd olunması hissəsini mübahisələndirməmişdir. Buna görə də qətnamə yalnız əsas borcluya münasibətdə faiz, cərimə və müqavilə müddəti başa çatdıqdan sonra faiz borcunun tələb olunmasına dair hissələrdə yoxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

16. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin faiz, cərimə və müqavilə müddəti başa çatdıqdan sonra hesablanmış faiz borcu hissəsində iddianı təmin etməməklə maddi hüquq normalarını düzgün tətbiq etməmiş, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. İş materiallarından görünür ki, Cavabdeh1 xx.xx.2015-ci il tarixli 357 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə banka əsas borcu 1338,57 ABŞ dolları, müqavilə müddətinin sonuna faiz borcu 640,07 ABŞ dolları, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış və tələb olunan cərimə borcu 128,82 ABŞ dolları, müqavilə müddəti başa çatandan sonra gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu 189,43 ABŞ dolları, müqavilə tələbləri əsasında yaranmış ümumi borc 2296,89 ABŞ dolları təşkil edir. İş materiallarında olan problemli kreditlərin kompensasiyası haqqında Mərkəzləşdirilmiş Kredit Reyestrindən çıxarışdan görünür ki, Cavabdeh1 7232,85 manat məbləğində əsas kredit borcu restrukturizasiya olunmuşdur. İddiaçı bankın məhkəməyə təqdim etdiyi sənədlərdən də (borc məbləğinin restrukturizasiya olunmasına dair ərizə, xx.xx.2020-ci il tarixli restrukturizasiya müqaviləsi və s.) görünür ki, qeyd olunan restrukturizasiya İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 357 saylı kredit müqaviləsi üzrə deyil, həmin tarixli 356 saylı kredit müqaviləsi üzrə tətbiq olunmuşdur.

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən tələb olunan faiz borcu ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, işə baxan məhkəmə həmin hissədə iddianı təmin etməməklə də düzgün nəticəyə gəlməmişdir. Belə ki, iddiaçı bank iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 445.7-ci maddəsinə istinad etsə də, məhkəmə əsassız olaraq Mülki Məcəllənin 449.1-ci maddəsinə istinad etmişdir. Halbuki, həmin maddələr öhdəliklərin icra edilməməsinin ayrı-ayrı hüquqi aspektlərini müəyyən edir. Məhkəmə kollegiyası qeyd edir ki, kredit müqaviləsi üzrə borc öhdəliyi gecikdirildikdə, borcun gecikdirilməsi faktının müəyyən olunması, müqavilə müddətinin bitdiyi tarixdən bankın gecikdirilmiş vaxt üçün illik beş faizin tutulmasına dair tələbin təmin olunması üçün əsasdır. Cavabdeh1 xx.xx.2015-ci il tarixli 357 saylı kredit müqaviləsi üzrə borc öhdəliyini gecikdirməsi iş materiallarından göründüyündən, iddia tələbi müqavilə müddəti bitdikdən sonra hesablanmış 189,43 ABŞ dolları faiz borcunun tutulması hissəsində də təmin edilməlidir.

18. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçı LPO İddiaçı ASC apellyasiya şikayəti üzrə qismən ləğv olunmalıdır.

19. Hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti ( 2296,89 x 1,7=3904,71 manat) beş min manatdan az olduğundan, qətnamədən kassasiya şikayəti verilə bilməz.

20. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 372, 382, 384.0.3, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı LPO İddiaçı ASC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-1940/2022 saylı mülki iş üzrə 18 may 2022-ci il tarixli qətnaməsi iddiaçı LPO İddiaçı ASC-nin apellyasiya şikayəti üzrə qismən, yəni Cavabdeh1 müqavilə müddəti üçün faiz, cərimə və müqavilə müddəti başa çatdıqdan sonrakı dövr üçün faiz borcunun tutulmaması hissələrində ləğv edilsin, həmin hissələrdə iddia təmin edilsin. Cavabdeh1 iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə 1338,57 ABŞ dolları məbləğində əsas borcla yanaşı, 640,07 ABŞ dolları məbləğində faiz borcu, 128,82 ABŞ dolları məbləğində cərimə, müqavilə müddəti bitdikdən sonra hesablanmış 189,43 ABŞ dolları faiz borcu olmaqla cəmi 2296,89 ABŞ dolları məbləğində borc (ödəniş gününə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən olunmuş ABŞ dollarının Azərbaycan manatına nisbətən məzənnəsi ilə manatla) və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 60 manat dövlət rüsumu tutulsun. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh1 iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar